Bəşəriyyət tarixində elə məqamlar olur ki, onlar sadəcə təqvimdə bir tarix deyil, yeni bir dövrün səhifəsini açan dönüş nöqtələrinə çevrilirlər. 2026-cı ildə qeyd olunan “İssık-Kul Forumu”nun 40 illiyi də belə məqamlardan biridir. Qırx il əvvəl, 1986-cı ildə, dünya iki ideoloji düşərgəyə bölündüyü zaman böyük mütəfəkkir və humanist Çingiz Aytmatov İssık-Kul sahilində dünyanın görkəmli düşüncə adamlarını bir araya gətirmişdi. Həmin forum siyasətçilərin deyil, mənəvi liderlərin, yazıçıların, filosofların və alimlərin söz sahibi olduğu unikal bir platformaya çevrilmişdi. Soyuq müharibənin qızğın çağında Aytmatov sübut etdi ki, dialoq, qarşılıqlı anlaşma və insanlıq mümkündür.
Bu gün, qırx il sonra, dünya yenidən ciddi transformasiyalar astanasındadır. Beynəlxalq nizam dəyişir, yeni güc mərkəzləri yaranır, sivilizasiyalar arasında rəqabət güclənir. Belə şəraitdə İssık-Kul Forumunun yenidən dirçəldilməsi sadəcə tarixə ehtiram deyil. Bu, Qırğızıstanın qlobal intellektual məkandakı yeni missiyasını elan edən hadisədir. Bu, formal tədbir deyil, dirçəlişdir, “milli ruhdan dünya zirvələrinə” aparan yolun başlanğıcıdır.
Rəmzi məna daşıyır ki, 2026-cı ildə forum suveren Qırğızıstanın yeni tarixi şəraitində keçirilir: ölkə 142 səs toplayaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və ŞƏT-ə sədrlik edir. Bu, sadəcə tarixə baxış deyil, “irbisin sıçrayışı”dır – milli xarakterin qlobal miqyasa daşınmasıdır.
XXI əsrin ilk rübü göstərdi ki, dünya siyasətinin və iqtisadiyyatının mərkəzi tədricən Atlantikadan Avrasiyaya doğru hərəkət edir. Dünən dünya siyasətinin kənarı hesab edilən Mərkəzi Asiya bu gün qlobal maraqların kəsişmə nöqtəsinə çevrilir. Belə şəraitdə Qırğızıstan özünü sadəcə coğrafi məkan kimi deyil, ideyaların, mədəniyyətlərin və sivilizasiyaların görüş yeri kimi təqdim etməlidir.
Bizim əsas sərvətimiz qızıl, neft və ya qaz deyil. Ən böyük sərvətimiz mənəvi irsimizdir. Məhz burada böyük “Manas” dastanı yaranıb və yaşayır. Məhz burada köçəri sivilizasiyanın özünəməxsus dünyagörüşü formalaşıb. Məhz burada Çingiz Aytmatov bütün bəşəriyyətin vicdanına səslənən əsərlərini yazıb.
Əgər XX əsrdə Qırğızıstan dünyaya Aytmatovu bəxş etmişdisə, XXI əsrdə o, dünyaya yeni intellektual platforma təqdim edə bilər. Çingiz Aytmatovun humanist irsini, “Manas” dastanının qlobal potensialını və dəvət olunmuş intellektual elitanın – Piter Frankopan, Mo Yan, Laura Peretti və Anar Rzayevin ideyalarını birləşdirərək, Qırğızıstan özünün yeni rolunu – “intellektual və mədəni hab” statusunu təsdiqləyir.
Məşhur tarixçi Piter Frankopan araşdırmalarında göstərib ki, dünya tarixinin əsas hərəkətverici qüvvəsi Qərb deyil, Böyük İpək Yolu olub. Frankopanın konsepsiyası Qırğız dövlətçiliyinin yeni strategiyası ilə tam səsləşir. Onun fikrincə, sivilizasiyaların inkişafındakı əsas proseslər məhz Avrasiya məkanında baş verib.
