Ana səhifə BAŞ YAZI Xaçmazda ədəbi mühit: dünən, bugün… – BİR BAXIŞ

Xaçmazda ədəbi mühit: dünən, bugün… – BİR BAXIŞ

Müəllif: Bizim Yazı
1. 243 baxış

Rəfail AGAH XAÇMAZLI, Refail A. Xachmazli
DGTYB üzvü

(Yazı Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən dəstəklənən “BÖLGƏLƏRDƏN SƏSLƏR-3” layihəsi çərçivəsində hazırlanıb.)

XIX yüzildə Azərbaycanda ədəbiyyata axın, diqqət artdığından ədəbi məclislərin də sayı getdikcə çoxalmağa başlamışdır.
“Divani-hikmət” (Gəncə-Tiflis; rəhbəri: M.Ş.Vazeh), “Əncümənüş-şüəra” (Ordubad; rəh: M.T.Sidqi), “Gülüstan” (Quba; rəh: A.A.Bakixanov), “Fövcül-füsəha” (Lənkəran; rəh: M.İ.Qasım.), “Beytüs-Səfa” (Şamaxı; rəh: S.Ə.Şirvani), “Məcməüş-şüəra” (Baki; rəh: M.Cümri), “Məclisi-üns” və “Məclisi-Fəramuşan” (rəh: X.Natəvan və M.M.Nəvvab)…
Bu gün də Azərbaycanın bir çox bölgələrində ədəbi həyatın yaranması sayəsində və şairlərin iştiraki ilə sözün qiymətdə qalmasının, ədəbiyyatın dirçəlməsində rolu böyük olan ədəbi məclislərimiz fəaliyyətdədir. Onlardan biri də, Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisidir.
Xaçmaz ədəbi mühitinin formalaşması keçən əsrin 60-cı illərinə təsadüf edir. Həmin illərdə rayonun mətbu orqanı olan “Dostluq” qəzetində jurnalist-şair Murad Qudyalçaylı (Arzumanov) məsul katib vəzifəsində çalışır, bədii yaradıcılıqla məşğul olurdu. M.Qudyalçaylının altı şer kitabı işıq üzü görmüşdür. Məhz onun təşəbbüsü ilə “Dostluq” qəzetinin nəzdində “Ulduzlar” ədəbi məclisi təşkil edilmişdir. Rayonun bədii yaradıcılıqla məşğul olan insanlarını öz ətrafına toplayan bu məclis ayda bir dəfə keçirilirdi.
Həmin illərdə poeziya sahəsində Zeynəddin Məmmədkərimovun (AYB üzvi,”Qızıl qələm” mükafatı lauriatı), Gülümbala Nəsirlinin, Rəhman Yusifoğlunun, Buxsay Muradın, Camal Pirkəndlinin, Fərrux Museyibin, Hümmət Abulovun; nəsr sahəsində Əskər Axundovun, İbrahim İbrahimovun, Həqiqət Əliyevanın, mənsur şer sahəsində Fərzalı Ziyanurun adlarını fəxrlə çəkə bilərik.
Qeyd edək ki, yuxarıda adları çəkilən yazarlardan G.Nəsirlinin, C.Pirkəndlinin, F.Ziyanurun və başqa yazarların hazırda bir və ya bir neçə kitabı işıq üzü görmüşdür.
Ötən əsrin 70-ci illərin sonu , 80-cı illərin əvvəllərində “Ulduzlar” ədəbi məclisinin tərkibi bir qədər yeniləndi. Öz maraqlı, bədii yazıları ilə fərqlənən üzvlər meydana çıxdı.

