Ana səhifə SÖYLƏŞİLƏR Ədəbi birliklər konfederasiyası yaradıla bilər(mi)?

Ədəbi birliklər konfederasiyası yaradıla bilər(mi)?

Müəllif: Bizim Yazı
874 baxış

“Dövlətin ədəbi nəşrlərə ayırdığı vəsait artırılsa və konfederativ qurum tərəfindən proporsiya əsasında bölüşdürülsə, yaxşı olar”

Azərbaycanda sahibkarlar, jurnalistlər, qeyri-hökumət təşkilatları, gənclər birlikləri üzrə konfederativ qurumlar, şuralar, fondlar var. Gənclər təşkilatları Milli Şurada, qeyri-hökumət təşkilatları Milli Forumda, jurnalistlər Mətbuat Şurasında birləşiblər. Ədəbi qurumlar isə ayrı-ayrılıqda fəaliyyət göstərir. Bəs ədəbi təşkilatların belə bir üstqurum yaratmasına ehtiyac varmı? Əgər bu ədəbi qurumlar birləşsə, ədəbiyyatda və ədəbi mühitdə nələr dəyişə bilər? Bu suallarla ədəbi kəsimin nümayəndələrinə müraciət elədik.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli iri ədəbi birliklərin yaradılmasını arzuolunan saymır:

“Mən mərkəzdənqaçmanın tərəfdarıyam. Əksinə, daha çox ədəbi birliklərin formalaşmasını və fəaliyyət göstərməsini istəyirəm. Hamını bir çətir altında birləşdirmək totalitar düşüncənin göstəricisidir. İnkişaf üçün mütləq fərqlilik olmalıdır. Nəzərinizə çatdırım ki, jurnalistlər müxtəlif qurumlarda birləşiblər və Mətbuat Şurası da üstqurum deyil. Mətbuat Şurası ilə digər jurnalist təşkilatlarının təyinatlarında ciddi fərqlər var”.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı Əkbər Qoşalı:

“Maraqlı fikirdi. Dediyiniz kimi, artıq ayrı-ayrı qurum və quruluşların timsalında belə bir təcrübə mövcuddu. Məncə, iri federativ birliklər, assosiasiyalar ədəbi cameədə ümumi işin xeyrinə olar. Məsləhətləşmə mühiti yaranar, fikir dartışması, yeni ideyalar, yeni layihələr meydana çıxarar. Bu durumun ədəbi aləmdə canlanma yaradacağını düşünürəm. Dövlətin ədəbi nəşrlərə ayırdığı vəsait artırıla və Şura, yaxud konfederativ qurum tərəfindən müəyyən proporsiya əsasında bölüşdürülə bilər. Fikrimcə, bu təklifin maraqlı tərəflər arasında müzakirəsi yaxşı olar, ədəbi təsərrüfatda yeni şəkillənmə yaradar”.

Tanınmış tənqidçi Əsəd Cahangir də ədəbi birliklərin bir araya gəlməsini təqdir edir:

“Ədəbi birliklərin bir araya gəlməsi, birləşməsi çox yaxşı olar, amma bildiyim qədər, bizdə ədəbi birliklərin sayı çox deyil. Rəsmi ədəbiyyat təşkilatı bircə Azərbaycan Yazıçılar Birliyidir. Qalanları qeyri-rəsmi birliklərdir. Onların birləşməsi nəyi isə həll edə bilərmi? Bax, bu sual da var”.

Bununla belə, Əsəd Cahangir birgə fəaliyyəti alqışlayır: “Bu, ədəbi problemlərin daha operativ həllinə kömək edər. Bir də ədəbi mətbuatdakı mənasız yazışmaların, təhqiramiz çalarların, münasibətlərin də aradan qalxmasına yardımçı olar”.

Yazıçı-jurnalist Rasim Qaraca ölkədəki yazıçıların iki qurumda birləşdiyini vurğuladı:

“İndiki dövrdə Azərbaycanda yazıçıların öz konfederativ birlikləri var – Azərbaycan Yazıçılar Birliyi və Azad Yazarlar Ocağı. Bu təşkilatlarda kiçik ədəbi birliklər cəmləşib. Məsələn, AYB-də “”Gənc ədiblər birliyi”, “Pərvanə” birləşdiyi kimi AYO-da da “Çərçivəsiz”, “Ağac” qrupu təmsil olunur.  Əsas problem odur ki, bu birliklərin fəaliyyətinin dövlət tərəfindən tənzimlənmə mexanizmləri demokratik deyil… Fikrimcə, yazıçıların demokratik konfederasiyasına böyük ehtiyac var”.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan (Əbilli) Azərbaycanda vahid bir mədəniyyət fondunun yaradılması tərəfdarı olduğunu söylədi:

“Əslində beş ilə yaxındır ki, Azərbaycanda xüsusi mədəniyyət fondunun yaranması təklifi ilə çıxış etmişik. Fikirləşirik ki, dünyanın bir sıra ölkələrində olduğu kimi, ədəbiyyat, mədəniyyət və incəsənətin digər sahələrinin inkişafı, xüsusən də alternativ sənət növlərinin irəli çıxması üçün ya dövlət, ya da özəl bir qurum, yaxşı olar ki, prezident yanında mədəniyyət fondu təsis edilsin. Analoji mədəniyyət fondları dünyanın bir sıra ölkələrində istər yaşlı, istərsə də orta və təzə nəslin nümayəndələrinə il ərzində vəsait ayırıb onları yaradıcılığa həvəsləndirir.

Eyni zamanda biz bir neçə dəfə çıxış etmişik ki, Azərbaycandakı peşəkar yaradıcı qurumlar bir konfederativ təşkilatda təmsil olunsunlar. Çünki sənət elə bir hadisədir ki, nəticə etibarilə onun kütləviliyə ehtiyacı olur. Üstəlik, dünyanın bir sıra ölkələrində kreativ biznes deyilən birlik forması var. Orda təkcə ədəbi deyil, həm də internetüstü, televiziyaüstü qurumlar təsis olunur, dövlət onlara qrant ayırır, sonra isə həmin fondlardan gələn gəlir vasitəsilə kreativ biznes təşkil olunur. Almaniyada mən bildiyimə görə, milyardlarla gəlir gətirir. Böyük Britaniyada və Amerikada da həmçinin.

Əgər bizim dövlətin mədəniyyət fondu olsa və mədəniyyətlə bağlı xüsusi komissiya fəaliyyət göstərsə, bundan ancaq xeyir görərik. Onsuz da bunun işartıları var, toy biznesidi, konsert təşkilidi, teleserialların çəkilişidi… Bütün bunlar kreativ sənayenin Azərbaycanda olan işartılarıdır. Fikrimcə, ayrıca bir qurum yaradılsa, Azərbaycanda kreativ sənayenin və mədəniyyətin inkişafında çox böyük rol oynayar”.

Azərbaycan Yazıçılar Birliyinin uşaq şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə ədəbi qurumların birləşməsini müsbət qarşılayır:

“Ədəbi qurumların birləşməsi təbii ki, çox yaxşı olardı. Əslində eyni fikirli qrupların birləşməsi daha məqsədəuyğun sayılar. Bunun üçün də dövlətin xüsusi bir qayğısı, diqqəti və dəstəyi olmalıdır. Dövlət bu quruma da qəzetlərə ayırdığı kimi maliyyə dəstəyini göstərməlidir. Bir də istərdim ki, ədəbi təşkilatların qeydiyyatdan keçirilməsi məsələsində olan problemlər aradan qalxsın  və bu divar aradan götürülsün”.

Könül Səid/”GündəlikTELEQRAF

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.