Ana səhifə BAŞ YAZI “Şeir qoşmağa nə var?! – Şair olmaq zülümdü.”

“Şeir qoşmağa nə var?! – Şair olmaq zülümdü.”

Müəllif: Bizim Yazı
1. 353 baxış

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru, tanınmış şair İbrahim İlyaslı ilə söyləşi

– İbrahim müəllim, ədəbi mühitdə az-az görsənirsiz ya bu bizə belə gəlir?
– Ədəbi mühitdə yazı adamının özünün yox, yazdıqlarının görünməsi önəmlidir, hesab edirəm. Bəzən bizdə tərsinə olur. Bir də görürsən bir qələm adamı medianın gündəmindən düşmür. Diqqətlə baxanda görürsən ki, görünən bu adamın yalnız fotosu və mətləbə dəxli olmayan məsələlərə münasibətidir. Ortada əsər yoxdur. Bir də ki, mən zatən az yazanların sırasındayam. Yeni yazılarım olanda mətbuata təqdim edirəm. Çap olunmaqla bağlı da ki, heç bir problemim yoxdur.
– Yaradıcılığınızda nə kimi yeniliklər var?
– Telli xanım, mən indiyəcən heç yerdə, heç zaman “mənim yaradıcılığım” deyə bir ifadə işlətməmişəm. Yaratmaq yalnız Tanrıya məxsus bir feldir. Düzdür, bu ifadə artıq uzun illərdir və təkcə bizdə yox, az qala hər yanda geninə-boluna “kullanılmaqda”dır. Buna baxmayaraq mən bu ifadədən bilmərrə qaçağam. Şair olsa-olsa uzağı könül, qəlb mirzəsidir. Ondan o yana bir şey deyil.
O ki, qaldı yeniliklərə – “Yuxuma söykənmiş adam” adlı şeirlər kitabım 2011-in yayında nəşr olunub. Hələ ki, bu kitabıma olan münasibəti izləyirəm. Narahatlıqla izləyirəm. SÖZlə adam qarşısına çıxmağın məsuliyyəti çox böyükdü…
– Kifayət qədər oxucunuz varmı, yoxsa siz də oxucu qıtlığından şikayətlənirsiniz?
– Var, hesab edirəm. Oxumaq istəyən və oxumalı adamlar oxuyurlar. Sadəcə oxucularla ünsiyyət, yazdıqlarımızın oxuculara çatdırılması problemi var. Bizdə kitab yayımı və kitab ticarəti məsələləri öz həllini tapmalıdır. Burda oxucunun heç bir günahı yoxdur. Yazıçı təbliğ olunmalıdı, oxucu da münasibət bildirməlidi. Bu mənada regionlarla əlaqələr daha pis vəziyyətdədir. Bizim ədəbiyyat sanki yalnız Bakıda yazılır və yalnız Bakıda oxunur. Vəssalam. Belə omaz axı… Bəyəm Azərbaycan ərazi və əhali cəhətdən o qədər böyükdür ki, onu bədii ədəbiyyatla təmin etmək, onun yazıçısını oxucusuna, oxucusunu yazıçısına tanıtmaq problemə dönsün?!
– Gənc yazarlardan kimləri oxuyursunuz?
– Az qala zarafata salıb demək istəyirdim ki, “Gənclər bizi oxuyurlar ki, biz də onları oxuyaq?” Təbii ki, bu bir zarafatdır. Amma hər zarafatın bir gerçək yönü də var. Biz bəzən “Çukça ne çitatel, çukça pisatel”(Çukça oxucu deyil ki… çukca yazıçıdır) vəziyyətində qalırıq. Çox yazıb, az oxuyuruq.
Gəncləri mütəmadi izləyirəm. Təbii ki, tutduğum vəzifəyə dəxli olmağından dolayı ilk növbədə sumqayıtlı gəncləri oxuyuram. Ədəbi gənclikdən söhbət düşəndə poeziyamızda əbədi olaraq gəncliyini sürdürəcək rəhmətlik Fərhad Meteni xatırlayıram. Çox böyük istedad sahibiydi. Azərbaycanın şeir dəftərinə ayrıca bir səhifə yazıb getdi.
İstedadlı gənc yazarlarımız çoxdur. Gənclik həssas olur, birinin adını çəkib o birinin qəlbinə dəymək istəmirəm.
– Kitab rəfinizdə gənclərdən kimlərin kitabı var?
İmza günlərində, təqdimatlarında iştirak etdiyim gənc yazarların hamısının kitabı var rəfimdə. Kitab dükanlarından aldıqlarım da var. “Ulduz” jurnalının abünəçisiyik. Orda gənclərin böyük əksəriyyəti çap olunur. Fasilələrlə dönüb yenidən oxuyuram. Bəzi imzaları isə internet üstündən tanıyıram. Ədəbi tənqidin onlara münasibətini də izləyirəm. Razılaşdığım və razılaşmadığım yerlər var.
Təbii ki, mən də eyni zamanda fərdəm və öz zövqüm var. Bəyəndiklərim də var, bəyənmədiklərim də. Necə ki, məni də bəyənən və bəyənməyənlər var…
