Ana səhifə YENİLİKLƏR “Turan” və “Əlvida”

“Turan” və “Əlvida”

Müəllif: Bizim Yazı
776 baxış

Müqəddəs Ramazan ayında millət vəkili Qənirə Paşayevanın “Turan” və “Əlvida albomlarının möhtəşəm təqdimatı keçirilib

Bakıda “Cıdır” restoranında millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnı və kompozisiyalardan ibarət 2 albomun möhtəşəm təqdimat mərasimi keçirilib.
Bu albomlardan biri vətənpərvərlik mahnıların toplandığı “Turan” albomudur. Albomda “Vətən” sözünün hər bir məqamını özündə cəm edən 8 mahnı yer alıb. İkinci albom isə “Əlvida…” adlanır və burada 16 mahnı yer alıb. Təqdimat mərasimində millət vəkilləri, bir sıra şirkət rəhbərləri, müğənnilər, bəstəkarlar, ziyalılar, media və ictimaiyyətin bir sıra nümayəndələri iştirak edib.
Təqdimat mərasimini tədbirin təşkilatçılarından biri və aparıcısı, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva açıq elan etdi. Tünzalə xanım ilk növbədə tədbirdə iştirak edən hər bir kəsi salamladı və millət vəkili Qənirə Paşayeva haqqında öz ürək sözlərini, həmçinin təqdimatın məqsəd və məramını diqqətə çatdırdı: “Mənim əziz bacım Qənirə xanım öz yaradıcılığını artıq kifayət qədər geniş bir auditoriyaya tanıda bilib və onun yaradıcılığı artıq ədəbiyyat aləmində hər kəsə çox yaxşı bəllidi. Bu gün bildiyiniz kimi iki albom təqdm olunur və hər iki albom məhz bu xanımın qəlbinin dərinliklərindən süzülüb gələn duyğuların bir təsdiqi və sübutudur. Qənirə xanımın qəlbindən gələn hər iki albomda cəmiyyətə çox güclü bir mesaj var. Həmçinin qeyd edim ki, hər iki albomdan gələn gəlir xeyriyyə məqsədlərinə sərf olunacaq”. Daha sonra Tünzalə xanım səhnəyə millət vəkili Qənirə Paşayevanı dəvət etdi.
Qənirə Paşayeva çıxışına təqdimat mərasimində iştirak edən hər biri kəsi salamlamaqla başladı : “ Mən bu gün bura toplaşan hər bir kəsi salamlayıram və onu qeyd etmək istəyirəm ki, gələn bütüb qonaqlar bizim gerçək dostlarımızdı. Çünki onlar bizim mesajımıza biganə qalmayıb təşrif buyurublar. Mən burda çox dəyərli dostlarımı və məsləkdaşalrımı, millət vəkillərini – Jalə Əliyevanı, Leyla Abdullayevanı, Ceyhun Osmanlını burda görürəm və onların hər birini salamlayıram və xoş gəlmisiniz deyirəm. Daha sonra qardaş ölkədən gələn dəyərli bir xanım, tanınmış sənətçi Nursaç Doğanişıq, Avropa Qəzetçilər Birliyi başqanı Adnan Fişəng də aramızdadı. Onları da salamlayıram və xoş gəlib, səfa gətiriblər deyirəm. Həmçinin dəyərli mədəniyyət nümayəndələrini, bizim sevimli sənətçilərimizi və bəstəkarlarımızı da salamlayıram. Aygün Səmədzadə, Tünzalə Ağayeva, Lalə Məmmədova, Eyyub Yaqubov, Elza Seyidcahan, Ayaz Qasımov, Vüsal Hacıyev və başqaları bu axşam bizim aramızdadı, onları da salamlayıram. Bu disklər mənim adımla bağlı ola bilər, amma burda bu insanların da əməyi var və bu danılmaz bir faktdır.”
Qənirə Paşayeva bildirdi: “Mən gələn qonaqlara, media nümayəndələrinə təqdimat mərasiminin əsas məqsəd və məramını izah etmək istərdim.. Bu təqdimat ənənəvi mərasimi olaraq deyil, bir xeyriyyə aksiyası şəklində gerçəkləşir. Mən müqəddəs Ramazan ayında çıxan bu hər iki albomun satışından gələn bütün gəliri imkansız və ehtiyacı olan ailələrin problemlərinin həllinə yönəldəcəm. Belə ki, xeyriyyə aksiyası şəklində keçirilən təqdimat mərasimi zamanı albomların satışından əldə olunacaq bütün vəsait elə təqdimat mərasimin sonunda görmə qabiliyyətini itirmiş iki istedadlı gəncimizə- Zeynəb və Mehmana təqdim edəcəyik “.
