Aynurə N.PAŞAYEVA /AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi və doktorantı
Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mustafa Teymur Atəşli II Dünya müharibəsinin ən dəhşətli döyüş səhnəsində – Stalinqradda 95 gün iştirak etmiş, burada başına gələn hadisələri «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk»
adlı savaş xatirələrində qələmə almışdır.O, bu əsəri Türkiyədə yaşayan zaman «Hürriyyət» qəzetinin 1956-cı ilin 15 yanvarından – 28 fevralınadək çıxmış saylarında (2768-2812) təfriqə halında dərc etdirmişdir.
Məqalədə T.Atəşlinin sözügedən xatirələri mühacirət nəsrimizin diqqətəlayiq örnəyi kimi tədqiqata cəlb olunmuş, əsərin ideya-bədii özəllikləri aşkarlanmışdır. Müəllif elmi mənbələrə istinadən Azərbaycanlı döyüşçülərin milli legionlardakı fəaliyyətini istiqlal hərəkatının tərkib hissəsi kimi qəbul edir və əsəri də bu yöndə dəyərləndirir.
Açar sözlər: mühacirət, memuar, Stalinqrad döyüşü, milli istiqlal.
Azərbaycan milli istiqlal hərəkatı mühacirət nəsrimizdə hər zaman aparıcı mövzulardan biri olmuşdur. Azərbaycan mühacirət ədəbiyyatının bədii nümunələrinə nəzər salsaq, memuar janrının necə böyük üstünlüyə malik olduğu qənaətinə gələrik. «Memuar» sözü fransız dilindən «memoire» sözündən götürülmüş, tərcüməsi «yaddaş» deməkdir. «Yaddaş insanın daxili subyektiv aləminin idarəetməsinin vasitəsidir. Məhz bu faktor bizi əhatə edən mühitin bütövlükdə qavranılmasını müəyyən edir. Yaddaş olmuşları, olanları və olacaqları obyektivcəsinə mühakimə etməyə imkan yaradır» (1, s. 16). Memuar ədəbiyyatda ictimai mübarizəni, mühüm tarixi hadisələri əks etdirən, müəllifin hiss və həyəcanlarını duymaq baxımından əvəzsiz mənbədir.
Azərbaycan mühacirət ədəbiyyatında memuar janrında yazılmış əsərlər içərisində Teymur Atəşlinin «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» savaş xatirələri mühüm yer tutur. Bu əsər müəllifin gərgin mübarizələrdə keçmiş həyatının mühüm bir dövrünü öyrənmək baxımından olduqca əhəmiyyətlidir.
Eyni zamanda bu əsərin Azərbaycan siyasi mühacirət tarixinin öyrənilməsi üçün dəyəri şəksizdir.
Bəs Teymur Atəşli kimdir? Teymur Atəşlinin taleyini bir çox mühacirlərin taleyi ilə müqayisə etsək, onun daha məşəqqətli həyat hekayəsi yaşadığının şahidi olarıq. Stalin rejiminə qarşı nifrət hələ dünyaya gəlməmişdən öncə T. Atəşlinin qanına sirayət etmişdi. Atası Mustafa sovet işğalına qarşı mübarizə aparmış, buna görə də bolşeviklər anası Sonapərvəri hamilə vəziyyətdə iki oğlu ilə birlikdə Bakının Bayıl həbsxanasına salmış, burada 1923-cü il iyun ayının 15-də gələcəkdə valideynlərinin ruslara qarşı nifrətini qəlbində gəzdirəcək Teymur Atəşli dünyaya göz açmışdı.
Atası Sibirə sürgün edildikdən sonra anası ilə birgə həbsxanaya salınan kiçik Teymur səfalət içərisində uşaqlıq həyatı keçirir. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin xarici dillər fakültəsinin alman dili şöbəsinə daxil olur, ancaq ikinci kurs tələbəsi ikən hərbi xidmətə – Polşaya göndərildiyinə görə ali təhsi¬lini yarımçıq qoymaq məcburiyyətində qalır. Hələ kiçik yaşlarından bolşevik rejiminə nifrət edən Teymur doğma vətəni Azərbaycanın istiqlalı uğrunda döyüş¬mək üçün almanlar tərəfindən təşkil olunan milli birliklərə daxil olur. O, 1942-ci ilin iyununda almanların sovet qoşunları üzərinə qəfil hücumu zamanı iki rus komis¬sarını öldürərək, əvvəlcədən razılaşdığı 20 nəfərlə birlikdə xidmət etdiyi hərbi hissədən qaçır.
