Ana səhifə YAZILAR “ZAMAN ÇATI”

“ZAMAN ÇATI”

Müəllif: Bizim Yazı
674 baxış

Səfurə ÇƏRKƏZQIZInın hekayəsi

…Qadınlar həyətdə vurnuxur, qonşulardan daşıyıb gətirdikləri qab- qacaqları böyük bir ləyənin içərisindəki suda yuyub üzərinə  ağ süfrə salınmış köhnə, dəmir çarpayının üstünə düzürdülər.  Dörd-beş xeyir-şər qazanı da yuyulub həyətin əl-ayaqdan uzaq yerində- hissdən qaralmış ocaq daşlarının  yanında sırayla qoyulmuşdu. Boşqabların, çəngəl-bıçaqların cingiltisinə qadınların zarafatları, gülüşləri qarışırdı.  Kişilərsə  yaşıllıqda  örüklənmiş cöngələrin, boyunlarına  qırmızı yaylıq bağlanmış, quyruğundan yağ daman qoçların yan-yörəsinə  toplaşmışdı…
Bülöv daşına çəkilən bıçaqların “çığırtısı” məktəb zəngi kimi məhlənin bütün uşaqlarını bir yerə- kəsiləcək heyvanlara tamaşa eləməyə çağırdı.
Bir az sonra yaşıl otun üstündən al qan axırdı… Elə mənim içimdən də. Öz otağımın pəncərəsindən gözümün suyunu axıda-axıda baxdığım bu mənzərə, bu toyahazırlıqlar  mənə ölüsü düşmüş ev qədər kədərli görünürdü. Hə, ölü mənəm, sabah məni basdıracaqlar.  Gözüm baxa-baxa, nəfəs ala-ala, içimdə açılıb-bükülməmiş bir sevgiylə qəbrə girəcəm.  Axı nəyə ümid eləməliyəm ki? Qonşu həyətdəki  həngamənin, vur-çatlasının mənə dediyi gerçəklik bu deyildimi?: “qız, ağlını başına yığ,  adam gözgörəsi evlənir!”

…Sədəfin otağa girməyi ilə səsini başına atmağı bir oldu. Qız məni görcək anamın qıcqırmış mürəbbə bankaları kimi partladı:
-Buna bax,  mən də deyirəm, bu qız haralardadı! Utanmırsan, belə qonşuluq olar? Sən də qaçıb gizlənəndə bizə kim kömək eləyəcək? Düş qabağıma, tez, düş deyirəm sənə!
Candərdi gülümsəmək istədim,  deyəsən, alınmadı.  Özümü daş daşıyıb  taqəti kəsilmiş adam kimi hiss eləyirdim. O, bərəlmiş gözlərini mənə dikdi.
– Noolub, Umay, ağlamısan?!
-Yox, bir az ağrıyıram… xəstələnmişəm.
-İndiyə qaldı sənin ağrımağın? Axşam xınayaxdıya gələcəksən də?
-Yox…
-Yoox?!
Onun suallarına cavab vermək mənə o qədər əzablıydı ki! Amma əl çəksin deyə nəsə deməliydim, özü də onu razı salacaq bir söz. Təki çıxıb getsin. Qorxurdum, bir az da sorğu-sual eləsə, ağlayacam, qəhər lap boğazıma tıxanmışdı.
-Bilmirəm, yaxşılaşsam gələrəm. Axşama yaxşı olaram, yəqin…
– Gəlməlisən! Yoxsa, üzünə baxmaram, budu deyirəm haa!
Yaxşı ki həyətdə kimsə  onu çağırdı. Tələsik qapıya sarı dönüb kəndin əkə arvadları kimi deyindi:
-Hamı hər şeyi məndən soruşur, vallah, başımı itirmişəm. Bəy bacısı olmaq çətin məsələymiş, başına gəlsin.  Nəysə, gedim, səndən mənə xeyir yoxdu.
