Ana səhifə BAŞ YAZI SUMQAYIT-75: Ağ günlər eşqiylə yaranan şəhər – İbrahim İlyaslı

SUMQAYIT-75: Ağ günlər eşqiylə yaranan şəhər – İbrahim İlyaslı

Müəllif: Bizim Yazı
21 baxış

SUMQAYIT – 75

Ağ günlər eşqiylə yaranan şəhər

Böyük arzusuydun böyük millətin,
Böyük talelərin şəhəri oldun.
Xəzərin qoynunda Azərbaycanın
Üzünə açılan səhəri oldun.

Həyatın özünə verdik imtahan,
Adınla gecəni gündüzə qatdıq.
Alın tərimizlə yoğruldu mayan,
Səni qarış-qarış qurub yaratdıq.

Yaşıl bağlar saldıq, ağ məhəllələr,
Zülmət gecələri çıraqban etdik.
Gündüz fəhlən olduq, axşam tələbən,
Halal haqqın ilə murada yetdik.

Doğma ağuşunda sevdik, sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı, qazaxlı, qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz.

Ürəkdən, könüldən bağlandıq sənə,
Döndün qəlbimizdə sevgili yurda.
İgidlik görküdü, «Can Vətən!»- deyib,
Şəhid düşənlərin məzarı burda.

Qan-qada da gördük, qələbəlik də,
Şanlı tarixini yazdıq kitaba.
Bağçada şəninə şeirlər deyən
Qızlar nənə oldu, oğlanlar baba.

Ağ günlər gözləyir səni qarşıda,
Ağ günlər eşqiylə yaranan şəhər.
Bu dünya durduqca yaşa, sən yaşa,
Ey başdan ayağa gülüstan şəhər.

İbrahim İLYASLI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.