“Biz küçələrə su səpməyi yaddan çıxarmışıq, birinin o suyu səpməsi lazım. Artıq küçələr kirli!”
Heydər Əliyev Sarayının səhnəsində bir ifaçının konsertini dinləmişdim bir müddət əvvəl. Adına Əhməd Şəfəq demisdilər. Saray başdan-ayağa doluydu. Ön cərgələrdə onun sevdalıları ayaqüstəydilər.
Bir anlıq düşündüm, niyə bu qədər sevilir bu adam? Nə var ki, bunda? Saçları üzünə tökülən, sığalsız bir adamdı da. Heç müğənni də səhnəyə beləmi çıxar?
Yaşım azdı onda, elə bilirdim dünya mənim gördüyüm kimidir. Bu adam, bu ifaçı o zalı elə bir titrətdi ki, indi də yanımda adı çəkiləndə canımda o titrərtini hiss edirəm. Hələ bir “Yaşa Azərbaycan” oxumağı vardı…
O, Azərbaycana yalvarmırdı yaşamağı üçün, hökm edirdi!
“Adam gibi”si vardı bu adamın, “Yalnız Kurt”u vardı, “Sarıkamış”ı vardı…
Anladım!!! Bu adam mənim adamımdı!!!
Saat gecənin 3-ü. Əhməd Şəfəqin bir neçə saatlıq Bakıda olduğunu öyrənən dostlarım bu söhbət üçün şərait yaratdılar. Eyni zamanda bu mövzuda bizə sənətçinin qardaşı
Eyyub Şəfəq də kömək etdi. Həm dostlara, həm Eyyub bəyə təşəkkür edirəm. Artıq bu dəli adamla həmsöhbətəm:
-Bakıya xoş gəlmisiz, Əhməd bəy…
-Xoş gördük.
-Deyə bilərsizmi, Azərbaycan, Bakı sizin üçün nə ifadə edir?
-Azərbaycan mənim üçün kəlmələrlə ifadə oluna biləcək bir məfhum deyildir. Hər halda ilk növbədə bunu deyə bilərəm, mənim həyatımda özümü çox daralmış, çox bunalmış, sıxılmış, çox bədbəxt hiss elədiyim zaman ağlımın, könlümün bir tərəfində bir an düşünüb, “çox sıxıldım amma bilirəm, Bakı var, Azərbaycan var və mən oraya gedib bütün bunlardan qurtulacam, özümü xoşbəxt hiss edəcəm” dediyim bir yerdir. Azərbaycan mənim üçün bir rahatlıq mərkəzi, bir rahatlıq atmosferasıdır. Bakı deyirəm amma əslində mən Azərbaycanı, Quzeyi, Güneyi çox yaxşı bilirəm. Paytaxtlar ölkələrin, dövlətlərin, millətlərin də özətini və imicini öz içində təkbaşına yansıda bilirlər. Bizdə necə Ankara Türkiyənin imicini əks etdirən bir yerdirsə, Bakı da Azərbaycanın duruşunu yansıdır. İctimaiyyətin ruhu və nəbzi burda atır. Bu səbəbdən Bakıdan bəhs edirik. Mənim üçün Bakı rahat olacağımı düşündüyüm, bir bağça, bir gülüstandır. Bakı mənim ruhumun yatağıdır. Ruhumun bağçasıdır burası.
Sizə bir məqamı deyim, Türkiyədə Saba Tümerin proqramında məndən niyə, Bakı deyə soruşdu. Dedim ki, dünyada sevdiyim üç şəhər vardı: İstanbul, Paris, Bakı. Parisi ruh dünyamdan çıxardım, mənim üçün artıq Bakı və İstanbul qaldı. Bu indi də belədir.
