Şirinxanım Kərimbəyli ŞADİMAN
YER ÜZÜNÜN BARI YAĞIŞ
Yağır yenə, əfəndim, yer üzünün barı yağış,
Gətirir bağça-bağa nə gözəl nübarı yağış.
Hissimi, ovqatımı… könlümü alır əlinə,
Sanki qəlbimin olub sevda dolu yarı yağış.
Yayılır üz-gözümə incə-incə təbəssümüm,
Aparır bağrı ovan min cürə ah-zarı yağış…
Gah dəyir kirpiyimə damlası sübhün şehi tək,
Gah çağırır gurşadı, danmayır ilqarı yağış…
…Yayılıb asimana boz-bəyaz bulud sırası,
Göstərir yerə, göyə ən zərif vüqarı yağış.
Boyayıb Şadimanın bağrını öylə fərəhə,
Gətirir cuşa canı, udur intizarı yağış…
27.02.2013
1 şərh
Fəxri Müslüm: qəzəlin şah misraları içində yağış damlalrı ilə pak olmaq nə qədər gözəl, bu hər xanıma da müəyyəssər olmurmuş. Nə gözəl.