T.Atəşli xüsusi proqram üzrə hərbi təlim keçərək Berlin zabitlər məktəbini teğmen (leytenant) rütbəsiylə başa vurur və SS birliklərinə təyin edilir. Qeyd edək ki, «SS Almaniyada və işğal edilmiş bölgələrdə kütləvi terrorun keçirilməsində baş¬lıca silah idi» (2, s. 48). «SS – Almaniya Silahlı Qüvvələrində «Mühafizə Dəstələri». 1925-ci ildə yaradılıb. Sayı 50 min olmuşdur» (2, s. 213).
«Bir sıra hərbi əməliyyatlarda iştirak edən gənc zabit üstteğmen (baş leytenant) rütbəsinə qədər yüksəlir, alman ordusu tərkibində Stalinqrad cəbhəsində 95 gün döyüşərək, bu dəfə ruslara əsir düşür. Bir təsadüf nəticəsində əsirlikdən qurtulan Teymur alman hərbi əsirləri ilə birlikdə Almaniyaya aparılır, bir müddət Mittenvald beynəlxalq mültəcilər (pənah gətirənlər) kampında (düşərgədə-A.P.) yaşayır. Burada ikən bir alman qızı ilə ailə qurur. Nəhayət, Türkiyə hökumətinin himayəsi ilə kampdan azad edilərək, 1949-cu il fevralın 12-də xanımı ilə birgə İstanbula gəlir və siyasi mühacirətimizə qatılır» (3).
«Adapazarında məskunlaşan M. Teymur Atəşli alman, ingilis, rus dillərini mükəmməl bildiyindən həm özəl xarici dil müəllimi, həm də notariat qurumlarında və məhkəmələrdə andlı tərcüməçi kimi çalışaraq ailəsinin güzəranını təmin edir. Bununla bərabər, əsas vəzifəsini qələmi ilə Azərbaycan istiqlal mücadiləsinə xidmətdə görən T.Atəşli bədii yaradıcılıqla da fəal məşğul olur, müxtəlif mətbuat orqanlarında şeirlərini və digər yazılarını dərc etdirir.
1956-cı ilin yanvar-fevral aylarında «Hürriyyət» qəzeti ardıcıl olaraq 45 sayında onun «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» adlı savaş xatirələrini təfriqə şəklində yayınlayır.
1961-ci ildən başlayaraq T.Atəşli Adapazarı «Axşam Xəbərləri Qəzeti»ndə yazı işləri müdiri vəzifəsində çalışır, eyni zamanda bu qəzetdə «Xalqdan bir səs» sütünunda milli ruhlu şeirlərini dərc etdirir.
Qəlbi daim vətən həsrəti və məhəbbəti ilə döyünən şair 1976-cı il noyabrın 3-də, çərşənbə günü saat 16.00-da iş başında ikən ürək çatışmazlığından vəfat etmiş və Adapazarında dəfn olunmuşdur. Dünyasını dəyişərkən M. Teymur Atəşlinin üç oğlan və iki qız övladı vardı» (4, s. 35-36).
Bir çox mühacirlərimizin yaradıcılığında olduğu kimi, T.Atəşlinin bədii yaradıcılığının bel sütunu Azərbaycanın istiqlaliyyəti məsələsidir. T. Atəşli II Dünya müharibəsinin ən dəhşətli döyüş səhnələrindən birində – Stalinqradda 95 gün iştirak etmiş, burada başına gələnləri Türkiyədə yaşayan zaman «Hürriyyət» qəzetinin 1956-cı ilin 15 yanvarından – 28 fevralınadək çıxmış saylarında (2768-2812) dərc etdirmişdir.
«Cəhənnəm» sözünün əsərin sərlövhəsinə çıxarılması heç də təsadüfi deyil. Müqəddəs Qurani-Kərimin ən-Nəbə surəsinin 21-22-ci ayələrində cəhənnəm barəsində yazılır: «Həqiqətən, Cəhənnəm pusqudur. O, azğınların məskənidir». Soyuq, sərt iqlim şəraitində qan və atəş dolu müharibənin dəhşətlərinə görə Stalinqrad əsərin adında cəhənnəm kimi mənalandırılır.
Stalinqrad vuruşması (1942-1943) – Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqrad ətrafında alman-faşist qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum əməliyyatlarıdır. Sovet qoşunları müdafiə dövründə düşmənin əsas qüvvələrini məhv etmiş və hücuma keçərək alman qoşunlarını mühasirəyə almışdılar. Nəticədə, general-feldmarşal F. Paulyus başda olmaqla 6-cı alman ordusu 91 min nəfərlə birlikdə əsir düşmüşdü (5).
Almanlar II Dünya müharibəsi zamanı Stalinqradı ələ keçirdikdən sonra Qafqaza sahib çıxmağı planlaşdırırdılar, ancaq İngilitərə və Amerikanın ruslara köməyi, həm də həddindən artıq soyuq iqlim şəraitində alman qoşunlarının tab gətirməməsi nəticəsində məğlub oldular.
