Ana səhifə YAZILAR Canımı tapşırıb Ona, Oturub şeir yazıram…

Canımı tapşırıb Ona, Oturub şeir yazıram…

Müəllif: Bizim Yazı
473 baxış

HƏYAT ŞƏMİ

BİR “VƏ”DƏN DAHA YAXIN…

Gözün arxada,
Dolu bir bardaq…
Geri qalırdı ayaqların getdikcə,
qaçırdı önündə zaman,
saatı dala çəksəm də…
Düşündükcə səni
düşürdü gözümdən dünya…
Üzünə cizgi çəkmiş sorunların kəsirdi əllərimi,
yanaqlarına toxunduqca.
Nəfəs aldığın pəncərəndim…
Nəfəssiz qaldığın hər anda
yadına düşəcəm…

Kəsirdi ömrümdən iti baxışların,
Kəsirdi çarpaz əllərim köksümdəki yuxunu,
“mənim ən dərin yuxum sənin köksündə”-demişdin.
Qırılan qəlbimi yamayarkən baxma sən,
istəmirəm görməyini
istəmədən  açdığın o yaranı.
Elə bir isim verdin ki mənə,
adının yanında duracaq
bütün zamanlarda…
Özünü düşündüyün ilk anda
məni düşünürsən…
məni düşündüyün ilk anda
var olursan mən ilə sən.
Bir “ilə” qoydun aramıza
bizi bir-birimizə bağlayan,
bir “və”dən daha yaxın…

GİZLƏDİM SƏNİ

Gizlədim səni hər kəsdən…
otağımda nəfəsini
içimə çəkdim…
bağladım nəfəs aldığım pəncərəni…
əllərini əllərimə geydim,
sorunlarını üstümə aldım,
Küçələrə tökdüm ayaq izlərini,
sənsən hər yer…
gözlərimdə gizlədim gözlərini,
oxşadım göz qapaqlarımla…
Silmədim adını üstümdən:
İpək oldum mən…
Sənsə od…
Uddum yazdıqlarını,
axır damarlarımda…
saçlarımda qoxun, kəsdirəmədim…
zənbilimə qoydum sözlərini,
barmaqlarıma nömrəni,
iki əlim – on barmağım…
yenə səni yığım, yığım…
gizlədim səni hər kəsdən,
kimsə görmür məni,
sənsən hər yerim.

DİZİM

Sənin də yaddaşın var,
diz yaddaşın…
xatırla,
neçə dəfə qatlandığını,
nə qədər yük daşıdığını,
ağırlığa dözdüyünü…
yorğunluqdan büküldüyünü…
xatırladınmı?
Bircə dəfə mən istədim
diz kimi diz çökməyini..
Çökmədin, sınmadın, qırılmadın, qatlanmadın…
Qatlandın hər şeyə…
Xatırladınmı?
Nə yaxşı ki, varsınız..
sizə baxır gözlərim…
Siz məndən dözümlüsünüz….
Dizlərim…

ƏLİM

Anamın döşlərindən yapışdın,
dünyadan iki əlli yapışanda
ilk dəfə…
Sonra  böyüdün divarları tuta-tuta …
Bir gün də qələm tutdun,
sənin sarıldığın ilk əşya oldu qələm…
Əlim!
Çörəyə şatdırdın məni…
Bir gün də
əlində-ovcunda qalmayan
bir sevginin ətəyindən yapışdın…
səni əli boş,
qucağı boş qoyan sevginin…
İndi alnım açıq olsa da,
gəlim,
QAPA gözlərimi…
ƏLİM!!!

MƏN, SƏN, O…

Hər şey mənim əlimdə,
Dualarım,
Ürəyim,
əfv fərmanım,
imzam,
qollarım,
Açın qollarımı!

Hər şey Sənin əlində,
Sorğu-sual,
Durğu və duyğu işarələri,
Son cümlə,
nöqtən.
Ürəyimə ölümcül həmlə…
Son dəfə getmək istəyim,
üzümə bağlı qapıların dəstəyi…
Açın qapıları!

Hər şey O-nun əlində,
Qələm,
Yazı,
Olum və ölüm,
Açın gözlərinizi!

YOLDASAN

Yoldasan…
istəsən,
cavanlıq edərsən.
Bir az xatirə qoymuşam
yoluna,
yavanlıq edərsən.

Yoldasan,
xərcliyin üçün
Allaha əl açıram hər gün….
Xurcununda nə desən var,
tökdüyüm göz yaşları,
bişmiş dərdlərim,
soyulmuş ürəyim,
bir az da  dar gün.

Yoldasan,
ürək dolu
sevgi atmışam dalınca.
Susadım,
ürəyim boş qalınca.

NECƏ…

Səni necə çağırım,
məni eşidəsən?
aramızda min illik məsafə varsa…
Səni necə çıxarım qaranlığından…
içində nur yoxsa!

Səni necə gəzim,
iki gözüm,
gözümün yerindəsənsə?

Səndən necə əl çəkim,
əlləri əlimdəsənsə?

Götür get uzaqlığını,
Götür get qaranlığını,
Gözlərini, əllərini verim get,
Yoxum get, varım get!

Dayan,
Ürəyini unutma!

OTURUB ŞEİR YAZIRAM

“Gör, mən nə arsız adamam,
oturub şeir yazıram.
Barı sənin düşməninə
götürüb bir daş atmıram,
can, ay Təbriz”
(“Can ay Təbriz”Ə.QOŞALI)

Sən bir zamanda dəmə bax,
Oturub şeir yazıram,
Dəmə qoyduğum qəmə bax,
Oturub şeir yazıram.

Düşüncələr xana-xana,
Şeirlər yığılıb cana,
Canımı tapşırıb Ona,
Oturub şeir yazıram.

“Tələs, tələs!” deyir qürub,
Fələk sənə vədə qurub.
Qarşımda işlərim durub,
Oturub şeir yazıram.

Bu payız da dolu fikir,
Ağaclar saçını tökür,
Qələm zəfər şəkli çəkir,
Oturub şeir yazıram.

Haydı, ha, durun ayağa,
Çıxın bir addım qabağa!
Ruhum uçub Qarabağa,
Oturub şeir yazıram.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.