Ana səhifə YAZILAR Dərddən doğulan…

Dərddən doğulan…

Müəllif: Bizim Yazı
527 baxış

…“Dərdin şəkli”

XX yüzilin 60-cı illəri  mədəniyyətin digər sahələri kimi ədəbiyyatın da əsil dirçəliş dövrü idi. Bədii ədəbiyyatın məhz bu dövrünü IX-XII və XVIII əsr intibahları ilə müqayisə etmək olar. İndi ədəbiyyat tariximizə 60-cılar kimi daxil olmuş bu dövrün şair və yazıçıları ədəbiyyata Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin xeyir-duası ilə vəsiqə almışlar.  İltifat Saleh də 60-cılar nəslinə mənsub, ədəbiyyata R.Rzanın xeyir-duası ilə gəlmiş şairlərdəndir.

Ədəbi tənqid yaradıcılığıma başladığım bu qısa zaman kəsiyində bir şeyi qəti olaraq müəəyyənləşdirmişəm ki, Rəsul Rzanın xeyir-duası ilə ədəbiyyata gələn şair və sənətkarların özləri də elə R.Rza kimi haqsızlıqla barışmayan əqidə sahibləridir. İltifar Saleh də ustadının həm əqidə yolunu, həm də şeir yolunu davam etdirir, günümüz ədəbiyyatında sərbəst şeir gələnəklərini yaşadır. R.Rzaya həsr etdiyi sonetləri ilə şair  ustadının obrazını canlandırmaqla yanaşı həm də özünün  həyata baxışlarını ifadə edir. Onun R.Rzanın “Rənglər”silsilə şeirinə nəzirə kimi yazdığı “Rənglərin səsi” şeirini dərin fəlsəfi mahiyyət daşıyır. Bu şeirində o, Lütfizadənin məşhur nəzəriyyəsində deyildiyi kimi hər bir rəngin yalnız bir rəngdən ibarət deyil, hər bir rəngdə daha bir neçə rəng axtarmaq fikrini əsaslandırır.  Və bu gün cəsarətlə demək mümkündür ki, İltifat Saleh Əli Kərimdən və Rəsul Rzadan sonra sərbəst şerin ən yaxşı davamçılarındandır. Ustadının obrazını canlandırdığı üçün layiq görülmüş R.Rza ödülünü qürurla daşıyır. Həyatda qazandığı uğurlara görə ustadına minnətdar olan şair qeyd edir ki, məni şöhrət zirvəsinə qaldıran Rəsul Rzanın işıqlı üzü, qəlbimə toxum kimi səpilən işıqlı əməlləri, vaxtı ilə həsrət çəkdiyi şöhrət zirvəsinə və bir də Allah dərgahına aparan ana əlləridir-deyir. Şair bu günün özündə də az qala hər şerində ustadını xatırlayır, ona minnətdarlıq edir. Bu isə bugünki dövrdə nadir hadisə kimi qiymətləndirilməlidir.

Hələ görməmisən Rəsul Rzanı,
Ustadı sözüylə, şeiriylə tanı…

İltifat Salehin yaradıcılığı ilə tanış olduğum bu qısa zamanda onun yaradıcılığının bir sıra özəlliklərini aydınlaşdırmağa çalışdım. O, hər şeydən öncə nikbin şairdir, Allaha şükürlüdür. Bütün varlığı ilə Azərbaycanın xoş gələcəyinə inanır. İnanır ki, “qəmli üzlərin solğunluğu silinəcək, insanlar qəhərdən bir daha boğulmayacaq, üzlərdəki tutqunluq, gözlərdəki kədər dağılacaq”. O, əyalətdə yaşasa da  əyalət şairləri içərisində nadir şairlərdəndir ki, bütün Azərbaycanda layiqincə tanınır.

Bu gün cəmiyyətimizdə informasiya vasitələrinin bolluğuna baxmayaraq hər bir qələm əhli üçün oxunmaq (oxucu tapmaq), tanınmaq ən böyük problemdir. Xalq yazıçısı Anarın təbiri ilə desək “indi hər kəs yalnız özünü oxuyur”. Lakin İltifat Saleh sevilə-sevilə oxunur və onunçün oxucu problemi yoxdur. Çünki, əksər şairlər kimi yalnız kitablarının sayını artırmaq haqqında düşünmür, yaxşı sözün sorağındadır. Ona görə də sevilir, şeirləri, xüsusilə də sonetləri sevilə-sevilə oxunur. Onun yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən biri də kəmiyyət deyil, keyfiyyət axtarmasıdır.