Özümü bir millət adamı hesab edirəm və Azərbaycanı çox sevirəm. Millətinin taleyini yaşayan, onun yükünü çiyinlərində daşıyan bütün millət adamlarının bir çərçivəsi var. Mənim ruhumun divarları arasında Bakının yeri xüsusidir. Bir bəstəkar-müğənni kimliyi ilə qeyd eləsək, mənim üçün Bakı eyni zamanda çox sevdiyim və Türkiyədə mükafatlara layig görülən mahnılarımı bəstələdiyim bir yerdir. “Sarıkamış”ı, “Kader katibi”ni, “Habersiz gitme” mahnısını burda bəstələdim. Demək ki, Bakı eyni zamanda musiqi bəstələyə bildiyim bir yerdir. Bir musiqi bəstələyə bilmək üçün, Allahın inamını, Allahın ilhamını könlündə hiss etməlisən. Bu da onu göstərir ki, Bakı həm də mənə ilham verən bir yerdir. O zaman özümü Allaha yaxın hiss etdiyim də bir yerdir Bakı.
-Bir RUH adamının, bir mənəviyyat adamının könlündən xəbərsiz gedən kimdir?
-Könüldən xəbərsiz getmək mümkün deyildir. Amma bilirsiz, RUH ilə BƏDƏN dediyimiz, bir-biri olmadan olmayan o iki ünsür bəzən, xüsusilə də EŞQ vaxtında bir-birindən uzaq düşər. Bəzən insanın ruhu bədənə qürbət olar, bəzən də bədən ruha qürbətə çevrilər. Xəbərsiz getdiyini düşünən əlbəttə ki, var. Amma bilməz ki, EŞQ əslində AŞİQİN yaşatmış olduğu duyğudur. EŞQ sevən ilə sevənin sevilənin İÇində şişirdərək yaşadığı bir hissdir. Bu səbəbdən sevilən getsə belə, əslində onun EŞQi sevənə aiddir. Həmişə deyirəm-EŞQdə sevən böyükdür, sevilən deyil. Bu, illər sonra Leylinin gəlib Məcnuna”aha, iştə Məcnun, bak, bən gəldim! Yıllardır, beni aradın çöllərdə, bak, iştə gəldim! deməsinə bənzəyir. Məcnun dönər Leylaya “hayır, mənim gözlədiyim sən deyildin ki… Mənim gözlədiyim gönlümdəki Leylaydı, sən deyil!”
-Bəlkə də o EŞQƏ çatmaq elə HAQQa çatmaqdır?
-Əlbəttə ki, elədir. Amma bir məsələ də var, HAQQa çatmaq və HAQQ eşqi təkcə kainatın yaradıcısı olan xaliqə duyulan hiss deyil, belə bir sevgini heç xaliq də istəməz. Xaliqin mövcudiyyətini var edən məxluqun EŞQi deyil. Var olan Allahdır, bütün kainatın yaradıcısı odur, bütün kainat xaliqin və Allahın görüntüsüdür. Məxluq kimdir ki, Allahın yanında? İnsan, çiçək, böcək, dağ-təpə, torpaq, sevgi, ağac və s. hamısı xaliqdir əslində. Buna rəğmən, təkcə özünün sevilməsini istəməz. Çünki mələkut aləmi ona “biz varıq, sən bizi nurdan yaratdın, bu, çamurdan yaratdığına niyə bu qədər güvənirsən?”dediyində Allah-Təala deyər ki, “mən sizi nurdan yaratdım, siz məni onsuz da sevmək məcburiyyətindəsiniz, bu, çamırdan yaratığım da məni sevəcək. Hələ çamurdan yaratdığım bir-birini sevərsə, yəni çamur-çamuru sevməyi bacarırsa, baxın, o zaman mənim Xaliq olmağımın qiyməti ortaya çıxacaq!”
Millət adamlarının önəmli özəlliklərindən biri də eşqi bacarmalarıdır. Eşq əslində bir yalnızlıqdır. Önəmli olan yalnızkən sevməyi bacarmaqdır. Sevdiyini qarşısına alıb, ona eşqini elan etməyə nə var ki. Çətin olan şey o bir xəyalkən o xəyalı yaradan və ona aşiq ola biləndir. Millət adamları da xəyala aşidilər. O xəyalın ucu xaliqə dayanmazsa gedərək insanlar o xəyalı ortadan qaldırar və özlərini bəyənməyə başlayarlar. Məhz bu üzdən aşiq olmaq, yaradıcı olmaq çox çətindir.
-İnsanlardan istədiyiniz nədir?
