Ana səhifə YAZILAR Yeqzar Cəfərli

Yeqzar Cəfərli

Müəllif: Bizim Yazı
55 baxış

QAR (öykü)

Uşaq idim, hardasa 9-10 yaşım olardı. Yanılmıramsa noyabr-dekabr ayları idi, qar hələ yağmasa da, təbiətdə hər şey tezliklə qarın hər yeri ağ örpəyə bürüyəcəyindən xəbər verirdi.
Yeni eranın başlamasına sayılı vaxt qalırdı. Ağlım bir o qədər kəsməsə də uşaq ağlımın süzgəcindən müəyyən nəsnələri keçirə bilirdim.
O vaxtlar şəhərdə IX mərtəbəli bir binada yaşayırdıq. Bizim mənzil dördüncü mərtəbədə idi. Yaşadığımız binanın lifti tez-tez sıradan çıxırdı. Hətta bəzən liftin içində saatlarla qalan vaxtlarımız da olurdu. Heç yadımdan çıxmaz, bir dəfə lift yeddinci mərtəbədə ilişmişdi, yaşlı bir qadın da içində. Qapıbir qonşumuz olan və məndən 4-5 yaş böyük olan Sahiblə köməkləşib böyük çətinliklə liftin qapısını açaraq qadını xilas etdik. Qadın qorxu və həyəcandan huşunu itirib bayılmışdı. Çox güman, binanın hansısa mənzilinə qonaq gedirmiş. Yoxsa buranın daimi sakinlərindən olsaydı bu işlərə, Məşədi İbad demiş bir növ adətkərdə olardı, heç bir qorxu hissi də keçirməzdi.
Binada yaşayan daimi sakinlər arasında hər dəfə lift sıradan çıxanda onu növbə ilə düzəltmək gələnək halını almışdı. Bu dəfə növbə bizim idi. O da xatirimdədir ki, hər dəfə Evlər İdarəsinə ustanın dalınca gedib çağırmaqdan binamızın bütün sakinləri cana doymuşdu. Üzbəüz binanın 6-cı mərtəbəsində yaşayan Valeri adlı bir rus balasını (deyəsən o da hansısa başqa bir Evlər İdarəsinin lift ustası idi) köməyə çağırdıq, onun zəhmət haqqını isə binamızın hər dəfə bir sakini ödəyirdi.
Bizdən bir mərtəbə aşağıda-üçünücü mərtəbədə Səxavət adlı yaşlı bir kişi yaşayırdı. Səxavət baba yalnız yaşayırdı. Həyat yoldaşı uzun illər öncə xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Tək yaşayırdı deyəndə, oxucular elə bilməsin ki, onun heç kimi yox idi. Səxavət babanın bir oğlu və bir qızı var idi. Qızını köçürmüşdü, artıq bir nəvəsi də olmuşdu, oğlu Həmid isə Moskvada ticarətlə məşğul idi. Çox vəfalı oğlan idi. Tez-tez atası ilə zəngləşir, onun problemləri ilə ilgilənir, hal-əhval tuturdu. Ayda, iki ayda bir atasına baş çəkməyi yaddan çıxarmazdı. Səxavət baba da həmişə oğlundan ağız dolusu danışar, onunla fəxr edərdi. Həmidin atası ilə söhbətlərindən o yadımda qalıb ki, Moskvada işi heç də yaxşı deyildmiş, polislər onlara imkan vermir, rus millətçiləri tez-tez bazarı dağıdır və b.
-Bakıda özümə bir münasib iş tapa bilsəydim, bir daha Moskvaya qayıtmazdım-deyirdi.
Səxavət baba xətrimi çox istərdi. Həmişə mənə “nəvəm” deyə müraciət edirdi. Atamdan yaşca böyük olmasına baxmayaraq bir-birilərinə qırılmaz dostluq telləri ilə bağlanmışdılar. Necə deyərlər, dostluq yaşa baxmır.
Məni axtaran hər kəs bu duzlu, məzəli söhbətləri ilə adamı valeh edib sirli, sehrli bir aləmə aparan Səxavət babanın yanında tapardı. Öz evimizdən çox onun yanında olar, bəzən dərslərimə də orada hazırlaşardım. Valideynlərim isə bundan qətiyyən narahat olmurdular. Atam buna görə məni arada tənbeh etmək istəsə də, anam buna imkan vermirdi:
-Uşağa dəymə, yəqin yenə Səxavət babanın söhbətlərinin sehrinə düşüb. (Anam da mənim dilimlə onu Səxavət baba deyə çağırırdı).
