Ana səhifə YAZILAR “Vağzaldakı qarı” – iki yazarın ortaq öyküsü…

“Vağzaldakı qarı” – iki yazarın ortaq öyküsü…

Müəllif: Bizim Yazı
541 baxış

Ekber QOShALI“Vağzaldakı qarı”

Təranə VAHİD,

Əkbər QOŞALI

(T.V.:) O, hər gün evdən çıxıb vağzala gedirdi…
Bir-birilərini yaxından görməsələr, səslərini  eşitməsələr də, onlar çoxdanın, lap çoxdanın tanışı idilər. Vağzalda aralarından dərin bir dəmir yolu xətti şütüyüb keçirdi. Dəmir yolunun sağında yaşı bəlli olmayan, saqqallı, iki ayağı dizdən aşağı kəsilmiş və bunun ucbatından ömürlük əlil arabasına məhkum olunmuş keçmiş döyüşçü idi. Hər səhər buruq saçlı bir oğlan tələsə-tələsə onu “işə” gətirirdi. Adam yerini tutan kimi, zirək köməkçi harasa yox olur, bir azdan yüklə geri qayıdırdı. Yeşiyi qoyub üstünə tələsik siqaret düzür, evdən gətirdiyi bağlamanı da əlilin yanına qoyub adamların arasında gözdən itirdi.
Əlil də axşama kimi yanından ötüb-keçənlərə siqaret təklif edir, arabir termosdan çay süzüb içir, alveri yaxşı gedəndə şey-şüylərin içindən əl boyda radiosunu  tapıb qurdalayırdı.
Yolun solundakı isə əldən düşmüş, arıq, sısqa bir qarı idi. Hər səhər eyni vaxtda vağzala gəlir, öz yerini tutur, axşamüstü dispetçer sonuncu qatarı elan edib  yola salandan sonra ayaqlarını sürüyə-sürüyə çıxıb gedirdi.
Bu müəmmalı qarının hər gün vağzala gəlməsi, eyni yerdə dayanması, gözləməsi əvvəllər əlili əməlli-başlı özündən çıxarırdı. Bilmirdi bu qarı vağzala niyə gəlir, kimi gözləyir, sonra niyə çıxıb gedir. Bir xeyli göz qoyandan sonra gördü ki, bu qarının nə gələni var, nə gedəni. “Niyə” sualı bir müddət əlili rahat buraxmasa da, sonra bütün bunlara alışdı. Hər səhər “işə” gələndə gözü birinci qarını axtarırdı. Qarı da Allah üçünə vaxtında gəlirdi, onu intizarda-zadda qoyub eləmirdi.
Qarı da eynən onun kimi bir küncdə dayanıb zəif gözləri ilə qarşı tərəfdəki əlil arabasına göz qoyur, ürəyində tez-tez:
– Anan ölsün, bala,  səni bu günə salanı zəlil günə qalsın, indi heç ikiayaqlılar özünü saxlaya bilmir, sən belə necə yaşayacaqsan? – deyirdi.
Hərdən də özünə sual verirdi ki, görəsən, bu zavallının kimi-kimsəsi varmı?
Soyuq havalarda qarının qanı lap qaralırdı. Ürəyində “Donub öləcək, qurda-quşa yem olacaq, kimsə  xəbər tutmayacaq” – deyib ağlamsınırdı.

Əlil də soyuq havalarda qarını məzəmmət edirdi:
– Qoca arvadsan, qaxıl otur da xarabanda! Bu havada evdən  çıxmaq olar? Allahın altında  biləydim ki, bu qarını vağzala gətirən nədir?
Bir səhər qarı vağzala gəlmədi. Əlil nə qədər  yolun o tayına boylansa da, xeyri olmadı. Əvvəl gözlədi, sonra  narahat olmağa başladı, gün günorta olanda ağlından bircə bu keçdi:
– Qarı öldü, hə öldü, canı qurtardı bu zillətdən. Özü də dincəldi, mən də.
Bu sözləri deməyinə dedi, amma gözünün yaşını saxlaya bilmədi.
Yad səs onu diksindirdi. Kimsə siqaret istədi, müştərinin xırdasını qaytarıb yenə yolun o üzünə, qarının dayandığı yerə boylandı.
Noyabrın əvvəli olsa da, tərslikdən quşbaşı qar başlamışdı. Zirək köməkçi bir anda peyda olub, şey-şüyləri yerbəyer edib əlili apardı…
… Qarı bir müddət gözə dəymədi. Əlil artıq onu unutmağa başlamışdı ki, bir səhər gözünə inanmadı. Qarı əvvəlki yerində dayanmışdı. Əlil doğmasını tapan adam kimi sevindi. Bu dəfə müəmmalı qarının sirrini, necə olursa-olsun, öyrənəcəkdi…