Bunlardan Mehrəli Quliyev, Çimnaz Fərmanqızı, Telman Təravət, Məmməd Qədir, Şahnəzər Ələsgərovu misal göstərmək olar.
1997-ci ildə şair M.Qudyalçaylının vəfatı ilə əlaqədar “Ulduzlar” ədəbi məclisinin fəaliyyəti müvəqqəti dayandırıldı.
2000-ci ilin əvvəllərində fəaliyyəti dayanmış rayon qəzeti yeni adda – “Xaçmaz” adı ilə fəaliyyətə başladı. “Xaçmaz” qəzetinə baş redaktor təyin olunmuş İlham Cəfərov “Ulduzlar” ədəbi məclisinin fəaliyyətini yenidən bərpa etmək qərarına gəldi və buna nail oldu.
“Ulduzlar” ədəbi məclisinin yeni sədri Fərzalı Ziyanur (Həsənov) oldu. Bundan sonra ədəbi məclis öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Təcrübəli yazarlar məclisin məşqələlərində iştirak etməklə gənc Aşkarini, Əlyar Ələsgəri, Müzəffər Sakiti, Surxay Şahini və başqalarını misal göstərmək olar.
Gündən-günə inkişaf edən yazarlarımızdan M.Quliyevin doqquz kitabı, S.Neymətovun altı kitabı, M.Qədirin beş kitabı, Səyyad Sərrafın iki kitabı, Böyükağa Ağanın iki kitabı, Qızbəs Orucun üç kitabı, Akşin Dadaşoğlunun bir kitabı, Telman Təravətin iki kitabı nəşr olunmuşdur.
“Ulduzlar” ədəbi məclisinin üzvlərinin sayı getdikcə daha da artmaqdadır. Gənclərdən Rəfail Agah Xaçmazlı, Habil RzaNur, Dilqəm Ünid Dədəli, Vüsal Yurdoğlu, Aynur Vətənqızı, Xalisə, Səyyad Məcidov və məktəblilərdən Abdulsəməd Həsənov, Zeynəb Rzayevanı göstərmək olar.
Bir sözlə Xaçmaz ədəbi mühitinin inkişafında mühüm rol oynayan “Ulduzlar” ədəbi məclisi bu gün də yaşayır, fəaliyyət göstərir və inkişaf edir.
AYB-nin yeni üzvü olmuş M.Qədirin 4-cü kitabının, F.Ziyanurun 2-ci kitabının, T.Təravətin 60 illik yubleyinin rayon səviyyəsində keçirilməsi, M.Qədirin AYB-nin “Natəvan” klubunda, H.RzaNurun “KitabevimAz”da yeni çapdan çıxmış kitablarının təqdimatı və bu illər ərzində “Ulduzlar” ədəbi məclisinin 2 almanaxının çıxması Xaçmaz yazarlarının və “Ulduzlar” ədəbi məclisinin inkişafından xəbər verməkdədir.
Bu illər ərzində Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrətin “Ulduzlar” ədəbi məclisinə böyük dəstəyi olmuş və “Bir əsgərin yaşantıları”, “Mən tanıqlıq edirəm” adlı kitabları ilə Xaçmazın vətənpərvər, istedadlar, qəhrəmanlar rayonu olduğunu hünərlə vurğulamışdır.
“Ulduzlar” ədəbi məclisinin davamlı iştirakçılarından F.Ziyanur (sədr), M.Qədir, M.Quliyev, S.Neymətov, M.Şahid, B.Ağa, S.Sərraf, T.Təravət, P.Elqəm, Q.Oruc, X.Nəcimə, A.Vətənqızı, R.Agah, H.RzaNur, D.U.Dədəli və s. adlarını çəkmək olar.

Ara-sıra iştirak edənlərdən G.Nəsirli, A.Dadaşoğlu, M.Xaçmazlı, V.Beydullayev, T.Azəroğlu, S.Amin, H.Əliyeva və s.göstərmək olar.
Müxtəlif dövrlərdə yaşayıb yaradanlardan Ç.Fərmanqızı, Ə.Ələskər, Q.İdrisov, H.Əliyev, Q.Aşkari, R.Cilovxanova, B.Ələskərov, C.Pirkəndli, S.Əhməd, F.Mürsəyib, A.Qəmli, Z.Məmmədkərimov, M.Qudyalçaylı, G.Dadaşova, M.Sakit, Z.Dadaşova, İ.Xəyal, İ.Atəşli, M.Vahid, İ.Ağçaylı, Ə.Azəri, Ə.Paşaqızı, Ə.Didarov, N.Babayeva və s. olmuşdur.
“Ulduzlar” ədəbi məclisinin bir neçə yazarlarının yazılarından nümunələr göstərərək poeziyamızın gözəlliklərini göstərmək istərdim.
F.Ziyanurun “Yarpaq” adlı mənsur şerində
“Budaqdan yarpaq qopdu. Torpağa düşdü, yaman düşdü. Üzüaşağı fırlana-fırlana. İtirən budaq oldu, tapan torpaq. Bəs yarpaq? İtirənmi oldu, tapanmı oldu? Bilmədim…” – İnsanı yarpağa bənzədərək və göydən torpağa düşən insanın nə tapıb, nə itirdiyini göstərməkdədir və insanları yarpaq kimi heç olub getməmələrini arzulayaraq oyatmaqdadır…
M.Qədirin “Gilas ağacı” adlı şerindən bir bənd göstərərək ;

…Varını verdikcə pöhrələnirsən,
Əyil, qulağına sirr deyəcəyəm.
Dirin də, ölün də xeyirxah imiş,
Sənə bundan sonra pir deyəcəyəm.”

Demək olar ki, şair bu şerində gilas ağacı ilə həmsöhbət olur, onun xeyrindən, yardımından, yaşından danışır və insanları da ən azından bu ağaca bənzəməyə çağırır.
A.Dadaşoğlunun “Boydadı” şerinin ilk beyti :

“Sözündən böyük adam yoxdur,
Hər adam sözü boydadır.
Bütün ölçülər dəyişir,
Bir ALLAH özü böydadır…”

Hər adamın sözü qədər çəkisi olduğunu və Allahdan uca olmayacağını açıq şəkildə göstərməkdədir.
Satirik şerləri ilə S.Neymətov “Sahibsiz qəbirlər” adlı şerində:

“…Sahibsiz qəbirlər qısıb dilini,
Sahibsiz qəbirlər-yarımçıq ömür.
Yanından keçənə açıb əlini,

Elə bil kimdənsə mərhəmət umur…” – deyərək, sahibsiz, kimsəsiz insanları işarə verməkdədir.
Vətənpərvər şairə Q.Orucun “Vur komandir” şeri bir çağırışdır. Onun bir çox şəhidlərin adına yazılmış şerləri bir çox oxucuların qəlbini sızladır, gözünün yaşlarını yanağına axıdır.

