Yer üzünün şəklini çəkib göndərəsən Allaha…
Zakir Sadatlı kitabını yarımçıq qoyub çıxıb getdi. Özünün təbirincə desək, bu dünyadan ayrıldı ki, o biri dünyaya bir xəbər aparsın. Bir zamanlar hərbi xidmətini keçdiyi Əfqanıstanda necə ki, onun da daxil olduğu Sovet Ordusu işini yarımçıq qoyub çıxıb getmişdi, Zakir də o savaşdan bəhs edən kitabını yarımçıq qoyub getdi…
Bu yaxınlarda “Lent.az-ın kitabxanasından” adlı seriyadan olan “Əfqanıstan uçurumu” adlı xatirə-romanında Zakir Sadatlı deyir ki, “başımıza gələn ağlımıza gəlməmişdi”.
Və bu başa gəlmə onu arın-arxayın əsgərliyini çəkdiyi uzaq Almaniyadan Əfqanıstan kimi çıxılmaz bir labirintə gətirib atmışdı. Onun kimi minlərlə, on minlərlə Sovet əsgəri artıq bu labirintdən necə çıxacağını bilməyəcəkdi. Və beləcə təpəsindən tüstü çıxan 18-20 yaşlı gənclərin Əfqanıstan adlı sonu görünməyən yolçuluğu başlamışdı. “Hamımız eyni vaxtda siqaret yandırdıq, siqaretin tüstüsünü içimizin tüstüsünə qarışdırdıq” deyir Zakir Sadatlı.
Əsərdə bir neçə yerdə Zakirin türk kimliyi qabarıq şəkildə özünü büruzə verir. Özü də düşünülmüş deyil, bədahətən, hətta özündən xəbərsiz şəkildə bu kimlik onun qarşısına çıxır, ona kim olduğunu xatırladır. Örnək üçün, bir baş leytenantla söhbətdə bunu sezə bilirik:
“– Haradansan?
– Azərbaycandanam.
– … yerliyik ki. Mən də Sibirdənəm”. O dönəmlərdə sual oluna bilərdi ki, “Sibir hara, Azərbaycan hara?” Zamanımızda isə bu suala gərək qalmır. Çünki Sibir də bir qədim türk torpağıdır və oradakı insanlarla Zakirin milləti eyni köklərə dayanır.
“Əfqanıstan uçurumu” çox zəngin və oxucuya qeyri-adi görünməklə əlavə qiraət zövqü bəxş edəcək ifadələrlə doludur. Yenə də, örnək üçün, yazar deyir ki, döyüşdə səngəri ona görə qazırsan ki, bu həm də sənə “ölüm evini – məzarı xatırladır”.
Daha sonra qonşu səngərdə fitlə çalınan vağzalı olayı təsvir edilir. Bir zamanlar Almaniyada əsgərlik keçəndə gecənin kor qaranlığında sınıq-salxaq radionu qurdalarkən təsadüfən “Muleyli”ni haqlamağımı yadıma salır bu səhnə. Uzun müddət yurdundan-yuvandan uzaq olasan, milli musiqin üçün burnunun ucu göynəyə… və birdən qulaq dolusu o möhtəşəm səsi dinləmə imkanın ola!
Yazar əsərində deyir ki, “…yazılar ona görə pozulmur ki, günlərin bir günü tarixə şəhadət verir, üzə durur…” Doğrudan da bu kitab bir yazı olaraq tarixə şəhadət verir. Əfqanıstanın acı gerçəklərini tam çılpaqlığıyla nəyinki indi, yüz illər sonra da gözlər önünə sərməyə yetəcək bu əsər.
Biz Sovet insanıydıq. Bizi inandırırdılar ki, sülhün keşikçisiyik. Ancaq bu əsərdə Əfqanıstan sərhədinin keçilməsi səhnəsi artıq Sovet əsgərinin nə qədər sülhsevər olduğunu gözlər önünə sərir. Öz ölkəsinin sərhədini qoruyan bir gənci “bədəni güllədən deşik-deşik olmuş əfqan əsgəri…” kimi təsvir etməklə yazar, əslində, Sovetlərin Əfqanıstana zorla, qanla girdiyinə şəhadət gətirir və özü də daxil olmaqla Sovet əsgərlərinin nə qədər “azadlıq ordusu”, “beynəlmiləlçi”, “sülhməramlı qüvvə” olduğuna rişxənd edir.
Heç vaxt görmədiyi Əfqanıstan yazar üçün yad bir yer deyil. “Bu insanlar … bizim kəndin adamlarına necə də oxşayırdı, ay Allah!..” deyə sanki hayqırmaq istəyir o öz kitabında.