-Hə, gəldik əsas suala. Bu camaatdan əslində bunu istəyirik-həyat elə bir şeydir ki, maddiyyat-pul, vur-çatlasın mücadiləsi içərisində insanlar əslində bir məxluq olduqlarını unudurlar. Bizim etməyə çalışdığımız, camaatdan istədiyimiz budur- iki şeyi unutmayın, birincisi, sizi bir Allah yaratdı, ikincisi, sizin bir millətə aidliyiniz var. Ay insanlar, sizin bir yaradıcınız var, siz bir məxluqsunuz, xaliqə yaxınlaşdıqca siz gözəlləşəcək, daha möhkəm olacaqsınız. Bu da ancaq EŞQ ilə mümkündür. EŞQi yaddan çıxaran insan Quranda da deyildiyi kimi heyvandan daha aşağı olur. Halbuki, insanı heyvandan daha yuxarı, insandan da üstün qılan şey ancaq və ancaq Allahı düşünərək edilən şeydir. Bunu unudan insan bir gün mütləq özünə səcdə etməyə, şeytanlaşmağa başlayacaq. Yeni albomumda belə bir mahnı hazırladım, o mahnıda, sən ey sevgili, Bəqərə yurdunda (Bəqərə yurdu insanların Allahı unudub Allahın elçisinə söz verdikləri halda bir inəyə tapdıqlarından bəhs edir) Orda deyir ki, ey sən, Allahı unudub Bəqərə yurdunda bir atəşlə kor olanlardansanmı? Həyat da Bəqərə yurdudur və onun dəbdəbəsi içində insanlar gözlərini kor edərlər.
Mən məhz o insanlara səslənirəm:
Gözlərinizi iki şeyə açın,
1. Allahın Xaliq olduğunu və sizin məxluq olduğunuzu unutmayın,
2. Sizin bir millətə aidliyiniz var, siz Türksünüz!
Bu qürbət dediyimiz dünya halında sizin dikbaşlı yaşamağınıza səbəb olacaq şey budur!
İnsanlar təkbaşına yaşaya bilməzlər. Bunun əyani sübutunu Daniel Defo “Robinzon Kruzo” kitabında verib. Yazar Robinzonu adada tək qoymadı, onun yanına Cüməni göndərdi. Bu, o deməkdir ki, insanlar təkbaşına yaşaya bilməz, onlar bu dünyada millət adına xoşbəxtliyi tapmaq üçün millət halında yaşamalıdırlar. Allah bizə öz ayətindən TURK adını verdi. Mənim camaatdan istədiyim budur-Allahı, kimliyini unutma, sən Türksən!!!
-Bunu camaatın çox yaralı bir yerindən istəyirsiz, axı. Siz öz mahnılarınızla, öz sevdanızla insanların ürəyinə nüfuz edirsiz və hökm edərək bu sevgini onlardan tələb edirsiz…
-Məncə, insanların heç də hamısı bu təəssüratı almır.
-Azərbaycanda sizi həddindən artıq sevirlər…
-Bu, nə qədər belədir, bilmirəm. Əgər dediyiniz kimidirsə, bu, məni çox xoşbəxt edər.
-Bu saatda burda olmağım buna əyani sübut deyilmi?
-O sənin öz ruhunun gözəlliyidir, Nigar. Mən millətin sevgisini gözləmirəm axı, bu, məni özümdən razı birinə çevirər. Xalqımın məni böyük bir EŞQlə, sevgiylə sevməyini anlamıram mən, çünki həyat məmnim mahnılarımı unutduracaq qədər çətin və əzablıdır. Nəinki mənim mahnımı, bu həyat Alim Qasımovu unutdurur, Rəşid Behbudovu unutdurur.
-Hər şey KÖNÜLdə qalır, axı…
-Könüldə qalır amma insanların iradələrinə, könüllərinə birbaşa təsir edən ən önəmli amil gözdür. Dünya dediyimiz bu dairədə GÖZ qəlbimizi çirkləndirir. Türkiyədə çap olunan “Şöhrət sənəti öldürdü, cinayəti mən gördüm” adlı kitabımda Balzakın “gözün qastronomisi” fikrinin üzərində dayandım. O iddia edir ki, gözün də qastronomiyası var, halbuki bu, ağızla olmalıdır. Aldığın qidanı ağzından udub mədədə həzm edirsən. Göz də belədir. Bu gün bütün elm adamları bunu düşünür. Kütlə gözlə düşünür, göz isə qəlbin çox ciddi bir düşmənidir.