T.Atəşli Stalinqrad cəbhəsində yaşadığı əzabları, tükürpərdən döyüş səhnələrində keçirdiyi stressləri əsərdə xüsusi həssaslıq və səmimiyyətlə qələmə almışdır. O, almanlar tərəfindən döyüşəndə, ən çətin anlarda, hətta bir saniyəlik olumla ölüm arasında qalanda da ən böyük arzusu Azərbaycana – doğma vətəninə qovuşmaq idi. Ancaq «Avropada «250 milyonluq alman dövləti» yaratmaq istəyən Hitler işğal etdiyi bölgələrdə xalqları hər şeydən məhrum etmək istəyirdi: həm torpaqdan, həm də azadlıqdan» (2, s. 78). Bolşeviklərin azərbaycanlılara etdikləri zülm və işgəncələri gördükcə T. Atəşlidə nifrət, intiqam hissi daha da artır, onu bütün şiddətli döyüş səhnələrində tək bir məqsəd üçün mücadilə etməyə sövq edirdi: «Benim heyecanım Alman Führerinin karargahta olmasında değildi. Hitler olmuş, Göring olmuş, Mareşal Keitel olmuş, umurumda bile değildi. Ne Hitler ve ne de ötekiler benim milletimin liderleri değildi. Alman ordusunda, Alman üniforması giyerek, onlarla birlikte Ruslara karşı savaşıyordum ama, gayelerimiz, hayallerimiz ve hayat düşüncelerimiz tamamiyle ayrı idi. Ben o anda Kurtuluş ümidini, daha doğrusu Rusların kırbacı altında ezilen memleketimi kurtarabilmek fırsatının ancak Almanların elinde olduğunu görüyorum» (6, № 2793, s. 4).
T.Atəşlinin arzularının çıraqlandığı məkan Stalinqrad idi. Çünki Qafqaza-doğma vətənə, Azərbaycana yaxınlaşdıran qalibiyyət yolu Stalinqraddan başlayırdı: «Ben bunun intikamını almak için yaşıyordum, vatanımı kurtulmuş, yurttaşlarımı, din kardeşlerimi hür görmek istiyordum. Beni bu cehennem ortasında hayata bağlayan tek kuvvet, kanıma kadar sirayet eden intikam duygusu idi.
Kampa gelinceye kadar sallanan otomobilin içinde hep bunları düşündüm. Buraya gelmekten asıl düşündüğüm şey, ırkdaşlarımı görebilmek ümidi idi. Çünkü aynı şekilde ben de daha harbin başlarında Almanların eline esir düşmüş, sonra içimdeki intikam arzusunun şevkiyle bugünkü mevkiimi elde etmiştim» (6, № 2773, s. 4).
Azərbaycan ədəbiyyatında Hüseyn Abbaszadənin, N. Xəzrinin yaratdığı bir sıra qəhrəmanlar T.Atəşli kimi qürbətdə vətən həsrəti ilə yaşayırdılar. Hüseyn Abbaszadənin «Hardansınız, Müsyo Abel?» povestində Müsyo Abel (Əbil Xeybərov) də vətənə qovuşmaq ümidi ilə yaşayanlar sırasındadır. Hər an doğma torpağında olmaq istəyi, vətənin havasından sinəsinə çəkib, suyundan doyunca içmək arzusu onu heç vaxt tərk etmir. Müsyo Abel alman faşistlərinin əlindən Fransaya qaçanda fransız torpaqlarını Azərbaycanın Şamaxı mənzərəsinə bənzədir: «Bura dönüb Azərbaycan olaydı. Öz torpağımda hər kol, hər daş məni qoruya bilərdi. Doğma torpaqda hər şey adama məhrəm olur» (7, s. 21).
T.Atəşli ən çətin əməliyyatlarda belə öz əqidəsinə sadiq insan kimi yaddaqalandır. Satqınlığın ərşə çıxdığı, qanlı-qadalı bu məkanda onu qoynuna almaq istəyən zərərverici nəfsin qarşısında baş əymir. Nataşa ilə bağlı səhnə bunun əyani təzahürüdür. Teymur Albay Hallerin tapşırığına əsasən Nataşa vasitəsi ilə rus subaylarını zəhərləyərək kəllələrini almanlara təhvil verəcəkdi. Nataşa olduqca gözəl, valehedici, cazibədar qadın idi. Fəqət həyatının başlıca amalı vətənin istiqlaliyyəti olan T. Atəşlidən ötrü Nataşanın gözəlliyi önəmli deyildi. «Alman ordusunda üstteğmen rütbəsində qulluq edən Teymur qanlı savaş meydanında, ən ekstremal durumlarda belə mənsub olduğu xalqın mənəvi-əxlaqi dəyərlərinə sadiqdir» (8, s. 57). Teymur çox çətinliklə əməliyyat tapşırığını yerinə yetirərək sonda istəyinə nail olur. O, yarbay Kalnofun və yüzbaşı Puqaçevskinin kəllələrini əmrə əsasən alman casusu Albay Halerə təhvil verir.