Ayaq üstə dayanmağa gücüm çatmadı, divana çökdüm…
Evimizin arxasındakı bağçamızdan  toy mağarını  quran cavanların səsi gəlirdi, arada sözləri çəpləşir, ağızlaşırdılar. Bizim bağça daha geniş olduğundan toy burda çalınacaqdı. Gediş-gəliş rahat olsun deyə, qonşuyla aramızdakı  məftil çəpər də  sökülmüşdü.
Dəmir qurğular bir-birinə dəyib şaqqıldadıqca içimə üşütmə düşürdü. Elə bilirdim,  indi sümüklərim də bir-birinə dəyib şaqıldayacaq, qırılıb töküləcəm…
Şədəf əlində bir yığın paltar pürfərək geri qayıtdı:
-Sən canın,  ağrıların keçsin,  bu paltarları ütülə. Heç olmasa, belə köməyin dəysin. Bax bunlar Gündüzün köynəkləridi, bu da mənim donumdu, xınayaxdıya geyəcəm.
Qız iki daşın arasında paltarı üstünə tutub ədayla sağa-sola yelləndi:
-Yaraşır?
-Yaxşıdı.
-Sən nə geyinəcəksən? Özününkünü də ütülə haa, axşam gələcəksən! Yaxşı, mən qaçdım.
Onun paltarları… bir addımlığımda, gözümün önündəydi. Onlara baxdıqca duyğularım suya dönüb səssizcə gözümdən süzülürdü.  Mavi köynəyi! Bu rəng ona elə  yaraşır ki! İki gün qabar da bunu geyinmişdi, həə, dəqiq yadımdadı…
Köynəyə toxundum, bədənim uçundu.  Bağrıma basıb qoxladım, o gecəki kimi…
Bəlkə, bu, Tanrının mənə verdiyi son imkandı? Onunla belə ayrıla bilmək, bu  sevinci yaşamaq imkanı? Bəlkə,  bu elə xoşbəxtlikdi?
İçim qaynar bulaq kimiydi: duyğu qaynayırdı orda.  O gecəki kimi.  O gün mavi köynəyi paltar ipindən asılan görmüşdüm. Gecəni gözlədim, hamı yatandan sonra gizlincə çəpəri aşıb onların həyətinə keçdim. Bozdardan qorxum yoxuydu, it məni yaxşı tanıyırdı. Hənirtimi eşidən kimi yanıma gəlib quyruğunu buladı. Üstəlik, ona evdən bir boşqab sür-sümük də gətirmişdim…
Paltar ipinə yaxınlaşdım. Ürəyim bərk döyünürdü. Barmaqlarımı onun ipdən asılan köynəyinin   yaxalığında, düymələrində gəzdirdikcə, paltarı qoxulayıb içimə çəkdikcə bədənimə od düşürdü. Özümü onun lap yaxınında, nəfəs-nəfəsə dayanmış kimi hiss eləyirdim. O gecə Gündüzlə görüşə çıxmış kimiydim…Sabahısı gün  köynəyi onun əynində görəndə… O qədər xoşbəxtiydim ki! Köynəyə əllərim dəyən yerlər  indi onun bədəninə dəyirdi, toxunduğum düymələrə o da barmağını toxundurmuşdu…
Bəy köynəyi! Bu ağ, qatı açılmayan köynəyi sabah toyuna geyinəcək, yəqin. O qızın əlləri, barmaqları dəyəcək bu ağ köynəyə.  Qısqanclıqdan, çarəsizlikdən ölmək istəyirdim.  Gözlərimi yumdum, gicgahlarım zoqquldayırdı, deyəsən, qızdırmam da vardı.  Nə qədər çətin olsa da, paltarları ütüləyib  qurtarmaq  istəyirdim. O qızdan  əvvəl bu paltarlara mənim əllərimin, mənim sığalımın dəydiyini düşünmək bədənimə, ruhuma güc verirdi.