-Hər şey qəlbə gözdən getmirmi?
-Təbrik edirəm, bəs mənə deyərsənmi, bu gün dünyada görərək bizi çox xoşbəxt eləyən və qəlbimizi ifadə edən nə qədər gözəllik görürük? Efirlərdə, küçələrdə, bax elə burda, Nizami küçəsində, İstambulun Taksim meydanına çıxaq, görək, bizi nə xoşbəxt edəcək? Bunu görə bilirikmi? Xeyr. Çünki gözlərimizin önünə elədiyimiz çirkin əməllərin toru sədd çəkib. Özdəmir Asaf deyir, “Bütün rənglər bərabər kirləndilər amma öncəliyi bəyaza verdilər”. Əslində bəyaz olan KÖNÜLdür. Bizim könlümüz hər şeydən əvvəl çirklənir, çünki gördüyümüz və baxdığımız hər yerdə pislik görməyə başladıq. İnsanlar bir-birlərinə olan inamı, etibarı itirdilər. Paxıllıq hissi çoxalıb, Allahı unuduruq. İnsanlar materialist olduqları anda gözləri kirlənər. Birinin buna dur deməyi lazımdır, bu yolun çıxmaza dirəndiyini kimsə deməlidir artıq. Bu pis tamaşanın ssenaristləri də, oyunçuları da, rejissoru da bizik amma ərsəyə gətirəndə qəbahəti kənardakılara yükləyirik. Mahnıda deyilir e,
“Küçələrə su səpmişəm,
Yar gələndə söz olmasın.
Elə gəlsin, elə getsin,
Aralıqda söz olmasın…”
Biz küçələrə su səpməyi yaddan çıxarmışıq, birinin o suyu səpməsi lazım. Artıq küçələr kirli! O küçədən yar gəlib-gedər, yarın ayaqlarımı tozlu, yarın könlümü tozlu, bilinməz. Onun ayağının tozu bizim könlümüzə işlər…
Mən bəlkə də mahnılarımda EŞQdən bəhs edirəm amma bütün hər şey insana xidmət edir. İnsandan kənar qaçmış EŞQ məncə saxtakarca bir hissdir. Allahın sevdiklərini sevməyənlər Allahın özünü sevə bilməzlər. Mən Allahın çamurdan yatadığını çox sevirəm, ona aşiqəm.
-SEVDA nədir?
-SEVDA insanın ÖZünü itirməsidir. Özünü itirməsə sevdalı deyildir. Insan nə zaman ki, özünü dərk edər artıq sevdalı olmaqdan çıxar.
-DƏLİLİK nədir?
-Dəlilik sevdalı olmaqdır.
-Əhməd Şəfəqin axşamlar başını yastığa qoymadan əvvəl dərdləşdiyi Əhməd necə biridir, kimdir?
– Bu günlərdə İstambulun gözəl bir səmtində, Ortaköydə yeni bir evə köçdüm. Evimin eyvanından Boğaz körpüsü görünür. Onun işıqları yanıb-sönər və mən zavallı, aciz bir yaratıq olaraq o işıqlar yanıb sönərkən o gecənin qaranlığında dua oxuyaram ”Rəbbim, gecənin şərindən, ins və cindən məni qoru! Rəbbim, bütün bu şəraiti mənə sən yaratdın, dünən bundan yaxşı deyildim, bunu da sən yaratdın, bu gün dünəndən daha yaxşıyam, mənə dünənimdən dərs alan müdrik Əhməd Şəfəq olmağı nəsib et!”
Əhməd Allahın qarşısında aciz bir zavallı olduğunu unutmayan bir insandır. Amma Allahın verdiyi bir iradə var, o iradə məni şərəfli bir insan qılar. Mən nə qədər acizsəm o ölçüdə də şərəfliyəm.
-ŞƏRƏFin bir ölçüsü varmı?
-Var. Allahı, Allahın yaratdığı çamuru Allah üçün sevmək!
-QÜRUR nədir?