T.Atəşli heç kəsin öhdəsindən gələ bilməyəcəyi əməliyyatlarda uğurla iştirak edib yüksək nəticə əldə edəndə belə almanlardan böyük mükafat qazanmaq təmənnasında deyildi. O, döyüş rəşadətinə və qəhrəmanlıqlarına görə almanların ən böyük nişanı olan Eisenkreuz – Dəmir Xaçla mükafatlandırılır. O, bu mükafatı 70-dən çox rus əsgərini məhv etdiyinə və bölük komandanını ölümdən xilas etdiyinə görə əldə etmişdi. T. Atəşli hər bir almanın arzulayacağı və sonsuz qürurla daşıyacağı bu möh¬təşəm nişanı boynundan asanda da vicdan əzabı keçirirdi. Çünki müsəlman bir türkün nə qədər böyük mükafat da olsa, bir xristian xaçını boynundan asması islamiyyətdə böyük günah hesab olunur. Ancaq T. Atəşli bu dəmir xaçı boynuna taxmağa məcbur idi. Onu buna sövq edən yenə vətəninin istiqlalına qovuşmaq ümidi idi. T.Atəşli bir müsəlman olaraq öz günahını da dərk edir, qəlbindəki hisslərini ancaq Allahına söyləyir: «Allahım, beni affet! Nasıl bir bâdirenin içinde olduğumu sen daha iyi bilirsin. Ben Müslüman olarak doğdum, canımı yine Müslüman olarak al!» (6, № 2772, s. 4).
Almanlar T.Atəşliyə Dəmir xaçla yanaşı, 3 günlük məzuniyyət də vermişdilər. T. Atəşli bu məzuniyyəti həmvətənlərinin əsirlikdən xilası üçün istifadə edir. O, əslən Azərbaycandan olan sovet əsirlərini alman ordusunda xidmət etmək üçün Rostova göndərir. Çünki həmin dövrdə əsirlər əgər yenidən vətənlərinə qayıtsa idilər, onları ya sürgün həyatı, ya da ölüm gözləyirdi. «Həm yəhudilərlə eyniləşdirildiyinə, həm də «Asiyalı» kateqoriyaya mənsubluğuna görə ən çox qətlə yetirilən tatarlar və türküstanlılar idi. Onların məhv edilməsi üçün SD tərəfindən ayrıca təlimat da verilmişdi. Məhz buna görə Rozenberq bir səfərində Hitlerə şikayətlənmiş və bildirmişdi ki, bu qədər insanları öldürməkdənsə, onları legionlara cəlb etmək daha doğru olardı. Qeyd edək ki, yalnız 1941-ci il sentyabrın 12-də SD birlikləri tərəfindən əsirlərə qarşı olan sərt münasibət azalmağa başladı» (2, s. 89).
T.Atəşlinin həyatında rus işğalçıları nə qədər məşum rol oynasalar da, onda ruslara qarşı nə qədər böyük nifrət hissi, kin olsa da, yenə də yeri gələndə rus əsirlərinin vəziyyətinə acıyır. Min bir əzabla qazandığı nişanı bu yolda sərf edərək, kənd camaatını rus əsirlərinin ərzaqla təmin olunmasına səfərbər edir. Çünki rus əsirlərin hamısından T. Atəşli eyni sözü eşidirdi: «– «Mücadele etmezsek, arkadan kurşunu yemek işten bile değildi. Ama canımıza tak etti. İsterseniz bizi öldürün. Yeter ki bu çektiklerimiz fazla uzamasın!..»
Hep aynı lâflar. Bunları Rus cephesine esirlerle yaptığım her konuşmada duymuştum» (6, № 2796, s. 4). Humanizm T. Atəşlinin xarakterində hər zaman özünü büruzə verir. Hətta o, yeri gələndə bombalar yağışı altında ölmüş rus qadınının əlindən körpəsini alaraq xilas edir: «Ganimet olarak küçük yavruyu da alarak, yine tehlikesizce karargaha döndük. O cehennem ateşi içerisinde, bizim zavallı yavrucak, askerlere bir neşe getirdi. En katı kalpli askerler ile, küçüğü kucaklarına alıp, okşayarak ona süt bulabilmek için birbirleriyle yarışmaya başladılar. Bu da ölüm kokan bu yerde insanlığın henüz mahv olmadığına bir işarettir» (6, № 2799, s. 4). T.Atəşli ona böyük yamanlıqlar etmiş, günahkar, zalım düşməninə qarşı nə qədər qəddar cinayətkar olsa da, düşməninin qanından olan günahsız körpəsinə qarşı bir o qədər zərif, həssas bir insandır. Bu da T.Atəşlinin xarakterində haqq, ədalət prinsipinin necə böyük üstün mövqe tutduğunu sübuta yetirir. Lakin, əsərdə heç bir bolşevikin T. Atəşli kimi humanist xarakterli olduğunu görmürük. Bəzən əksinə, Rus əsgərlərinin döyüş səhnələrində müxtəlif soyğunçuluqlarının şahidi oluruq. «Eliyle işaret ettiği yerde bir sürü yarı çıplak ceset vardı. Öyle anlaşılıyordu ki, Ruslar geri çekilirken bile kendi ölülerini soymağı ihmal etmemişlerdi» (6, № 2769, s. 4).
