Ana səhifə YAZILAR “Sevməyi buraxacaq qədər cəsur biri deyiləm”- Aysel İbrahimova şeirləri

“Sevməyi buraxacaq qədər cəsur biri deyiləm”- Aysel İbrahimova şeirləri

Müəllif: Bizim Yazı
641 baxış
Bizimyazı.az gənc şair Aysel İbrahimovanın şeirlərini təqdim edir.
23 yaşlı Aysel İbrahimova Azərbaycan Tibb Universiteti Müalicə işi fakültəsinin sonuncu kurs tələbəsidir.  100-ə yaxın şeir və hekayə müəllifidir.
Mən yoxam.
Milyonlarca galaktikalardan birinin işığındakı zərrəcikdən fərqsizdir yoxluğum,
Ya da var olmam,
Nə qədər önəmlidir?
Skripkanın simlərinin israrla özünü həlak etməsini,
Fleytanın zil səsini,
Gitarın hər pərdəsini,
Bəstəkarın bəstəsini duyuram.
Quru çöldəki tək gülün rayihəsini,
Dalğaların gətirdiyi küləyin,
Yağışdan sonra boş küçənin nəfəsini duyuram.
Şairin hər sətirini,
Əsarəti,
Zəncirlərin əsirini,
Düşüncənin əsirini,
50 yaşlı kişinin 15 yaşlı gəlinini,
Son nəfəsindəki adamın intihar kəndirini,
Bağıran insanların çıxmayan səmirini duyuram.
Gözlərimlə görmərəm,
Qulaqlarım eşitməz,
Ağlım bilməz.
Ruhum duyar, görər, eşidər, dinməz.
Mən yoxam,
Varlığım, ya da olmamam
Nə qədər önəmlidir?
***
Addım-addım çətinləşir yaşamaq,
Üzləşmək keçmişinlə,
Gələcəyinə alışmaq,
Yaşlanmaq,
Heç bilmədiyin bir məkanda,
Tanımadığın bir adamın qollarında,
Sakitcə baxmaq həyata,
Xatırlamaq doğma olanı.
Sarılmaq biraz daha ruhuna,
Daha doğma, daha dərin,
Daxilinə dalmaq ətrafdakı yadlardan qaçmaq üçün,
Dərin, biraz və biraz da dərin,
Ruhsuzca baxmaq həyata,
Heç bilmədiyin bir məkanda,
Tanımadığın bir qadının qollarında.
Qaç gəl, sənə çay dəmləyim qırmızı çaydanımda,
Biraz köhnə, üzəri güllü naxışlı,
Nağıl da danışarıq,
Göydən 3 alma düşər,
Biri sənin, biri mənim, biri də uşaq yaşlarımın.
***
Kimə, nəyə, niyə olduğunu bilmədiyim bir həsrət yatır içimdə,
Görmədiyim bir küçənin, addımlamadığım bir yol ayrıcında kimi
Heç duymadığım bir ətrin havada yayılan zərrələri kimi
Dolur nəfəsimə,
Qamaşdırır gözlərimi heç oyanmadığım səhərlərin ilk işıq süzmələri
İsladır çılpaq ayaqlarımı heç üfüqünə seyrə dalmağım dənizlərin ləpələri.
Heç qoxlamadığım güllərin tikanları batır barmaqlarıma,
Heç içmədiyim içkilərin sərxoşluğu var ruhumda,
Heç hiss etmədiyim küləklərin əsintisi rəqs edir saçlarımda.
Qaçırdığım qatarın pəncərəsindən görünən buludların həsrətidir bəlkə də,
Sevgisini heç dadmadığım bir adamın sözlərinin həsrətidir,
Saçlarımı tumarlayan anamın dizlərinin həsrətidir,
Qızmar iyun günəşinin, istisinin həsrətidir,
Çəkmədiyim siqaretin tüstüsünün həsrətidir.
Kimə, nəyə, niyə olduğunu bilmədiyim bir həsrət yatır içimdə,
Heç özüm də anlamıram.
***
Nə sözlər kar edir hisslərimi dilləndirməyə,
Nə sətirlər, nə səhifələr.
Nə gündüzlər sığır sənli xəyallarıma, nə ulduzsuz gecələr,
Nə dəniz susa bilir, göylərə olan eşqindən,
Nə mən danışa bilirəm.
Süd yolundakı hər ulduz qədər yaxınsan mənə,
Hər nəfəs alışımda,
Hər göyüzünə baxışımda,
Hər adını anışımda
Mənimləsən,
Gülümsə sən,
Ulduzlar biraz da gözəl parlasın.
***
Qışın ayazı,
Ayın işığını həbs edən qaranlıq,
Bir də tanımadığım bir dalanlıq.
Bir küçə lampası bir də mən,
Dayanmışıq küçədə,
Nə o dinmir, nə mən dinmirəm.
Saniyələr işləmir,
Qar dənələri donub havada, tərpənmir,
Küləyin şaxtası üzümü kəsir,
Mən sənə baxıram.
Addım-addım keçirsən küçəni,
Bir qolunda çanta,
Küləyin əlləri saçlarına sığal çəkir,
Şarfın uçuşur, ürəyim əsir,
Bircə dəqiqə başını qaldırıb mənə baxarsan deyə.
Eşqdir bu, başqa nə olar?
Qışın şaxtası ilə vuruşan saçlarındakı bahar,
Qəhvə rəngli dodaq boyan,
Bir də qəhvə rəngli baxan gözlərin,
Ciblərində qıpqırmızı olmuş əllərin,
Kaş ki onları tutub isidə bilsəm,
Kaş ki bir kərə məni görə bilsən.
Gecənin qaranlığıyam mən,
Sübhün ilk işartısı,
Otağına düşən ilk günəş şüası,
Sən məni görmə, dahası,
Sən məni sevmə,
Sevmək ölməkdir,
Sən ölmə,
Mən səni sevirəm,
Sevməyi buraxacaq qədər
Cəsur biri deyiləm.
Hazırladı: Ayşən Rəhim

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.