-Qürur düşmənə qarşı olandır, özünə qarşı olan düşmənlik deyil, çünki adam düşmən anlayışını özü ilə mütənasib qılarsa Həzrət Əlinin məqamına düşər. Həzrət Əli düşmənin başını kəsmək istədiyi anda düşmən onun üzünə tüpürür və Həzrət Əli qılıncı atır. Deyir ki, mən onu öldürəcəkdim, amma üzümə tüpürdüyümə görə ona şəxsi kinim yarandı. Baxın, şərəf anlayışı budur. Mənim şərəfim anlayışı olmamalıdır. Millət adamlarında belə bir şey var. Millətlər öz iradələrilə yollarını tapa bilməzlər. Onların yollarını təyin edən adamlardır millət adamları. Xalqla, millətlə bağını qoparmayan, millətinə doğru yol göstərən adamlar. Millət adamları şərəflidirlər. Sual edilə bilər, nə qədər millət adamı var? Bilmirəm. Mən sadəcə millət adamı olmağa çalışıram.
-Bir sənətçinin siyasi mövqeyi olmalıdırmı?
-Hələ bu gün daha çox olmalıdır. Dünyada baş verən bir proses var. XVIII əsrdə yaşamış Tomas Hops adlı bir ingilis liberal filosofu dövləti “Levitan” adlandırır. Levitansa əjdaha deməkdir. Dünyanın əjdahası da Amerikadır. Amerikanın, xristianların qaidəsi Azərbaycanın bütövlüyünü, Türkiyənin bütövlüyünü məhv etməkdir. Əjdaha kimi Azərbaycanı da, Türkiyəni də udmağa çalışır. Bu gün sənətçi mövqeyini bu əjdahaya qarşı tutmalıdır. Milləti yox edilərkən, dili, mədəniyyəti, dini, tarixi, laylaları yox edilmək istərkən Azərbaycanın bütövlüyü təhlükə altındadırsa sənətçi, müğənni şöhrətli ola bilməz. Bu sözüm Azərbaycan, eləcə də Türkiyə sənətçiləri üçün keçərlidir. Bölünməkdə olan bir millətin ya da bir dövlətin şöhrətli sənətçisi olmaq sizə heç bir şey qazandırmaz! Bu, şərəfsizlikdir!
Təhlükə altında olan bir millətin çox şöhrətli bir sənətçisi olmaq kimə lazımdır? Bu gün artıq savaş mədəniyyətlər üzərindən gedir. Azərbaycan müğənnisi, eləcə də Türkiyə sənətçisi öz mədəniyyətinin ətrafında toplanmalı, onun bayrağı və sancağı altında olmalıdır. Başqa cür niyə musiqi yapalım ki?
Sən bir az öncə Yunus Əmrədən dedin,
“Onlar bir vaxt bəylər idi,
Qapıçılar, korlar idi,
Şimdi bax gör nə haldelər,
Bəy kimdir, ya kulları?
Sonunda bir gömlək geydirilər,
Onun da yokdur cepləri…”
O biri dünyada bizə veriləcək sualları cavablandıra biləcəyikmi? Ay aman, mən röyayam, mən faiqəm, mən sezen aksuyam, bunlar kimə lazımdır? Biz şöhrətin arxasında deyil, sazımızla, sözümüzlə, fikir və düşüncəmizlə millətimizin yanında olmalıyıq.
-Mənə bir az SAZdan danışın…
-Saz odur ki, Marağalının əlində bütün dünyaya eşqin, insanlığın və millətin notlarını yayan…
Saz odur ki, Dədəm Qorqud əlində bütün Oğuz elini birləşdirən…
Saz odur ki, Aşıq Veysəlin əlində “iki qapılı bir handa, gediyorum gündüz-gecə” deyərək insanın əslində bu dünyadakı varlığını anladan…
Aşıq Ələsgərə “nə qədər bu dünyada eşq varsa, o qədər də aşiq vardır” dedirdən…
Saz odur ki, Türkün böyük mədəniyyətini bu mədəniyyətdən xəbərsiz olanlara çatdıran…
Saz odur ki, sadəcə üçtelli, beştelli, yedditelli halıyla deyil, böyük mədəniyyətin dili ilə Türkün, İslamın halını çağdaş şəkildə anladan, millətimizin kimliyini zəmanədən asılı olmayaraq anladan və axtaran.
Saz bizik! Biz sazıq!