Başdan başa orijinal ifadə tərzi ilə seçilən romanda qeyri-adi ifadə formalarına bolluca yer verilib. Örnək üçün, bir yerdə deyilir ki, “vaxt başını aşağı salıb öz yoluyla gedirdi.” Sonra isə müəllif özünün əfqan mücahidlərindən gələn ölüm təhlükəsi altında olduğunu ustalıqla belə ifadə edir: “…həyatımızı başqasının əlindən zorla dartıb almalıydıq…” Bu isə artıq gerçək ölümlə üz-üzə olmaqdan xəbər verir. İndi zaman onların əleyhinə işləyir. Ona görə də vaxt nə qədər tez keçsə, o qədər tez də qurtuluş özünü yetirəcək. Ancaq vaxt ötmür ki, ötmür. “Vaxtın ayaqlarından neçə pudluq daş asılıb görən?” deyə sual edir o.
Bu “uçurum”da Zakir Sadatlı bəşər övladının ümumiyyətlə nankor olmasını özünəməxsus suallarla oxucuya xatırladır: “Suyunu içdiyimiz bulağa hansımız bir ağız quruca “sağ ol” demişik?”
Əsərin bu yerində yenə də bir türkmən əsgərin bir Azərbaycanlı əsgərə nə qədər ürək qızdırması qısa bir cümləylə ifadə edilir: türkmən əsgər “gərgin anlarda məni özünə doğma bilirdi”. Bu isə yuxarıda qeyd etdiyimiz türk kimliyinin gendən-qandan gələn təbii təzahürü idi. Həmin təzahür az sonra Sovet əsgərlərinin bir özbək kəndinə hücumu zamanı da özünü göstərir. Burada “şurəvi”lərin hücumundan xəbər tutan əhali kənddən qaçıb qurtulur. Bir yaşlı baba ilə nəvəsi kənddə qalır. “Şurəvi” əsgərlər onları tutub incidir, təhqir edir. Tərcüməçi isə baba ilə nəvənin dilini heç cür anlaya bilmir. Axırda əsərin qəhrəmanı olan yazar özü ortaya çıxır və “əfqanların” dilini dərhal anlayır: “Baba ilə nəvə mənim başa düşdüyüm bir dildə danışırdılar. Yox, yox! Başa düşdüyüm yox, başdan ayağa mənim olan bir dildə…”
Sovet dönəmində hər kəsin eşidib dilə gətirməyə qorxduğu bir gerçək vardı. Əfqanıstanda bəzən itkin düşən, yaxud da həlak olsa da meyiti ələ gəlməyən əsgərin evinə içi boş tabut göndərərdilər. Və kimsənin hünəri nəydi o tabutu açıb baxsın?! Bundan hərəkət edərək müəllif yazır: “…meyitimizi tapmasalar … evimizə bir boş tabut … göndərəcəklər…”
Mühasirədə olarkən yaşananlar, qəhrəmanın düşündükləri isə həqiqətən çox orijinallığı ilə fərqlənir: “Özüm cəhənnəm, o qızın şəkli də mənimlə bərabər indi mühasirəyə düşüb.” Söhbət əsgərin sevgilisinin öz cibində gəzdirdiyi şəkildən gedir.
Və bu müharibədə olanlar altı yüz il öncənin insanlarına XX yüzilin dəyərlərini zorla təlqin etmək istəyirlər: “O vaxt oralarda 1359-cu il idi. Bizsə XX əsrdən keçib buraya düşmüşdük…”
Ölüm saçan silahların təsviri də müəllifin qələmindən orijinal bir bənzətmə ilə təzahür edir: “Boğazı tutulan avtomatlar yediyini qaytaran sərxoş kimi güllə qusurdu”.
Əfqanıstanda can qoyan, öz yurdunda dəfn edilən əsgərlərə nəzərən yazar deyir ki, “o meyitləri aparıb harada dəfn eləyirlər eləsinlər, ruhlarının əbədi ziyarət yeri bura olacaq!..”
Müəllif bir də Allaha üsyan etməkdən çəkinmir: “Əlində imkanın ola, Yer üzünün bu şəkildə şəklini çəkib Allaha göndərəsən. Arxasından da yazasan ki, İlahi, kilsələr və məscidlər günahların öhdəsindən gələ bilmədiyi kimi, müharibələr də haqsızlıq və ədalətsizliyin öhdəsindən gələ bilməyəcək. Məgər bunlar sənin özünə agah deyil?”