Bir dəfə, gecə saat 12-də Səxavət babadan ayrılıb evə gələndə atam məni dəhlizdə qarşıladı.Yorğunluqdan həmişə erkən yatmağa adət edən atam bu dəfə yatmamışdı, deyəsən məni gözləyirdi.
-Ay oğul! Niyə tez-tez gedib qocanı narahat edirsən? Yaşlı adamdı, istirahətini pozma.
Mən isə atamı and-amanla inandırırdım ki, məni Səxavət baba özü çağırır. Babanın ağzı ilə deyirdim:
-Ürəyim çox sıxılır. Özümü lap yalnız hiss edirəm. Vaxt tapan kimi babanı ziyarət elə. Baba-nəvə dərdləşək.
Atam susdu, məni başdan ayağa süzüb, dedi:
-Yaxşı, get yat.
O mənə yeniyetməlik, gənclik xatirələrindən, mən isə ona uşaq macəraları ilə dolu şirin məktəb həyatından danışardım. Tez-tez mənə məsləhətlər verər, sözü məndən ala bildinmi?-deyərdi.
Bu nəsihətlərin bir neçəsi uşaqlıq yaddaşıma necə həkk olubsa heç zaman yadımdan çıxmır. Örnəyi, Səxavət baba qabaqcadan danışmağı sevməzdi. Kimsə sabah harasa gedəcəyindən, hansı işi görəcəyindən danışırdısa və bu zaman “Allah qoysa” demirdisə həmişə sakit görünən qoca özündən çıxardı.
Mənə isə tez-tez nəsihətlər edər, deyərdi:
-Mən bu sözləri sənə deməyim heç də o demək deyil ki, səni yorum. İstəyirəm, mənim həyatda etdiyim yanlışları sən təkrarlamayasan, dediklərimdən bir nəticə çıxarasan.
Günlər bir-birini əvəz edib, 2000-ci ili yaxınlaşdırdıqca insanlar arasında vahimə doğuran söhbətlər də artırdı. Danışırdılar ki, yeni il olmayacaq; bilgisayarlar öz aralarında savaş aparıb, dünyanı dağıdacaqlar; dünyanın sonu artıq çatmışdır və b. Bütün bu söhbətlər məni çox qorxudurdu. Axı mənim hətta uşaqlıq yaşıma sığmayan arzularım vardı. Böyüyəndə coğrafiyaçı olmaq istəyirdim. Qorxurdum, arzularım ürəyimdə qalar. Məni ən çox qorxudan isə yaxınlarımı itirmək təhlükəsi idi. Bəzən xəlvətə çəkilib ağlayırdım da.
Nədənsə son zamanlar Səxavət babanın da bu mövzuda söhbətləri çoxalmışdı. Heç yadımdan çıxmaz, bir gecə işıqlar sönmüşdü. Bu məni əməlli-başlı qorxutdu.
Öz-özümə dedim:
-Deyəsən hər şey bitdi, bu artıq sondur. Eşitmişdim ki, bəlalar çox zaman gecələr nazil olur. Aradan bir-iki dəqiqə keçdi. Bu müddətdə ölülər aləmindən tutmuş, deyilənə görə, zəhəri səkkiz batman olan ilanlar-əqrəblər aləminə qədər səyahət etdim. Nəhayət Səxavət baba bir şam tapıb gətirdi. Ürəyim yerinə gəldi. Özümü lap macəra filmlərinin iştirakçısı kimi hiss edirdim.
Çox vaxt o danışa-danışa məni yuxu tuturdu. Hətta bir neçə dəfə atam yatmış vəziyyətdə məni evə qucağında aparmışdı.
Səxavət baba dindar idi. Özü demişkən namazını, orucunu heç vaxt “bada verməmişdi”. Dinə qarşı çox həssas idi. Bütün işlərini din qanunları ilə tənzimləyərdi. Bir sözlə din onun həyatı idi. Tez-tez mənə peyğəmbər əfəndimizin hədislərindən danışardı.
Yaxşı yadımdadır, bir dəfə Səxavət baba mədəsindən əməliyyat olunmuşdu. Ramazan ayına isə bir-iki gün qalırdı. Həkimlər ona oruc tutmağı yasaq etmişdilər. Həkimlərin bu qərarından o çox üzgün görünürdü. Bir yandan da Həmiddən nigaran idi. Görünür, Moskvada yenə də işləri düz gətirmir, deyə öz-özünə düşüncələrə dalırdı. Yoxsa, Həmid məni bir an da olsa yaddan çıxarmaz-deyə fikirləşirdi. Amma qızı hər gün işdən sonra atasına baş çəkər, həkimin icazə verdiyi xörəklərdən gətirərdi. Ona elə aludə olmuşdum ki, bir gün Səxavət babanı görməyəndə darıxırdım, hətta kövrəlirdim.
