Ana səhifə BAŞ YAZI Yusuf Akçura – “Türkçülüyün tarixi ondan başlanır”

Yusuf Akçura – “Türkçülüyün tarixi ondan başlanır”

Müəllif: Bizim Yazı
504 baxış

Nərmin Məmmədli (TÜRKQIZI)

Yusuf Akçura (1876-1935) adı türk millətinin milli şüurunun oyanmasında, türkçülük ideologiyasının genişlənməsində  böyük rol oynamış dahi şəxsiyyətlər sırasında sadalanmaqdadır. Bu şəxsiyyətlərə Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Ziya Göyalp, Məmməd Əmin Rəsulzadə, Məmməd Əmin Yurdaqul, Ənvər Paşa, Mustafa Kamal Atatürk və s. kimi türk dünyasının bugün də sayqı və sevgiylə xatırladığı insanlar daxildir. Türk milli təfəkkürünün inkişafında müstəsna xidmətləri olan Yusuf bəy haqqında təəssüf ki, Azərbaycanda məlumat azlığı həddindən artıq çoxdur. Milliyətcə Kazan tatarı olan bu böyük ideoloq bizdən fərqli olaraq, türk dünyasında daha çox öyrənilmiş, əsərləri tədqiq edilmiş və hələ də öyrənilməkdədir.

Günümüzdə Yusuf Akçura irsini türk dünyası üçün bu qədər əvəzsiz edən heç şübhəsiz ki, onun türkçülük nəzəriyyəsinin təməlini və siyasi türkçülüyün prinsiplərini formalaşdırmasıdır. Akçuranın  1904-cü ildə yazdığı “Üç tərzi-siyasət” məqaləsi belə onun türk milləti üçün nə qədər dəyərli bir sima olduğuna sübutdur.  Amerikalı yazar Çarlz Hostler bu əsərin əhəmiyyətini marksistlər üçün “Kommunist Partiyasının Manifesti”nə bərabər tutmuş,  Akçuranı türk birliyi fikrinin qurucularından biri kimi qələmə vermişdir. Həqiqətən də Akçura bu məqaləsi ilə yuxarıda qeyd edildiyi kimi siyasi türkçülüyün, türkçülük nəzəriyyəsinin əsasını qoymuşdur.

Yusuf Akçuraoğlunun türklük siyasəti proqramını araşdırarkən aydın olur ki, onun baxışına əsasən bütün türk xalqları milli azadlıq əldə etməli və mədəni-kültürəl cəhətdən qaynayıb-qarışmalıdır. Lakin o heç zaman vahid dövlət anlayışından bəhs etməmişdir. 1908-1912-ci illər ərzində onun tərəfindən qurulan “Türk dərnəyi”, “Türk bilgi dərnəyi”, “Türk ocağı”, “Türk yurdu” kimi cəmiyyətlərin hər biri Yusuf bəyin mədəni türkçülük prinsipləri əsasında fəaliyət göstərmişdir. Bu isə türkçülük ideologiyasının inkişafında böyük əhəmiyyət kəsb edən çalışmalar sırasına daxildir. Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun da iştirak etdiyi və Akçuranın başçılıq etdiyi “Türk-tatar heyəti”nin fəaliyyəti də  türklərin milli istiqlallarına qovuşması fikrini daim təlqin etmişdir. Bunlarla bərabər Akçuranın redaktorluğu ilə yayımlanan “Türk yurdu” dərgisi Azərbaycanda oxucu kütləsi qazanmış, hətta M. Ə. Rəsulzadənin təbiri ilə desək, “Azərbaycanda da pək atəşli müaqqiblər bulmuşdur“.

Akçuranın türklük siyasətinə baxışını incələyərkən nəticə göstərir ki, o “irq üzərinə dayanan türk milliyyəti siyasəti yürütmək” tərəfdarı idi. Türk xalqlarını zamanı gəldikcə bir-birinə düşmən edən dini ayrılıq Yusif bəyin gözündən qaçmırdı. Bundan dolayı milliyət qavramını önəçəkən Akçura türkçülük siyasətindən söz edərkən “ Dinlər, din olmaq baxımından getdikcə siyasi önəmlərini, qüvvətlərini itirirlər. Sosial olmaqdan çox, şəxsiləşirlər. Dolayısı ilə dinlər, ancaq irqlərlə birləşərək irqlərə yardımçı və xidmətçi olaraq siyasi və sosial önəmlərini qoruya bilərlər”- deyə qeyd edir.

