Ana səhifə BAŞ YAZI Tanınmışların iş otaqları

Tanınmışların iş otaqları

Müəllif: Bizim Yazı
470 baxış

Nizami Cəfərov: “Evdə xüsusi olaraq konkret bir otağı yazı üçün ayırmıram. Harada yazının məqamı gəlsə, orda da yazıram”

Elə oxucular var sevdiyi yazıçı və ya şairin kitabını alanda yalnız mətnlə maraqlanır, əsərin məzmun və mahiyyətinə varmaqla kifayətlənir. Elə oxucular da olur, kitab və əsər haqda bütün təfərrüatları bilməyə can atır – harda, hansı tarixdə, necə şəraitdə yazılıb…  Sonuncu kateqoriya oxucuların marağı nəzərə alıb, bədii əsərlərin, ciddi yazıların necə yaranmasını araşdırdıq. Bu məqsədlə bir neçə məşhura müraciət elədik.

Xalq yazıçısı Əkrəm Əylislinin fikrincə, hər yaradıcı insanın iş otağı olmalıdır: “Mənim də yazılarımı yazdığım otağım var, amma təəssüf ki, çox kiçikdir. Belə götürəndə deyə bilərəm ki, təkcə yaradıcı insanların deyil, elə hər bir kəsin özünə aid xüsusi iş otağı olmalıdır. Belədə insanların hətta evlərində də rahat şəkildə işləməsinə şərait olar. İş otağımdakı rəflərdə xüsusi nələrsə ola bilər, amma mən yazı prosesində onların heç birini görmürəm. Onu da deyim ki, iş otağımda diqqətimi yayındıra biləcək heç bir bəzəkli əşya saxlamıram, belə şeylər işlədiyim otağa yol tapa bilməz.
Stolüstü kitablarım var, amma kitablar vaxtaşırı dəyişir. Bir də görürsən deyirlər ki, yazıçının, ziyalının daimi bir stolüstü kitabı olmalıdı, məndə elə deyil. Mənim stolüstü kitabım zövqümə uyğun dəyişir. İşlədiyim otağın özəl bir detalı yoxdur. Bəziləri iş otağını fərqli bir interyerlə bəzəyir, amma mən belə şeyləri xoşlamıram – iş otağımda nə bəzək əşyaları, nə xalça, nə də bəzilərində olduğu kimi, rəsm, portret var”.

Millət vəkili, yazıçı Aqil Abbas iş otağının qapısını daim açıq saxladığını söylədi: “Redaksiyadakı iş otağımda uzun müddət oturmağı xoşlamıram, dəhlizdə gəzişirəm. Kimsə qəbula, görüşə gəlirsə, tez qəbul edirəm, mənim iş otağımın qapısı həmişə açıq olur. Qapalı məkanda oturmağı sevmirəm.
Müxtəlif  vəzifələrdə çalışanda da bu vərdişdən əl çəkməmişəm – qapını açıq saxlayıram. İndi parlamentdə də hər bir deputatın ayrıca otağı var. Şəraiti lüksdur. Orda oturanda da qapılarım açıq olur.
Mənim bir yazıçı kimi evdə, təbii ki, normal şəraitim var. Çox zəngin bir kitabxanamın olduğunu da vurğulayım. Maraqlı olanı isə odur ki, mən heç vaxt iş otağımda oturub uzun müddət yazı yazmamışam. Ola bilər, hər hansı çayxanada oturub yazaram. Mənə fərq eləmir. Sözün qısası, heç vaxt hardasa oturub ayrıca yazı işi ilə məşğul olmamışam. Bəzən televizora baxa-baxa, bəzən istirahət etdiyim otaqda yazıram.
İş otağımın elə bir xüsusi bəzək əşyası yoxdur. Amma divardan görkəmli insanların, sərkərdələrin portretlərini asmışam. Asmağa yer olmayanda o rəsmləri sadəcə yan-yana düzmüşəm. Musiqini çox sevdiyim üçün bütün musiqi alətlərini iş otağıma qoymuşam.
İş otağımda hobbilərimdən xəbər verən bəzi əşyalar da var. Hamısı haqqında danışmaq istəmirəm, sadəcə biri haqqında məlumat verəcəm. Mənim hobbilərimdən biri də qılınc kolleksiyası yığmaqdır. İş otağımda xeyli sayda qılınc var.
Daim masamın üstündə kitab olur. Gecə yatmazdan öncə oxuduğum kitablar da var. Onları vərəqləyirəm, oxuyuram və keçmişə qayıdıram. İnanmazsız ki, Süleyman Rəhimovun “Qafqaz qartalı” hər zaman yanımda olur və çox sevdiyim əsərlərdən biridir. Viktor Hüqonun “Səfillər”ini çox sevirəm. Ramiz Rövşən, Vaqif Cəbrayılzadə hər zaman oxuduğum yaradıcı insanlardır. Əsəbi və gərgin olanda mütləq onları oxuyuram. Yeri düşdükcə Məhəmməd Füzulini vərəqləyirəm və yenidən anlamağa çalışıram. Bunlar demək olar ki, mənim stolüstü kitablarımdır. Hərdən hansısa gəncin kitabı da bir müddət mənim stolüstü kitabım olur. Mənə elə gəlir, yazıçı üçün xüsusi bir iş otağı yoxdur. Yazıçının yaza bildiyi hər yer onun iş otağıdır. “Dolu” romanının yazılmasının şahidi olan Rəşad Məcidin bir sözü var, deyir ki, Aqil təyyarədə, çimərlikdə, hətta yemək yeyəndə də romanını yazırdı.  Elə an olur, yazını yalnız iş otağında oturub yazmağa ehtiyac qalmır. Şairin, yazıçının tutması harda tutdu, orda yazacaq”.