Bir dəfə ədəbiyyat müəllimimizin atası rəhmətə getdiyindən dərsdən evə tez qayıtmışdım. Yeməyimi yeyib onun yanına qalxdım. Səxavət baba televizorda maraqlı bir verilişə baxırdı. Onun bu marağını qapını gec açmağından anladım. Bir tanınmış rus kanalında dünyanın sonu ilə bağlı çox maraqlı veriliş yayımlanırdı. Qonaqlar isə tanınmış parapsixoloqlar, öngörücülər və bir neçə digər sahənin alimləri idi. Qızğın fikir dartışması gedirdi. Səxavət baba da Sovet dövrünün digər adamları kimi rus dilini yaxşı başa düşür və ara-sıra mənimçün də tərcümə edirdi. Baxışlarından əsəbi olduğunu aydın sezmək olurdu. Onu özündən çıxaran, verilişə dəvət olunan alimlərin izləyiciləri qorxutması idi. Həmin gün evə həmişə olduğundan da gec qayıtdım. Tənbeh də ki, öz yerində.
Bir gün Səxavət baba mənə öz başına gələn maraqlı bir hadisə danışdı. Baba deyirdi:
-Bir dəfə işdə tapşırığımı vaxtından öncə yerinə yetirib, evə tez gəldim. Evdə sıxılacağımı düşündüm, çünki həmişə evə eyni vaxtda gəlməyə alışmışdım. Bir az parkda gəzib, necə deyərlər, vaxtımı öldürməyi qərara aldım. “Yorğun iş qrafikindən sonra bir az dincəlmək pis olmaz”-deyə düşündüm. İş yerimizin lap yaxınlığında yerləşən bu park kiçik olsa da çox gözəldi və məhz buna görə də günün əksər vaxtlarında insanlarla dolub-daşırdı, xoşbəxt cütlüklər, körpə uşaqlar, yaşlı adamlar, bir sözlə, məmə yeyəndən pəpə deyəndən qədər hər kəs bu bağa gələrdi.
Nə başını ağrıdım, keçib bir oturacaqda əyləşdim. Əlimdəki “Bakı” qəzeti vasitəsilə günün xəbər mənzərəsi ilə tanış olurdum. Bu zaman bir qızla oğlanın mənə tərəf yaxınlaşdığını gördüm. Onların yanımdakı boş yerlərdə oturub dincəlmək istədiklərini zənn etdim. Amma tez də fikrimdən daşındım. Axı, mənə gəlib çatınca hələ iki boş oturacaq da vardı. Onlar isə mənim əyləşdiyim oturacağı nişana almış kimi düz üstümə yeriyirdilər. Gənclər mənə çatınca ürəyimdə min fikir dolaşdı. Bəlkə pul istəyəcəklər, ya da hansısa ünvanı soruşacaqlar. Hər halda düz mənə sarı gəlmələri heç də səbəbsiz deyildi.
Yaşı 25-30 arası olan bu gənclərin biri keçib sağımda, biri isə solumda əyləşdi. Qız hicablı idi, əlində də müqəddəs bir kitab tutmuşdu. (Kitabın müqəddəsliyini onun qiymətli, zərli bir parçaya səliqə ilə büküldüyündən anladım). Salam verdilər.
– Əleyküm salam.
– 10 dəqiqəlik vaxtınızı ala bilərikmi?
– Buyurun, o nə sözdür?!
– Yaxşısı budur, uzatmadan keçək mətləbə. Uzaqdan gələ-gələ sizin xoş simanız bizi özünə cəlb etdi və sizi xəbərdar etməyi özümüzə borc bildik.
Yerimdə donuxub qaldım. Bunlar məni nədən, kimdən xəbərdar etmək istəyirlər, axı mən nə etmişəm..? Öz-özümə səbirli olmaq, işin axırını gözləməyi tövsiyə etdim.
– Yəqin ki, siz 2000-ci ilin olmayacağı barədə eşitmisiniz. Dünyanın sonuna bir neçə gün qalıb. Mömin insana bənzəyirsiniz, biz sizin kimi insanların tələf olmasına razı deyilik. İstəsəniz biz sizi ölümdən xilas edə bilərik.
– Axı bu necə mümkün olacaq, heç də inandırıcı görsənmir?
