Ana səhifə TÜRK DÜNYASI Əhməd Qəşəmoğlu. TARİXİN TÜRKÜ

Əhməd Qəşəmoğlu. TARİXİN TÜRKÜ

Müəllif: Bizim Yazı
950 baxış

Tərəqqidir hər bir xalqın xilası,
Tərəqqi olmasa – bu, xalqın yası.

Tərəqqi- ahəngə doğru hərəkət
Elin hər yanında xeyir, bərəkət.

Qəlb də gözəlləşir, can da sağalır,
Yaratmaq eşqiylə insan ucalır.

Torpağın qüvvəti, qüdrəti artır
Düşmən paxıl, miskin, kədərə batır.

Yayılır hər yana haqqın işığı,
Düz insanın başı olmur aşağı.

İmanın nurunda yalan qırılır,
Ədalət adında mizan qurulur.

Göy üzü, yer üzü, insan birləşir
Yurdun hər tərəfi çox gözəlləşir…

Tərəqqi olmaz ki, yamsılamaqdan
Hərədən bir tikə nəmər almaqdan.

Öz ruhun kökünü pöhrələtməsə,
Dövranın nuruyla əlvan etməsə.

Ortaya çıxmasan töhvələrinlə
Alqış gətirəcək əməllərinlə.

Xalqın ruhlanmasa bu uğurlardan,
Yaratmaq eşqiylə nur arzulardan…

O zaman tərəqqi sayılmaz heç nə
Qızıl səpilsə də dörd tərəfinə.

Tərəqqidir hər bir xalqın xilası,
Tərəqqi olmasa – bu, xalqın yası.

***
Elə Qərb deyirsən, qərbli deyirsən
Özünü kiçildib, onu öyürsən.

Onlardan öyrənmək yaxşıdır, əlbət
Xeyli uğurlara ediblər cürət.

Onlardır yaradan hər texnikanı,
Xeyli kəşfləri var, bilinmir sanı.

Amma unudaraq Şərq hikmətini,
Tamam məhv ediblər çox niyyətini…

…Elmdə uca bir Türk zirvəsi var,
Orda kainatın öz nəfəsi var.

O elm kainatın diliylə dinər,
Orda iki cahan aydın görünər.

Kainat ruhundan doğulubdu Türk,
Kainatdan yerə yol alıbdı Türk.

Türklük bir məfkurə, türklük bir ahəng
Türklük qəlb işığı, haqdan rəngbərəng.

Gözələ türk deyib ulu babalar
Türkün mənasında – gözəl olmaq var.

Nizam, ahəng, gözəllikdir – türk sözü
Ululardan ulu, ilkdir türk özü.

***
Şumerin ruhunda türkün ruhu var
O da kainatdan güc, ilham alar.

Mete xaqan tarixdə bir qəhrəman
Hünəriylə türk eli oldu rəvan.

Atillanın Avropada haqqı var
Bunu bilir qanlar, genlər, daş-divar.

Orxon-yeniseydə yazıb Bilgə xan –
Nəslin unutmasın qəhrəman olan!

Min illərdi Oğuz xanın dastanı
Tanıdır bir ulu, doğma dünyanı.

Gedir tarixlərin lap qədiminə
Sirr, səda gətirir ordan bu günə.

Tarixə nur saçır dastanlarımız,
Onlardan boy verir babalarımız.

***
Fərabi nurunu o nurdan aldı ,
O nurun hökmüylə elmdə yol saldı.

Biruni ilk dedi bu kainatın,
Mərkəzi günəşdi, bütün həyatın.

Tibb elminə nizam verdi İbn Sina
Hələ də bu elmdə ən müdrik sima.

Türklük qüdrətini bilən Yəsəvi
Türklüyə yön verdi yeni, mənəvi.

Səlcuqlar boy verdi türkün ruhundan
Ahəng istədilər ərzi cahandan.

Yüksəliş başladı Səlcuq elində
Tarixin kükrəyən, o kür selində.

Bəhmənyar dindirdi idrak diliylə
Varlıq deyiləni Allah hökmüylə.

Nizami car etdi elmi şeirlə
Zirvədir, tayı yox heç bir şairlə.

O dövr zirvələrin zirvəsindədi,
Tərəqqi açarı əllərindədi…

Əqlə nur gətirən Sührəverdi var,
O nursuz hər elmi bir zülmət alar.

Çingiz xan dünyanın adil fatehi
İndiki tarixin bir cavabdehi.

Haqqa köklənərək Yunus Əmrə də
Şeirlə dayandı ruhi zirvədə.

Kainat ahəngin gətirib yerə
Tusi ahəng verdi bütün elmlərə.

Türk ruhu ilahi ruhla birləşdi
Şəmsəddin Təbrizi dillərə düşdü.

Mövlanənin ruhu nur aldı ondan,
Gizli aləmlərdən, Ənvari nurdan.

Doğru alimlərə verib min qiymət
Əmir Teymur bundan aldı güc, qüdrət.

