Ana səhifə BAŞ YAZI Ey, uzaq səfərə yollanan…

Ey, uzaq səfərə yollanan…

Müəllif: Bizim Yazı
646 baxış

Tanınmış şairə Ofelya Babayeva Sumqayıtda yaşayır. Onun “Sevinc”, “Dalğalar” və “Səfərə çıxıram”, “Dünya, eşit məni” adlı şeir kitabları işıq üzü görüb.
Sayğıdəyər xanım yazarımızın şeirlərindən örnəkləri BizimYAZI oxucusuna sunuruq:

 

Təklik motivləri

I
Ey, uzaq səfərə
Yollanan atlı!
Piyada yanından
Ötüb-keçəndə
Halını sormağı
Heç vaxt unutma. . .
Fikri yel qanadlı,
Özü piyada!
Bir gün qulağına
Çatar bir səda:
Təklik Allah ilə
Olmaq deməkdir!
Təklərə tək Allah
Özü köməkdir. . .

II
Ey doğmam, ey yadım,
İstəklilərim!
Yox! Dərd eyləməyin
Tənhalığımı.
(Təkliyi dərd etmir
Təklər özünə.)
Mən tənha olanda
Cahan oluram. . .
Ülvi arzularım,
Xəyallarımla
Elə bil dopdolu
Ümman oluram.

III
Adamlar içində
Hər vaxt tənhayam.
Mənim öz aləmim
Özümə dayaq. . .
Kövrək ürəyimə
Bir sarı yarpaq,
Xəzəllər altından
Axan bir irmaq
Qəmqarışıq, qüssəli
Sevinc gətirir.
Sonra bu sevinci
Çox görüb mənə,
Küləklər yoldaca
Salıb itirir.

IV
Yox! Nə Məlikməmməd,
Nə də Daşdəmir
Gərəyim deyildir
Bu gündən belə. . .
Ömrümə yazılan
Tənhalığımın
Bircə anını da
Vermərəm yelə. . .
Mən tənha olanda
Çiçək oluram,
Bir azca ağlağan,
Bir azca qəmli.
Payız havası tək
Kövrək oluram.

V
Tənha anlarımda
Nədənsə, hər vaxt,
Olub keçənləri
Yuxu bilirəm.
Sonra yuxuları
Yozub britəhər
Ilahi ömrümü
Yaşamaq üçün,
Bu ömrün yükünü
Daşımaq üçün
Eləcə piyada
Çıxıram yola.
Gəlib qulağıma
Çatıb bir səda:
-Təklik Allah ilə
Olmaq deməkdir.
Təklərə tək Allah
Özü köməkdir. . .

SƏFƏRƏ ÇIXIRAM

Pərişan baxışlar dikilər hara,
Ümidim bağlanar gələn bahara.
Bitib tükənməyən uzaq yollara
Səfərə çıxıram.

Bu xəyal çevrilər gözəl çağlara,
Ruhum da sığışmaz dar otaqlara,
Əlçatmaz, ünyetməz uca dağlara
Səfərə çıxıram.

Soyuq ulduzlarmı soyuq baxışlar,
Həsrət ürəyimi buz tək naxışlar,
Mənə ümid dolu dünya baxışlar,
Səfərə çıxıram.

Qara tellərimdə ağ çiçək açar,
Bu yaz qarşısında naçaram, naçar,
Yollar körpəm kimi üstümə qaçar,
Səfərə çıxıram.

Bəzən tuş olsam da biganələrə,
Aldanıb, uymaram bəhanələrə.
Bənzərəm bənzərsiz divanələrə,
Səfərə çıxıram.

Əbədi həmdəmdir ömrümə dözüm,
Baxıb uzaqlara yol çəkər gözüm.
Elə ki, tükəndi söhbətim, sözüm,
Səfərə çıxıram.

Ürəkdir əzəldən alınmaz qalam,
Vətənin köksündə yamacam, yalam.
Doğma dolaylarda arxalı ollam,
Səfərə çıxıram.

MƏNİ SEVƏNLƏRƏ, SEVMƏYƏNLƏRƏ

Ay məni sevənlər, diqqətlə baxın,
Qüsurum qaçmasın gözlərinizdən.
Elə söhbət edin, elə danışın
Tərif tökülməsin sözlərinizdən.

Elə danışmayın günün birində,
Düşünürəm ki, artıq dahiyəm, dahi.
Danışın ömrümün hər vədəsində
Düşünüm insanam, adidən adi.