II Dünya müharibəsi zamanı həm almanlar, həm də sovet ordusu tərəfdən milyonlarla insan həlak oldu. Hər bir düşmən cəbhəsində müxtəlif millətin nümayəndələri kimi azərbaycanlı soydaşlarımız da bir-birilərinə qarşı düşmən mövqeyində vuruşurdular. «Əslində taleyi öz əllərində olmadıqlarından ayrı-ayrı cəbhələrdə (alman və sovet) bir-birilərinə güllə atmaq məcburiyyətində qalan hər iki tərəfin vəziyyətini başa düşmək çətin də deyil. Millət müstəqil olmayanda, öz taleyinə özü sahiblik edə bilməyəndə təbii ki, o başqalarının əlində alət olur» (9, s. 173).
Teymurun xalasığolu Müzəffərlə rastlaşdığı səhnə bu baxımdan səciyyəvidir. Teymur ömrünün 17 ilini bir süfrənin arxasında keçirdiyi, doğma xalasıoğlu Müzəffərlə cəbhədə üz-üzə gələrək, özünü müdafiə etməkdən ötrü onu istəmədən öldürmək məcburiyyətində qalır. T.Atəşli xalasığoluna qarşı böyük həsrətli məhəbbətini bildirmək istəsə də, Müzəffərin qəddar bir bolşevik kimi davrandığından bu istəyi baş tutmur. Çünki Müzəffər bütün ailənin başına gələn bədbəxt hadisələrdə yeganə səbəbkar kimi Teymuru görürdü. «İki Rus siyasi komiserini öldürerek, kan¬dırdığın 20 arkadaşınla Almanların tarafına kaçtığın için, bunun cezasını deden ve kardeşlerin çekti. Dedeni astılar… Cesedini köpekler gibi sokaklarda sürüyerek, korku ile bakanlara «İşte hainler yetiştiren kocamış bir köpeği görmek istiyorsanız, dikkatli bakın…» dediler. Dört kardeşin de kimsenin haberi olmadan ortadan yok oldu. Hasta olan amcanla bir amcazadeni sokak ortasında dayak ata ata dolaştırdılar ve sonra da halka linç ettirdiler. Ben asker olduğum için, ölümden zor kurtuldum. Sen hayatını kurtardın, ama senin yüzünden yarım düzine insan öbür dünyayı boyladı. İşte sana güzel haberler… Şimdi belki daha çok sevinir, daha çok ferahlarsın?..» (6, № 2791, s. 4). T. Atəşli göz yaşlarını qəlbinə axıdaraq qardaşı qardaşa öldürən dünyaya nifrət oxuyur. Bundan sonra onda döyüşkənlik ruhunun yavaş-yavaş öləziməsi başlayır.
T.Atəşlinin almanlara qarşı nifrət hissi növbəti dəfə SS birliklərində böyük xidmətləri ilə seçilən ölmüş rus generalı Sadkofun kəlləsini görən zaman yaranır. O, Albay Halerdən general Sadkofun rus casusu olduğuna görə öldürüldüyünü öyrənir. Üstəlik, T.Atəşli bu hadisədən sonra anlayır ki, almanlar qarşısında nə qədər müstəsna xidmətlər göstərsə də, onlar heç bir zaman başqa millətə inanmır, sirlərini bilən şəxsi isə gec-tez öldürürlər. «Qeyd edək ki, könüllülərə münasibət Almaniya hökumətində heç də birmənalı deyildi. Üçüncü reyxin liderləri bolşevik rejimində böyümüş insanlara tam etibar etmirdilər» (2, s. 77), «1943-cü ilin sentyabrında isə Kursk döyüşünün nəticələri müzakirə edilərkən Hitler məğlubiyyətin başlıca səbəbini könüllü hissələrin «satqınlığı»nda görmüş və demişdi: «Almanların müşahidələrinə görə etibarsızlıq və sürüşkənlik baxımından birinci planda ermənilər, sonra gürcülər, ikinci planda Volqa tatarları ilə türküstanlılar dayanırdı. Azərbaycanlılarda və şimali qafqazlılarda belə hallara çox az təsadüf olunurdu» (2, s. 95).