Nəsimi axtardı ruhun ruhunu
hər sözün nurunu və günahını.

Nəvai ruh verdi sözə, sənətə
Müdriklik gətirdi hakimiyyətə.

Uluq bəy göylərdən ilham alaraq
Ulduzlar elmindən verdi min soraq.

Qəlbin şeir zirvəsində Füzuli
İlahi bir ruhda hər bir qəzəli.

Nurdan doğulmuşdu o şah Xətai
Şahlıq məqamında yox onun tayı…

***
Qəlbi kainata köklənən türklər
Tarix üfüqündə bir parlaq ülkər.

Bəs nədən yox oldu uca təntənə?
Nə vaxtdan qırıldı tarix, ənənə?

Ahəng içindəykən dünyəvi elmlə
Bir də ki, qeyb elmi, hər kəlmə, kəlmə.

Alimlər ölkədə söz sahibiydi
Şahlar alimlərin müridləriydi.

Nəfsi tərbiyəydi bəşərin yolu
Maddi, mənəvinin olmuşdu qulu.

Bir nur yüksəlirdi haqqın nurundan
Göylər pay verirdi öz ənvarından.

Hünər gətirirdi ağlın hünəri
Zəfər gətirirdi uca zəfəri…

Səltənət quruldu səltənət üstə
Maddi mənəvini sıxdı ahəstə.

Qəlbləri, qanları əlinə aldı
İblis yer üzünü toruna saldı…

Şahlar nur üstünə saldı torunu
Şeyxlər maddiyyatla etdi yorumu.

Madiyyat tapdadı mənəviyyatı
Qatır, quyruğuna bağladı atı.

Şər gəldi şəriət qanunlarına
Qəlblər əsir oldu tamahlarına.

Din ta din olmadı, cəhalət oldu
Şərq eli hər yanda qəflətlə doldu.

Əsrlər uzunu Şərqin zəhmində
Qısılan Qərb onu görüb bu gündə.

Anladı ki, tarix küsübdü Şərqdən
Bir ümid boy verdi hiddətli qərbdən.

Tarixdə bir yeni yol axtardılar
Dövranı yenidən söküb, qurdular.

Bütün qərb elminə intibah gəldi
Qərb yeni bir eşqlə qalxdı, yüksəldi.

Tarixi faciə baş verdi burda
Çiçəklər tapdandı şaxta, yağmurda.

Qərb özün dövranın hakimi sandı,
Qurunun oduna yaş alovlandı…

Şərqin müdrikləri uca zirvəydi
Idrakla qəlbləri bir cilvədəydi.

Nəfsi təmizləyib hər cürə nəhsdən
Uzaq olardılar hər bəhsə bəhsdən.

Qeybdən alardılar haqqın nurunu
Idrak edərdilər duyduqlarını.

Dini kitablarda idrak gözüylə
Məna tapardılar Allah sözüylə.

O vaxt unuduldu şərq müdrikləri,
Nağıl aləmində qaldı hər biri…

Bir deyən olmadı o vədə qərbə
Tarixə vurursan çox ağır zərbə.

Ortaya düşmüsən dəliqanlı tək,
Təkcə olammazsan tarixə örnək.

Şərqdən götürdüyün elm özü deyil,
Ocağın tüstüsü hələ köz deyil.

Tələsik qəsb etdin bu yanlış yolu
Çinar hesab etdin hər yoluq kolu.

Müdriklikdən uzaq bir elm yaratdın,
İblisin nəhsini nurlara qatdın.

Unudub dünyanın nuri-zatını,
Mənfəətə çapdın elmin atını.

Özünü itirən elm parçalandı
Yüz-yüz qol ayrıldı, oda qalandı.

Harda qırıq varsa, orda iblis var
İblis qarışdısa – yollar nahamvar.

İblisə qarışıq bu qırıq elmlər
Ahəng yaratmaz ki, daim qan eylər.

Baxın nə gündədi indi yer üzü?
Qanla nalə deyir gecə, gündüzü…

***
…Zamanın burulğan əsrlərində
Köç edib talenin küləklərində,
Möcüzələr dolu o Kamçatkadan
Alyaskadan ötüb azadlıq tapan,
Amerika, Kanadanı fəth edən
O elləri eyləyərək bir vətən
Qızıl dərililər türkün bir qolu
Bu ulu tarixdir uludan ulu.

Qafqaz ellərində, Qaf dağlarında
Uralda, İtilin haraylarında,
Kiçik Asiyanın məskənlərində
Dəclənin, Fəratın qədimlərində,
Qədim mağaralar türkdən danışır,
Ən ulu tarixlər türklə sayrışır.

Harda varsa ilk insan məskənləri,
Oradan boy verir türkün hünəri.

Tanrı dağı, Gəmiqaya arası
Türk ruhunun bir vətən ayparası.

Hun – Mete, Atilla, Bilgə, Yəsəvi
Türklük sütunları ulu, mənəvi.

O kökün üstündən boy verir türklük,
Tarix memarıyıq, xalqlara görkük.