Köynəkləri ütüləyib səliqəylə çarpayımın üstünə sərdim. Hər ikisinin ətəyindəki düymələrini kəsib  çəkməcəmdəki qutuda – onun nəfəsi, əli, bədəni dəyən əşyaların yanında gizlətdim. Bənovşəyi rəngli  xırda daraq,  siqaret kötüyü, qaranquş şəkilli şokolad kağızı, boş ətir şüşəsi, düymələr, üstündə qurumuş qan ləkəsi olan pambıq… Hərəsi ondan bir xatirə! Bir dəfə barmağını kəsmişdi, özü də evdə təkiydi. Yaxşı ki, onlara getmişdim. Barmağından döşəməyə damcı-damcı qan axdığını görəndə özümü necə itirmişdimsə,  üzbəüz- iki addımlığında heykəl kimi quruyub qalmışdım. Onun da rəngi ağappaq ağarmışdı. Sonra özümü toplayıb ona kömək elədim, barmağına dərman qoyub bağladım. O qədər həyəcanlıydım, çaşıb öz barmağımı da onunkuna qatıb sarımışdım.  Onun qanı hopan bu pambığı o vaxt çırpışdırıb  evə gətirdim…
Bu sevgi nə vaxt doğulub, bilmirəm. Mənə elə gəlir,  ağlım kəsəndən içimdə  hər bucağı, yeri, göyü onun şəkli, xəyalı, xatirələriylə dolu  olan bir dünya, bir ev  qurmuşam. Amma bu evin heç vaxt qapı-pəncərəsi olmayıb, içindəki elə içində qalıb…
Yatağa girəndə  əl-ayağımın odundan ağlım da qarsımışdı. Huşum gedib-gəlir, gözümə əcaib-qəraib məxluqlar görünürdü. Anam qonşudan qayıdıb mənə qulluq eləyirdi. Mürəbbəli çayı qarışdıra-qarışdıra deyinirdi:
-Yayın günündə bu nə qızdırmadı, ay başına dönüm?! Camaat bəzənib-düzənib toya hazırlaşır, mənim qızım yorğan-doşəyə düşüb. Bəxtəvər başıma!
…Əynimdə geniş ətəkli, çiyinləri bir az açıq, darı kimi muncuqları olan gəlinlik vardı. Qızlar başıma yığışıb mənə bəzək-düzək verirdilər, kimsə saçlarıma  çobanyasdığı çiçəkləri düzürdü. Mənsə əynimdəki gəlinliyi dartışdırıb elə hey bu sözləri deyirdim: bunu əynimdən çıxarın, bu mənim deyil. Sonra anamın səsi gəldi qulağıma…
-Umay, qızım, özünə gəl, al bu dərmanı iç! Gör nə gündəsən,  sayaqlayırsan!
Axşama doğru qızdırmam düşmüşdü, yavaş-yavaş ağlım üstümə qayıdırdı. Amma anam hələ  yataqdan durmağıma  icazə vermirdi:
-Yerindən qalxma! Sözümə baxsan, səhərə sağalacaqsan, toyda da qəşəng-qəşəng süzərsən.
Üz-gözümü turşutduğumu görüb səsinin tonunu qaldırdı:
-Ağzını-zadını büzmə! Sabah qəşəng bəzənib-düzənərsən, bəs deyincə oynayarsan, eşitdin? Bəlkə, biri görüb bəyənəcək səni. Ondan-bundan gizlənib axırda evdə qalacaqsan. Özü də bu  gözəlliynən…
Həmişə zafatlaşanda elədiyi kimi yanıma yüngül bir sillə vurdu, sonra yanağımdan öpdü:
-Yaxşı, mən gedim kömək eləyim, ayıbdı, deyəcəklər, nə qızı əlimizdən tutdu, nə də anası.
Hava qaralmağa başlayırdı. Bir azdan məhəllənin qızları yığışıb xınayaxdıya gedəcəkdilər. Sədəf xınanı  çoxdan hazırlamış olardı, qızlar da xonça bağlamışdılar, yəqin. Hamı ən gözəl paltarlarını geyinib,  ətirlənib… Fikirləşirdim, Sədəf bu gecə sevindiyindən yatmaz. Günorta yanıma gələndə gözləri gülürdü qızın. Mənim içimdəkilərdən nə xəbəri? Yəqin, o da…sevinir, özü də, lap çox sevinir…
…Dəhşətli qışqırıq səsinə yerimdən dik atılıb pəncərəyə tərəf qaçdım. Gülbanu xalanın səsiydi, ağlaya-ağlaya kiməsə qarğayırdı. Qadın evin qabağında, işıq dirəyinin altına çöməlib dizlərinə döyürdü:
-Balamı bədbəxt elədi, onu bədbəxt olsun!
