Ana səhifə YAZILAR DAĞLI DAĞLAR

DAĞLI DAĞLAR

Müəllif: Bizim Yazı
455 baxış

Rəhman Bəhmanoğlu (Laçınsız)

Laçın! – Ulu yurd, qəhrəmanlar diyarı! Əlçatmaz zirvələrinlə, uca dağlarınla, qalın meşələrinlə, sərin – dişgöynədən buz bulaqlarınla, tükənməz sərvətinlə, coşğun – qıjhaqıjla axan dağ çaylarınla fəxr edirdi sənin oğulların, igid ərənlərin, hər vaxt düşmənə meydan oxuyan yüzlərlə qəhrəmanın…

Laçın, sən, sənin dağların, özü kimi cəsarətli, əyilməz, vüqarlı, qorxmaz igidlərin – Soltan bəyin, Xosrov bəyin, Qaçaq Nəbinin, Oktay, Kamil, Şahverdi, Qorxmaz kimi milli qəhrəmanların, İslamın, Vaqifin, ölümün gözünə dik baxan Rzanın, Elnurun, Ramizin, Arazin, İsanın, Mehmanın, Yusifin, doğma torpağından çıxmağı qeyrətinə sığışdırmayan 75 yaşlı Yusifəli kişinin, 72 yaşlı Kamran bəyin, İmamverdinin və onların dəstəsindən olan neçə-neçə qəhrəman oğulların vətəni idi.

Haşiyə: Laçın şəhərinin bünövrəsi 1924-əü ilin əvvllərində qoyulmuşdur. Azərbaycan İctimai Şura Cəmiyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi Simurqun təklifi əsasında o ərazinin yaxınlığında yerləşən Laçın dağının adından götürülərək həmin şəhər Laçın adlandırılmışdır.
Laçın rayonu Azərbaycan Respublikasının güney-batısında yerləşir. Quzeydən Kəlbəcər rayonu, doğudan Şuşa, Xocalı və Xocavənd rayonları, güneydən Qubadlı rayonu, batıdan isə Batı Azərbaycan torpaqlarında yaradılmış “Ermənistan Respublikası” ilə həmsınırdır. Ərazisi 1835 kv.km-dir. Rayonda 1 şəhər, 1 qəsəbə və 125 kənd var(dı)…
Dağlıq relyefə malik olan Laçın rayonu silsilə dağlarla – Dəlidağ-Qırxqız, Sarı baba, Kirs dağları ilə çevrələnmişdir. Laçın rayonu xüsusi strateji önəmə malik olan bir coğrafi məkandır.
Sərt dağlıq yerlərdə yerləşən Laçın rayonunun iqtisadi-sosial və mədəni inkişafı xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1971-ci il noyabr tarixli “Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında”, Azərbaycan KP MK bürosunun 6 avqust 1974-cü il tarixli, “Laçın şəhərinin 50 illiyi haqqında” qərarları, Laçın rayonunun iqtisadi-sosial və mədəni həyatında tamamilə köklü dönüş yaratdı. Laçın şəhərinin siması tamamilə dəyişdi. İstər Laçın şəhərinin mərkəzinə, istərsə də kəndlərinə sərt dağları yara-yara geniş magistral yollar çəkildi. Bu yollar çətin dağlıq ərazidə yerləşən Laçın rayonunun ictimai-mədəni həyatında və onun yüksəlişində yeni dönüş yaratdı.
Ulu öndərimizin verdiyi qərar və göstərişlərin yerində və uğurla həyata keçməsi onun düzgün kadr siyasətinin sonucu idi. Belə ki, o vaxt Laçın rayonuna təyin etdiyi müdrik el ağsaqqalı, mərhum Muradxan Cabbarovun yüksək idarəetmə qabiliyyəti və təşəbbüskarlığı bu dağ rayonunda həmin çətin problemləri aradan qaldırırdı.
…60-cı ildən sonra Laçın rayonu sürətlə inkişaf etdi. Bu respublikada Heydər Əliyevin, yerdə isə Muradxan Cabbarovun gərgin əməyinin, zəhmətinin sonucu idi. Onlar hər biri öz miqyasında zirvəyə qalxmaq üçün yorulmadan mübarizə aparırdılar və buna da nail oldular.
70-ci illərdə Laçın rayonunun siması tamamilə dəyişdi. – Ulu öndərimizin təbiri ilə desək, mümkün olmayanı mümkün oldu. – Laçın abad və gözəl bir diyara çevrildi. Dağlar qoynunda, dağlar şəhəri çiçəkləndi. Ora yolu düşənləri heyran etdi Laçın.

Bu torpaq Sarı Aşıq kimi söz bahadırlarının, Salman Salahov kimi, Xasay Cabbarov kimi gözəl, səlis, natiqlik məharəti və dərin elmi, zəkası ilə təkcə öz xalqının yox, qeyri millətlərin nümayəndələrini də heyran qoyan, imkansızlara dayaq duran alicənab və xeyirxah alimlərin vətəni idi.

…Böyük mütəfəkkir şairimiz Nizami Gəncəvi yazırdı:

Sordu köhnə qızılmı, təzə sözmü yaxşıdı,
Söz sərrafı söylədi söz dünyanın naxışıdır.

