Dövlətləri coğrafiya yaxınlaşdıra, iqtisadiyyat birləşdirə, diplomatiya ortaq masa arxasına gətirə bilər; ancaq xalqları bir-birinə doğmalaşdıran, bu yaxınlığa ruh və davamlılıq qazandıran mədəniyyətdir. Azərbaycanla Mərkəzi Asiyanın beş dövləti arasında formalaşan yeni işbirliyi mühiti məhz bu həqiqəti bir daha önə çıxarır: ortaq gələcək yolların, bazarların və siyasi iradələrin ötəsində, həm də yaddaşların, dəyərlərin və mənəvi məsuliyyətin qovuşmasını tələb edir. Müstəqilliyin 35-ci ilində bu altı dövlətin qarşısında duran önəmli vəzifələrdən biri də qarşılıqlı güvəni xalqların gündəlik yaşamına, mədəni yaradıcılığına və gələcək nəsillərin dünyagörüşünə daşımaqdır.
Məncə, bölgəsəl işbirliyinin dərin qatlarından biri mədəniyyətdir. Bəli, iqtisadiyyat ölkələr arasında maddi bağlar yaradır; diplomatiya siyasi anlaşmanı təmin edir; mədəniyyət isə bu münasibətlərin mənəvi davamlılığını formalaşdırır. Yol çəkilə, liman tikilə, yeni ticarət marşrutu açıla bilər; ancaq xalqların bir-birini anlaması, bir-birinin sevincini və ağrısını duyması, tarixi yaddaşını tanıması üçün daha uzunmüddətli mənəvi əmək tələb olunur. Mədəniyyət bu anlamda işbirliyinin görünməyən infrastrukturudur.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində ortaq ədəbi antologiyaların nəşri, qarşılıqlı çevrilər, teatr və kino festivalları, musiqi layihələri, muzey işbirliyi, ortaq tarixi irsin araşdırılması və gənc yaradıcıların əlaqələri daha sistemli xarakter ala bilər. Məsələn, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın çağdaş ədəbiyyatını əhatə edən çoxdilli nəşrlər, ortaq mədəniyyət portalları, rəqəmsal kitabxanalar və sənət proqramları xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edərdi. Burada söhbət yalnız mədəniyyət tədbirlərinin sayını artırmaqdan getmir; məqsəd ortaq mədəniyyət məkanının bilik və yaradıcılıq potensialını genişləndirməkdir. Mədəni yaxınlıq siyasi münasibətlərin əvəzi olmasa da, onların insan ölçüsünü gücləndirən önəmli amildir.
Mərkəzi Asiya – Azərbaycan işbirliyinin gələcək gündəliyində ekologiya məsələlərinin də özəl yer tutması zəruridir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, Aral dənizinin ekoloji faciəsi, su ehtiyatlarının idarə olunması, səhralaşma, iqlim dəyişiklikləri və biomüxtəlifliyin qorunması dövlət sərhədləri ilə məhdudlaşmayan problemlərdir. COP29-a uğurla evsahibliyi etmiş, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonaları yaradan Azərbaycan bu mövzulara yaxından vaqifdir. Azərbaycanın Xəzərin səviyyəsinin azalması, Aral dənizi və su problemlərinə diqqət yetirməsi bu məsələlərin bölgəsəl gündəlikdəki önəmini göstərir. Bu sahədə ortaq elmi baxış, ekoloji bilgi alış-verişi, su ehtiyatlarından səmərəli istifadə və yaşıl texnologiyalar üzrə işbirliyi perspektivli istiqamətlərdir. Əgər yükdaşıma dəhlizləri ölkələri bir-birinə bağlayırsa, ekoloji məsuliyyət onların gələcək nəsillər qarşısındakı ortaq borcunu bəlli edir. Təbiəti qoruya bilməyən inteqrasiya uzunmüddətli rifah yarada bilərmi?
Azərbaycanın qarşıdakı sədrliyi və növbəti Zirvə Görüşünün ölkəmizdə keçirilməsi perspektivi bölgəsəl işbirliyinin daha praktik məzmun qazanması üçün fürsət yaradır. Bu mərhələdə siyasi dialoqun müntəzəmliyi ilə yanaşı, konkret fəaliyyət proqramları, sonucların qiymətləndirilməsi mexanizmləri və uzunmüddətli layihələr xüsusi önəm daşıyacaq.
Fikrimcə, Azərbaycanın sədrliyi dönəmində ortaq mədəni-humanitar çalışma proqramının hazırlanması, Orta dəhliz üzrə bağlantının gücləndirilməsi, rəqəmsal işbirliyinin genişləndirilməsi, ekoloji araşdırma şəbəkəsinin yaradılması və gənclər üçün mübadilə proqramlarının təşkili kimi təşəbbüslər gündəliyi zənginləşdirə bilər.
Azərbaycanın bu prosesdə rolu özünü həm də işbirliyi təşəbbüslərini birləşdirmək imkanları ilə göstərir. Bakıdan baxanda Mərkəzi Asiya uzaq olsa da, uzaq görünmür… Astanadan, Daşkənddən, Bişkekdən, Aşqabaddan, Düşənbədən baxanda da Azərbaycan yalnız “Xəzərin o tayındakı ölkə” olmaqdan daha dolğun tanıtımı haqq edir. Bu yaxınlığın arxasında tarix, qarşılıqlı maraqlar və gələcəyə yönəlmiş siyasi iradə dayanır.
Beləliklə,
35 il öncə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə, Mərkəzi Asiya respublikaları isə müstəqilliklərini əldə edəndə qarşılarında çoxlu suallar vardı.
Bu gün həmin sualların bir çoxuna tarix özü cavab verib.
Müstəqil dövlətçilik yaşadılıb; milli institutlar formalaşıb; beynəlxalq münasibətlər qurulub. – Fərqli çətinliklərə baxmayaraq, hər bir dövlət öz inkişaf yolunu davam etdirib.
İndi qarşıda yeni sual dayanır: müstəqilliyini qoruyub inkişaf etdirən dövlətlər öz imkanlarını birləşdirərək gələcək nəsillər üçün daha təhlükəsiz, daha firavan, daha ədalətli bölgəsəl mühit yarada biləcəklərmi?
Bax, bu sualın cavabı diplomatik bəlgələrlə yanaşı, həyata keçirilən layihələrdə, qurulan işbirliyi mexanizmlərində, xalqların gündəlik yaşamında görünəcək.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni mərhələsi həmin gələcək üçün önəmli imkanlar açır.
Burada ən böyük mənəvi dəyər qarşılıqlı güvəndir. Ən böyük siyasi dəyər suveren bərabərlikdir. Ən böyük iqtisadi imkan qarşılıqlı yarardır. Ən böyük mədəni sərvət isə ortaq yaddaşın yeni yaradıcılıq enerjisinə çevrilməsidir.
35 il öncə biz müstəqil yaşamaq iradəmizi ortaya qoyduq. Bu gün isə müstəqil dövlətlər olaraq birgə inkişaf imkanlarımızı genişləndiririk.
Xəzərin iki yaxası arasında qurulan yeni işbirliyi bax, bu tarixi keçidin təntənəli ifadəsidir.
Altı dövlət, altı müstəqil iradə, altı özünəməxsus inkişaf yolu… Və qarşılıqlı sayğı, güvən, işbirliyi üzərində qurulan ortaq gələcək!
Özümüz quracağımız böyük gələcəyə salam olsun!
Əkbər QOŞALI

