Ana səhifə ŞEİR Teymur Padarın yeni şeirləri

Teymur Padarın yeni şeirləri

Müəllif: Bizim Yazı
333 baxış

TEZ GEDƏK

Bir qüsul al, at çirkabı üstündən,
Baş vur könül dənizimə, üz gedək.
Beynimə gir gözün çəkən yollardan,
Düş ordan da ürəyimə tez gedək.

Gəl çıxaraq bu zinəti aşkara,
Aç örpəyi, tök zülfünü, yan dara,
Çiynin üstə şabalıdı saçlara,
Daraq çəkim, sinəm üstə düz gedək.

Düz ömrümə ilmə-ilmə ilindən,
Qoy əcəlim gəlsin sənin əlindən,
Bal damlayan dodağından, dilindən,
Bir qədəh də yanağıma süz gedək.

Mən də alım nəsibimi xalından,
Oğurlayım bir xoş öpüş alından,
Lal həsrətin ac-yuxusuz halında,
Dodağımı dodağınla əz gedək.

29.10.2023.

ÜSTÜNƏ

Cənnət daşın gəl göstərmə heç kəsə,
Tök saçını qara xalın üstünə.
Qəti kəsmə, hörüklərin uzansın,
At çiynindən gur tonqalın üstünə.

Borc almışam daş ürəyi sələmlə,
Birləşdirim köksümdəki şələmlə,
Tumar çəkim mərmər qəlbə qələmlə,
Öpüş qoyum nəm sığalın üstünə.

Sıralanıb damcı tək diş cərgəsi,
Köz-köz olub al dodaqlar bölgəsi,
Görününcə isti gülüş kölgəsi,
Düz qaçıram ayaqyalın üstünə.

Ürək durub ağ sinəni döyəndə,
Eşq böcəyi çaş beynini yeyəndə,
Sevirsənmi mən qəribi? deyəndə,
Bir cavab da qoy sualın üstünə.

11.11.2023.

DİN KİMİ BİR ŞEY

Ürəyim odlanır, tüstüdür beynim,
Çökür saçlarıma çən kimi bir şey.
Odla oynayanın yanağında var,
Kibrit ucu kimi, dən kimi bir şey.

Ağlım qəm evindən qaranlıq aldı,
Gözlər bu zülmətə qığılcım saldı,
Bəxtim bir işığa hamilə qaldı,
Doğdu taleyimə gün kimi bir şey

Kədər sinəm altda saatın qurmur,
Hər sevinc başında zəngini vurmur,
Ürəyim qətiyyən ipində durmur,
Gəzir damarımda cin kimi bir şey.

Saat əqrəbindən gözüm yıxılır,
Eşqim sözlərimdən daşıb dağılır,
Tanrı dərgahından qəlbə yığılır,
Yaranır köksümdə din kimi bir şey.

15.11.2023.

GÖZLƏRİMİN CƏFTƏSİ

Gözdən düşən şor su ilə bişəndə,
Dadlanırmış al yanağın küftəsi,
Ürəyimə küftə düşüb təzədən,
Heç olmamış ilk görüşün həftəsi.

Daş hasardan eşq bağına girmişəm,
Qara xaldan öz payımı dərmişəm,
Gur ağlımı bir öpüşə vermişəm,
Şirin olmur kal sevginin müftəsi.

Öpüşünün mənsəbidir üzlərim,
Saç selinin yarğanıdır dizlərim,
Hər yetəni gözəl görməz gözlərim,
Gözlərindir gördüyümün siftəsi.

Od baxışdan saf ürəyim dağlanır,
Göz yaşından göz qapağı yağlanır,
Alt kirpiyim üst kirpiyə bağlanır,
Kilidlənir gözlərimin cəftəsi.

19.11.2023.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.