Ana səhifə YAZILAR Ülvi Babasoy. Var olmayan eşqin var olan gözəlliyi

Ülvi Babasoy. Var olmayan eşqin var olan gözəlliyi

Müəllif: Bizim Yazı
268 baxış

Azərbaycan filologiyası kafedrasında mühazirə oxuyuram. Mövzu “Nəsimi lirikası”dı. Elə şairlər var ki, onlar barədə ehtirasla, özümü unudaraq danışıram. Nəsimi də elədi.

Nəsimi ilə Qul Nəsimidən söhbət düşür. Hər iki şairdən bir beyt onların üslub və sintaksis fərqini üzə çıxarır.

Qəflətən tələbələrdən biri ayağa durur: “Müəllim, mənim bir sualım var”. Mən həvəslə “əlbəttə, buyur”, deyirəm. “Kara sevda”ya baxırsız? Ayyy. Elə qəşəngdir ki”. Əvvəlcə bir az sarsılıram, sənət və yüksək zövq damarım qabarır. Daha sonra məyusluq səngiyir. Yerini təbəssüm alır. Müəllimlik sənəti. Səbir və dözüm. Fərqli zövqləri anlamaq və anlatmaq.

Xarici dil kafedrasında “Dünya ədəbiyyatı: Qərb” fənnindən seminardayam. Servantesin “Don Kixot” romanından danışırıq. Roman tarixində Lamançlı Don Kixotun rolu, yumorun bənzərsiz kəşfi, poetikası, həyat və sənətdə doğurduğu suallar. Əslində seminar dərsində tələbələr cavab verməlidi. Ancaq bircə nəfər olsun romanı sonacan bitirməyib. Ən çox oxuyan yarılayıb. Hər kəsin cavabı belədi: Oxuya bilmədim. Çox sıxıcıdı. Maraqsızdı.

Təzədən özüm danışmağa məcburam…

Başqa bir kafedrada da “Don Kixot”la bağlı eyni fikirlər səslənir. Daha ölgün və həvəssiz. Ay müəllim, səbrim çatmadı. Adamın başı çıxmır bu romandan. Maraqsızdı eeey. Halbuki, Servanteslə bağlı mühazirəni maraqla dinləmişdilər. Bəs dəyişən nə oldu? “Don Kixot”dan nə qaldı? Yoxsa müasir Avropa roman sənətini başlatmaqdan savayı heç nə?

Servantesi anlamaq bu qədərmi çətindi? Gerçəkdən sıxıcımı yazıb? Fikirlər və zövqlər dəyişib. Dəyişmək xəfif bir ifadədi. Əslində, zövqlərdə metamorfoz hadisəsi baş verib. Baxışlar daralıb. Asan həzm olunan, yüngül romanlar, nəğmələr və filmlərin həmişə kütləvi olması məlumdu.

Kütləvilik elə bir bəladır ki… Hər kəs və hər şeyi bozlaşdırır. Bəziləri ömür boyu, bəziləri həyatla vidalaşanda ayılır. Alonso Kiaxano da ölüm döşəyində olarkən necə bir zövqsüzlüyün içində olduğunu dərk edir. “Əzizlərim, məni təbrik edin; mən artıq Lamançlı Don Kixot deyil, xasiyyətimə və adətimə görə Xeyirxah təxəllüsü daşıyan Alonso Kixanoyam. Səyyah cəngavərlər haqqında kitablar indi mənə iyrənc görünürlər, düşüncəsiz hərəkətlərimi mən indi başa düşmüşəm”.

Alonso Kixano bəxtəvərdir. Çünki anlamsızlığı, bayağılığı dərk edir. Çünki onu qoruyan gizli bir əl var. İlahi bir qüvvədir bu. Çünki İlahi təhkiyəçi Migel De Servantes saflıq və dürüstlüyün kitabını yazır. Bir də ilahi gücə malik bir eşq. Dulsineya fiziki sevgi ola bilmir. Halbuki bütün ləzzətlər və həzlər cisimlə üzə çıxır, konkretləşir. Metafizik, platonik bir məhəbbətin gözəl nümunəsidi Dulsineya. Don Kixotun saflığının səbəbi əlçatmaz Dulsineyadı. Arzular əl çatan olanda yaşam yorğunluğu yaşayır adam. Yaşamaq istəyi öləziyir. Əlçatmazlıq adamı diri saxlayır. Məqsədli və ümidli.

Cəngavərin bir sevgilisi olmalıydı. Özü üçün Dulsineyanı uyduran Don Kixot sevgilisi ilə dünya səyahətinə çıxır. Xəyalən. Servantes həm də nadir eşq dastanı yaratmış olur. Leyli və Məcnun səviyyəsində ilahi ehtiras var Dulsineya və Lamançlı Don Kixot macərasında. Yenə ölüm yatağında olan cəngavərin “dostları xəstəliyin(nin) səbəbini Don Kixotun öz məğlubiyyətini başa düşməsindən, Dulsineyanın tilsimini sındıra bilməmək zəifliyindən doğan kədərlə bağlayaraq onu hər vasitə ilə şadlandırmağa çalışırlar”.

Can Dündarın Teomanın “Paramparça” nəğməsi ilə bağlı essesi var. Orda milyonlarla insanın stadiona yığışıb Teomanı dinləmələrinin səbəbini yazır. Sən demə parçalanmış həyatlarına ağlayırlarmış. Eşq axtarırlarmış. Eyni ilə Maksim Qorkinin “Boles” hekayəsindəki kimi. Fahişəlik edən bir qadın bir tələbə ilə qonşudur. Qadın tez-tez oğlanın evinə gələrək ondan sevgilisi Bolesə məktub yazmağı xahiş edir. Hər dəfə daha çılğın və atəşin sözlər pıçıldayır məktubun sətirlərinə. Cavan oğlan bir gün məktub yazmaqdan bezir və qadını acılayır. Qadın ağlayaraq həqiqəti etiraf edir. Əslində, onun Boles adında sevgilisi yoxuymuş. Kimsəsizlik canına o qədər işləyirmiş ki, axırda uydurulan bir sevgilinin sevgisi ilə ovudurmuş özünü.

Peşmanlayan oğlan o gündən qadından Bolesə, ondan da sevgilisinə məktub yazır. Qadın qarşılıqlı eşq macərası yaşayır. Bu, var olmayan eşqin var olan nadir gözəlliyidir. Artıq unudulan, anlaşılmayan, anlaşılmaq istənilməyən Lamançlı Don Kixotun başına gələn eşq əhvalatı kimi.

KLV.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.