Ən adi qüsura pərdədir bəzən
Yersiz rəğbətiniz, məhəbbətiniz.
Ən böyük səhvdən də yan keçir nədən
Ümman qəzəbimiz, ya nifrətimiz.

Görün səhvlərimi yerli-yerində,
Zərlə bəzəməyin nöqsanlarımı.
Ömrün hər anında, hər pilləsində
Tərif eyləməyin şöhrət-şanımı.

Yerində işlədin hər kəlmə sözü,
Qoruyun daima ləyaqətimi.
Kiçildə bilməsin zamanın özü
Mənim dünya boyda məhəbbətimi.

A məni sevməyən tanışlar, dostlar,
Boğun kininizi, qəzəbinizi.
Yadda saxlayın ki, bəzən gilavar
Coşdurar, daşdırar nəhəng dənizi.

Görün haqlısınız iradınıza,
Bəlkə paxıllıqdır bu kin-küdurət?
Düşünün, bir salın siz yadınıza
Nədir bu? Təsadüf, yoxsa zərurət?

Nədən yaxşı işi görməz gözünüz?
Nədən bir milçəyi fil eyləyirsiz.
Nədən bilə-bilə çox vaxt özünüz
Çinini, bülluru gil eyləyirsiz.

Yaxşını yaxşı tək görün, anlayın,
Demirəm yalan, pisə göz yumun.
Məni pis işimçün lap çox danlayın,
Ancaq yaxşını da heç unutmayın.

Sizin sevginizdir məni yaşadan,
A məni sevənlər, a sevməyənlər.
Yüksəldir, ucaldır məni anbaan
Bu sevgi hər axşam, hər gün, hər səhər.

DƏNİZ YAXIN OLANDA

Sularla bölüşüb insan qəmini,
Xatırlar. . .o uzaq görüş dəmini.
Gəzər sahillərdə öz həmdəmini
Dəniz yaxın olanda.

Uzadar ləpələr dodaqlarını,
Öpər bir gözəlin ayaqlarını.
Sevincə bürünər ömrün hər anı
Dəniz yaxın olanda.

Hər dalğa bir misra şeir deyilmi?
Sular kövrək təbli şair deyilmi?
Gözəllər məskəni sahil deyilmi
Dəniz yaxın olanda?

Cavanlar burada küsər, barışar,
Həsrətli könüllər yenə qovuşar.
Sükut öz dilində nəsə danışar
Dəniz yaxın olanda.

Yaşar xatirəmdə bir mavi səhər,
Dəyişər fəsillər, dəyişər illər.
Ürək nə qəm bilər, nə qüssə, kədər
Dəniz yaxın olanda.

* * *
Gedən yerim olaydı. . .
                                   QABİL

Kimsə bu qapını aşası bir gün,
Üstümə gur işıq saçası bir gün,
Bu dünya əlimdən qaçası bir gün. . .
Gedən yerim olaydı. . .

Ürəyim yurd yeri, özüm təptəzə.
Nisgilim, kədərim görünməz gözə.
Bir gün Naxçıvandan küçib Təbrizə,
Gedən yerim olaydı. . .

Baxmayıb anamın deyinməyinə,
Dan üzü qoşulub səhər mehinə,
Batıb gül-çiçəyin zərrin şehinə,
Gedən yerim olaydı. . .

Ömrün çoxu qalıb, yoxsa ki, azı,
Həsrətlə gözlərəm hər gələn yazı. . .
Məni qorxutmayır ömrün payızı,
Gedən yerim olaydı . . .

Hara tələsirsən, hara, ey həyat,
Səndən bir dözümdür mənə mükafat,
Arzular, diləklər, ümidlər boyat,
Gedən yerim olaydı. . .

Enib Novxanıdan Xəzərə sarı,
Qumlu sahillərlə üzüyuxarı,
Gah səhər, gah axşam, gah gecəyarı,
Gedən yerim olaydı. . .

Bir uzaq ulduzam sirli, pərişan,
Mənzilim, məskənim sonsuz kəhkəşan,
Bezib o ulduzlu göylərdən bir an,
Gedən yerim olaydı. . .

Dünyanın enişi, yoxuşu belə,
Ən təzə sevinclər yoldadır hələ,
Lap elə düşmənlə verib əl-ələ,
Gedən yerim olaydı. . .

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.