Rəfail Tağızadə
Kimsəsiz evlər
İlahi, bu evdə kim qalacaq, kim?
Bu evin yükünü kim qaldıracaq?
Bu evin havasın çəkib içinə
bu sönmüş ocağı kim yandıracaq?
Üşüyən sobada dərdli kösövlər
qırılan, yarımçıq ömür kimidi,
təzədən qucağa yığılan odun,
nədəki, bazarlıq kömür kimidi.
Sahibin axtaran bir qara xəyal
qulaq kəsilibdi yel sorağına…
dikib gözlərini qəriblər kimi
bağlı qapıların lal dodağına…
Yiyəsiz evlər də adam kimidi,
bir ev də beləcə yetim qalacaq…
isti nəfəslərə möhtac evlərin
bağlı qapıların torlar alacaq…
İlahi, bu evdə kim qalacaq, kim –
Bu sirlər içində, bu ah içində?..
dərdi özü boyda nəm çəkən evlər
gümanlar içində, günah içində…
03.02.2014