Millət vəkili hər iki gənc- Zeynəb və Mehman haqqında geniş məlumatı qonaqların diqqətinə çatdırdı. Daha sonra Qənirə xanım media nümayəndələrinə niyə daha çox yükü öz çiyinlərinə götürmələri sözlərinə aydınlıq gətirdi : “ Mən onu da qeyd edim ki, biz bu həyatda heç nədən sığortalanmamışıq və heç birimiz bilmirik ki, başımıza sabah hansı işlər gələ bilər. Mən media nümayəndələrindən bu istedadlı gənclərin tanıdılmasında müəyyən mümkün addımların atılmasını istərdim. Bu gənclər heç kimdən, heç nə ilə fərqlənmirlər, bəlkə də daha yüksək bir mövqedə dururlar. Media nümayəndələri ilk növbədə bunları təbliğ etməlidir. Bu gənclər digər həmyaşıdarından heç nə ilə fərqlənmir, mən deyərdim ki, bunlar dünyanı daha doğru və düzgün dərk etmək qabiliyyətinə malikdirlər. Zeynəb çox gözəl şeirlər yazır, Mehmanın isə çox gözəl səsi var. Həmçinin burda digər bir gəncimiz də var. Onun da adını çəkmək istəyirəm. Murad çox istedadlı bir gəncdir. Mən inanıram ki, onların çox parlaq bir gələcəyi olacaq”.
Millət vəkili ədəbi aləmdə heç bir şeyə iddialı olmadığını da vurğuladı. Daha sonra söz musiqiyə verildi.Qənirə xanımın qəlbləri titrədən sözlərinə yazılmış möhtəşəm musiqiləri, “Ey anam Azərbaycanım”la başlayaraq Tünzalə Ağayeva ifa etdi.
Sonra öz ürək sözləri və fikirləri ilə bölüşmək üçün millət vəkili Ceyhun Osmanlı dəvət olundu. Millət vəkili bu cür xeyriyyə aksiyalarının mütəmadi olaraq keçirilməsindən danışdı : “ Mən dəyərli bacım, Qənirə xanım Paşayevanın daima xeriyyə aksiyalarını təşkil ediyinin şahidi olmuşam. Bu xeyriyyə aksiyası da müqəddəs Ramazan ayında iki gəncimizə dəstək üçün təşkil olunub. Mən də öz tərəfimdən bir dəstək olaraq Zeynəb qızımızn kitabını və ya diskinin çıxarılmasını öz üzərimə götürürəm “.
Qardaş Türkiyədən gəlmiş dəyərli səbətçi Nursaş Doğanişıq Aərbaycana Qənirə xanım tərəfindən dəvət aldığını vurğuladı : “ Mən dəvət aldığım andaca qərarımı verdim ki, mütləq Azərbaycana gələcəm. Burda olduğum üçün çox qürur duyuram” . Daha sonra Nursaç xanım öz məlahətli səsi ilə qonaqlara musiqilər bəxş etdi.
Daha sonra səhnəyə dəyərli bəstəkarımız Aygün Səmədzadə dəvət olundu. O, Qənirə xanımı uğurlu təqdimat mərasimi münasibətilə təbrik etdi : “ Hər iki albomda yer alan şeirlər Qənirə xanımın bir incisidir. Bu işdə bizim də bir qatqımız və əməyimiz varsa, bundan yalnız qürur duymaq olar “.
Albomda öz ifası və rəngarəngliyi ilə yer alan hər bir müğənni – Eyyub Yaqubov, Lalə Məmmədova, Elza Seyidcahan, Ayaz Qasımov, Vüsal Hcıyev öz təbrik payını elə Qənirə xanımın sözlərinə yazılmış musiqilərlə etdi.
Müğənnilərin təbrik və ifalarından sonra hər üç gənc öz istedadını gələn qonaqlara nümayiş etdiridi. Qəlbləri titrədən səsi ilə Zeynəb özünün bir neçə şeirini, Murad və Mehman isə öz ifalarını təqdim etdi.
Təqdimat mərasiminin sonunda hər iki albomdan əldə olunan vəsait iki gənc arasında bölüşdürüldü. Həmçinin yaradıcılıqlarını daha da genişləndirə bilmələri, albom və kitablarını nəşr etdirə bilmələri üçün bu gənclərə bir imkan da yaradıldı. Millət vəkilinin dostlarına müraciəti cavabsız qalmadı. Hər 3 gəncin klipinin çəkilməsi, albomlarının buraxılmasını Qənirə xanımın müraciətinə cavab olaraq dostları öz üzərlərinə götürdülər. Millət vəkili onlara təşəkkür etdi və bildirdi ki, bu təqdimatda onu ən çox sevindirən məsələlərdən biri də bu oldu. Millət vəkili bildirdi ki, bu işlər həyata keçən kimi şəxsən özü Mehman, Murad və Zeynəbin təqdimatlarını keçirəcək və bütün dostlar birlikdə onların yeni uğurlarını qeyd edəcəklər.
Sonda təqdimat mərasimində iştirak edən qonaqlarla xatirə şəkilləri çəkildi və millət vəkili Qənirə Paşayeva belə tədbirlərin tezliklə işğaldan azad olunacaq Qarabağda da keçiriləcəyini vurğuladı.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.