Ana səhifə İCTİMAİ Azərbaycan Ədəbiyyat Fondu ilə World Organization of Writers birgə tədbir keçirib

Azərbaycan Ədəbiyyat Fondu ilə World Organization of Writers birgə tədbir keçirib

Müəllif: Bizim Yazı
243 baxış

Fevralın 21-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Ədəbiyyat Fondu və WOW  – World Organization of Writers (Ümumdünya Yazıçılar Təşkilatı) birgə təşkilatçıllıqla “Azərbaycan ədəbiyyatının aparıcı dünya ədəbiyyat platformalarına inteqrasiyası” mövzusunda dinləmə keçiriblər.

Məruzəçi Ümumdünya Yazıçılar Təşkilatının sədri Marqariya Al olan tədbirin moderatoru Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis olub. Tədbirdə AYB sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, AYB katibi Elçin Hüseynbəyli, Ümumdünya Yazıçılar Təşkilatının nümayəndələri, AYB üzvləri, gənc yazarlar, eləcə də media mənsubları iştirak ediblər.

Rəşad Məcid qonaqları salamlayaraq Azərbaycan ədəbiyyatının dünyada layiqincə təmsil olunmasında AYB-nin maraqlı olmasını dilə gətirib.

Səlim Babullaoğlu öz çıxışında ədəbiyyatımızın beynəlxalq müstəvidəki yerindən, görülən və görüləcək işlərdən bəhs edib.

Elçin Hüseynbəyli uğurlu ədəbi işlərin dünya oxucularına çatdırılması zərurətini vurğulayıb.

Marqarita Al məruzəsində bildirib ki, Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin dünyada sabitliyin qorunmasında həlledici rolunun təmin edilməsidir.

Azərbaycan Ümumdünya Yazıçılar Təşkilatı üçün xüsusi statuslu bir ölkədir, belə ki, məhz bura Ümumdünya Yazıçılar Təşkilatının yaranması ideyasının beşiyi olub. Belə ki, 2019-cu ilin 1 oktyabrında  BMT-nin patronajlığı altında Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Bakıda dünyanın 52 ölkəsinin iştirakı ilə keçirilən LiFFt festivallar festivalı zamanı “Ədəbiyyatda gələcək insan obrazının yaranması” panelində Marqarita Al və dünyaşöhrətli yazar Oljas Süleymenov belə bir böyük əhatəli ədəbiyyat təşkilatının yaranması zərurətini səsləndirmişlər. Sonradan 2023-cü ilin 2 fevralında Qahirədə dünyanın 17 ölkəsinin nümayəndələri Ümumdünya Yazıçılar Təşkilatının Memorandumunu imzalamışlar.

Hazırda bu təşkilatda 69 ölkənin yazarları təmsil olunurlar.

Bu il 4-6 aprel tarixlərində Nigeriyanın paytaxtı Abudja şəhərində Ümumdünya Yazıçılar Təşkilatının “Biz eyni planetin insanlarıyıq” adı altında 1-ci Konqresi keçiriləcək. Konqres zamanı YUNESKO-nun XXV Ümumdünya Poeziya Gününün qeyd edilməsi, 7-ci LiFFt Festivallar Festivalının, “Humanitar modernləşmənin müasir problemləri” Ümumdünya mədəniyyət-təhsil forumunun, Avrasiya- Afrika innovativ biznes forumunun keçirilməsi də nəzərdə tutulur.

Ümumdünya Yazıçılar Təşkilatının 1-ci Konqresinin tərəfdaşı PAWA Panafrika Yazıçılar Assosiasiyasıdır. 6-cı LiFFt Festivallar Festivalının qızıl laureatı, d.r Ueyl Okidiran, Nobel mükafatı laureatı d.r Vole Şoyinka Konqresin Nigeriya üzrə simaları olacaqlar.

Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyinin Bakıya gəlişi səbəbləri Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədəniyyətinin rolunun artırılması, eyni zamanda Ümumdünya Yazıçılar Təşkilatının yaranma ideyasının beşiyi sayılan Azərbaycan yazıçılarının dünyanın böyük ədəbiyyat platformalarında təmsil edilmələrini təmin etməkdir.

Dinləmə zamanı Azərbaycan Ədəbiyyat Fondunun ədəbiyyatımızın beynəlxalq müstəviyə çıxmasında WOW ilə birgə görəcəyi işlərə ayrıca toxunulub, azərbaycanlı yazıçıların Nigeriya konqresində iştirakı məsələsi müzakirə edilib.

Daha sonra xarici qonaqlar AYB sədri Anarla görüşüblər.

WOW beynəlxalq müsabiqələrdə 4 dil üzrə işçi qrupu formalaşdırır, bunlar ingilis, rus, ispan və ərəb dilləridir. Bakı dinləməsində 300 milyondan çox əhalini təmsil edən türk dünyasının dilinin də təmsilçi dil kimi qəbul edilməsi məsələsi qaldırılıb.

Sonra tədbir sual-cavab formatında davam edib.

Sonda tədbir iştirakçıları ailə fotosu çəkdiriblər.

“Ədəbiyyat və incəsənət”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.