Telman Tovuzlu
(1939 – 1998)
BİLMİŞƏM
Ey Vətən, mən sənin gözəlliyini,
Hər zaman başımın tacı bilmişəm.
Oğlunu özümə vəfalı qardaş,
Qızını mehriban bacı bilmişəm.
Ruhum təzələnir eli gəzəndə,
Bir yaşıl çəməndə, bir də düzəndə;
Kədərli günlərim olub, bəzəndə,
De, hansı dərdini acı bilmişəm.
Telman əsirgədi səndən nəyini? –
İstəsən, verəcək öz ürəyini.
Min ətir qoxuyan gül-çiçəyini
Sevdiyim gözəlin saçı bilmişəm.