– Biz Nuhun gəmisinə bənzər bir gəmi düzəltmişik. Siz bu gəminin sakinlərindən biri olmalısınız. Bu sizin üçün yeganə nicat yoludur. Bütün dünya suya qərq olanda, ətraf nəhəng okeanı xarıtladanda siz və sizin kimi digər əməlisaleh insanlar bu gəminin içində əmində olacaqsınız.
Onlar növbə ilə, dayanmadan danışır, tez-tez “Müqəddəs kitab” dedikləri kitabı açır, mənə tarixi örnəklər göstərirdilər. Öncə bu kitabı ya “İncil”, ya da “Tövrat” zənn etdim. Kitabı onlardan alıb baxmağa bir neçə dəfə cəhd etsəm də, onlar kitabı verməkdən imtina etdilər. Soruşdum:
– Sizin Allahın İslam peyğəmbərinə qiyamət haqqında buyurduqlarından xəbəriniz varmı?
– Necə bəyəm?
Allah “Qurani-kərim”də öz peyğəmbərinə buyurub ki, qiyamətin vaxtını məndən başqa heç kəs bilmir.
Onlar mənim suallarımdan məharətlə yayınırdılar.
Qısası, məndən istədikləri 10 dəqiqə artıq 40 dəqiqəni ötmüşdü. Baş örpəyinin altından sarı saçları aydın görünən və Azərbaycan türkcəsində oğlandan daha yaxşı danışan qız:
– Bizə sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi verə bilərsiniz? Gəmi yola düşəndə sizi xəbərdar edək.
Bir anlıq telefon nömrəmi onlara vermək istədim. Düşündüm ki, onlarla daha yaxın olub işlərini öyrənsəm pis olmaz. Tez də fikrimdən daşındım. Hardaydı məndə o vaxt ki, onların dalınca düşüb işlərini öyrənim. Çox tərəddüddən sonra dedim:
– Bağışlayın. Mən telefon işlətmirəm.
– Siz rusca bilirsinizmi?-oğlan soruşdu.
Mən rusca yaxşı bilirdim. Uzun illər Rusiyada yaşamışdım.
Qız çantasından rus dilində nəşr olunmuş qəzet və dərgilər çıxarır, gözünü ağzıma dikib cavab gözləyirdi. Mən onların məni bu qəzet-jurnallarla daha bir neçə dəqiqə yubadacaqlarını duyub, cavab verdim.
– Bağışlayın, mən rusca danışa bilmirəm.
Bu yolla özümü üzücü, mənimçün heç də maraqlı olmayan söhbətdən xilas etdim. Anadolular demişkən: “Ucuz qurtulduq”.
Səxavət baba şirin-şirin danışır, mən isə onun söhbətlərindən doymurdum. Söhbət o qədər maraqlı idi ki, heç vaxtın fərqində belə deyildik. Otağın nəfəsliyi açıq idi. Bayırda narın-narın qar yağır, külək isə ara-sıra qar dənələrini açıq nəfəslikdən üstümüzə atırdı. Səxavət baba söhbətinə ara verən kimi mən qonşu otağa keçib saata baxdım. Saat gecə ikini ötmüşdü. Evə tələsmək lazım idi. Bu dəfə daha möhkəm danlanacağımı, hətta kötəklənəcəyimi belə yəqin etmişdim. Onunla sağollaşıb evə getdim.
Bu duzlu, məzəli qoca ilə sonuncu görüşümdən 11 ildən çox vaxt keçir. Hər dəfə qar yağanda Səxavət babanın maraqlı söhbətlərini xatırlayıram. O artıq bu dünyada yoxdur. Eşitdim ki, ürək çatışmazlığından vəfat edib. Özü demiş, “nahaq dünyadan haqq dünyasına” köçüb. Mən isə artıq balaca deyiləm, 20 yaşım var, universitet tələbəsiyəm.
Səxavət babanı mənə xatırladan bir səbəb də dünyanın bu il dağılması xəbəridir. 2012-ci il yaxınlaşır. 12-il öncə olduğu kimi yenə falçıların, öngörücülərin fikirləri cəmiyyət arasında dolaşmaqdadır. Bu isə məni yaman qorxudur. O vaxtdan çoxlu arzularıma yetişsəm də, hələ də cavabsız qalan suallarım çoxdur. Çiynimi mətbəxin pəncərəsinə söykəyib bayıra baxıram. Hava çox şaxtalıdır. Şaxta adamın iliyinə qədər işləyir. Heç dərsə də vaxtı-vaxtında gedib-gələ bilmirəm. Qar yağır, demək, göylər dünyanın ağaracağına, saflaşacağına inamını hələ də itirməyib…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.