Əlim-ayağım əsməyə başladı. Görəsən nə olub?  Gülbanu xala yenə qıyya çəkdi. Bircə  onun səsi gəlirdi, həyətdəki adamların cıqqırı da çıxmırdı, hərə bir tərəfdə başını aşağı sallayıb oturmuşdu. Nə olub axı bunlara? İçimdəki şübhə yeyib bitirirdi məni. Birdən ona nəsə olar? Ay Allah, bircə ona dəymə! Gözüm həyətdəki adamların arasından onu axtardı. Yoxuydu…
-Onu bədbəxt olsun! Onu heç yarımasın! Oğlumu bədbəxt elədi!
Gücsüzlüyümü hiss elədim, sonra gözüm qaraldı…
Özümə gələndə anam  yanımda oturmuşdu. Əllərim ovcundaydı, hərdən ehmal-ehmal sığal çəkirdi.
-Ana… noolub qonşuda?
-Sən özündən danış! Demişdim axı  yerindən tərpənmə, hələ zəifsən. Özündən gedib yıxılmısan.  Yaxşı ki, başın bərk bir şeyə dəyib əzilməyib.
Hövsələdən çıxdım:
-Mən yaxşıyam, ana! Onlarda noolub? Kimsə ölüb?
-Yox, ay qız! Nə ölmək? Gəlin başqasına qaçıb.
Dik atılıb yatağımın içərisində oturdum:
-Nəə?! Başqasına qaçıb?!
-Həə. Oğlan biabır oldu, yazıq sabah camaatın üzünə nə təhər çıxacaq?! İndi bilmirlər neyləsinlər, heyvanlar kəsilib, camaat toya çağrılıb,  mağar qurulub, o boyda xərc tökülüb…
Gözlərimi yumdum, onu düşündüm…
-Görəsən, neynir indi?
-Kim?
-Bəyi deyirəm…
-Bəxtəvərin oğlu bəy oldu ki?! Nə bilim, dostları apardılar, dedilər, birdən xata çıxar əlindən.
-Deməli, sabah toy olmayacaq?
-Deyirəm,  gəlin qaçıb, sən də ağlına gələni danışırsan, gəlinsiz toy eləyəcəklər?  Sən demə, qız  qonşu kənddən birinə uyub, oğlanın da xəbəri yox. Gör nə qızlar var, zəmanə dəyişib, dünya dağılacaq, vallah!
İçimdə ölmüş ümid yenidən qımıldandı.  Bəlkə, bu,  Allahın mənə işarəsidi? Bəlkə, o çəkdiyim əzabların mükafatını vermək istəyir?
-Ana…
-Nədi?
-Gəlin yoxdusa… mən olaram…
Anam yanına iynə batmış adam kimi  yerindən dik atıldı.
-Nəə?! Başın xarabdı sənin?! Qızdırmadan sayaqlıyırsan, axmağın biri, axmaq!
-Yox, sayaqlamıram! Mən onu məktəbdə oxuyandan sevirəm. Bunu hamıdan gizli saxlamışam…
Gerisini danışa bilmədim. Deyə bilmədiklərim, illəruzunu gizlədiyim sirrim hönkürtüylə içimdən  töküldü. Anamınsa  üzündə qorxunc bir ifadə vardı. Gözləri elə bərəlmişdi ki, elə bil, bəbəkləri “pırt” eləyib yerindən çıxacaqdı.  Açıq qalmış ağzı mənə lənət  yağdırmağa hazır kimi görünürdü.
-Ana, istəyirsən, danla, döy, öldür məni… Sənə düzünü deyirəm: onsuz ölərəm! Görmürsənmi halımı?
Anamın qorxunc üzü yavaş-yavaş dəyişdi, yazıqlaşdı. Məni qucaqlayıb ağlamağa başladı:
-Can bala!