İltifat Saleh yaradıcılığının daha bir özəlliyi onun dərd şairi olmasıdır. Lakin o, dərdlərini ən yaxın sirdaşlarından belə gizlədir. Özü demiş “bu dərdləri ürəyinin dərin qatlarında türməyə salır”. Bəs nədir onu ağrıdan?  Xalqımızın arasında birliyin olmaması, haqsızlıq, layiq olmadığı halda yersiz tərif və b. Əsil insan olmağın çox çətin olduğu bir dönəmdə haqsızlıqla qarşılaşanda zahirən sakit görünən İltifat Saleh əsir, coşur, tufan qoparır. Şair gözündən düşənləri göz yaşına bənzədir, (düşdü, itdi getdi) bir daha ona könül qızdırmır. Şərəfsizləri, qeyrətsizləri, vicdanı susanları saman çöpünə bənzədir şair.

Şairlik olduqca çətin peşədir. O anlamda ki, şair böyük yaradan tərəfindən ona bəxş olunan ömrü yaşaya-yaşaya xalqının da ağrılarını, acılarını yaşamalıdır. Əks halda şair sayılmaz, daha doğrusu əsil şair sayılmaz. Bu yükü daşımaq ağır olduğu qədər də məsuliyyətlidir. Bu çətin, bu müqəddəs peşə yolunu könüllü seçən hər kəs bu yolda onu nələrin gözlədiyini göz önünə almalıdır. Və bu gün bu çətin yolda şərəflə addımlayan İltifat Saleh də  bu yolu özü seçmiş və buna görə  taleyindən, qismətindən razıdır. Bir tale qismətinə, Allah yazısına ürəkdən inanan şair yazır:

Bundan yüz qat çalışsam da
Lap torpağa qarışsam da
Dostlar ilə yarışsam da
Qismət budur, yazım budur.
-deyir.

Ədəbiyyat tariximizin hər dönəmində haqq sözünü deməyi və yaxud sözü vaxtında deməyi bacaran şairlərimiz, yazıçılarımız olub. İltifat Saleh kimi. O, bütün həyatı boyu haqq  sözünü deməyi bacarıb. Hətta haqq sözün yasaq olduğu Sovet dönəmində belə. Haqqın, ədalətin əsil carçısı olan şair bir şerində  yazırdı:

Dirə məni divara
Nə istəsən düz istə.

Böyük əqidə sahibi olan şair “Bir qarın yeməkdən ötrü kiməsə əl açmaqdansa, bir üzünə şillə dəyəndə o biri üzü çevirən insanlara nifrət edir, belə yaşamaqdansa ölmək yaxşıdır-deyir, və belə yaşamağı kişilik saymır. Gənc bir yazar olaraq mənim qələm əhlində ən xoşladığım özəllik sözü vaxtında demək bacarığıdır. Bu anlamda şairin “Kəsərsiz olur sonradan deyilən söz” fikri ilə barışmamaq mümkün deyildir.

İltifat Salehin bir özəlliyi də az sözlə daha çox fikir ifadə etmək bacarığıdır ki, bu onun şerlərini əksər şairlərin yaradıcılığında olduğu kimi təkrardan, şablondan təmizləyir. Şeirlərinin mayası halallıqdan yoğrulan şair ədəbiyyata gec gəlsə də tez parlayıb məşhurlaşmışdır. O, ədəbi dilimizi “fikrin işığı”, “rənglərin səsi”, “dərdin şəkli” kimi poetik nümunələrlə zənginləşdirmişdir. Bədii ədəbiyyatda dərdin böyüyü-kiçiyi haqqında çox oxumuşuq. Amma rəngin səsi, kimi sözlər zənnimcə ədəbiyyatımızda yeni yanaşma tərzidir. Gözəl şair olmaqla bütün həyatı xeyirxah əməllərə zəngindir. Yardım üçün uzanan əlləri, yalvaran dilləri, çuxura düşmüş gözləri, saralan qansız üzləri daim  sevindirən insandır. Ömrünün anlamını xeyirxahlıqda, ehtiyaclı insanların taleyinə acımaqda görən şair çox ləyaqətli bir həyat yaşayır. Allah dərgahına əl açıb onu həsəddən, günahdan uzaq etməsi üçün dua edir:

Qəlbimə salma
Həsəd çəkməyi, günahı.
İnsan olmağı öyrət mənə,
İnsan ollmağı, İlahi.