– Bəli, gözəl nitqi və dərin elmi ilə qəlbləri fəth etmək, köməksizlərə arxa durmaq, çətin vaxtlarda onların əlindən tutmaq gözəl alim Xasay Cabbarov, Laçınlı general, gözəl şair və ziyalı Eldar Abbasov kimi dağ vüqarlı insanlara məxsus idi ki, belə insanları o dağlar öz qoynunda böyütmüş, Azərbaycan xalqı üçün yetişdirmişdi. Xasay Cabbarov öz yüksək mədəniyyəti, dərin elmi biliyi və zəkası ilə gənclərin həyat idealına çevrilmiş, onun həyat yolunu gənclər özlərinə örnək və həyat məktəbi seçmişdilər. Görəsən o əvəzedilməz insanların, oğulların doğulduğu, boya-başa çatdığı torpaqları kimlər yağılar tapdağına verdi, kimlər o torpağa xain çıxdı?

Onların ruhu görəsən bizi bağışlayacaqmı? – Yox! Yox! Yenə də yox!

Dağlar indi qara geyib ağlayır,
Köhnə sirdaşlarını o soraqlayır.
Kəfənsiz ölənə çələng bağlayır,
Xasay təki bir dühanı itirdik.

Nə qədər digər yerlərdə rahat olmaq, bir an belə rahat olmaq istəyirsənsə də, otura bilmirsən, yata bilmirsən – sanki oturduğun yer də, həyat da səni sıxır. Hər yandan elə bil səni sorğu-suala tuturlar ki, insan doğulduğu torpağı layla çaldığı anasının beşiyini, babasının ocaq çatıb fətir yapdığı dəyirman daşını, nənəsinin nehrə çatmasını, on illərlə xeyir-bərəkəti tükənməyən taxıl zəmisini, kömbə bişirdiyi ocaq yerini, yaşadığı elinin, obasının hər bucağı bir dünya olan sirli-soraqlı, tükənməyən sərvətli o yerləri unudarmı? –Yox! Yox! Yox! 
Ya zəlzələdən ya vəlvələdən… bizsiz qaldı Laçın – alınmaz qala, basılmaz səngər olan Laçın, Laçın dağları – Sarı baba, Qırxqız, Kirs dağları…  Biz onsuz, o bizsiz yetim qaldı(q)… Şırhaşırla şaqqıldayan Həkərinin dili lal oldu. Dişgöynədən Turşsu, Çarıq bulaq, Kolavatın bulağı, neçə-neçə bulaqlarımız daşa döndü.

Bu yerlərin havasının, suyunun, qədrini, qiymətini bilən, mayası bu yerlərin min bir naz-neməti, gül çiçəyi olan kəklikotusu, qırxbuğumu, çayçiçəyisi, itburnusu, zirinci, zirəsi, qantəpəri ilə tutulan insanlar heç yerdə qərar tuta bilmədilər. Nə gözlərinə yuxu getdi, nə də qıçxları qatlandı oturalar…

Qaçqın düşdükdən sonra getdikləri yer-yurd onları diddi. Bir an rahat buraxmadı.

Burada Laçınlı söz ustası Sarı Aşığın bir bayatısı yadıma düşdü:

Əzizinəm Həkərim,
Yağım, balım şəkərim.
Xan, sənə öz vətənin,
Mənə də öz Həkərim.

Bəli, 17 ildir ki, 59 rayona səpələnmiş 68 min Laçınlının hamısı Həkərisiz, Laçınsız darıxır, dayana, dura bilmir. Gözlərimizə qaranlıq çökdü, Laçın. Övladlarının çoxu dünyasını dəyişdi, həyatla vidalaşdı. (Allah onlara rəhmət eləsin, qəbrləri nurla dolsun.) Ancaq bu qaranlığın içərisində bir ümid, bir işıq görünür Laçın dağlarına sarı. Bu işıq ulu öndərimizin qoyub getdiyi yolun ləyaqətli davamçısı olan hörmətli prezidentimiz İlham Əliyevin torpaqlarımızın qayıtması üçün yorulmadan mübarizə aparmasından doğan inam və ümid işığıdır ki, həmin işıq bizi Laçın dağlarına səsləyir və deyir:

Əzizim, yurdum qaldı,
Nə qədər qurdum qaldı.
Bu dünyanın işinə
Qurudum, durdum qaldım!

Əizim, ata yeri,
Yurd yeri, ata yeri.
Heç qeyrətə sığışmır,
Oğullar ata yeri!

Əzizim, Lalalı dağı,
Səngər, Qalalı dağı.
Düşmən əlində qaldı,
Nə vaxt alalı dağı?!.

Bəli, yağılar tapdağında qalan o füsunkar və əsrarəngiz təbiətə malik, tarixi qəhrəmanlar yetirən Laçın, dövlətimizin, xalqımızın səyi ilə alınacaq, biz buna ümid etmirik, buna İNANIRIQ! Laçın dağının üzərində Azərbaycanın üçboyalı bayrağı dalğalanacaq. Azadlıq günəşinin zərrin şəfəqləri yenidən o dağları nura boyayacaqdır.

Məhvərindən çıxmış Həkərim öz məcrasına qayıdacaq. Yur-yuvası dağılmış insanlar yenidən öz dağılmış komalarına üz tutub onu bərpa edəcək.

Biz haqq yolundayıq. Haqq isə Allahın köməkliyi ilə qalib gələcək!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.