Əsərdə T.Atəşlinin şahidi olduğu hadisələrdən biri də əsgərlərin döyüş ruhunu sarsıtmaq üçün yayılan yanlış – gah Hitlerin, gah da Stalinin intihar etməsi ilə bağlı məlumatlardır: «Bu habere inanmadım. Çünkü harp sırasında bu kabil yalanların nasıl askerin maneviyatı üzerinde tesirler yapacağını SS birliklerinde hususi bir kurs gördüğüm sıralarda bize öğretmişlerdi. Nitekim, sonradan düşündüklerim doğru da çıktı» (6, №2797, s. 4). Əslində bu cür məlumatlar müasir İnformatika elmində işlənilən «informasiya müharibəsi» termininin qaynaqlarından biridir. İnformasiya müharibəsinin yeddi formasından biri psixoloji müharibədir ki, bu da təbliğat, beyinlərin yuyulması ilə vətəndaş ruhunun sındırılmasına xidmət edir. Bu cür psixoloji təsir üsul¬larından digər məşhur sərkərdələr (Makedoniyalı İsgəndər, Əmir Teymur və b.) tərəfindən də istifadə edilmişdir. Hətta II Dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı anlayırdılar. O zamankı informasiya əməliyyatlarının indiki əməliyyatlardan yeganə fərqi o idi ki, onlara hərbi əməliyyatlar kimi baxılmırdı. Çünki həmin dövrlərdə vətəndaş ruhunun sındırılmasına xidmət edən informasiyanın ötürülməsində texniki vasitələrdən istifadə edilmirdi.
Alman əsgərləri dəhşətlər törətməkdə ruslardan heç də geri qalmırdılar. «Almanlar, telâş ve korku içindeydiler ama, kabahat de kendilerinindi. Çünkü insaf tanımayan Naziler kendilerini bir kurtarıcı gibi bekleyen sivil halka öyle zulüm yapmışlardı ki, halk, komünistlerden daha beter olan Almanlardan çabucak soğumuş, Ruslara dönmüştü. Almanlar, ektikleri zulüm tohumlarının meyvesini şimdi yavaş-yavaş yemek zorundaydılar» (6, № 2803, s. 4). Almanların məğlubiyyətlərinin bir səbəbi də elə bu idi və əsərdə həmin məqam aydın bir şəkildə çatdırılır.
T.Atəşli özünü müdafiə etməkdən ötrü ona qarşı sui-qəsd hazırlayan general Stettenhoferi güllələyir. Amma general Stettenhoferi öldürülməklə T. Atəşlinin alman hərbiçiləri üçün xeyirxah bir iş gördüyünü desək, heç də yanılmarıq. Çünki onun zülmündən almanlar artıq cana doymuşdular.
Yüksək rütbəli alman zabitləri içərisində general Stettenhofer qaniçənliyi, qəddarlığı ilə, türk əsgərlərinə böyük simpatiya bəsləyən, istihbarat şefi Albay Haler isə hu¬manizm və ədalətsevərliyi ilə diqqəti cəlb edir. T.Atəşli general Stettenhoferi öldürməklə Albay Halerin də həyatını ölümdən xilas etmiş olur. Əslən alman olan Albay Haler Rusiyada dünyaya gəlmiş, Kiyevdə təhsil almış, ruslar içərisində çalışan alman casusudur. Ən çətin əməliyyatlarda T.Atəşliyə köməklik göstərən, türklərə qarşı rəğbəti ilə seçilən Albay Haler idi. Albay Haler Teymuru iki dəfə – birinci dəfə ruslara əsir düşəndə, ikinci dəfə isə general Stettenhoferin öldürülməsi ilə bağlı sorğuya çəkilən zaman onu ölümdən xilas edir. Çox təəssüflər olsun ki, T.Atəşli Albay Halerə olan mənəvi borcunu ödəyə bilmir, çünki alman casusu olduğu üzə çıxdığından, o, bomba ilə həm özünü, həm də 1 rus generalı və 3 yüksək rütbəli subayı öldürür.
Asiyanın sərt iqlimli bölgələrindən hərbi xidmətə çağırılan rus əsgərlərindən fərqli olaraq alman əsgərləri Stalinqradın kəskin qışına tab gətirə bilmirdilər. Atəşli zamanın onun xeyrinə işləmədiyini artıq yavaş-yavaş anlamışdı. Almanlar müharibənin sonlarına yaxın ölümə doğru çökən xəstə kimi tədricən məğlub olurdular. Stalinqrad vuruşmasının əvvəlindəki böyük coşğu və həvəs müharibənin sonlarında artıq sönməkdə idi. Stalinqrad cəhənnəm əzabından da betər məkana dönmüşdü. Hər yaralanan əsgər xəstəxanaya gedəndə buzlu cəhənnəmdən qurtulduğuna görə Allaha min dəfə şükr edirdi. Çünki əsgərlər almanların acımasızlıqlarını gördükcə ürəklərində onlara qarşı nifrət daha da güclənir, qalibiyyət ümidləri isə yavaş-yavaş soyuyurdu.
