Ana səhifə YAZILAR Əcəb gündü – günlərin ən gözəli…

Əcəb gündü – günlərin ən gözəli…

Müəllif: Bizim Yazı
355 baxış


memmed-ilqar-300x424Məmməd İLQAR. ŞEİRLƏR

50 yaşın söz payı

Ömrü qayğılardan qoparammadım,
Gözümü açanda yaş… – əlli gördüm,
Haqqın ətəyinə əlim çatmadı,
Həsrəti yaxamda beşəlli gördüm.

Sağ olsun ürəyim – toxucum oldu,
Yazanım, yozanım, oxucum oldu…
Mənim əlli payım çox uzun oldu –
Bir əlli yaşadim – beş əlli gördüm.

Olanım-qalanım göz qabağında,
Yanlışım-yalanım göz qabağında..!
Bir belə söz yazdım – söz qabağında
Özümü yenə də boşəlli gördüm.!?

Çək üstümə qanadını

Dağın bir üzü görünməz,
Dərdin tüstüsü görünməz.
Kimsən, a gözəgörünməz?
Haqqın taxtını aşırma!

Yetər bunca sınadığın,
Çək üstümə qanadını!
Ta arzumu inadımın
Ölən vaxtına tapşırma.

Ən zulumlu dərdə tapşır,
Bu yiyəsiz yurda tapşır,
İtə tapşir, qurda tapşır –
Məni baxtıma tapşırma!..

Təcnis

Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..

Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə –
Bir bala sərçənin dərdindən belə…

Tapşır gözlərinə ilqara gəlsin,
Qiyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin –
Neynər dərdli kəsə dərd indən belə?!.

Təcnis

Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, sölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.

Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.

Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!

Qıl körpü

Məni bu gecənin əlindən alma,
Alma bu gecəni mənim əlimdən.
Bu gecə bir daha qismətim olmaz –
Görüş gecəmizdi – ən əvvəlimnən.

Ayrı qonaqlardı bu gələnlərim –
Kefcil dostlarıma oxşamır, ana,
Bağlama bu gecə pəncərələri,
Bağlama qapını, yaxşımı, ana?

Bu gecə illərim ələnməlidi –
Ən gözəl ilim də, ən bekarı da!
Axır ki, bu gecə bilinməlidi
Bir belə günahın günahkarı da!

Bu gecə sonudu qaranlıqların,
Yaddaşım nurunu Aydan alacaq…
Kim kimə göstərib bu dar yolları,
Kim-kimi aldadib aydın olacaq.

Tutacaq yerini yaxşı da, pis də,
Söküb yeməyəcək yalan, ömrümü.
Bu gecə taleyim “qıl körpü” üstə –
Məhşər gecəsidi qalan ömrümün…

Məhşər gecəsidi – bilmişəm artıq,
Çəkəcəklər məni son imtahana.
Günahsız vaxtlarım,
duru vaxtlarım…
Bəlkə də, bəlkə də… Nə bilim, ana,
Baxıb görürlər ki, ölmüşəm artıq –
Dəfnimə yığışır diri vaxtlarım?..

Alma bu gecəni mənim əlimdən,
Məni bu gecənin əlindən alma.
Bu gecə qorxum yox mənim ölümdən –
Bu gecə bir daha qismətim olmaz…

Anam üçün gecikmiş şeir…

Adına urvatlı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram indi…
“Ölürəm” deyəndə qulaq asmadım, –
Yerinə ölməyə hazıram indi…

Başıma çox bəla gələ bilərdi,
Bir az dünyanı da bilə bilirdim.
Hər kəsin anası ölə bilərdi,
Bircə sən ölməzsən… elə bilirdim…

Sənsiz növrağımız necə dəyişdi,
Sonsuz möhnətlər var ana, qarşıda.
Sənin ömür payın quzeyə düşdü,
Qəbrini qurmuşuq günəqarşıda.

Günəş buludlara girəndə bildim
Nə üçün,
nədən –
Onsuz həyat yetər sona-deyiblər.
Mən səni torpağa verəndə bildim
Niyə torpaqlara Ana deyiblər?

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.