Bu gün həmin tarix sanki yenidən canlanır. Çin və Avropanı birləşdirən yeni nəqliyyat dəhlizləri, “Qırğızıstan–Özbəkistan–Çin” dəmir yolu, enerji layihələri, rəqəmsal əlaqələr və mədəni mübadilələr Mərkəzi Asiyanı yenidən dünya proseslərinin mərkəzinə çıxarır. Lakin yeni İpək Yolu yalnız malların deyil, həm də ideyaların, mədəniyyətlərin və sülhün yolu olmalıdır. İssık-Kul Forumunun yeni tarixi rolu da məhz burada başlayır.
Biz tez-tez “Manas”ı böyük dastan kimi tərifləyirik, lakin onun qlobal əhəmiyyətini tam dərk etmirik. “Manas” sadəcə tarix deyil. O, insan və dövlət fəlsəfəsidir, birlik ideyasıdır, planetar məsuliyyət dünyagörüşüdür. O, insanla cəmiyyətin, insanla təbiətin, insanla gələcəyin münasibətləri haqqında fəlsəfədir.
Bu gün bəşəriyyət müharibələr, iqlim böhranı, mədəni parçalanma və texnoloji dəyişikliklər kimi yeni təhdidlərlə üz-üzədir. Belə şəraitdə “Manas” köçəri dünyanın humanist təcrübəsini qlobal intellektual dövriyyəyə təqdim edə biləcək nadir mənbələrdən biridir. Biz “Manas”a muzey eksponatı kimi deyil, XXI əsrin suallarına cavab verə bilən canlı ideya kimi yanaşmalıyıq.
Nobel mükafatı laureatı Mo Yan öz xalqının tarixini və faciələrini dünya ədəbiyyatı səviyyəsinə yüksəldə bilib. Onun yaradıcılığı göstərir ki, milli mədəniyyət qlobal əhəmiyyət qazanmaq üçün ilk növbədə dürüst olmalıdır. Biz də yalnız “Manas”ı və ya tariximizi ideallaşdırmamalı, onların içindəki mürəkkəb sualları, ziddiyyətləri və insan dramlarını araşdırmalıyıq. Böyük mədəniyyət özünü tərifləməkdən deyil, dərin özünüdərkdən doğur.
Şəhərlər bu gün sadəcə binalar toplusu deyil, yeni sivilizasiya ideyalarının laboratoriyası kimi qiymətləndirilir. Ekoloji memarlıq üzrə ekspert Laura Perettinin baxışları insanla təbiətin harmoniyasına yeni baxış təqdim edir. Bu, Qırğızıstan üçün xüsusilə vacibdir, çünki bizim sivilizasiya dağlar arasında formalaşıb. Mədəniyyətimiz təbiətlə mübarizə aparmağı deyil, onunla ahəng içində yaşamağı öyrədir. Bunun nümunəsi “Kojocaş” dastanıdır.
Buna görə də gələcəyin Qırğızıstanı beton divarlar ölkəsi deyil, insanla təbiət arasında yeni balansın nümunəsi olmalıdır. Laura Perettinin “eko-şəhər” konsepsiyası sadəcə memarlıq həlli deyil, cəmiyyəti birləşdirən fəlsəfədir. “Manas” dastanındakı “Ayköl” (alicənablıq) və “Birimdik” (birlik) anlayışları müasir şəhərsalma siyasətində də öz əksini tapmalıdır.
Çingiz Aytmatov və Anar Rzayevin dostluğu sadəcə iki insanın dostluğu deyil, xalqların dostluğu və ədəbiyyat vasitəsilə diplomatiyadır. “Manas” və “Kitabi-Dədə Qorqud” iki ayrı dastan deyil, eyni sivilizasiya ağacının iki böyük budağıdır. Bu gün türk dünyasının dövlətləri iqtisadi və siyasi baxımdan yaxınlaşdığı kimi, mədəni və intellektual inteqrasiya da yeni mərhələyə keçməlidir. İssık-Kul Forumu bu prosesin mənəvi mərkəzlərindən birinə çevrilə bilər.