***
Həyətlərində tək-tük adam vardı.  İşıq düşməyən tərəfdən  xəlvətcə onların bağlarına, ordan da evlərinin arxasına keçdim. Onun otağının pəncərəsi dayandığım yerdən cəmi bir metr sağdaydı. Pəncərədən zəif işıq görünürdü. Görəsən ordadımı? Yəqin, indi dərddən, xəcalətdən  ürəyi partlayır.  Yox, mən onu bu halda qoya bilmərəm, buna ürəyim dözməz!
Pişik kimi gizlincə  pəncərəyə yaxınlaşdım. Çarpayısında oturub siqaret çəkirdi.  Barmaqlarının arasından qalxan tüstü burula-burula saçlarına qarışır,  sifəti  ağ dumanın arxasında gizlənir, sonra yenə üzə çıxırdı. Bu onu bir az da yaraşıqlı, sirli görsədirdi. Əsəbi olduğunusa dodaqlarını gəmirməyindən anlayırdım, o hirslənəndə həmişə belə eləyərdi…
Ağlımdakı fikri, atacağım addımı düşündükcə həyəcanlanırdım, nəfəs almağım çətinləşirdi.  İki dəfə dərindən nəfəs aldım, güçümü toplayıb  pəncərənin açıq şüşəsini  yavaşca taqqıldatdım…

***
Yanaşı oturmuşduq, ikimiz də susurduq. Xəstəlikdən, olanlar üzündən bədənim tamam haldan düşsə də, içimə fırtınadan sonrakı rahatlıq, sükut çökmüşdü. Salxım söyüdlərin arasından qıvrılıb axan, ayın işığında gümüşü rəngə çalan çayın səsini dinlədikcə düşünürdüm ki, bu yay axşamı mənim ürəyim də o su kimi sərin, tər-təmizdi. Deyəcəklərimi deyib yüngülləşmişdim. Dünya məndən aşağıdaydı.  Gerisi ona qalmışdı….
O isə sahilə yığılan narın torpağı sağ əliylə xışmalayır, sonra tələsmədən sol əlinin ovcuna sovururdu. Dodaqlarını bir-birinə elə sıxmışdı ki, elə bil, ömrünün sonuna kimi kəlmə kəsməyəcəyinə and içmişdi. Birdən kürsüyə çıxıb danışmağa hazırlaşan adam kimi iki dəfə boğazını arıtladı, sonra üzünü mənə çevirib  gözlərimə baxdı.
-Sən… bu vaxta kimi…
Sözünü yarıda kəsdi, başını bulayıb mərhəmətli baxışlarla gülümsədi:
-Mən bunu niyə görməmişəm?  Niyə bu qədər kor olmuşam?
-Mənə bircə dəfə baxsaydın…
O, dərsini bilməyən uşaq kimi susub başını aşağı saldı. Yadıma məktəb illərimiz düşdü…
Bizim sinifdən bir qıza vurulmuşdu. Həmişə o qızı məndən soruşanda qısqanclıqdan bədənimi istilik basardı, pörtərdim. Bu halımı ondan gizlətmək, özümü ələ verməməkdən ötrü ağlıma gələni danışardım,  yerli-yersiz gülərdim.  Bir dəfə məktub vermişdi ki, o qıza çatdırım. Mən də acığımdan yandırmışdım.  Sonra ona “məktub kitabların arasından düşüb itib” – demişdim.
O biri qızsa… Sədəfin rəfiqəsiydi. Onlara tez-tez gələrdi, üçü də həyətdəki tut ağaçının altında oturub zarafatlaşardılar. Bəzən mən də bir bəhanə tapıb onlara qoşulardım. Sonralar Gündüzün tez-tez o qızla  toqquşan baxışlarını yaxalayardım. İkisinin də gözlərində  gizli bir sevginin ruşeymini görərdim. Onda gecələr həyətimizdəki it yatardı, mən yox! Səhərə kimi yatağımda qovrulardım, pəncərədən aya baxardım, içimdəkiləri bircə ona danışardım. Aya baxa-baxa günəşi gözləyərdim. Yeni səhəri! Gündüzümü! Hər yeni səhər ümidim də günəşlə birgə doğardı. Sonra yenə ümidsizlik… O qıza nişan aparılan gecəsə aydan da, günəşdən də əl götürmüşdüm. Gündüzümü zil qaranlıqlar məndən almışdı….
