Ana səhifə YAZILAR ƏLİRZA HƏSRƏT. Şeirlər

ƏLİRZA HƏSRƏT. Şeirlər

Müəllif: Bizim Yazı
531 baxış

 

 

 

 

 

 

 

 

QÜRBƏT YOLÇUSUYAM BUNDAN O YANA

Hər gün ah göndərəm gərək bir dağa,
Ahıma üz tutan dağa qar yağa.
Dönüb sən olmuşam başdan-ayağa,
Ayıra bilməzsən özündən məni.

Baxışın məlhəmdir dedim, bu cana,
Lalələr utanıb boyandı qana.
Qürbət yolçusuyam bundan o yana,
Görsən tanıyarsan izimdən məni.

Bir dilsiz sevgidir sənin bu qəsdin,
Qəsdinlə çoxunun səbrini kəsdin.
Məni unutmağa yaman tələsdin,
Saldın yaman yerdə gözündən məni.

BİR KÖÇ QATARIDIR BU QIZLAR ELƏ…

Səhəri üzünə çəkib ulduzlar,
Günəş aynalanır sökülən danda.
Sevən baxışlardan su içir ürək,
Eşq hakim kəsilib damarda ,qanda.

Bir köç qatarıdır bu qızlar elə,
Hər könül bir sevgi dayanacağı.
Dahilər müqəddəs məbədgah sanıb,-
Qadın sevgisiylə yanan ocağı.

Nəğmələr itirir  azadlığını,-
Ürəksiz oxunan sözdə, şeirdə.
Vallah, göz yaşı da çiçək bitirir,-
“Vağzalı” havası çalınan yerdə.

GÖRMƏMİŞDİM BƏNÖVŞƏNİ PƏRT BELƏ

Qarabağda yollar qərib,iz itik,
Hənir gəlmir ocaqlardan köz itik.
Çox aldanıb,çox vermişik biz itik.-
Bu torpaqda çox kəsmişik şərt belə.

Aynasıdır hər sellənən su yazın,
Su üstündə nazın çəkir Qu yazın.
Gecikməyi olmamişdı bu yazın,
Görməmişdim bənövşəni pərt belə.

Göz yaşımız yağış oldu bu şumda,
Bu nə şumdur,cücərmədi bir tum da.
Şaxta vurub,əlim donur qoynumda,
Ah,bu rüzgar hardan əsdi sərt belə?!

AŞIQ ZÜLFİYYƏ ÜÇÜN

Zəvvarıdır sevgi adlı pirin də,
Şöhrəti var dünyanın hər yerində.
Ofsunlayıb sazın,sözün sehrində,-
Ruhumuzu təzələdi Zülfiyyə.

Sinəsində saz da elə bir candı,
Can deyənə ürəyini açandı.
Gördü Kərəm yanıb gedir haçandı,
Xan Əsliyə göz elədi Zülfiyyə.

Gözəllikdə gözəlləri təkləyib,
Dodağında bir nəğmə çiçəkləyib.
Ürəyimin tellərini kökləyib,-
Sinəsində saz elədi Zülfiyyə.

DƏRDİNƏ ÇARMIXAM, DÜNYA

Ürəyimi eşqə sərib,
Nə baxırsan qərib-qərib?
Sürdüyüm ömür köhnəlib,
Gəlmir ələ yaxam,dünya.

Şam tutub xatirəsini,
Çıx bu ömrün kirəsini.
Ürəyimin şirəsini.-
Gözlərimdən sıxan dünya.

Qürbət də sən,vətən də sən,
Haqdan düşdün kəməndə sən.
Sən də bir yolçu bəndəsən,
Dərdinə çarmıxam,dünya!

BİZDƏ DOST GƏLİŞİ TOY-BAYRAM OLUR

Bir ocaq qalayıb dost sevgisindən,
Ürək isidirəm xeyirdə,şərdə.
Girmişəm qoluna uşaqlığımın,
Dost yeri tutmağa xatirələrdə.

Bizdə dost gəlişi toy-bayram olur,
Ehtiram göstərir hamı bu ada.
Məni dost sevgisi ucaldıb deyə.-
Əlçatmaz olmuşam indi dünyada.

Bir ovuc vətəndir hər dost süfrəsi,
Sinəmə sancılan bayraqdır ürək.
Həmişə müqəddəs sayılıb elə,
Yaxşı dost,doğma yurd,halal duz-çörək.

OĞLUM ÜLVİNİN BAHAR NƏĞMƏSİ

Gəl sevimli baharım,
Elimə xoş gəlmisən.
Dönüb şirin nəğməyə.-
Dilimə xoş gəlmisən.

Səni hər gəlişində,-
Belə göyçək görmüşəm.
Könüllərdə məhəbbət,-
Əldə çiçək görmüşəm.

Gəlişinlə, ay bahar,-
Dünyanı bəzəyirsən.
Sən bu gözəlliyinlə,-
Anama bənzəyirsən.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.