Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bölgələrdən səslər –3” layihəsi artıq start götürüb. Layihənin məqsədi:
– İstedadlı gəncləri üzə çıxarmaq;
– Ədəbiyyat təsərrüfatının canlanmasına dəstək olmaq;
– Yeni imzaların respublika dövri nəşrlərində ardıcıl çıxışına nail olmaq;
– DGTYB-nin bir ədəbi təsisat olaraq institusional inkişafına çalışmaq;
– Şeir festivalı düzənləmək;
– Festivalda daha uğurlu çıxış edən gənc yazarların ödülləndirilməsini təmin etmək;
– “Bölgələrdən səslər” toplusunun 3-cü cildini nəşr etmək;
– Bölgə yazarlarının problemləri və yaradıcılıq uğurları, habelə bölgələrdəki ədəbiyyat təsərrüfatının bugünü barədə donoru (AGİN), ilgili qurum və quruluşları – ədəbi ictimaiyyəti bilgiləndirməkdən (və s.) ibarətdir.
2017-ci ilin iyul ayının birinci ongünlüyündə tamamlanacaq dörd aylıq layihə çərçivəsində gənc, istedadlı yazarların əsərlərindən ibarət “Bölgələrdən səslər – 3” toplusu tərtib edilərək, nəfs nəşrlə ictimaiyyətə təqdim ediləcəkdir.
Qeyd edək ki, DGTYB indiyə kimi “Bölgələrdən səslər” toplunun iki cildini nəşr edərək ictimaiyyətə təqdim edib. Toplunun birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb. Azərbaycanın müxtəlif bölgələrində yazıb-yaradan və perspektiv vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən toplunun hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.