O vaxtlar Gündüz şəhərdə işləyirdi. Nişana görə iki günlük kəndə gəlmişdi. Nişan günü evlərinin pilləkənində qarşılaşmışdıq. Mən eyvana qalxırdım, o isə aşağı düşürdü. Onu görən kimi yenə həmişəki “xəstəliyim” tutdu. Sinəmin arasından mədəmə, sonra qarnıma doğru bir uyuşmanın, sıxılıb-açılmanın, isti cərəyanın keçdiyini, gicgahlarımın keyidiyini, qıçlarımın süstləşdiyini hiss elədim. Qulaqlarım kar olmuşdu, ürəyimin döyüntüsündən başqa heç nə eşitmirdim. Bu halda nə edəcəyimi, onunla necə davranacağımı bilmirdim. Özümü itirdiyimdən,  ona baxıb  gülümsədim. Sonra o, nəsə dedi, yəqin, salam verdi, ya da kefimi soruşdu. Bir şey anlamasam da, yenə gülümsədim. Boğazımın düyünləndiyini, getdikcə artan ağrısını hiss eləyirdim. Çətinliklə udğunub bir-neçə dəfə öskürdüm. Hə, bir də, gözümü ondan qaçırıb özümə də yad gələn, cəsarətsiz səslə “xoşbəxt ol!” dediyimi xatırlayıram. Bir də…onun yeni odekolonunu…
Şəhərdə işlədiyinə görə onu aylarla görmürdüm. Yoxluğu ağır bir yükə, ağrıya çevrilib sinəmə  çökmüşdü. Nə qədər dərindən nəfəs alıb o yükü, ağrını canımdan atmağa çalışsam da, alınmırdı. Günün qaşqaralan vaxtları halım bir az da qarışırdı. Ürəyim sıxılır, nəfəsim daralırdı. Çarpayıma uzanıb ölü kimi hərəkətsiz qalırdım. İçimdəki həsrəti qutuda gizlətdiyim əşyalarla ovudurdum. Boş odekolon şüşəsindəki o qoxu… Gündüzün ətri!  Bu ətir içimdəki atəşə su çiləyər, Gündüzümü mənə “yetirərdi”.
Hər gecə pəncərəmin önündə dayanıb şəhərdən gələn qatarın səsinə- fit verib dayanmağına, bir az sonra yenidən hərəkətə başlayan təkərlərin ahənginə qulaq asardım. Sonra “bəlkə, bu gecə gələr?” deyə,  gözümü Gündüzgilin qapısına dikərdim…

***
…O hələ də başını aşağı salıb düşünürdü. Mənsə bu yay axşamı,  çay kənarında, ay işığında ona baxmaqdan doymurdum…
-Umay, sən… sənin cəsarətin…
Yenidən susdu. Elə bil, içində qırılıb qalan o cümləni tamamlamaqdan ötrü sözlərdən söz seçir, tərəziyə qoyur, ən sanballısını axtarırdı. Ayın işığı toyqabağı səliqəylə vurulan boynunu, sifətinin mənə tərəf olan yarısını  işıqlandırırdı. İlahi, bu cizgilər mənə nə qədər doğmaydı! Birdən içimdə onu qucaqlamaq, ona toxunmaq həvəsi yarandı, ürəyimdə yenidən fırtınalar başladı… Mən o fırtınanı susdurmaq  çabasındaykən daha güclü dalğaların qucağına düşdüm. O, qəfildən sıçrayıb ayağa qalxdı. Gözləri parıldayırdı. Əlini mənə uzatdı, inamlı, kişiyana tərzdə dedi:
-Qalx gedək! Vaxtımız azdı, toya hazırlaşmalıyıq!
…Qızlar saçlarıma çobanyasdığı çiçəkləri düzürdü. Mən kəndin ən gözəl gəliniydim!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.