Ən qədim sözlərdən türk ruhu axır,
Ən qədim izlərdən türk ruhu qalxır….

Siz ey türkü görməzliyə qoyanlar,
Həqiqəti tapdamağa qıyanlar

Danmayın tarixi siyasət ilə,
Deyin nə bilirsiz bir qeyrət ilə.

Türk ruhunda sabahın nizamı var,
Yer üzünün xilasının şamı var.

Götürməyin yerin-göyün günahın
Qəzəbinə tuş gələrsiz Allahın.

***
Ay tarixin qəflətində yatanlar,
Fitva ilə türkə təpik atanlar!

Qana bələyənlər türkün yurdunu,
İblisdən alaraq hər bir yardımı,

Qurd ağacı yeyən kimi içindən,
Düşmənlərə kömək edirsiz nədən?

Tarix boyu neçə ölüm, dirimdən
Türk qurtarıb sizi düşmən əlindən.

Artıbdı nəsliniz, təm tərağınız
yerinə yetibdi çox muradınız.

Bir baxın ətrafda sizin kimilər
Necə itib, batıb o ötən dəmlər.

Türkün tarix gəmisiylə gəlibsiz,
Bizimlə bir qəmlənibsiz, gülübsüz.

Düşmən qarşısına birgə getmişik,
Neçə bəlalardan birgə ötmüşük.

Şeirimiz, nəğməmiz nur olub sizə,
Bağımız, baxçamız bar olub sizə.

Dövran təlatümə gəlibdi indi,
Iblis hər tamaha güllü gəlindi.

Düşmən yeddi qatlı bir siyasətlə
Bizim hamımıza qara niyyətlə

Tor qurub, bu torda yeriniz bəlli
O tordan tutmayın siz iki əlli.

Əvvəldə sanki bir olum hökmü var,
Sonda özünüzün ölüm hökmü var.

Tarixin tələsi dərindən dərin
Kimlər at oynadır, bir fikir verin.

Birgə, bir bədənik güclü, qüvvətli
Yüksəliş arzulu, uğur niyyətli.

Muradımız olsun saf muradınız,
Nəhsdən yan ötüşək birgə, hamımız.

Iblisdən sağının, nura sığının
Bəhrəsi çoxalsın vətən bağının.

***
Keçibdi qılıncın zamanı indi,
Zaman daha doğru, dürüst elmindi.

Elminlə ortaya çıx ulu türküm!
Hamıdan zəngindir müdriklik mülküm.

Silahlar dövrünü keçib gəlmisən,
Hərbə rəşadəti sən gətirmisən.

Çoxları cahangir olmaq istədi,
Tarixdə hamısı ağzı üstədi.

Sən yaxşı bilirsən, bu bir xülyadır
Cahana yön verən ali qaydadır.

Kim nizam pozursa, uca göylərdən
Öz əmrini verir nizam düzəldən.

Silahdan qan axır, imandansa nur
Hər müdrik kəlamın iman dolu dürr.

Min- min raketlərdən sözün güclüdü,
Hay küydən min dəfə dözüm güclüdü.

Elm ilə tarixdən ləl, gövhərləri
Çıxar, ortaya qoy cəvahirləri.

Dövranın dərdinin əlacı onlar,
Onlarsız, yer üzü diz çökər, ağlar.

Gətir sən onları bir zərgər kimi,
Göstər müdrikliyin sirri, hökmünü.

Özün addımını daha dürüst at,
Sözün top-tüfəngdən qüdrətli, min qat.

Sənin elmin olsun bir məhək daşı
Bu gündən o elmlə elə çıxdaşı.

Uğurlu nə varsa, sən uğur dilə,
İblisin ruhunu tez kənar elə.

Qoy doğru qurulsun elmin sütunu,
Elm tapsın sirlərin doğru zatını.

Ahəngin yolunda olsun hər addım,
Ahəng bərpa olsun qoy addım-addım.

Fəlsəfə- ahəngin dərki deməkdir,
Haqqın öz yoluyla haqqa gəlməkdir.

Əsil siyasətci-ahəng yaradan,
Əməli, işiylə ahəng artıran.

İdarə etmənin meyarı ahəng,
Ahəngi pozan şey hamısı cəfəng.

Elm yolların açsın qoy tərəqqiyə,
Tərəqqi yolunda çatsın ərsəyə.

Robot ahəng pozsa, özü pozulsun,
Ahəng sozaldanın özü sozalsın.

Xalqlar doğma bilsin biri-birini,
Hər biri ahəngdə tapsın yerini.

Tarixi fəth edib böyük Nizami
Fəth etsin dövranı onun nizamı.

Türkün müdrikləri danışsın bir-bir
İmanla idrakın ahəngi min sirr.

Hər xalqın müdriki nur alsın nurdan
Yer üzü qurtarsın tərs burulğandan.

Gülsün Qəşəmoğlu yorğun halıyla
Təsəvvüf mayalı Ahəngyoluyla.

8-15 mart 2016, Bakı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.