(1985-ci ildə Xocalı rayonunun Cəmilli kəndində doğulub. Hazırda Bərdədə yaşayır. 2009-cu ildən Bərdə şəhərində fəaliyyət göstərən “Söz” ədəbi birliyinin üzvüdür)
TORPAĞIN SİNƏSİ QABARDI…
Mübariz İbrahimovun əziz xatirəsinə
Sən öldün, nə dəyişdi ki?!
Heç nə!
Bir ürək qurtuldu açılıb-yığılmaqdan.
Göylər də bir adam boyda sıxılmaqdan.
Sən öldün, nə dəyişdi ki?!
Heç nə!
Sən demə,
heç sevən yox imis səni;
heç kim sənə ağlamadı,
hamı şəhid balasına ağladi.
Yolda qoyub getdiyin qara gözlərin sahibindən başqa…
Sən öldün, nə dəyişdi ki?!
Heç nə!
Bizim üzümüzü agartdın, atanın saçını.
Düşmənin ocagını qaraltdın,
dostaların qanını.
Sən öldün, nə dəyişdi ki?!
Heç nə!
Torpağın sinəsi qabardı –
dünyanın şəkli dəyişdi…
Sən dünyanı dəyişdin.
Fani dünyanın üstündə can verib,
baqi dünyanı aldın.
Bu sövdədən uduzan olmadı.
Uduzmaq heç kimə olmadı qismət…
Udan oldu:
bir Sən, bir də Cənnət..!
***
…Sən qara dərili,
ağ günlü,
Mən ağ dərili,
qara günlü…
Şahmat lövhəsiyik –
illərdir üstümüzdə at oynadırlar.