Stalinqrad vuruşmasında almanların məğlubiyyəti labüd olduğundan Marşal fon Paulyus ruslarla təslim şərtləri imzalamaq məcburiyyətində qalır. Teymur yaralandığı üçün döyüş qabiliyyətini itirir, ancaq öz qismətinə boyun əymir. 95 gün çiyin-çiyinə vuruşduğu döyüş yoldaşlarının halına acıyaraq deyir: «Bir çok yaralı daha vardı. Uçağa binerken gözlerim yaşardı. Ben kurtuluyordum ama, arkadaşlarım ve bu koca ordu artık yok olacak demekti» (6, №2810, s. 4). Burada Teymurun qəlbindəki böyük xeyirxahlıq hissinin bir daha şahidi oluruq.
Beləliklə, istiqlaliyyət uğrunda T.Atəşlinin apardığı 95 günlük ölüm-dirim mübarizəsi təkcə Stalinqrad vuruşmasının deyil, eyni zamanda onun bütün ümidlərinin, arzularının məğlubiyyəti ilə başa çatır.
T.Atəşli nə qədər alman faşistlərinin qələbəsini istəsə də, Hüseyn Abbaszadənin «Hardansınız, Müsyo Abel?» povestinin qəhrəmanı «Müsəlman legion»undan olan Müsyo Abel (Əbil Xeybərov) ondan fərqli olaraq, alman faşistlərinin məğlubiyyətini arzulayırdı. Hər iki qəhrəmanın ayağı yad torpaqlarda olsa da, hər an qəlbləri vətən həsrəti ilə çırpınırdı. T.Atəşlidən fərqli olaraq, Müsyo Abel cəngavər deyil, senti¬mental bir qəhrəmandır. Müsyo Abel «Müsəlman legion»unda həkim kimi fəaliyyət göstərmiş, düşərgədə heç kəsə qoşulmadığına görə satqın adı ilə damğalanmış, əslində isə satqınlığı bacarmadığına görə Fransada qaçıb gizlənmişdi. Vətənə qayıtmaq anı gələndə həmyerliləri tərəfindən damğalı adı ilə günahlandırılaraq ömrünü qürbətdə keçirmək məcburiyyətində qalır. Müsyo Abel fransız qızı Jorjetta ilə ailə qurub iki övlad sahibi olsa da, maddi güzəranı nə qədər yaxşı keçsə də, vətən həsrəti və üstəlik satqın damğası onun xoşbəxtliyinə hər zaman mane olur. Sonda Müsyo Abelin də ürəyi T.Atəşli kimi vətən həsrətinə tab gətirə bilmədi. Müsyo Abelin yeganə silahı melanxolik hisslərlə qələmə aldığı gündəlik olur. Yalnız bu gündəlik sayəsində Müsyo Abel ölü¬mündən sonra doğma vətənində bəraət qazana bilir.
1976-cı ildə Almaniyada həmvətənləri ilə görüşən Nəbi Xəzri apardığı qeydlər əsasında «Səssiz fəryadlar» hekayələr silsiləsini yaratdı. Fəqət bu silsilənin qəhrəmanları nə qədər yüksək dözüm nümayiş etdirsələr də, heç biri T.Atəşli kimi mübariz deyillər. Çünki onlar qürbətdə nə qədər firavan həyat sürsələr də, yurdun bir şüşə suyuna, bir ovuc torpağına həsrətdirlər, vətənin muğamatı ilə xəyalən doğma torpağı dolaşıb yada salırlar, bəhrəsiz iydə kimi öz elinə, obasına xeyir vermədiklərinə görə hətta şikəst bir tale sahibidirlər.
Bəlkə də T.Atəşli rus hərbi hissələri tərəfində vuruşub, yenidən vətəninə qayıdıb, valideynlərinə qarşı törədilən işgəncələri unudub, cibində SSRİ vətəndaşı pasportu gəzdirərək doğma torpağında başqa soydaşları kimi özünə firavan, rahat həyat qura bilərdi. Ancaq o, taleyin hökmünə boyun əymədi və həmin hökmə qarşı ömrünün so¬nuna qədər mübarizə apardı. T.Atəşlinin mübarizəsi də adi mübarizə olmadı, ölümdirim savaşları içərisində doğma vətənin istiqlaliyyəti uğrunda mübarizə idi. O, heç bir zaman milli istiqlal idealına xəyanət etməmişdir. T. Atəşli sovet işğalından azad olunmuş, müstəqil Azərbaycanın vətəndaşı olmaq arzusunda idi. Hətta Türkiyədə yaşadığı illərdə belə ürəyindəki atəşi soyutmaq üçün qələminin gücü ilə öz ideyalarını yazdığı şeirlərində təbliğ etdi, ömrünün sonuna qədər vətənə qovuşacağı günü gözlədi. Çox təəssüflər olsun ki, həmin günü görmək ona nəsib olmadı.
