Sevimli şairimiz Məmməd İsmayilin doğum gününə
Bu qədər geniş, anlaşılmaz, dəli-dolu dünyada zərurət yaranarsa, Yaradanın məsləhəti olarsa, iki əlçatmaz, ünyetməz qütbdə yaşayan insanlar belə rastlaşar, tanış olar. Lakin qismət deyilsə, hətta eyni küçədə qonşu olan iki nəfər ömür boyunca bir-birini tanımaya, görməyə bilər.
Zərurətdənmi bilmirəım, xoşbəxtlikdənmi bilmirəm, mənə – qarlı-boranlı Rusiyada yaşayan bir şairə, Günəşli, odlu-alovlu Türkiyədə yaşayan, orada yazıb yaradan, amma səsi-ünü dünyanın hər yerinə yayılan Məmməd İsmayıl ilə görüşmək nəsib oldu.
Nağıllarda, dirilik suyu içib ölməzliyə qovuşanlar kimi, əsil şeir qaynağından su içmiş bu insan elə sağlığındaykən ədəbi ölməzlik qazanmışlardandır. Və onunla yoldaş, dost olmaq, onun həyatının bir parçasına çevrilmək – bilavasitə canlı əfsanəylə qarşılaşmaq, sirli-sehrli aləmə toxunmaq deməkdir.
Yəqin ki, taleyimizdən narazı olan zamanlarda, yaşadıqlarımızın içərisində heç olmasa ən xoş, əz əziz olan bircə günü yada salıb şükürlər deməliyik. Və o günü bizə verən Allah, mütləq ki, bir daha təkrarlayacaqdır. Sadəcə ürəkdən və bütün varlığımızla istəməmiz yetər.
…2012-ci il, fevral ayı. Bu aydan üç gün: Məmməd İsmayılın Moskvaya gəlişi, çıxışları və gedişi… Bu gediş zamanı şəhər sanki boşalmışdı. Hər şey yenə də bum-buz, adi və söngün olmuşdu. “Bu nurani insanı bir daha yenə görə biləcəyəmmi?” – deyə düşünmüşdüm. Nə yaxşı ki, qismətimdə onu təkrar-təkrar görmək, onun həmsöhbəti, silahdaşı olmaq, şeir şölənlərində çiyin-çiyinə çıxış etməklər də varmış
Uşaqlıqdan bu dünyanın adamı deyildim mən. Təbiətimdə qəribəliklər vardı: dalğınlıq, gözlərimin tez-tez “yol çəkməsi”, saatlarla təkliyə qapılıb şeirlər yazmağım, bəzən də kətilin üzərinə çıxıb ən çox sevdiyim müğənni Zeynəb Xanlarovanın və Flora Kərimovanın repertuarlarından əzbərlədiyim mahnıları ifa edərək “konsert” verməyim… Təvazökarlıqdan uzaq da olsa, sanki xəmirim mahnıyla, sözlə yoğrulmuşdu. Əlbəttə ki, valideynlərim məndəki bu maraq və meylləri görməyə bilməzdilər. Beləcə də, 8 yaşım olanda məni musiqi məktəbinin fortopiano şöbəsinə və eləcə də, xor bölməsinə yazdırdılar.
…İllər keçirdi, mahnılarla böyüyürdüm. Öyrəndiyim, sevdiyim, gözəl müğənnimiz Flora Kərimovanın ifa etdiyi “Səndən xəbərsiz”, “Nəyinə gərək”, “Yaman darıxmışam səninçün, ana!” və s… kimi dillər əzbəri olan mahnıları sevə-sevə çalıb oxuduğum. O zaman mənə, bu mahnıların sözlərinin müəllifi ilə bir gün tanış olacağımı, onunla yanaşı addımlayacağımı desəydilər, təbii ki, inanmazdım. Çünki, söz və sənət dünyası – mənimçün bambaşqa bir dünya idi – qeyri-adi, əfsunlu…
Amma sən demə həyatda ola bilməyəcək heç nə yox imiş…
Məndən 30 il öncə dünyaya gəlməsinə baxmayaraq, eynilə mənim kimi düşünən, şeirin vurğunu və sevgilisi olan bir insan da varmış dünyada.
“Mən onsuz da bu dünyadan deyildim…
Öz özümü aldatmağı bacardım!” deyən, ədəbiyyatı, sənəti canından çox sevən, yaşamını, sakitliyini və gələcəyini yalnız Sözə qurban verə biləcək bir insan – Məmməd İsmayıl.
Gizli deyil ki, onun haqqında dəfələrlə yazmışam, amma hər dəfə deyiləcək yeni sözlərim var. Çünki bu insanın öz dünyasında, yüzlərlə sirri açılmamış, kəşf edilməmiş başqa dünyalar vardır. Çünki, bir insan, öz ətrafındakı yüzlərlə adamı xoşbəxt edə bilərmiş. Və qanı-qanından olmasa da, onun varlığı üçün hər gün yaradana şükür edərsənmiş.