Lakin o, bütün bunları bəs bilmir. Şərəfli ömrünü xeyirxahlıqla keçirsə də, bunlar üçün heç də əvəz ummur. Bütün bunların müqabilində onun böyük Yaradandan yalnız bir təmənnası var:

Təki ürəklərdə, dostlar yanında
Bir parça söz kimi qalım, yaşayım.

Tanınmış “Kəlilə və Dimnə”ni  Hindistandan gətirən təbib Bərzuy də ona verilən sərvətdən imtina etmiş, əvəzində özü haqqında kitaba bir bölüm əlavə etməsini xahiş etmişdi, beləliklə də adını əbədi yaşatmışdır. Sözün gerçək anlamında gözəl insan olan İltifat Saleh də insanları sevindirməkdən yorulmur, yenə də ömürdən möhlət istəyir.

Tapılanacan itən
Bar verənəcən bitən
Birləşənəcən Vətən
Qıyma ölüm, İlahi.

Baxın, İltifat Saleh belə bir insandır. Bu gün çox mənəvi dəyərlərimizi itirdiyimiz bir dövrdə İltifat Saleh kimi insanlara, xeyir əməl sahiblərinə böyük ehtiyacımız var.

Bu gün İltifat Saleh öz şöhrətinin zirvəsindədir. Əmək fəaliyyətinə müəllimliklə başlayan şair bugünki  şöhrət zirvəsini fəth edincə, çox çətin, keşməkeşli yaşam yolu keçmişdir. Onun uşaqlıq çağlarını oda bələyən Böyük Vətən Savaşında atasını itirib, taleyin sınaqları ilə baş-başa dayanıb. Yaşı 80-i haqlasa da bu gün o bir gənclik şövqü ilə yazıb yaradır

Bir də görərsən ki, bir ömür sönür
-deyərək vaxtdan səmərəli bəhrələnməyə çalışır.

İltifat Salehlə tanışlığımızın tarixi bir o qədər böyük olmasa da, onun şirin söhbətləri və ən əsası böyük şair ürəyi  məndə belə bir qənaət yaratdı ki, mən bu gözəl insanı uzun illərdir tanıyıram. Yazıb-yaratmaqdan doymayan İltifat Saleh həm də AYB-nin zona bölməsinin sədri olmaqla Lənkəran ədəbi mühitinin ağırlığını öz çiyinlərində daşıyır. Hələ də demədiyi neçə-neçə sözləri, yazmaq istədiyi şeirləri var, hələ neçə-neçə xeyirxah əməllərə imza atmalıdır. Bu onun alın yazısıdır. Onunla qısa zaman kəsiyində təmasda olduğum və yaradıcılığı ilə tanış olduğum zamanda mən də ustad şairin, elə onun özü demiş “bir damla mürəkkəbdən, bir damcı tərdən”  portretini yaratmaq istədim. Buna nə dərəcədə nail oldum? Bax, bunu İltifat Saleh sevənlərin ixtiyarına buraxıram.

Xoş arzularla İltifat Salehdən ayrıldım. Avtobus Bakıya istiqamət götürüb Xəzər sahili ilə şütüdükcə bu əsrarəngiz gözəlliyin sehrinə düşdüm. Azərbaycanın cənub mirvarisi sayılan Lənkəran haqqında şair Şəkər Aslanın aşağıdakı misralarını xatırladım:

Buradır ən yaxşısı
Bağçanın da, bağın da
Lənkəran bir gözəldir
Bəzənir Xəzər adlı
Güzgünün qabağında.

 

Yeqzar CƏFƏRLİ
Azərbaycan Jurnalistlər Birliyinin,
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.