Ana səhifə BAŞ YAZI Elşən Əzim. Yeni şeirlər

Elşən Əzim. Yeni şeirlər

Müəllif: Bizim Yazı
704 baxış

 

TEZ GƏL,

ÜZ-GÖZÜMDƏN ÖLÜM TÖKÜLÜR

Hardasa dünyanın sökülüb üstü,
Yerə əzab damır, zülüm tökülür.
Məndən yuxarıda mən alışıram,
Yenə öz başıma külüm tökülür.

 

 

Evə yorğun dönüb üzgün gəlirəm,
Əsəbi gəlirəm, qızğın gəlirəm.
Əli ətəyindən uzun gəlirəm,
Hər gün boş cibimə əlim tökülür.

Qarşıma taleyin yazdığı çıxır,
Gözümün önünə göz dağı çıxır.
Demirəm… sinəmin cızdağı çıxır,
Deyirəm… od tutub dilim tökülür.

Bir yarpaq söz imiş dilin mələyi,
Şan qoyan arıdı gülün mələyi.
Sən harda ölmüsən, ölüm mələyi,
Tez gəl üz-gözümdən ölüm tökülür.

QOCALDI

Bu yazıq uşaq beşikdən,
Torpağa qədər qocaldı.
Sinəsindən qopan nəğmə,
Dodağa qədər qocaldı.

Taledən aldı öyüdü,
Səsi ruhunun neyidi.
Zülmətə qədər böyüdü,
Çırağa qədər qocaldı.

Deyilməyib boğulan söz
Boğazına yığılan söz.
Ürəyində doğulan söz,
Varağa qədər qocaldı.

AŞIQ  ELBURUS  “QARAÇI” HAVASINI OXUYARKƏN

Ürəyimin həsrətini, qəmini,
Yarsını şah pərdəyə çəkirsən.
Əlim çatmır dərmanına dərdimin,
Çarəsini şah pərdəyə çəkirsən.

Hünər yoxmu bu nəsildə, bu soyda,
Bu torpağın həsrəti var nə boyda.
Parasını Araz qoyub o tayda,
Parasını şah pərdəyə çəkirsən.

Od çatırsan göydən ahı düşürüb,
Boynumuza bu günahı düşürüb.
Ay insafsız, taxtdan şahı düşürüb-
“Qaraçı”nı şah pərdəyə çəkirsən.

YANDIRDI MƏNİ

Gülüm, əksin gözümə,
Düşüb yandırdı məni.
Dərdin sinəmin üstə
Bişib yandırdı məni.

Ala gözün aynadı,
Göz ha baxdı doymadı.
Sənə qanım qaynadı,
Daşıb yandırdı məni.

Həvəsdəydi ürəyim,
Şikəstəydi ürəyim.
Od üstəydi ürəyim,
Aşıb yandırdı məni.

QƏMBƏRQULU

Sən çıxdın bu ömür payımdan mənim,
Mələyin hakimi, şeytanın qulu.
Çıxdın çörəyimdən, çayımdan mənim,
Ay köhnə tanışım, ay qəmbərqulu.

Boy atan arzumun başına döydün,
Ömrün qabqarılmış köçündən çıxdın.
Nəyə əl atdımsa əlimə dəydin,
Nəyə üz tutdumsa içindən çıxdın.

Əynimdə geyimi kecimi görüb
dilənçi uşaqtək yanladın məni.
Arzuyla hörülmüş içimi görüb,
Gözümə baxanda anladın məni.

Gəl gündə bir dona grmə havayı,
Yel oldun böyrümdən ötdün, tanıdım.
kol oldun önümdə bitdin, tanıdım.
Adam sifətində üzümə güldün,
Cin oldun gözümdən itdin, tanıdım.

Sən kimin oğlusan, bundan mənə nə,
Sən kimin qızısan, nə fərqi var ki.
Bir rəngin dəyişib, onda sarıydın,
İndi qırmızısan nə fərqi var ki.

Özgəyə işləyən ağlımsan mənim,
Səni içirdimmi, kefləndirimmi?
Bəlkə öz qızımsan, oğlumsan mənim.
Səni köçürdümmü, evləndirimmi?

Hayana fırlasan cavab taparam,
dərdlə siləliyəm, sözlə doluyam.
Hərdən düşünürəm, kimin üçünsə-
Bəlkə mən özüm də qəmbərquluyam.

Necə kəfən geyim, ömür soyunum,
Bu işdən də duyuq salmayım səni.
Necə gizli ölüm, xəlvət yayınım,
Qəbrimin içində bulmayım səni.

Bir elin içindən teyləndin belə,
İşıq gələn yerə dürtdün özünü.
Axırda şerimdən boylandın belə,
Gəlib qələmimə sürtdün özünü.

Bəlkə də sən məndən min yaş böyüksən
Dədəmdən qocasan, babamdan ulu.
Keyfimə şəriksən, dərdimə yüksən,
Ay köhnə tanışım, ay qəmbərqulu.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.