-Teymur əmi…
-Hıııı…
-Ay Teymur əmi…
-Hıııı…
-Dur da, Çingiz xan səni çağırır…
Qardaşım oğlu Yavuzun səsidir. Xarabada böyük – kiçik qalmayıb e. Bacağın boyda uşaq səni ələ salır. Çingiz xan… Yox bir Kürşad, yanında da qırx nəfər əsgəri.
-Teymur əmi, dur da, yaxşı döyül axı, kişi o boyda yoldan gəlib.
-Yavuz, bala, səni bura kim burub göndərib bilmirəm, amma əyibdü, bala, adam əmisini ələ salmaz…
-Teymur əmi, göy girsin qızıl çıxsın yalan demirəm!…
Demək, məsələ ciddidir. Yatağımın içində dikəlib oturdum. Yavuzun üzünə baxdım. Uşaq zarafat etmirdi. Bəs yaxşı bu Çingiz xan kimdi onda?! Özü də Çingiz də yox, bir başa Çingiz xan. Lənət şeytana, durum əlimi, üzümü yuyum, qalanı Allah kərimdir. “Çingiz xan, Çingiz xan” – deyə – deyə hamam otağına keçirəm. Ovuclarımı doldurub elə şarappıltı ilə üzümə suyu çırpanda yadıma düz bir həftə əvvəlki hadisə düşür. Üç beş köhnə dost yığılıb gölə getmişdik. Gölün qırağında oturanda birdən başqa bir yerdə olduğumu gördüm. İki nəfər darta – darta məni bir çadıra aparırdılar. Amma çadır da çadır idi e. O iki nəfərlə süpürləşə-süpürləşə elə çadırın eşiyindən içəri addım atmışdım ki:
-Ay Teymur, nolub qədeş, zalım oğlu, elə bil cəngə gəlmisən?! – deyə bir zəhmli səs duydum. İçəri aydınlıq deyildi deyə gözlərimi qıyıb səsin yiyəsini görməyə çalışdım.
“Gözlərimi qıyıb” – dedim bayaq, onsuz da nəslimizdəki bütün kişilərin gözləri qıyıq olub. Özümüz də davakar, bir barmaq bəsdir ki, durub yapışaq kiminsə boğazından ulqumunu üzək. Hə, yadımdan çıxmamış deyim ki, orta boylu, kösə, tökməbədən, qıyıq gözlü babam danışırdı ki, bizim nəslin adı Özbəklər olub. Dənizin qırağında, üzüm təhənginin altında əncir mürəbbəsi ilə qaynar çay iç, soruşanda kimlərdənsən “özbəklərdənəm” – deyə cavab ver.
Hə, onu deyirdim axı,qaranlığa gözüm öyrəşəndən sonra baxdım ki, hündür bir taxtda bir kişi əyləşib. Keçib bir küncdə dayandım. Kişi yerindən durub mənə sarı gəlməyə başladı. Payatonnan, bu yaxınlaşdıqca mən deyərsən ki, kiçilirdim. Gəlib qarşımda dayandı:
-Müdürün İslam Hümmətovla danışmışam. Diləkçəni yazarsan, gəlib bir həftəyə aparacağam səni…
Ay məni qınayan, bu kimdi axı, bunun Hümmətovla nə işi?!
-Hara aparacaqsan?
-Döyüşə.
Dedi və sərt bir şəkildə yanındakılara işarə verdi göz-qaşla ki, aparın bunu. Çadırdan çıxanda gördüm bayaqkı yerimdə – gölün qırağında yerdə uzanmışam, sinif yoldaşım Vüqar da başımın üstündə “Yasin” oxuyur.
-Dayan, özünə gəlir…
Gözümü araladım və “Faiq” – deyə bildim ancaq.
-Çor Faiq, boğma Faiq, zəng vurmuşuq Vüqar gəlib e, başa düşürsən molla çağırmışuğ…
-Ölürdüm, Faiq?!
-Zarafat da eləyir, bu mən deyən?! …
Əsəblə əlini əlinə vurdu. Sonra çevrilib Afiyə baxdı:
-Qurtardı e, qurtardı, Afi, bundan sonra buna içmək olmaz.
-Faiq, Çingiz xan qonaq çağırmışdı məni…
-Hə, əmi oğlu, hə, bayaq Tramp da gəlmişdi…
-Sizə də söz demək olmur, o dəqiqə başlayırsınız adamı dolamağa.
Başımı aşağı saldım. Vüqar da təəccüblə, bir az da hiddətlə yanımda oturan uşaqlara baxırdı. Yəni, mən indi nə edim, məni niyə çağırmısınız?!
Durub kor – peşman hərə öz evinə qayıtmışdı.
İndi də belə…
Əl – üzümü yuyub otağa keçmişdim ki, gördüm qardaşım oğlu oturub divanda. Yanında da Çingiz xan. Matım qurumuşdu.
-O gün elə bildilər səni içki o günə qoyub?!
-Hə, Allah haqqı…
-Diləkçəni yazdın?!
-Yox…
-Nə fikirləşirsən bəs?
-Yazmalıyam?
-İstəyirsən yazma…
Çingiz xanın sürdüyü hərbi maşınla kənddən uzaqlaşanda arxaya çevrilib baxdım ki, yaşıdlarım evimizə sarı gedirlər. Kəndin çayçısı Ayxan isə uşaqlara səslənirdi:
-Ay bala, samavarı yandırın! Çay dəmləyək…
