Ana səhifə SÖYLƏŞİLƏR Televiziyalarda bədii dilin durumu…

Televiziyalarda bədii dilin durumu…

Müəllif: Bizim Yazı
893 baxış

 

MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu günlərdə bildirib ki, bu gün televiziyalarda əsas problem aparıcıların dilimizi aşağı səviyyədə bilməsidir: «Problem əsasən şou-biznes sahəsindədir. Birmənalı şəkildə aparıcılar ədəbi dili bilmirlər. Onlar xalq arasında necə danışırlarsa, efirdə də o cür çıxış edirlər». Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan dilinin normalarına riayət edilməməsinə görə yerli telekanallara güzəştə getməyəcək. Onun sözlərinə görə, pozuntulara daha çox şou-proqramlarda rast gəlinir. Bu işə ən azı humanitar sahələr üzrə təhsil almış şəxslər götürülməlidir. O deyib: «Efirdə səslənən hər bir sözün əhəmiyyəti var. Biz ziyalı və məmurlara müraciət edərək, onları ədəbi dil normalarına riayət olunmasına töhfələrini verməyə çağırırıq. Heç bir aparıcı dialektlə danışmamalıdır». Bəs, bunu aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir? Bu sualla ziyalılarımıza müraciət etdik.

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, televiziyalara dəvət olunan ziyalılar ədəbi dilin normalarına uyğun danışmalıdırlar: «Nuşrəvan müəllim bu məsələdə məmurların da məsuliyyətindən danışır. Sirr deyil ki, bəzi məmurlar Azərbaycan türkcəsində düzgün danışa bilmir. Bu onun nəticəsidir ki, məmurların təyinatında onların dili nə dərəcədə bilməsi əsas götürülməlidir. O ki qaldı aparıcılarin dil normalarına əməl etmələrinə, bu məsələdə televiziya rəhbərlərinin məsuliyyəti ortaya çıxır. Televiziyalara dil mütəxəssisləri cəlb olunmalıdır. Müəyyən treninqlər kecirilməlidir. Artıq texnologiyaların inkişafı, sərhədlərin şəffaflaşması ilə bağlı yeni terminlər mediaya gətirilir. Bu da normaldır. Sadəcə Dilçilik İnstitutu media dili ilə bağlı araşdırma aparmalıdır. Medianın dili şaxələnib. Şou dili yaranıb. Mediaya yeni idman terminləri gəlib, bütün bunlar öyrənilməlidir. O ki, qaldı ləhcədə danışmağa, bu yolverilməzdir. Televiziya aparıcılarının təhsilini araşdırsaq görərik ki, onların əksəri rusdillilərdir. Ləhcə ilə danışırlar. Bir azdan ingilisdillilər ortaya çıxacaq. İş onda fənalaşacaq».

Aktual» elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı bildirdi ki, «bu gün televiziya kanallarında aparıcı qismində gördüyümüz insanların çoxu həm professional aparıcılıq qabiliyyəti, savad, həm ədəbi dil qaydalarına riayət etmək, həm də şəxsi keyfiyyətlər baxımından standartlardan çox-çox aşağı səviyyədədirlər. Təəssüflər olsun ki, bəzi kanallarımızda illərlə çalışan bu insanlar kanal rəhbərliyinin də onlara tanıdıqları geniş imkanlardan sui-istifadə edərək özlərini hər şeyin «bilicisi» hesab edirlər». Ə.Süleymanlının fikrincə, aparıcılarda o dərəcədə özlərindən və öz yerlərindən arxayınlıq hissi formalaşıb ki, savad baxımından heç əllərinə su tökməyə layiq olmadıqları ekspert qismində dəvət etdikləri ziyalılara həm proqram içində kifayət qədər söz haqqı tanımır, həm öz dayaz ağıllarıyla nə isə öyrətməyə və sübut etməyə çalışırlar. Nəticədə heç bir qonorar ödənməyən və sırf cəmiyyətə faydalı məsləhət vermək üçün qiymətli zamanlarını ayıraraq həmin kanalların dəvətini qəbul edən ziyalılar kor-peşman proqramdan geri dönür və əksər hallarda bir daha gələn təklifləri qəbul etmirlər. Bu gün sırf o savadsız və qabilyyətsiz aparıcılarla üzləşməmək üçün verilişlərdən imtina edən həqiqi ziyalılarımızın sayı kifayət qədər çoxdur. Həmin insanlar özlərinə hörmət etdikləri üçün bu proqramlara getmirlər. Nəticədə isə cəmiyyət həqiqi ziyalı fikrindən və məsləhətindən məhrum olur. Bəziləri də kifayət qədər vulqar hərəkətləri və bunu müşayiət edən ədəbi dil qaydalarından tamamilə uzaq nitqləri ilə insanlarda ikrah hissi doğururlar.