Saz TÜRKDÜR! Türk SAZDIR!
Dünyada Türkdən başqa sazı istifadə edən başqa bir millət yoxdur, o sadəcə bizdədir. Bir diqqət edin, Türklüyə qarşı haqlı bir aidiyyət duyğusu ilə çalışan etniklərə, misalçün, kürdlərə, onlardan soruşuruq ki, nə söyləyirsən, deyir Türkü. Axı, ay balam, sənin türkü deyil, kürdü söyləmən lazımdır. Amma o türkü söyləyir. Saz Türkü anladır. Aşıq Veysəl oxuyur e “Türküz Türkü çağırırız…”
-Siz səhnədə olanda və ya musiqi bəstələyəndə ürəyinizdən o tikan çıxara bilirsizmi?
-Bir sənət admının ürəyindən o tikan heç vaxt çıxmamalıdır. O tikan həmişə onun ürəyini qanatmalıdır, ağrıtmalıdır. Çünki insanı dərddir adam edən. Mənim “Yalqız Kurt” adlı mahnımda deyir ”Hüzn taze baharlar gibidir, nereye gidersen içindeki baharı götürürsün”.
Hüzün bahardır, əslində. Mən hüznü çox sevirəm. İnsan qəhqəhə atarkən insan deyil, ağlarkən də deyil. İnsanı insan edən bax bu orta haldır, hüzünlü halı. Dərdini ürəyinə basdırır, tikanı üstünə qoyub deyir ki, ey dərdim, səni sevirəm! İçimdəki hüznü tükətmədim deyə mən musiqi bəstələyə bilirəm. Allah qoysa on beş gün ərzində yeni albomum çıxacaq, orda öz bəstələrim var.
-Sizin Azərbaycan sevdanız Türkiyədə sizə problem yaratmır ki?
-Əksinə, mən bu sevdanın çox gücləndiyini görürəm. Əvvəllər mən Azərbaycanda konsert verməkdən qayıdanda sənət yoldaşlarım mənə “Azərbaycanda nə görmüsən” deyə irad tuturdular. Cavab verirdim ki, siz heç mənim gözümlə baxmadınız ki, Azərbaycana. Azərbaycan türkcəsinin bu gözəl, şəkər halıyla danışılmasına gülürdülər. Amma indi bu düşüncələr, baxışlar dəyişib.
-Burda sizin rolunuz danılmazdır…
-Xeyr, elə deməyin. Biz televiziya proqramlarında çox təbliğat apardıq, bəstələr hazırladıq. Bu gün artıq hər kəs bilir ki, Türklər əslində miladdan əvvəl Sibirlərdən, Saxalardan Azərbaycana gəliblər.
Bizim Türkiyədə danışdığımız dil İstanbul dilidir.
-Bizim dilimizdəki sözlərə sizdə əski türkcə deyilir…
-Halbuki, bu bizim XIV əsrin sonu XX əsrin əvvəllərində İstambulda danışılan dillə Bakıda danışılan dil eyniydi. Hüseyn Cavidin oğlu Ərtoğrulun öz əliylə yazdığı məktubları oxudum, sırf Anadolu türkcəsiydi. Allah rəhmət eləsin, Ərtoğrulun folklor araşdırmaları toplusunu gördüm Cavid muzeyində. Daha sonra İstanbul türkcəsi də pozuldu, Azərbaycan türkcəsi də. Və bu bizim günahımız deyil. Zaman gələcək orta yolu tapacağıq. Hər kəs bir-birini anlamaq məcburiyyətindədir və beləcə ortaq bir məxrəcə gəlinəcək.
Mən burdan Azərbaycanlı, türkiyəli iş adamlarına səslənirəm, iqtisadcıyam, biznesim var deyə özünüzü aldatmayın, iqtisadiyyat siyasətlə əlaqəlidir. Dünyanın bütün iş adamları, kapitalistləri siyasətlə məşğuldur. Corc Soros ən böyük təbliğatı aparır dünyada.