“İnsan döyə-döyə aldığını döyülməyincə əldən vermək istəməz axı…” Əfqanıstana aid olsa da özəlliklə Ermənistanın işğalı altında qalan Qarabağ və ətrafındakı Azərbaycan torpaqları üçün necə də keçərli bir fikirdir…
“Daşlı-qumlu düzün ortasında meyitlər özlərini “günə verirdilər”. Onların məğlubiyyət bayrağı kimi vecsiz və mənasız aqibətindən hər birimizə pay düşürdü…” Artıq ölən Sovet əsgərlərinin son yolçuluğunu gözləməsini müəllif belə ifadə edir.
Komandirinin ceyran ovuna çıxması səhnəsində də yazar Sovet əsgərlərinin nə üçün bu torpaqlara gəldiyini sual edir və deyir ki, ceyran “bir göz qırpımında başının üstünü alan fəlakətin bu yerlərə haradan – yerdənmi, göydənmi gəldiyini anlamaq istəyirdi”.
Sovetlərin bizə düşmən kimi təqdim etdiyi mücahidlərin gəzdirdiyi “qeyrət silahı” ifadəsi burda lap yerinə düşür: “Mücahidlər yaxşı bilirdilər bizim silahlarımızın gücünü… Bizsə onların daim özləriylə gəzdirdiyi qeyrət silahının harda və haradan açıldığından xəbərsizdik”.
Daha sonra isə müəllif yazır: “Onlar düşmənləri ilə inam döyüşü, iman savaşı aparırdılar. İman çarpışmasında güzəşt və mərhəmət olmur”. Bu fikirlər də mücahidlər haqqındadır.
Mücahidlərin imanı qarşısında yazar imansız Sovet əsgərlərinin qəddarlığını sorğulayır: “Bu məzlum və köməksiz insanlara qənim kəsilən əli silahlı amansız və imansız hərbçilərin qəddarlığını heç vaxt anlaya bilmədim”.
“Çox-çox uzaqlarda – yerlə göyün birləşdiyi yerdə, üfüqdə qıpqırmızı qızartılar görünürdü. Sanki günəşin kürəyini ülgüclə çərtib qan almışdılar.” – “Günəşin kürəyini ülgüclə çərtmək” kimi bir ifadə, hər halda, Zakir Sadatlı kimi mükəmməl qələm sahibindən gəlməliydi.
Romanda yazar göstərmək istəyir ki, bir zamanlar Əfqanıstanda həlak olan və öz yurdunda dəfn edilən əsgərlər, əslində, əbədiyyən o torpaqlarda qalıb. O, bunu ifadə etmək üçün yuxugörmə üsulundan ustalıqla istifadə edir. Yuxuda gördüyü adam həlak olanlar haqqında deyir: “Heç kimi aparmamısınız… Hamısı gecələr bir yerə toparlanıb səhərəcən ağlaşırlar buralarda…”
“Əfqan döyüşçüləri”nin meyitlərininin SSRİ-yə göndərilməsini də yazar özünəməxsus şəkildə təsvir edir: “Apardılar ki, əyinlərinə təptəzə kostyumu geyindirib, boğazlarına qalstuk bağlayıb, par-par parıldayan sink tabutlara qoyub təmtəraqla evlərinə yola salsınlar…” Və bu, “yüz əlli milyonluq insanın vətəninə on altı milyonluq başını itirmiş acın, yoxsulun, məzlumun məmləkətindən etiraz və şikayət məktubuydu”.
“Məğlubiyyət həyat eşqini öldürür… Özündən savayı hamını günahkar, xəyanətkar, satqın və əzazil gözündə görürsən.” – Təkcə müharibə üçün deyil, hər zaman keçərli ola biləcək bir ifadədir bu!
Müəllif sonda bu qənaətə gəlir ki, savaşan tərəflərin hər iksində insanlar eyni duyğuları yaşayırlar: “Hər iki tərəfdə sonuncu gecəsini yata bilənlər və yata bilməyənlər var idi”.
Ümumiyyətlə özünün səlis ifadə tərzi, məntiqi ardıcıllığı, dilinin sadəliyi və fəlsəfi yüklü fikirlərinin zənginliyi baxımından Zakir Sadatlının “Əfqanıstan uçurumu” çağdaş Azərbaycan bədii yaradıcılığının ən seçilən əsəri olma haqqını qazanmışdır. Bu kitab yüz illər sonra da Əfqanıstan çıxmazına işıq tutmaq üçün əvəzsiz mənbə rolunu oynaya biləcək dəyərdədir. Bir oxucu olaraq hər kəsə bu kitabı oxumağı tövsiyə edərdim.