Bu da cəmiyyətin həm ümumi davranış səviyyəsinin, həm də bədii dil üslubundan istifadə etmə səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu gün şəffaf bir imtahan keçirilsə indiki aparıcıların çoxu elementar bilgilərə, həm də bədii dil üslubuna malik olmaq baxımından sinifdə qalarlar».
Ə.Süleymanlı bildirdi ki, kifayət qədər savadlı jurnalistlər var ki, onları himayə edən insanlar olmadığından efirdən uzaq qalırlar. Həmin savadlı insanlara imkan tanımaq, onları qabağa çəkmək lazımdır. Həmin aparıcılar özləri haqqında bir ovuc tamaşaçı kütləsinin fikrinə əsasən müsbət imic və baxımlılıq rəyi formalaşdırmağa çalışsalar da, ümumi rəy bunun əksini göstərir. Belə ki, mərkəzimizin media mövzusunda apardığı sosioloji tədqiqatlarda respondentlərin 74,6 faizi məhz aparıcıların səviyyəsinin aşağı olmasının proqramların baxımlılığına mənfi təsir etdiyini göstərir. Hesab edirəm ki, həm televiziya kanallarının rəhbərliyi, həm aidiyyatlı orqanlar aparıcıların dünyagörüşü, həm də nitq qabiliyyəti baxımından davamlı monitorinqlər aparılmalıdır. Azərbaycan tamaşaçısının daha səviyyəli və dünya standartlarında verilişlər izləyə bilməsi, həm də qaldırılan mövzuların həll yollarını tapmaq üçün bu tədbirlər zəruridir».

«Yeddi dövlət, bir millət» Konseyinin başqanı Azər Həsrətin fikrincə, Nuşirəvan bəyin rahatsızlığını bölüşmək lazımdır: «Həqiqətən də bu «şou-biznes» deyilən məsələdə aparıcılar ana dilimizi məhv edirlər. Şəxsən mənim ailəmdə bu verilişlərə heç kim baxmır. Sadəcə ara-sıra təsadüfən nəyəsə gözümüz sataşanda da ətimiz tökülür. Bunun da səbəbi odur ki, şou aparıcıları bir qayda olaraq az savadlı və intellektual imkanları aşağı olan insanlardır. Özünə sayğısı olan TV kanalları bunu nəzərə almağa borcludurlar. Amma görünən odur ki, almırlar, yaxud da ala bilmirlər. Bu isə birbaşa həmin TV-lərin başında duran şəxslərə bağlı məsələdir. Çıxış yolu ondadır ki, TV və radio kanallarına başçılıq edənlərin özlərinin intellektual səviyyəsini yüksəltmək üçün tədbirlər görülsün. Məncə, MTRŞ bu istiqamətdə tələblər hazırlayıb tətbiq etməlidir».

DGYTB başqanı Əkbər Qoşalı hesab edir ki, Nuşirəvan müəllimin bu məsələdə mövqeyini dəstəkləmək, narahatçılıqlarını bölüşmək lazımdır: «Çox doğru təsbit edib. Durumun vahimlik dərəcəsini hər gün görmək mümkündür: pultu götür, müstəqil Azərbaycan TV kanallarından birini «tık»la və diqqət kəsil… Müstəqil radiolarımız da eləcə… Müəyyən dərəcədə AzTV bu mövzuda normalara uyğun gəlir, lakin onun da digər problemləri var – hansı ki, həmin problemlər bu mövzuya aid deyil».

OKTAY

//”Xalq Cəbhəsi” qəzeti – 23.10.2012

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.