Qonşuluğundakı pinəçini səsləyib qulağına nə isə pıçıldadı. Pinəçi yolun o üzünə baxıb duruxdu, çiynini çəkdi, nə isə demək istədi, amma əlilin sözündən çıxa bilmədi. Yerlərini xırdavat satana tapşırdılar. Pinəçi əlil arabasını sürüb bir xeyli uzaqdakı körpüdən yolun soluna keçirib qarının dayandığı yerdə saxladı. Qarı öz aləmində idi.
Əlil qarıya yaxından, lap yaxından tamaşa etməyə başladı. Yun yumağına oxşayan bu qarı nəyisə həsrətlə, çox həsrətlə gözləyirdi. Dispetçerin səsi gəldi: “Bakıdan Lənkərana gedən qatar bir neçə dəqiqədən sonra yola düşəcək”. Qatar yola düşüb gözdən itəndə, qarı bir az da büzüşdü. Kor-peşman vağzaldan uzaqlaşdı. Əlil arabası ilə qarını qarabaqara izləyirdi.
Qarı çox da uzağa getmədi. Vağzalın yaxınlığındakı köhnə həyət evlərinin birinin bala qapısından içəri girdi.
Əlili maraq bürümüşdü. Pinəçi özünü saxlaya bilməyib dilləndi.
– İndi neyləyək?
Əlil:
– Bir az gözləyək, deyib siqaret yandırdı. Bir azdan qapı açıldı. Həyətdən bir-birini  dürtmələyə-dürtmələyə iki oğlan uşağı çıxdı. Qardaş olduqları bəlli idi. Deyəsən, dərsə gedirdilər. Gəlib əlilin yanına çatanda yaşca böyüyü əlini cibinə salıb çıxardığı qəpiyi xeyirxahlıqla əlilə uzatdı. Uşağın gözlənilməz hərəkəti əlili çaşdırsa da, balacanın əlini geri itələyib mehribanlıqla soruşdu:
– O qarı sənin nəyindi?

(Ə. Q.🙂

Həyəcanlı idi əlil, həm də çox… Verdiyi sualın cavabını eşitdiyi ana qədər keçən müddət ona çox uzun gəldi, çox… Sanki aradabir “Kaş heç cavab verməyələr, kaş bura gəlməyəydim” kimi düşüncə selinə də uğradı. Birdən… – deyə özünə sual etməyə də vaxt tapdı, hələ bir… Bir suala cavab gözləmək bundan daha uzun çəkə bilməzdi, sanki… Oysa, sualla cavab arasında bir an – bircə an keçmişdi və uşaqlar dodaqbasaraq dilləndilər:
-Əmi, əmi, nənə… nənə… eh, qoy mən deyim… yox, mən…
-A bala, bir söz deyin də… Bir-bir danışın də… Nə kələyirsiz axı? – pinəçi dedi.
Uşaqların bir az diribaşı dilləndi bu dəfə:
-Əmi, Tuyac nənəni buyda hamı tanıyey… o, heç kimi incitmey… Hamı onu çox istey… Qoy, biycə… anam gəley, indi – o biley həy şeyi…
Elə bu an uşaqların anası olduğu hər halından hiss edilən və uşaqların da, “Ana, ana, əmi Tuyac nəneyi soruşoy” deyə müraciət etdiyi xanım “hadisə yeri”nə yaxınlaşdı. Ədəb qarışıq utancaqlıq və bir o qədər də maraqla salam verib, salam alan xanım elə ilk sözünəcə, ədəbini də, utancaqlığını da, marağını da “yüklədi”:
-Bağışlayın, qardaş, xeyirdi inşallah, Turac nənə iləmi maraqlanırsız?
-Hə, bajı. Sizə bir zəhmət, Turac nənəni bizə anlatsana.
-Vallah, qardaş, nə anladım? –  Turac nənədi, də… – Açığı, siz belə nəsə tanış gəlirsiz, sizin sualınız, sizinlə danışmaq narahatçılıq yaratmır. Yəqin siz də onu stanisyada gömüsüz, xeyirxahlıqla, bir yaxşılıq etmək üçün soruşursuz.
Gələn iki “maraqlı adam”ın üz-gözündən keçən işıq xanımı bir az da ürəkləndirdi:
– Bilirsiz, Turac nənə səksəninci illərdə, aman-zaman oğlunu bax, bu qarşıdakı stansiyadan yola salıb – Əfqanıstana. Əfqanıstanı da görüm, Allah xaraba qoymasın, o gün-bu gün bir dincliyimi var, yazıq Əfqanıstanın… Təsəvvür edin, vaxtaşırı qara xəbər gəlir, metal tabut gəlir hansısa kəndə, hansısa evə… Turac nənə də neynəsin? – Oğlu zalım da, gedərkən – ayağını vaqona qoyarkən, qanrılıb, yarızarafat, yarıgerçək deyib ki, “ana, ana, 2 il tamamında burdayam. Bax, məni özün qarşıla, ha! Yoxsa, gəlsəm, görsəm, burda yoxsan, geri dönəcəm.” Allahdan kəsilmişdiyə bax, də, qardaş. –Elə bil, dedirdicilər, dedirdib.

