Ana səhifə BAŞ YAZI YUBİLEYİNİZ MÜBARƏK, DOSTLUQ SƏFİRİ!

YUBİLEYİNİZ MÜBARƏK, DOSTLUQ SƏFİRİ!

Müəllif: Bizim Yazı
510 baxış

Əkbər Qoşalı… Bu adı eşidəndə dərhal günəşli Azərbaycanı, onun xeyirxah xalqını xatırlayıram. Və əksinə, Azərbaycandan söhbət düşəndə dərhal ağlıma nurlu şəxsiyyət, geniş ruhlu şair Əkbər Qoşalının adı gəlir. Şairin vətəninin adının başqalarının ruhunda ancaq hərarət hissi doğurması sevinc deyilmi?! Əkbər Qoşalı tanınmış Azərbaycan şairi, publisisti, ictimai xadimidir.

Türk xalqlarının yazıçılarının birləşməsində böyük işlər görmüşdür. Bu heyrətamiz insanla mənim dostluğum 2016-cı ildə başladı. Sonra başqurd ədəbiyyatının nümayəndəsi kimi Türk Dünyası Gənc Yazarlarının Forumunda iştirak etmək üçün Bakıya dəvət olundum. Çox mənalı, genişmiqyaslı tədbir idi.

Bakı bir neçə gün türk ədəbiyyatının mərkəzinə çevrildi. Məhz bu səfərdən sonra yaradıcılıq üfüqlərim genişləndi, bir çox ölkələrdə qardaşlarım oldu. Hər kəsə bəllidir ki, Əkbər Qoşalının uzun müddət başqanlıq etdiyi Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə yaradılıb. Bu illər ərzində qurum bir çox layihələr həyata keçirib, kitablar nəşr edib, qələm ustalarını bir araya gətirməyə yönəlmiş bir çox tədbirlər gerçəkləşdirib. Azərbaycan dilində “Getmə, ana!” kitabımın nəşrinə görə də ona sonsuz minnətdarlığımı bildirirəm. (“Getmә, ana!”-Bakı, 2020).

Biz hörmətli Əkbər Qoşalını Dostluq Səfiri adlandırırıq. Və bunlar adi sözlər deyil. Bu gün bir çox xalqlar üçün dostluq və qarşılıqlı anlaşma yetərli deyil. Sanki bütün dünya parçalanmağa, düşmənçiliyə can atanda onun fəaliyyətinin dəyəri daha aydın görünür.

O, həmfikirlərini bir ocaq başına toplayır ki, hamı isinsin, sonra da öz istiliklərini başqaları ilə bölüşsün.
Bundan əlavə, Əkbər Qoşalı öz ölkəsinin, xalqının böyük vətənpərvəridir. Bu, onun şeirlərində, internetdəki yazılarında, paylaşımlarında aydın ifadə olunur. Buna görə ona daha çox hörmət edirəm. Axı xalqını sevməyən insan çətin ki, başqalarını da sevsin.
Əkbər ağanın ürəyi genişdir, orada türklərin hər birinin – başqurdun, tatarın, saxanın, çuvaşın, qazaxın, qırğızın… yeri var.

Ona görə də Türk dünyamızın geniş ərazilərində o həmişə böyük sayğı ilə qarşılanır.

Təsadüfi deyil ki, Əkbər Qoşalının əsərləri bir çox dillərə çevrilib. Şairimizin təşkilatçılıq qabiliyyətini də yüksək dəyərləndirmək istərdim. Onun ətrafında Azərbaycan ədəbiyyatının ümidi olan – sadiq, istedadlı, səmimi, mehriban silahdaşları var. İntiqam Yaşar, Tural Turan, Taleh Mansur, Aygün Yaşar, Əfsanə Ələsgərli, Nofəl Ümid, Ümid Nəccari, Sərvər Karmanlı və b. gənc istedadlarla Əkbər Qoşalı sayəsində dost oldum. Başqurdların bir atalar sözü var: “Айырылғанды – айыу ашар, бүленгәнде – бүре ашар”- “Bölünəndə canavar yeyər, ayrılanda ayı parçalayar”. İndi çətin vaxtdır. Məhz yazıçılar bu zəmanədə bizim birləşməyimizin, dostluğumuzun möhkəmlənməsinə öz qələmi və sözü ilə xidmət etməlidirlər. Bunun üçün də Əkbər Qoşalı kimi Dostluq Səfirlərimiz olmalıdır.

Yubileyiniz mübarək, əziz qardaş!Sizə dəyər verən Başqurd qardaşlarından, uca Ural dağlarından və dolğun Agidel (Ағиҙел) vadilərindən böyük salam!

Aygiz BAYMUXAMMET,
Başqurdistan Yazıçılar Birliyinin başqanı,
Başqurdistanın Əməkdar mədəniyyət işçisi,
Şeyxzadə Babiç adına
Dövlət Gənclər Mükafatı laureatı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.