Vətənpərvərlik hissinin aşılanmasına böyük ehtiyacı duyulan cəmiyyətimizdə T.Atəşlinin milli istiqlal uğrunda apardığı qəhrəmanlıq mübarizəsi müasir gənc nəslə ən böyük örnəkdir.
Zənnimizcə, T.Atəşlinin bədii irsinin, o cümlədən milli istiqlal hərəkatının mühüm bir dövrünü canlandıran «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» savaş xatirələrinin Azərbaycan türkcəsində nəşrinə və üzərində daha geniş araşdırmalar aparılmasına böyük ehtiyac vardır.
ƏDƏBİYYAT
1.Səmədova Nailə. Azərbaycan memuar ədəbiyyatı tarixi. Bakı: Nurlan, 2006, 332 s.
2.Yaqublu Nəsiman. Azərbaycan legionerləri. Bakı: Çıraq, 2005, 336 s.
3.Eski alman SS subayı Teymur Ateşli kimdir?. «Hürriyet» qəz., İstanbul,1956, 15 ocak, sayı 2768.
4.Cabbarlı Nikpur. Mustafa Teymur Atəşlinin poeziyasına dair // AMEA Ədəbiyyat Məcmuəsi. XX cild, Bakı, Ozan, 2007, s. 35-45.
5.http://az.wikipedia.org/wiki/Stalinqrad_d%C3%B6y%C3%BC%C5%9F%C3%BC.
6.Ateşli Teymur. Stalingrat cehennemində 95 gün döğüşen türk. «Hürriyet» qəz., İstanbul, 1956, 15 ocak-28 şubat, saylar 2768-2812.
7.Abbaszadə Hüseyn. Hardansınız, Müsyo Abel?. Bakı: Gənclik, 1972, 296 s.
8.Cabbarlı Nikpur. Azərbaycan mühacirət nəsri. Bakı: Elm və təhsil, 2011, 140 s.
9.İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti. Bakı: Elm və təhsil, 2012, 371 s.
ОТРАЖЕНИЕ ИДЕИ НАЦИОНАЛЬНОЙ НЕЗАВИСИМОСТИ В ПРОИЗВЕДЕНИИ ТЕЙМУРА АТЕШЛИ «95 ДНЕЙ ИЗ ЖИЗНИ ВОИНА ТЮРКА В СТАЛИНГРАДСКОМ АДУ»
А.Н. ПАШАЕВА
РЕЗЮМЕ
Мустафа Теймур Атешли – один из выдающихся представителей Азербайджанской эмигрантской литературы, в течение девяносто пяти дней был участником самого кровавого военного сражения Второй мировой войны – Сталинградской битвы. События, свидетелем которых он стал, легли в основу его военных воспоминаний «95 дней воюющего тюрка в аду Сталинграда», где он описал все произошедшее с ним. Писатель опубликовал данное произведение в период проживания в Турции по частям на страницах газеты «Хурриет» с 15 января по 28 февраля 1956 г. (2768-2812).
В представленной статье указанные воспоминания Т.Атешли привлечены к исследованию как достойные внимания образцы Азербайджанской эмигрантской прозы, выявлены идейно-художественные особенности произведения. Автор статьи, опираясь на научные источники, рассматривает деятельность азербайджанских ополченцев национального легиона как составную часть движения за национальную независимость и оценивает рассматриваемое произведение в данном аспекте.
Ключевые слова: эмиграция, мемуары, Сталинградская битва, национальная независимость
REFLECTİON OF THE İDEA OF NATİONAL İNDEPENDENCE İN TEYMUR ATESHLY’S WORK BY NAME
«THE TURKİSH FİGHTİNG 95 DAYS ON THE HELL OF STALİNGRAD»
A.N. PASHAYEVA
SUMMARY
Teymur Ateshly, who is one of the prominent representatives of Azerbaijan migration literature participated 95 days in the scene of the most terrible battles of World War II – in Stalingrad, described the events happened here in his memories of war by name «The turkish fighting 95 days on the hell of Stalingrad». He published this work in split on the numbers (2768-2812) of «Hurriyyat» printed from 15 January 1956 to 28 February at that time when he lived in Turkey.
In the article Teymur Ateshly’s the same memories involved to research as a remarkable pattern of emigration prose, ideological and artistic features of the work are found. The author accepted the activity of the Azerbaijanian fighters in the national legions as the part of the movement for independence according to the scientific sources and evaluated the work in this direction.
Key words: migration, memoir, battle of Stalingrad, national independence.