Dediyi cümlələri, kəlmələri ardınca yazıb çatdırmaq olmur, hər biri bir atalar məsəli, bir aforizmdir onların. “Hər kəsin bir qayğısı var, mənim də qayğım – ədəbiyyatdır”, “Ədəbiyyatını göstər, sənin kim olduğunu deyim”, – deyir o. “Hər axan suya çay deməzlər!” – deyir. Və nə qədər də haqlıdır!
Yazarların sayının sahildəki qum dənələrinin sayı qədər artdığı bu amansız dövrdə onun qələminin yeri bam-başqadır. Məmməd müəllim öz oxucularını heç vaxt intizarda qoymur. Elə təkcə bu il, onun Moskvada “Vmesto pisma”, Türkiyədə “Unuttuğun yerdeyim” adlı şeirlər kitabı nəşr olunub. Yeni bir romanı və daha bir şeirlər toplusu da yaxın zamanlarda işıq üzü görəcək.
Noyabrın 1-də əziz şairimizin 73 yaşı tamam olur, o isə gəncliyində olduğu kimi gümrah və ürəyi yaşamaq eşqi ilə doludur. Məmməd İsmayıl adına, dünyanın müxtəlif ölkələrindəki seir festivallarında, simpoziumlarda, sənət görüşlərində rast gəlirik. Qəzet və jurnallarda yeni-yeni şeirlərini, məqalələrini, başqa xalqların dilinə tərcümə olunmuş yazılarını, kitablarını oxuyuruq. Mükafatlarına və qazandığı uğurlara sevinirik. Bir sözlə, cəngavər kimi döyüşlərdən, yarışlardan gəlir səsi bu yenilməz və məğlubolmaz şairin. Qoy elə hər zaman belə olsun!
Məmməd İsmayıl dörd övlad atasıdır – gözəl, ağıllı, qürur duya biləcəyi qızları vardır və onlarla həmişə fəxr edir. Onların üçü ataları kimi və eləcə də mənim kimi qürbətdədirlər. Məktublaşmalarımızın birində rəfiqəm olan böyük qızı Gülzar belə yazmışdı: “Əzizim Afaq! Atamdan nigaranam, yaşlanır, bizsə ondan çox-çox uzaqlardayıq. Bu məni yaman narahat edir. Gecələr də telefonumu söndürmürəm. Bu yaşda hər zaman onun yanında olmaq, hər arzu-istəyini həyata keçirə bilmək istəyərdim…, aramızda isə bu qədər məsafə vardır”. “Əziz bacım! Məmməd müəllim hər birimizin atası, yaxını və əzizidir. Qəlbində Vətən məhəbbəti daşıyan bütün türk övladları onun balasıdır. O heç vaxt tək deyil!”– demişdim mən də. Və bu, doğrudan da belədir! Ona hər birimiz duaçıyıq. Telefon dəstəyindən onun mehriban səsinin həmişə gur və şən gəlməsi üçün, bir-birindən gözəl şeirlər yazması üçün və hər zaman bizimlə birgə olması üçün duaçıyıq. Harada olur olsun, Məmməd İsmayılın olduğu yer – Vətəndir, əzizdir, müqəddəsdir!
Çanaqqalası – Çənlibeli, qələmi – Misri qılınçı olan Ədəbiyyat Koroğlusuna, əziz dostuma, sirdaşıma, gözəl insana, təkrarsız şairə uzun ömür, can sağlığı, böyük sevgi və bitib-tükənməyən ölməz misralar diləyirəm!
Bundan daha layiqli kəlmələri100 illik yubileyində yazmağı həm ona, həm də özümə arzu edir və sözlərimi Məmməd müəllimə həsr etdiyim bir şeirlə bitirmək istəyirəm!
MƏMMƏD İSMAYILA
Ötüb neçə payız, keçib neçə yaz,
Unutmaq asanmış gözdən itəni…
Qəribdən savayı kimsə anlamaz
Necə özləmisən Ana Vətəni!
Məhəbbət payladın, qəmə qarışdın,
Duyğular içində duyğu payın var.
Getdin, qürbət ellə elə barışdın
Vətən həsəd çəkib səni arzular!
Səsini gətirsə bir qərib külək
Nigaran fikirlər durub dincələr.
Sözünün sehrindən titrəyər ürək,
Ruhlar o dünyadan qayıdıb gələr.
Bu qarı həsrətin ömrü minillik,
Qəhr olub nə qədər ümidlər sönüb.
Sənin olmadığın hər yer – qəriblik!
Sənin olduğun yer Vətənə dönüb!
Zəmanə dəyişər, səbr elə hələ,
Qismət əl uzadar gözdən itənə.
“Sellər” cuşa gələr, insanlar dilə,
Dönərsən sevdiyin Ana Vətənə!
12.10.12
Afaq ŞIXLI, Avrasiya Yazarlar Birliyinin üzvü
/Moskva
1 şərh
Deyerli ve eziz Memmed muellim. Vetende her zaman yeriniz gorunur. Sizi ürekden tebrik edir, ailenize və sizə can sağlığı arzu edirik.
Afaq Şıxlı xanım da çox sağ olsun. Qelemi iti olsun!