Ana səhifə BAŞ YAZI Bir həzin axşamda düşsəm yadına…

Bir həzin axşamda düşsəm yadına…

Müəllif: Bizim Yazı
920 baxış

Xanverdi Turaboğlu

(Nigar Rəfibəyli şeirlərində obrazlar aləmi)

Nigar Rəfibəylinin şeirlərində inikasını tapan lirik qəhrəman füsunkar çiçəklər aləmi ilə bağlı hiss, düşüncələrində həssaslığı, səmimiliyi və ya qayğılı yaşantıları ilə diqqəti çəkir.
Poetik qəhrəman bu halda bütün varlığı ilə tapındığı güllərin məftunedici ab-havasında qızınıb ovunmaq eşqi ilə yaşamaqdadır. Ona görə ki, o güllər, çiçəklər aləmi lirik qəhrəmanda ömür, yaşam tərzinin əvəzsiz bəzəyi və ya yol-yoldaşı, sirdaşı olmuşdur:
Ömrümü güllərə məftun yaşadım,
Gülü, bənövşəni, nərgizi sevdim …
…Ömrümün bəzəyi oldu həmişə
Gah dağ çiçəkləri, gah aran gülü
Buna baxmayaraq poetik qəhrəmanın məftun olduğu güllər bəzən onunla sirdaş olan lirik qəhrəmandan daha çox qayğı görmək ümidi, istəyindədir:
Ağladım üşüsə nazlı bənövşə
Ağladım görəndə nigaran gülü
Buna görə də poetik qəhrəmanın nəzərincə, güllər, çiçəklər heç də, bizim düşündüyümüz kimi, dilsiz, lal deyil. O, bütün görkəmi, varlığı ilə canlı və sevilən, əzizlənən, incə, nazlı güllər, çiçəklərdir və o çiçəklər, güllər bütövlükdə həyatın əsrarəngiz bəzəyinə çevrilən incə xəyal kimi rəmzləşir:
Deməyin çiçəklər, dilsizdir, laldır
Ayrılıq rəmzidir bu ağ çiçəklər
Çiçəklər aləmi – incə xəyaldır.
Şairin lirik qəhrəmanının düşüncəsinə görə, onun artıq həyat tərzinin canlı bir nümunəsinə və ya hissəsinə çevrildiyindən yuxu aləmində də hər gecə onunla birgə nəfəs, birgə, yaşam tərzinə qoşulduğu önə çəkilir və qəhrəman indilikdə çoxdan, lap çox illər sanki bu əfsunedici gülləri görmürmüş kimi gizlincə onları –“əlvan -əlvan, çəmən –çəmən” gülləri öpməyə, əzizləməyə cəhd edir:
Yuxuda çiçəklər görürəm hər gecə,
Öpürəm onları gizlicə …
Hər yanım çiçək,
Yastığım, yorğanım çiçək …
Çiçəklər əlvan -əlvan,
Çəmən – çəmən
Buna baxmayaraq şairin poetik qəhrəmanı əlvan çiçəklər arasında xumarlanıb yatırkən könlünün istəyi ilə yalnız bir gülü – qərənfili seçir, ona daha çox diqqətini artırır.
Lirik qəhrəmanın nəzərincə, qərənfilin ümumi daxili və xarici, üzə çıxan görünüşündə “iki damla qan sızan ürəyinin yarası” sezilir. Ona görə ki, ayrılıq zamanı dünyanın sanki özü boyda ağır bir qəm, kədər yükünü özündə cəmləşdirən bu alov rəngli qərənfilləri sevgili yar tərəfindən ona verilmişdi:
Bu çiçəklər aləmində
Xumarlanıb yatıram mən
Yuxuda çiçəklər görürəm
Qərənfili seçir könlüm
Çiçəklər arasından
Bu alov rəngli qərənfilləri
Yar vermişdi ayrılıq dəmi
Elə bil çökmüşdü
Onların üstünə dünyanın qəmi…
Buna baxmayaraq şairin poetik qəhrəmanı ruhdan düşmür. Yuxu aləmində seyr etdiyi soluxmuş, saralmış qərənfilləri bir yerə cəm edir, ondan ümid çələngi hörür:
Yuxuda qərənfillərimi görürəm,
Yığıb solan çiçəklkərimi
Ümid çələngi hörürəm.
Şairin poetik qəhrəmanı yaranışın ilk başlanğıcı sayılan, təbiətin canlı bir nümunəsi olan torpaqda torpağın hər bir izi qarşısında heç bir daxili parçalanma, daxili yara görmək istəmir və ya yara olsa da, ondan vahiməli, qorxunc, dəhşət yaradan qan axmasını da heç də arzulamır, əksinə, lirik qəhrəmanın fikrincə, yer üzünün məşəli sayılan günəşin hər an, hər saniyə və ya daim yer üzünü və ya bütün kainatı, bəşəriyyəti öz nuru ilə bəzəməsi, bütünlüklə əvəzsiz səadətin, xoşbəxtliyin bərqərar olmasına zəmin yarada bilər:
Torpağın yaralarından
Qan axmayaydı bir də.
Yer üzünün məşəli günəş
Par-par yanaydı hər gün.
Günəş nuruyla işıqlanaydı
Kainat bütün…
Gözlərim yalnız səadət görəydi,
İnsan səadəti
Məhkum görməyəydi dünyada
Heç bir xalqı,
Heç bir milləti…
Gözlərim həmişə mavi –mavi dəniz görəydi,
Göy üzünü tərtəmiz görəydi…
Buna görə də, şairin lirik qəhrəmanı işıqlı, nurlu günəşə xoş ətirli rahiyəyə bürünmüş sevgi aləmi insan ömrünə və ya insan ümidinə dünyanın özü boyda xoş ovqatlı Baharın oyanışına rəvac verir:
Sevənlərin xətrinə
Dəyməyin, insanlar.
Sevgi
İnsan ömrünə,
İnsan ümidinə
Gətirir bahar.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.