Ana səhifə BAŞ YAZI Əkbər QOŞALI. Şubatın son günü yazılan şeir…

Əkbər QOŞALI. Şubatın son günü yazılan şeir…

Müəllif: Bizim Yazı
431 baxış

***
Tanımadığım rəssam,
Dün bir təsadüflə odana gəldim –
Bir irigöz gözəllə,
Qüsura baxma, özün yoxkən girdik odana.
Yo-yoox heç nə götürmədik –
Baxmaq və sadəcə baxmaqdı işimiz…

Səni divardakı rəsmindən tanıdım –
Alt yazısından bildim, əslində –
“Özrəsm” deyə not keçmişdin.
Daha doğrusu
“Avtoportret” yazmışdın sən
Mən belə oxudum
İrigözlü etiraz etdi həmən:
– yenə türkçülüyün tutub, deyəsən…
Mən neçənci dəfə
türkçülük tutmur, xanıməfəndi,
o ya var, ya yox
dedim.
Qımışdı sadəcə
və iri gözlərini o biri şəklə takıverdi…

Nə başını ağrıdım,
Özünü gözəl çəkmisən –
damağında siqar,
gözlərində kədər
Qüllabın da
kədərin tək dərindi, rəssam qardaş…
ancaq mənim irigözlümün gözündən dərin olmaz.
(Elə də qəşəng “mənim” deyirəm,
Oysa nə sənin odan mənimdi, nə o irigöz…
Olmayacaq da..!)

Sonra “Gülən qız”ına baxdıq
Mənim irigözlümün təbəssümündən
kiçikdi məncə
onun üzü boyu yayılmış qəhqəhə…
ancaq xoşdu, gözəldi.
(Təbəssüm var bir dünyadı,
Gülüş var bir üz boydadı.)

Sən də at vurğunusan, qaliba, rəssam qardaş,
Hər iki şəklindən biri atdı, atlıdır, atladı…
Hələ o iki yorğun atın var ha!.. –
verib baş-başa…
Vay, mənim halıma, vay,
Neyləmisən, zalım.!?
İstədim onların yorğun doğmalığından
keçid alım söhbətə
irigözlüm
“adamlar və ağaclar” deyə bir şeylər söylədi nə isə
Mən
“bəlkə adamlar və atlar” deyə düzəltdim guya
önəm vermədi
öyləsinə keçdi… –
iri gözlərini süzdürərək…

Rəssam qardaş,
Odan nə yaman dağınıqdı –
Güclə keçirdik bir rəsmdən o birinə
Arada bir əlindən tutmaq istəyirdim onun,
amma nəyə yarar?
Səssizcə çəkirdi əlini və irigözlərini…

Sonra “Pikasso” albomuna baxdıq –
kirli dolabdan alıb.
Mən “dolab” dedim, ancaq irigözlü
“şkaf” dedi, təbii
və xəfifcə “türkçülüyün tutdumu yenə” dedi
mən dinmədim bu dəfə…
əlimi əlinə toxundurmuşdum o anda
dodaqlarım təpimişdi, qurumuşdu boğazım –
lap uşaq kimiydim, vallah
zira
o halımdan bildim
ona olan duyğumun adını…

Tanımadığım rəssam,
odandan heç nə götürmədik,
amma
yenə
bağışla bizi, könül qoyma.
Bəlkə gözümüzdə,
könlümüzdə
götürmüşük bir şeylər
o dağınıq odanın sənət nizamından…

Görüşmək ümidi ilə…

Bəlkə mənim şeirim də sənin odan kimi dar-dağınıqdı,
nə yapalım,
sənin rəsmlərindən aldığımız bizim,
bu şeir də sənin halalın olsun…
                                                                    2012 fevral 29.
                                                                       saat 02.08

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.