Dekabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda mərhum şair Şahmar Əkbərzadənin 70 illik yubileyi qeyd olunmuşdur.
AYB-in katibi Rəşad Məcid bildirmişdir ki, ölümündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, Ş.Əkbərzadənin insan sevgisi, vətənpərvərlik kimi həmişəyaşar duyğular bəxş edən poeziyası yenə də diridir, bizim müasirimizdir.
Şair Musa Yaqub isə Ş.Əkbərzadəni Azərbaycan ədəbiyyatının şəhidlərindən hesab etdiyini bildirmişdir.
Ş.Əkbərzadə ödülünün ilk laureatlarından olan şair Qulu Ağsəs onun, Xudu Məmmədov və bir neçə gün öncə vəfat etmiş Qədir Rüstəmovun “Qarabağ” sözünün sinonimlərinə çevrildiklərini bildirmişdir.
Tədbir çərçivəsində Şahmar Əkbərzadə adına ödülün yeni laureatlarının adları açıqlanmışdır. Bu il ödülə AYB-in mətbuat katibi Ədalət Əsgəroğlu, şair Kəmaləddin Qədim və Milli Məclisin deputatı, şair Musa Urud (Quliyev) layiq görülmüşlər.
Qaynaq: AzərTAc