Ana səhifə TÜRK DÜNYASI TURAN SAVAŞÇISININ NƏĞMƏLƏRİ (poema)

TURAN SAVAŞÇISININ NƏĞMƏLƏRİ (poema)

Müəllif: Bizim Yazı
745 baxış

 

 

Elçin İSGƏNDƏRZADƏ

Böyük Ustad Çingiz Ağa Torekul oğlunun əziz xatirəsinə

 

***
Erkən gələn durnalar
uçur başımız üstdən.
Erkən gələn durnaları
özləyirəm hər il mən.

Erkən gələn durnalarla
bahar gəlir dağlara.
Durnalara qoşulub
uçub getdim bir ara.

Göy səma süslənibdi
durna cilvələriylə.
Buludlarla savaşır
dağlar zirvələriylə.

Göy səmada rahatlıq
tapır qərib ruhumuz.
Tanrı dağlarımızda
çin olacaq yuxumuz.

Erkən gələn durnalar
könlümüzün sirdaşı.
Min illərdi qurumur
Anaların göz yaşı.

Min illərdi axar sular
axır, axır, durulmur.
Gözümüz asimana
baxır, baxır, yorulmur.

Erkən gələn durnaları
gözləyir sıra dağlar.
Erkən gələn durnalara
əl eləyir uşaqlar.

Yenə namaz üstədi
bizim mələk analar.
Yenə səsləyir bizi
erkən gələn durnalar.

Yenə də xınalıdı
gəlinlərin əlləri.
Durna haraylarına
hay verin Türk elləri.

Beştelli durnam mənim
bir namərd hədəfində.
Şəhid ruhları uçur
durnaların səfində…

***
Uçağımız endi yerə
Bişkek hava limanında,
Manas dədə qarşıladı
bizi səhər dumanında.
Yalnız ozan deyil, Manas
bir ulusa başçıdı.
Qopuzuyla, nəğməsiylə
o da bir savaşçıdı.
Hər qırğız Tanrı bəndəsi,
hər qırğız bir Manasçıdı.
Qırmızı yaylıqlı qovaq kimidi
bu yerlərdə gənc qızlar –
göz görər, könül vurular.
Eşq dedikləri buymuş –
axar sular durular.
Ağac olub çiçək açmaq,
keçir könlümdən, Allah!
Quş olub göydə uçmaq
keçir könlümdən, Allah!
Manas dədə dua elə,
dua elə mənim üçün.
Bir daha bu dünyaya
yenidən gəlim bir gün…

***
Mən ilk dəfə bir səhər
Ala-too dağlarını görəndə
anladım ki, bu dünyada
bir Manasçıyam mən də.
Atlılar ötüb keçdi
saksaul çöllərindən,
anladım ki, bu dünyada
bir savaşçıyam mən də.
Anladım ki, ömrümüz
nə röyadı, nə yuxu.
Bu dağlarda dolaşır
babalarımızın ruhu.
Tanrım, mən bir savaşçıyam
bayraqları rüzgarlarla çarpışan.
Yəhərlədim ağ atımı,
daha umrumda deyil
nə can,
nə şöhrət,
nə şan.
Tütya Türk torpaqları
buxur və qan qoxuyur.
Qılıncımız düşmənə
ölüm hökmü oxuyur.
Anladım ki, Çingiz ağa,
mənim atım
sənin atına qardaş.
Bu dünyada mənim adım
sənin adına qardaş.
Ocağımda yanan odum
sənin oduna qardaş.
Tanrı dağlarımızdan
mavi  Dunaya qədər
bir savaş bəklənir yenə.
Anladım bir yaz gecəsi,
mələklər qiyamət günündən əvvəl
son savaş öncəsi
nələr pıçıldayır mənə…

***
Bu ellər Türk elləridi,
Manas oğlu Çingiz ağa.
Bu çöllər Türk çölləridi,
Manas oğlu Çingiz ağa.

Yolumuz, yönümüz bir,
Dilimiz, dinimiz bir,
Bu gecə röyama gir
Manas oğlu Çingiz ağa.

And olsun qələmə, sözə,
And olsun bu yola, izə,
Ölüm heç yaraşmır bizə –
Manas oğlu Çingiz ağa.

Yəhərlədin ağ atını,
Tarixə yazdın adını…
Gördüm bəyaz qanadını
Manas oğlu Çingiz ağa.

Dağlara meyl salmışıq,
Tanrıdan buta almışıq,
Qopuz, tambur, saz çalmışıq
Manas oğlu Çingiz ağa.

Ala-too düşdü yada,
O dağlara canım fəda.
De bitməzmi bu qan-qada
Manas oğlu Çingiz ağa.

***
Bişkeklə ilk görüşümü
unutmaram heç zaman.
Durub baxdım göy üzünə –
qərib göy üzü azman.
Bişkek yaşıl bir vadidi,
göy üzünün altında
cilvələnir hər an,
cilvələnir əlvan-əlvan.
Bişkek ata məmləkətimiz,
Beşiyimiz, həsrətimiz.
Haydı, qırğız qardaşlarım,
mən Qarabağlı bir ozan.
Xarıbülbülüm
əsir qalıb qara bağlarda,
Mən bir durna çırağı
yandırmışam dağlarda.
Bişkekdə saat səkkiz,
Bakıda gecəyarı,
durna çırağının işığında
yazıram bu misraları…
Xəzərin sahilində oturub
Çingiz Ağa ilə konuşuram xəyalən, –
Bişkekdə,
İsık göldə
görüşmüşdük böyük Ustad.
Bakıda, Brüsseldə,
Moskvada, Vyanada, Parisdə,
Praqada, Tunisdə
Turanın dərdlərini
bölüşmüşdük böyuk Ustad.
Harda olsaq başımızın üstündə
Çingizxanın ağ buludu.
Harda olsaq içimizdə
qardaşın Şahmarın Turan umudu…
Sayqakları güllələdilər
sərxoş yadellilər,
Maral ana ağı dedi, –
dağlar ayağa durdu…
Qırmızı yaylıqlı qovaqlarımızı
ildırımlar vurdu…

***
İsık gölün sularında
Ay çimir gecəyarı.
Hardasa Qurd ulayır
üzü göylərə sarı…

Qurd səsi birdən-birə
diksindirdi sükutu.
Dağların ötəsində
Çingizxanın buludu.

İsık göl ağ aynadı –
Ay baxır bu aynadan.
Qurd səsidi bu gecə
ruhu təndə oynadan.

Ala-too dağları –
göylər çiçək-çiçəkdi.
Hardasa Qurd ulayır,
Qurd üzü mübarəkdi…

***
And olsun Göy Tanrıya –
bu torpaqlar bizimdi.
Ucsuz-bucaqsız çöllər,
uca dağlar bizimdi.

Taptalayıb keçmişik
biz əski yasaqları.
Qanımızla suvardıq
boz, qısır torpaqları.

Bu ellər Türk elləri
bu yurdlar Türk yurdudu.
Hər çadır bir qaladı,
hər igid bir ordudu.

Buludu xəncər kimi
kəsdi berkud qanadı.
Yolçu yolunda gərək –
dəhmərləyək atları.

Orxondan Yeniseydən,
Hakasyadan gəlirik.
Gündoğar torpaqlardan,
Asiyadan gəlirik.

Doğudan batıyadək
uzanıb gedir bu yol.
Atını yanaşı sür,
gəl mənim qardaşım ol.

Göy Tanrı övladıyıq,
göylərdən gəlmişik biz.
Yolumuzu gözləyir
çox uzaqda son dəniz.
        İyul, 2011

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.