1905-ci illər dövrü türk xalqları üçün önəmli bir müddətinin başlanğıcı idi. Belə ki, Akçura bütün Quzey türklərini milli bir siyasi təşkilatda birləşdirmək qərarına gəlir. Bu qayə ilə  İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşı, Əbdürrəşid Qadı İbrahimov kimi əməkdar xadimlər ilə bərabər “Rusiya müsəlmanları ittifaqı” adlı böyük firqənin qurulmasına başçılıq edir və sədr seçilir.

Yusuf Akçuranın “Türklüyün tarixi” kitabında bəhs edildiyi kimi “Rusiya müsəlmanları ittifaqı” Rusiyada yaşayıb türklərin böyük əksəriyyətini təşkil edən Quzey, Türkistan və Azərbaycan türklərinin aydınları ilə yüksək və orta şəhər əhalisinin, köylülərin əksəriyyətini, xüsusən “vicdani hürriyyəti” “bütün Rusiya xalqının fərdləri arasında hüquq bərabərliyi” (çünki çarlıq rejimində rus olmayan xalqın hüququ ruslara nisbətən məhdud və azaldılmışdı) və “kültür sahəsində milli inkişafa qanunən icazə” qayələri ətrafında toplamış böyük bir siyasi təşkilat mahiyyətində idi. Bu təşkilat I Dumaya (rus məclisi-məbusanı) seçimlər zamanı ciddi bir fəaliyyət göstərərək, Quzey türklərindən çox miqdarda millət vəkili seçdirməyi bacarmışdı.

Bu konqredə İsmayıl bəy Qaspıralının türk milliyyətçiliyi və türk birliyi baxımından çox önəmli olan “Məktəb və mədrəsələr islahı” proqramı qəbul edilmişdi. Bu proqrama əsasən çeşidli  türk şivə və ləhcələri birləşəcək və türk dili təhsildə önəmli rol oynayacaqdır.

1906 və 1907-ci illərdən etibarən Quzey türklərinin ümumi-heyətində milli birlik fikrinə dayalı ciddi bir “milli şüur” formalaşmağa başladı. 1905-1907 hərəkatları, zahirən Rusiya müsəlmanları adı altında yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada türkləri məzhəb baxımından ikiyə( sünni və şiə qisimlərinə) ayıran ixtilafın qaldırılmasında da Akçura çalışmalarının böyük rolu olmuşdur. Hətta bütün Rusiya müsəlmanlarının III konqresində qəbul olunan qərarlardan biri də müxtəlif məzhəblər  arasında fərqlərin aradan qaldırılması idi. Bu qərarı şiə məzhəbindən olan azərbaycanlı Əli Mərdan bəy Topçubaşıoğlu təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər olan konqre isə bu təklifi “sünnilik, şiəlik yoxdur. Yetsin ixtilaf!” sədaları ilə və dəqiqələrcə sürən alqışlarla, səsbirliyi ilə qəbul etmişdir.

Önəmli məqamlardan biri odur ki, Akçura çalışmaları sadəcə Azərbaycanla bağlı deyildi, o Rusiya, Türkiyə, Orta Asiya kimi ölkələrdə türkçülük hərəkatının öndəri olmuş və orada yaşayan türklər üçün əlindən gələni etmişdir. Türkiyədə Cümhuriyyətin elanından sonra TBMM-ə millət vəkili seçilən və bir müddər Mustafa Kamal Atatürkün Mədəniyyət və Siyasət üzrə məsləhətçisi olaraq çalışan Yusuf Akçura burada qeyd edilən və edilməyən fəaliyyətləri göz önünə gətirilərsə, həqiqətən türkçülüyün tarixini yazan və yaradan şəxsiyyət olmuşdur.

/yalquzaq.com/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.