Q.Orucun sevgi şerlərində də bir gözəllik, özəllik vardır. Onun “Həsrət qəmi” şerində :

“Sən ey mənim gilas gözlüm,
Lalə yanaq, şirin sözlüm,
Hicranına yoxdu dözüm,
Elçi düşüm, alım səni,
Bitsin bu həsrətin qəmi…” deyərək, özünəməxsus bənzətmələr etmişdir.

M.Quliyevin təmsilləri qəzet, jurnal, almanax və məktəb dərsliklərində yer almaqla yanaşı, oxucularda həm düşüncələri açır, həm də üzlərində gülüş yaradır. Onun “Adətkar” təmsili

“Kənd həyatından bezib,
Qarğa şəhərə köçdü.
Yenə zibillikləri,
Özünə məskən seçdi.”

və ya

“Lovğalıq” təmsilində:
“Lovğa pişik tullanıb,
Özünü pələng sandı.
Köpəyi görən kimi,
Tez ağaca dırmandı.” kimi bir çox təmsilləri oxucuların dilində əzbərə çevrilmişdir.

P.Elqəmin qəlbinin şeir döyüntüsü tam fərqlidir. Onun “Geyinmişəm” şerini göstərmək kifayətdir:

“Başımda fikirlər səhra,
İlğım halın geyinmişəm.
Uşaqlıqda düşdüm yola,
“Ayaq yalın” geyinmişəm…”

Gənclərdən A.Vətənqızının “Fələk” şerinin son misrasını göstərməklə, onun dünyasına bir anlıq səyahət etmiş oluruq.

…Arzularım qanadını sürüyür,
Xəyallarım dizin-dizin sürünür.
Kimsə sənə “mən sayanı” say deyir,
Bircə dəfə xeyrimizə say fələk.”

H.RzaNur ,sözdən kabab çəkən şair kimi tanınmaqdadır.

…Şeirdən doya bilmirəm,
Ac olsam, beş qab çəkirəm.
Babat şeir yazan kimi,
Şeirdən kabab çəkirəm…”

D.Ü.Dədəlinin isə irfani, dini şeirləri sevilərək oxunur və bu gənc şair dindar şair kimi öz əhatəsində qəbul olunmaqdadır. Misal üçün onun “Olmadı” şerinə nəzər salaq.

“…Ölmək Haqdırsa, ölmək var.
Haqq önündə əyilmək var.
Məhşər günü dirilmək var,
Bilməyən insan olmadı…”

Bu sətirlərin yazarı heca vəznində yazdığı şerlərlə yanaşı, əruz vəzinli şerləri onun yazı üslubunun günəşidir. Bəndəniz qəzəlin dodaqdəyməzini, dodaqdəyməz-təcnisini, tək “A” və “S” hərflərində yazdığı şeri, dodaqdəyməz sonetləri yazmaqla bir çox yeniliklərə imza atmaqdadır. Örnəyi, bir dodaqdəyməz-təcnisli qəzəl:

“Qara saçınla a yar, cəht eləsən ağ daşı yar,
Sənə tale yazılarkən eləsən, ağ daşıyar.

Nə qədər nazlanacaqsan Qaradağınla axı?
Qaradan ayrılacaqsan eləsən Ağdaşı yar.

Niyə həsrət, niyə hicranı çəkir yar dediyin?
Yesirin ağzı alar dad, eləsə nağd aşı yar…”

“Ulduzlar” ədəbi məclisinin balaca üzvlərindən olan Abdulsaməd Həsənovun da, gözəl düşünmə və yazı xətti vardır. Onun “Zəhmət” şeri istedadından xəbər verir:

“Hər insanın özünün,
Var peşəsi, zəhməti.
Zəhmətlə işləyənin
Halaldır bərəkəti.

Gözəl deyib atalar:
“İşləməyən dişləməz”
Başqasından bir çörək,
O heç vaxtı gözləməz.”

Bir sözlə, Xaçmaz ədəbi mühitinin inkişafında mühüm rol oynayan “Ulduzlar” ədəbi məclisi bu gün də yaşayır, fəaliyyət göstərir və inkişaf edir. İnanıram ki, vaxt gələcək Xaçmazdakı “Ulduzlar” ədəbi məclisinin üzvləri sırasından Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan istedadlı şair və yazıçılar yetişəcəkdir.

Xachmaz_ ULDUZLAR EM

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.