Ana səhifə YAZILAR 35 YAŞIN ŞEİRİ…

35 YAŞIN ŞEİRİ…

Müəllif: Bizim Yazı
503 baxış

E YurdogluELXAN YURDOĞLU

Saçımın tökülməyinə,
üzümün tükləndiyinə baxmayın…
Alnımda ömrün izləri,
Əslində
Tanrının oxuya bilmədiyimiz sözləri…
Aldanmayın həyat xoşbəxliyimə,
ailə qayğııma, atalığıma…
9 yaşlı oğlumdan,
7 yaşlı qızımdan da balaca
bir Elxan yaşayır içimdə – 5 yaşında uşaq…

Həyat “imtahan zalı”dı—
hər gün… bir sual kimi qarşımda…
Hələ də gözümü döydüyüm olur…
Buna görə də
öyrənməyə maraqlıyam indi də.
İçimdə bir Elxan yaşayır – 15 yaşlı növcavan…

Uşaqlar yıxılanda dizləri qanayar,
böyükdükcə yıxıldığım sevgilərdən
ürəyim qanadı,
gözlərim qanadı…
Bir sevinc yapışdı təkliyimin əlindən,
Şeirlərimi sevgiylə dinlədikcə dilindən
sevgi dərdim,
könül verdim.
Təkliyimdən tərkləşdim,
ikiləşdim…
Üçləşdim, dördləşdim.
Üstündən on il keçsə də
o vaxtdan
İçimdə bir Elxan yaşayır – 25 yaşında gənc…

Bu həyat yollarında
öyüldüm də, söyüldüm də.
Bəzən mindirildim tərif atına,
qaldırıldım göyün yeddi qatına.
Bəzən də göydən yerə çırpıldım,
qırıldım, budandım, çapıldım…
Qalxanda da, enəndə də
sözə sığınmışam.
Oxucum, sənə üz tutmuşam,
Sizə sığınmışam…
Şair üçün oxucudur ən böyük dəyər…
Şair kimi sevildikcə anladım ki,
yaşaya bilmədiyim yaşadıqlarımı yaşamaq üçün yaşamağa dəyər..!
Bu da belə bir ömürdü,
bu da belə bir həyat..
İllər artıq 40-a doğru yol başladı,
40-a doğru addım atdım…
İstər inanın… – istəyirəm, inanın:
And olsun uşaqlığıma
yeniyetməliyimə,
gəncliyimə
İçinizdə bir şair yaşayır – 35 yaşında ELXAN…

23-04-2015. NAXÇIVAN

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.