“BizimYAZI” sayın YUSİF GÜNAYDINı qarşıdan gələn 65 illik yubileyi münasibəti ilə ürəkdən qutlayır, yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı, işavandlığı diləyir!
Yubilyara ünvanlanmış şeirlərdən oluşan “Poeziya buketi” ona hədiyyəmiz olsun!
Məmməd ASLAN
Sözün pərvazı
Yusif Günaydının “525-ci qəzet”də yayınlanmış silsilə şeirləri ilə onu yenidən tanıdım. “Şairimiz xaneyi-mübarək!” qələminə heyranlığımı aşağıdakı misralarımla bildirmək istədim:
Buludlar sıyrılıb, “Gün Aydın” olub;
Şahlanmış bir şair boy verib birdən.
Gözəllər səfinə üz tutub gedib;
Mələklər səsinə hay verib birdən.
Nə şahanə gəliş, nə yeriş idi!
Sözün pərvazıydı; diriliş idi!
Şair nə karədi; Allah işidi:
Bir aylı-ulduzlu göy verib birdən.
Sözü sevir bəndə; bəyənir Haqq da!
Söz təzədən doğur bir yoxayoxda.
Sənət cilasının batdığı vaxtda
Tanrı öz qeybindən pay verib birdən!
Qəfil gerçəkləşən nağıllar varmış!
Nağıldan süzülən ağıllar varmış!
Papaqlar altında oğullar varmış:
Taykeş qalmışlara tay verib birdən.
Çağlaya bilmədin, sus, Məmməd Aslan!
Xam sözün fəhmini eşit də, uslan!
Gözləmədiyimiz bir tülək tərlan
Zirvədən qıy alıb, qıy verib birdən.
Bakı, 05.03.2013
Vahid ƏZİZ
***
Doğu-gecən xeyir, Batı-Günaydın!
Yurdun təsvirləri həsrət həkimi,
Uçar dalğalarda bu canlı yayım
Gözə görükməyən mələklər kimi.
Sevimli qonağı hər ailənin,
Gələr ətirlənib güldən-çiçəkdən,
“Qərib axşamları” “İctimainin”
Qurtarar dünyanı qəribçilikdən.
Qalmaqçün zamanın gələcəyində
Sevdirək cahana keçmişimizi,
İnciyib gedən də, ərk eləyən də
Birləşib qoruyaq Vətənimizi!
Bu yurdun sabahı nurlu,işıqlı –
Məğrur yaşamağa haqqım var mənim,
Çünkü, bu dünyanın ən yaraşıqlı
Bir paytaxt şəhəri – Bakım var mənim!
“Qərib axşamlara” qovaq hicranı,
Çoxdur yurd-yuvasız bu yer üzündə,
Unudan olarsa Azərbaycanı –
Tanrısız kimidir mənim gözümdə.
Bayatı-bəmimdə, muğam-zilimdə;
Gəzib efirlərdə Bakını tapın,
Sizə səslənirəm ana dilimdə:
Səma-gecən xeyir, Torpaq-Günaydın…
19.05.2013, 22:25
Musa ƏLƏKBƏRLİ
Qərib axşamlar
Dostum Yusif Günaydına
Gecənin yarısı nur, işıq saçır,
Sabaha ötürür “Qərib axşamlar”,
Dərdli könüllərdə gül-çiçək açır
Qönçələr bitirir “Qərib axşamlar”.
Vətən sevgisinə coşursa hamı,
Bu yerdə susarmı şair ilhamı?!
Ürəklərdə dustaq qalan salamı,
Ünvana yetirir “Qərib axşamlar”.
Xalqım, çox bəlalar çəkibdir başım,
Yad əldə göynəyir torpağım, daşım.
Dünyaya səpilən min-min soydaşım
Köksünü ötürür “Qərib axşamlar”.
Ya Vurğundan söz aç, ya Üzeyirdən
Qoy sənət yolları, keçsin xeyirdən.
Bir şirin nəşğmədən, yaxşı şeirdən
Payını götürür “Qərib axşamlar”.
Üzünə gün doğsun, Yusif Günaydın,
Bu gecə səsimi dünyaya yaydın.
Məramı işıqlı, məqsədi aydın
Doğmalıq gətirir “Qərib axşamlar”.
Məhəbbət gətirir “Qərib axşamlar”.
29 iyun 2012
Yusif NƏĞMƏKAR
Səhər-axşam Günaydın
Yurdun çınarı boydasan,
Sən – Vətənin vətən daşı.
İsminlə ulu soydasan,
Həzrəti-Nurun adaşı.
Zaman sözün altmışkərə,
Altmış səhfə kitablısan
Tarixdəki Yusiflərə
Sən bir salam xitabısan.
Ekrandan baxan gözlərin
Sınıq könüllərə məlhəm.
Torpaq nisgilli sözlərin
Atəşdir həm, üsyandır həm…
Möhnətlərə düçar oldu
Yad ellərin mehmanları…
Doğma ruhlar uçar oldu
“Qərib axşamlar”a sarı.
İllər saçını darayıb…
Biz də yaşını öyürük.
Səni səhərlər arayıb,
Axşam – Günaydın – deyirik.
Simax ŞEYDA
Yusif Günaydına
Yusifi-Kənan kimi qəlbi təmiz insansan,
Hamımızın yanında xətri əziz insansan!
Mehribansan, şirindir hər söhbətin, hər sözün,
Milyonların qəlbində yaşarsan zaman-zaman.
“Qərib axşamlar” ilə səs salmışam dünyaya,
Həyatın mənasını anlayansan, dünyasan!
Vətən məhəbbətidir daim ucaldan səni,
Aydın günsən, Günaydın, işıqlı asimansan!
Mənim əziz qardaşım Simax sıxır əlini,
Uzaq Münhen elindən, o səfalı diyardan!
Sentyabr 2010. Almaniya, Münhen.
Əli ASLANOĞLU
Soruş Günaydından
Dostum Yusif Günaydına
Bu dünyaya çox insanlar gəlibdi,
Kimin kim olduğun izi deyəcək.
Kiminin yerini işi, əməli,
Kiminin ünvanın sözü deyəcək.
Çoxdu öz şöhrətin özü deyənlər,
Vəzifə xətrinə yüz don geyənlər.
Qoy öysün özünü özün öyənlər,
Zaman əvvəl-axır düzü deyəcək.
Adam var heç nəylə qəlbi ilinmir,
Dost da var ki, əzizlikdən silinmir.
Dostum, gileylənmə qədrin bilinmir,
Yüzü deməsə də, yüzü deyəcək.
Hərə öz yoluna baxsın güzgüdən,
Görək kimdi əyri gedən, düz gedən.
Halal yaşamağı sorma özgədən,
Soruş Günaydından, özü deyəcək!