Bir vaxtlar Zeynalabdin Tağıyev də bunu elədi. Türkiyədə iş adamları da eləcə. Kapitalistlərə, imperialistlərə özənməyin, Zeynalabdin Tağıyev olun, Nuri Dəmiralp olun. O, mən bu ölkədə milli təyyarə hazırlayacam deyə öldü. Zeynalabdin Tağıyev dedi ki, mənim ölkəm Azərbaycandır, bu ölkə heç bir gücün önündə əyilə bilməz mütləq və mütləq müstəqil olmalıdır. Füyuzat dərgisinə, Həyat dərgisinə pul buraxdı, ilham verdi. Bakıdakı bu gün də ən önəmli binaları miras qoydu. Ən əsası gəncləri xaricə oxumağa göndərdi. Dağlardan Şollar suyunu alıb buralara gətirdi. Bax, bu böyük insanlara bənzəməyə çalışmaq lazımdır. Bizim daha gözəl sabaha çatmaq üçün kənar obraz lazım deyil, onlar bizim içimizdədir.
-Bu gün Azərbaycanın Qarabağ məsələsi Türkiyə sənətçiləri tərəfindən yetərincə təmsil olunurmu?
-Xeyr. Türkiyənin sənətçiləri Güney Doğu məsələsi ilə maraqlanmırlar ki, Qarabağı da düşünsünlər? Türkiyənin sənətçiləri təəssüf ki, bu gün Kürd açılımı məsələsinə təslim olmuşlar. Onun Qarabağ dərdi yoxdur ki, Qarabağ bir millət davasıdır, onu ancaq millət adamları sahiblənir.
-Türkiyədə o dediyiniz millət adamları kifayət qədər varmı?
-Var amma onlar da doğru siyasət apara bilmədikləri üçün millətə öz münasibətlərini çatdıra bilmirlər. Millət adamları millətlə bir araya gəlməyi bacarmalıdır. Onlar elə bilirlər ki, doğru və düz yoldadılar və onları millət axtarıb-tapmalıdır. Belə bir şey yoxdur. Milləti sevirsənsə onu axtarıb tapacaq, uğrunda mübarizə aparacaqsan. Biz bu davanı aparacağıq!
– Bizə son sözünüz…
-“Kaspi” qəzetini çox önəmsəyirəm, çünki bu qəzet yüzillik bir adət-ənənənin davamçısıdır. Kaspi deyincə mənim ağlıma Əli bəy Hüseynzadə, Zeynalabdin Tağıyevlər gəlir, dolayısıyla müasir, çağdaş, Azərbaycan türklük davasının xadimləri gəlir. Mən onların önündə baş əyirəm. Onlar artıq Azərbaycana deyil, artıq bütün Türk dünyasına aiddirlər. Əsərləri ilə Türkiyənin də bir yolbaşıdırlar. Əli bəy Hüseynzadə Türkiyədə Türkiyə Cümhuriyyəti dövlətinin başçısı və qurucusu Mustafa Kamal Atatürkün müəllmi olan Ziya Gökalpın müəllimidir. Mən bunları öyrənirəm və bu qüruru yaşayıram. Hüseyn Cavidləri oxuyuram, bilim onların dramaturgiyası necədir, fikirlərimi yeni nəsillərə əksiksiz çatdıra bilim deyə.
-Əhməd bəy, bizim də sözümüz heç zaman türküləriniz susmasın. O türkülər Qarabağı, bizi anlatsın. Anlatsın ki, TÜRK olduğumuzu heç unutmayaq. Bu, türkü diliylə daha asandır, çünki Türkü bizim İÇ səsimizdir. Bir də mən türkünü bilirsiz nə vaxt tanıdım, TRT kanalının Azərbaycanda yeni yayımlandığı vaxtlarda Fatih Kısaparmağın qarabağlı nənəsinə oxuduğu “Qadanalım” türküsüylə…
-Əmin ol, bu anlatdığın şeyləri mən Fatih abiyə çatdıracam. Deyəcəm ki, Azərbaycanda bir Nigar qızımız var, jurnalistdir, türküyü ilk dəfə səndə görmüş, deyəcəm.
-Deyin ki, o Nigar nə jurnalistdir, nə ədəbiyyatçıdır, sadəcə vətənini, millətini, türkünü, TÜRKlüyünü sevən bir dəli adamın biridir!!!
-Mən bunu eynən çatdıracam!!!
Söhbətləşdi: Nigar İsfəndiyarqızı
Qaynaq: “Kaspi” qəzeti