Hər xalqın tarixində xüsusi anlar olur. Bəzən onlar inqilablarla və ya müharibələrlə gəlir, bəzən isə ideyalarla. İssık-Kul Forumunun 40 illiyi də məhz belə ideyalar dövrünə çevrilə bilər. Əgər biz Aytmatov irsinə müasir məna qazandıra bilsək, “Manas”ı qlobal intellektual dövriyyənin bir hissəsinə çevirə bilsək, Mərkəzi Asiyanı rəqabət deyil, dialoq məkanı kimi təqdim edə bilsək, Qırğızıstan yeni tarixi missiyasını həyata keçirməyə daha da yaxınlaşacaq.
Qırğızıstan dünyaya yenidən öz sözünü deməyə, milli xarakterini nümayiş etdirməyə hazırdır. Bu, gücün və hökmranlığın deyil, ağlın, mədəniyyətin və dialoqun səsi olacaq. Bu, Aytmatovun başlatdığı, Ayköl Manasın ruhlandırdığı və gələcək nəsillərin davam etdirdiyi Qırğız renessansının səsidir.
Qırğız renessansı keçmişə qayıdış deyil, keçmişin gücündən istifadə edərək gələcəyi qurmaqdır. Bu, “Manas”ı əzbərləmək deyil, onun ideyalarını müasir dünyanın dilinə çevirməkdir. Bu, Aytmatovun xatirəsini anmaqla kifayətlənməyib, onun kimi qlobal miqyasda düşünməkdir. Bu, iqtisadi inkişafı mənəvi yenilənmə ilə birləşdirməkdir. Qırğız renessansı milli kimliyi qorumaqla dünyaya açıq olma fəlsəfəsidir.
Forumun 40 illiyi Qırğızıstanın “ağıl mərkəzi” kimi formalaşmasının başlanğıcıdır. Foruma gələn qlobal liderlər və düşüncə adamları vasitəsilə Qırğızıstan “Manas” dastanında əks olunan humanizm, ekoloji şüur və diplomatik sabitlik dəyərlərini dünyaya nümayiş etdirir.
Qırğızıstan sadəcə suveren dövlət deyil, “Manas” fəlsəfəsi ilə dünyanı dəyişə biləcək intellektual məkandır.
Son illərdə Qırğızıstan iqtisadi inkişafın təmin edilməsi, infrastrukturun yenilənməsi, regionların inkişafı, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində qəti addımlar atır. Lakin dövlətin həqiqi gücü yalnız maddi nailiyyətlərlə ölçülmür. Uzunmüddətli inkişafın əsası milli ideya, mənəvi dəyərlər və intellektual kapitaldır. Məhz burada Aytmatovun irsi və “Manas” fəlsəfəsi müasir islahatların mənəvi dayağına çevrilməlidir.
Qırğızıstan yeni bir dövrün astanasındadır. Ölkə dağları yararaq yollar çəkir, çayların enerjisindən istifadə edir, müəssisələr qurur və yeni iqtisadi imkanlar yaradır. Lakin ən önəmlisi odur ki, Qırğızıstan mənəvi ucalığını qorumağa və dünyaya yeni ideyalar təqdim etməyə çalışır.
Əgər XX əsrdə dünya Qırğızıstanı Aytmatov vasitəsilə tanıdısa, XXI əsrdə Qırğızıstan özünü dünya dialoqunun, mədəniyyətinin və ağlının mərkəzlərindən biri kimi tanıda bilər. İssık-Kul Forumunun 40 illiyi bu böyük yolun başlanğıcını simvolizə edə bilər. Çünki bəzən tarixi ordular deyil, ideyalar dəyişir. İdeyaların vətəni olan xalqın gələcəyi isə həmişə işıqlı olur.
Ola bilsin ki, XXI əsrin tarixində Qırğızıstan dünya siyasətinin ən böyük ölkələrindən biri kimi deyil, qlobal dialoqun ən mühüm platformalarından birini yaradan ölkə kimi yadda qalsın. Çünki dövlətləri böyük edən onların əraziləri deyil, bəşəriyyətə bəxş etdikləri ideyalardır.
Foruma uğurlar arzulayaraq,
Manasçı Aziz Biymırzağlu.
