Ana səhifə YAZILAR Qənirə Paşayeva haqqında-Şahnaz Kamal yazır

Qənirə Paşayeva haqqında-Şahnaz Kamal yazır

Müəllif: Bizim Yazı
570 baxış

Bizimyazi.az tanınmış yazar Şahnaz Kamalın mərhum mədəniyyət xadimi Qənirə Paşayeva haqqında yazısını təqdim edir.

1998-ci il idi. Əmimlə 28 May metro stansiyasına doğru gedirdik. Yolda əmim dayandı, üzü bizə tərəf gələn kişi işə əl verib görüşdü. Hal-əhval tutmağa başladılar. Kişi dədəmi soruşdu. Əmim məni kişiyə təqdim etdi:

-Novruzun qızıdır, Ələsgər müəllim. Birinci kursda oxuyur, yaxşı oxuyur.

– Lap yaxşı.

Kişi mənə tərəf baxdı:

-Yaxşı oxu, qızım, çox yaxşı oxu. Mənim uşaqlarımın hamısı oxuyur. Qənirəni də görürsünüz, ATU-nu qırmızı diplomla bitirdi, indi də ANS-dədir.

-Qənirə Paşayeva sizin qızınızmış, Ələsgər müəllim! Nə gözəl!

Sonra əmim Ələsgər müəllimlə bir az da danışıb sağollaşıb ayrıldılar.

Əmim dədəmə çox oxşayır. O qədər oxşayır ki, hətta Bakıda yaşayan bəzi kəndçilərimiz xeyirdə-şərdə yaşınlaşıb “Nətərisiz, Novruz müəllim?” deyib görüşürdülər. Bu ilə qədər bu oxşarlığa adi baxırdım, bu il dədəmi itirəndən sonra bu oxşarlıq bir başqa oldu mənimçün.

Dədəmin Bakıda yaşayan qrup yoldaşları, rayondan olan tanışları da Səməd əmimi tanıyırdılar. Ələsgər müəllim də eləcə. Çünki Ələsgər müəllim uzun illər Düz Qırıqlı kənd orta məktəbinin direktoru işləmişdi. Dədəm də bizim kəndin, Əhmədəbad kənd orta məktəbinin direktoru idi. Oradan tanış idilər.

Ayrılandan sonra əmim öz-özünə “Qənirə Ələsgər müəllimin qızıymış, malades” dedi.

Qənirə xanımla şəxsi tanışlığım isə 2013-cü ildə, Əkbər Qoşalının başçılıq etdiyi Gənc Türk Yazarlar Birliyinin keçirdiyi konfrans zamanı oldu. Konfransdan sonra Qənirə xanım bütün iştirakçıları evlərinə qonaq apardı, gözəl bir süfrə arxasında səmimi söhbət etdi, anası Tehran xanımla tanış etdi.

Sonra kitab təqdimatında və ya hansısa tədbirlərdə görüşürdük.

Qənirə xanımla növbəti görüşüm Zəfər İB sədri Sevinc Alıyevanın təşəbbüsü ilə oldu. Sankt-Peterburqda nəşr etdirdiyim “Azərbaycan Respublikası 100” kitabını Qənirə xanıma hədiyyə etdim.

Daha sonra bir neçə dəfə Qənirə xanımla Milli Məclisdə, Yazıçılar İttifaqında görüşdük, Arzu xanımın süfrəsində bir yerdə çörək kəsdik, Tovuzdan, tovuzlulardan danışdıq.

Bunu hamı bilir, Qənirə Paşayeva tək Tovuzun yox, bütün Azərbaycanın deputatı idi. Dəfələrlə gözümün şahidi olmuşam, müxtəlif rayonların sakinləri probleminin həlli üçün Qənirə xanıma müraciət edib və o problemin həlli üçün azacıq da olsa şans vardısa, problem həll olunurdu. Onu çox istəyirdilər, ona güvənirdilər, ona inanırdılar (bu cümləni keçmiş zamanda yazmaq mənə çox ağırdır).

Yayda Qənirə xanımla görüşmək istədim. Keçən il Peterburqda nəşr etdirdiyim “Nizami 880” kitabında Qənirə Paşayevanın da məqaləsi vardı. “Nizami Gəncəvi yaradıcılığında qadın azadlığı” adlı mövzuda bir konfransda çıxış etmiş, sonra onu məqalə şəklinə salıb kitabda nəşr üçün yollamışdı. Yayda kitabı ona təqdim etmək istədim. Mən Bakıda olanda o olmadı, o Bakıda olanda mən Peterburqa qayıtmışdım. Görüşə bilmədik.

Sentyabrın 24-ü dədəmin ilinə getmişdim. Əkbər bəyə dedim, 25-i axşam Peterburqa qayıtmlıyam. Mümkün olsa, 25-i səhər Qənirə xanımla görüşmək istərdim. Əkbər bəy Qənirə xanımın proqramının nə qədər sıx olduğunu söylədi, dedi, 24-ü axşam yaz, xəbərləşək. 24-ü isə kənddə Qənirə xanımın komaya düşdüyünü eşitdim.

Mənim tanıyıb-bildiyim hamı Qənirə xanımın ayılması, sağalması üçün dua edirdi. Hamı, hamı təəssüf edirdi.

Biz Qənirə xanımla görüşəmmədik, əcəl macal vermədi.

O bu dünyadan köçdü. Amma özündən sonra işıqlı xatirələr, xoş sözlər, xeyirxah əməllər qoyub getdi.

Heyif, heyif Qənirə xanıma.

Qənirə xanımın ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin, nur içində yatsın!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.