Millət vəkili, filologiya elmləri doktoru, professor  Nizami Cəfərov da konkret bir iş otağında yazmadığını söylədi:  “Mənim bir neçə iş otağım var, hamısı haqqında ayrıca danışmaq, onları oxucuya təqdim eləmək çox vaxt aparar. Həm evdə, həm də Atatürk Mərkəzindəki iş otağımda yazıram . Təbii ki, iş otaqlarında zəngin kitabxananın olması vacibdir. Evdə çox kitab saxlamadığım üçün kitablarımın bir hissəsini iş yerindəki otağımda, rəflərdə yerləşdirmişəm. Amma vacib olan kitabları evə gətirib oxuyuram. Evdə xüsusi olaraq konkret bir otağı yazı üçün ayırmıram. Harada yazının məqamı gəlsə, orda da yazıram.

Bu otaqlarımı tamamlaya biləcək xüsusi bir detal yoxdur. Amma deyim ki, klassik yazıçı və şairlərin xüsusi iş otaqları olurdu. Xüsusi detallar belə otaqlarda öz əhəmiyyətini göstərə bilirdi. İndi isə elə detallara sahib iş otaqlarının olması çətin məsələdir. Çünki indi konkret bir məkanda oturub işləmirik, məkanı tez-tez dəyişirik.

Xüsusi önəm daşıyan stolüstü kitablarım yoxdur. Mənə hansısa bir kitabı oxumaq lazım olursa, onu tapıb oxuyuram. Amma bəzən özümə aid olan, vacib axtardığım kitabları belə, tapa bilmirəm. Bir də görürsən, vacib bir kitabı axtarıram, oxuyuram və sonra özümdə saxlamıram”.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalı özünə hələlik arzuladığı iş otağı yarada bilmədiyini qeyd etdi: “Mən bir neçə il yataqxana sakini oldum, indi də paytaxtdan bir xeyli qıraqda məskunlaşmışam. Deyərsiz, bunun nə dəxli var mətləbə?  Bir az da özümə iş otağı qurmaq istəyi vardı şəhərdən qırağa daşınmaq işinin içində… Ancaq hələlik ürəyim istəyən ortamı yarada bilməmişəm. Övladlarımın ikisi məktəbli, biri bağça yaşlıdır. İlkin olaraq onlara normal oxumaq, təhsil almaq mühiti yaratmaq zorunluğum var.

Mən bəlkə də, ən çox kitabı olan yazarlardan biriyəm, üstəlik məndə elə kitablar var, onlar Azərbaycanda dörd-beş adamda ola-olmaya. Lakin sırf özümün ixtiyarımda olan otaq yoxdu deyə, kitablar, qeyd dəftərlərim, qəzetlər-dərgilər qalaqlanıb bir tərəfdə qalıb. Bir az da daşınan bilgisayar adamı tormozlayır, sözün açığı. Halbuki klassik iş otağı dediyin, masa, kətil, qələm-dəftər, kitab dolu dolablardan ibarət olsa gərək… İş yerindəki otağım isə məhz iş yerindəki otaqdı, burada şəxsi planda fəaliyyət bir o qədər də uyğun gəlmir”.

Azərbaycan Yazıçılar Birliyinin Güney Bölməsinin rəhbəri, şair Sayman Aruz iş otağında olan detallardan danışdı: “Mənim yaradıcı insan olaraq özümə aid iş otağım olsa belə, özümü məkansız yazıçı hesab edirəm. Əsərlərimin əksər hissəsini kafelərdə çay içə-içə və tənhalığıma sığınaraq yazıram. Evdəki otağımda stolüstü kitabım Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” kitabıdır. Çalışdığım otaqda sevib önəm verdiyim  bir neçə detal var. Onlardan biri də Təbrizin təsvir olunduğu rəsmdir. Bu rəsm sanki mənim pəncərəmdir. O rəsmə baxanda elə bilirəm həm keçmişi, həm də gələcəyi görürəm. Digər bir detal isə övladımın şəkilləridir”.

Könül Səid

/“GündəlikTELEQRAF” qəzeti (147) – 09.10.2012, səh. 14

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.