Ana ürəyi… saat-saat, gün-gün sayıb, iki il tamamında, hələ, ehtiyat üçün 3-4 gün də qabaqdan kəsdirib stansiyanı. – Oğlum, dürüstdü, harda deyib, orda da düşəcək, havaxt deyib, o vaxt da gələcək, deyə, saatı-saata, günü-günə calaya-calaya bax, bu günə, bu hala gəlib çıxıb… Belə, artıq vaxt ölçüsünü də itirib, elə bil… Sanki hələ də “iki il” təzəcə tamam olacaq… Sanki zaman ölçülərini dəyişdirib Turac nənə – oğlunun yoxluğu ilə heç cür barışmaq bilmir ki, bilmir…

Turac nənə üçün məkan da dəyişib – bir anlama. Hər dəfəsində vağzalın eyni yerində durduğuna baxmayın. Qarabağ savaşları başlayanda, camaat cəbhə xəbərlərini bölüşəndə, Turac nənə Əfqanıstana göndərdiyi oğlunu… Qarabağda döyüşdürürdü… – Bilmirəm, fikrimi çatdıra bilirəmmi?

Gəlin bir xeyli danışdıqdan sonra (elə bil o da bu mövzuda həmsöhbət axta¬rırmış…) onun dediklərini başını sambamaqla “təsdiqedici” bir şəkildə müşayiət edən əlil dilləndi bu yerdə:
– A bajı, bəs, bu son günlər niyə gözə dəymir Turac nənə? –Bilmək olarmı?
– Ay qardaş, möcüzə kimi bir şeydir – o arvad düz-əməlli televizora baxan, radioya qulaq asan, nə bilim, qəzet oxuyan deyil, ancaq, hanı, bu Xoşqədəmin verilişi yoxdumu? – “Səni axtarıram” – hə, bax, onun Əfqanıstan buraxılışına baxdı, bizə də çoxlu qarışıq suallar verdi, öz-özünə danışdı-danışdı… səhər gördük, həyət-bacaya çıxmayıb. Mən yanına keçdim, dedim, görüm, noolub? – Rəngi-ruhu söndürülən işıq misalı sönmüşdü… Eləncə, su istədi. Yatağının yanındakı üstü buta işləməli gümüş parçı götürüb, su gətirdim. – İçmədi. – Dedi, mən bu parçla oğlum gedən qatarın dalınca su atmışam… O gəlmədi. Su atmaq da yalandı, qatar da, oğul da, vəfa da…

Açığı, mən pərt oldum, tutuldum… Yaxşı ki, özü dilləndi. – Görün, nə deyir, Siz canınız, heç onun halına, durumuna yaraşan sözdümü.!? – “Yalan olmağına yalandı… ancaq inanmağına, gözləməyinə dəyər!”
Nə deyim, vallah… Başınızı ağrıtdım. Mən getməliyəm, sağ olun.
Əlil də, pinəçi də qurumuş dodaqları arasında zorla qopan sözlərlə cavab verdilər ona:
-Əstəfürulla, bajı, siz bizi bağışlayın. Biz eşitdiyimizi eşitdik. Gerisi Tanrılıqdı!
Sağollaşandan sonra, əlil qanrılıb, daha bir neçə kəlmə əlavə etməyə ehtiyac duydu:
-Bajı, baxarsan, bu söhbətimizin bir nəticəsi olajaq. Mütləq olajaq! Dünya boşuna deyil, burda nəsə bir hikmət var; bu elədiyimiz söhbətdə, bu qəribə maraqda, bu hadisə axınında bir  kəramət var. Baxarsız!

Gəlin heç nə demədi, çiyinlərini çəkib, getdi…
Turac nənə yatağından, otağından çıxırdı bu dəm. O, bayıra çıxarkən əlil və pinəçi xeyli uzaqda qaraltı kimi görükdü onun gözünə… – Gedirdilər… –Turac nənənin dəmir yolunun bu üzündən o üzünə özünə də bəlli olmayan və sözlərə tökə bilmədiyi… bir əsasla “enerji balansı” qurduğu adam gedirdi…

Dövrə qapanmış, hərəkət tamamlanmışdı..! Burda bir dönəm son bulub, başqa bir dönəm başlayacaqdı… – Turac nənənin üzünü “oxumaq” mümkün olsaydı, baxışlarını “tərcümə etmək” mümkün oldsaydı, yəqin bu cümlələr alınardı…

(Qaynaq: “VARİASİYA”http://www.publika.az/index.php?action=static_detail&static_id=48303&project_id=51)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.