Bir də ki, kitab rəfində kitabı olmaq şərt deyil. Rəfə istedadlı olmayan birinin də kitabı gəlib düşə bilər. Əsas matahın – əsərin ortada olmasıdı. Oxucu tərəfindən qəbul olunması, ürəklərə yol tapmasıdı.
– Sizcə gənc nəsil yaşlı nəsli üstələyə bilərmi?
Söhbət hər iki nəslin yalnız istedadlılarından gedirsə bu sadəcə mümkün deyil. Bunu mən və yaxud başqa biri yox, həyatın özü diqtə edir. 25 yaşlı bir gənc gecəni yatıb, səhər oyananda 55 yaşlı ola bilərmi?! Tarix hələ belə bir şey görməyib. Gənclərimiz gərək belə bir sevdaya düşməsinlər. Özlərini boş yerə yorarlar…
– Gənc nəslin yaradıcılığında nələrin çatışmadığını hiss edirsiniz?
Gənc nəsildən olanların yazdıqlarında ana dililmizin şəhdi-şirəsi çatışmır. Ədəbiyyat, ələlxüsus də şeir üçün bu çox vacib kriteridir. Ədəbiyyatın sirlərinə bələd olmaq, onu bilgisal olaraq mənimsəmək hələ yaxşı şair, yazıçı olmaq demək deyil. Şeir – ilk növbədə duyğu, sonra isə dil hadisəsidi… Şairlik(nasirlik) eyni zamanda həyat tərzidir, fərqli bir ömür yaşamaqdır:
Qələm, dəftər – dörd divar,
Sevinc, qəm, giley-güzar…
Şeir qoşmağa nə var?!-
Şair olmaq zülümdü.
Bu mənada gənclərimizin içərisində də şairlər və şeir qoşanlar var. Mən gənc şairlərimizi təkcə oxumuram, onların yaşadıqlarını yaşayıram və onların hər birini sevirəm. Hamısına uğurlar arzulayıram. Bir para şeyləri isə ancaq müəyyən yaşa dolandan sonra biləcəklər. Dünya belə qurulub. Bu dünyada bizim dəyişə biləcəyimiz yalnız şəkillənmələrdir. Həyatın məğzində heç nə dəyişmir.
– Bu günlərdə Türkiyə Cümhuriyyətində, Ərzurum şəhərində səfərdə olmusunuz. Bir az da bu haqda danışardınız.
– Səfərimiz Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı Ərzurumda düzənlənən “Bağımsızlığının 20 ilində Azərbaycan-Türkiyə ilişgiləri” Uluslararası Toiplantı silsilə tədbirləri çərçivəsində həyata keçirilirdi. Dünya Gənc Türk Yazarlar Birliyinin və Aziziyye Bələdiyyəsinin təşkilatçılığı ilə düzənlənmiş “Azərbaycan-Ərzurum Şair və Ozanları Gecəsi”ndə ərzurumlular qarşısında çıxış etdik, şeirlər oxuduq. Ərzurumlu şair və ozanlarla yaxından tanış olduq, ünsiyyət bağladıq. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Qardaş Türkiyədən çox gözəl təəssüratla geri döndük. Yeri gəlmişkən bu tədbirin həyata keçirilməsində böyük xidmət göstərmiş DGYT başqanı, şair Əkbər Qoşalıya təşəkkürümü bildirirəm.
– “La Iləhə İlləllah, Kimdi məni səsləyən?!”- deyirsiniz bir şeirinizdə. Sizi səsləyəni ayırd edə bildinizmi?
– Təəssüf ki, bu şeirlərimə dəxli olan yeganə sualınız olsa da, sualınıza cavab verə bilməyəcəm. Mənim bildiyim qədər şeir oxunur və duyulur. Onun duyğulara təsir etməkdən başqa bir missiyası yoxdur. Şeirin izahına varmaq mənlik iş deyil…
– Ədəbi taleyinizdən razısınızmı?
– Guya razı olmayanda nə baş verir ki?..  –  Əlbəttə, razıyam. – Hərənin öz taleyi, öz qisməti var. Zamanın imtahanından bircə şeirin keçsə belə, buna şükür! Bu mənada zaman çox amansızdı. Həm də obyektivdi. Onun imtahanında bizim variantların heç biri işə yaramır. Orda adamın dadına nə Yazıçılar Birliyi, nə qalın-qalın kitablar, nə fəxri adlar və mükafatlar, nə tənqidçilərin türlü-türlü sözlərlə süslədiyi məqalələr, nə dostların tərifləri, də hökümətin dəstəyi çata bilir. Orda şairin dadına çatsa ancaq şeiri çatır, onun da gücü yetərli olsa…
– Vaxt ayırdığınız üçün təşəkkür edirəm, çox sağ olun.
– Siz də sağ olun.

TELLİ

You may also like

1 şərh

Hemid 2012-01-13 - 20:41

Ibrahim Ilyaslı həmişə təzədir, həmişə maraqlıdır, həmişə səmimidir, həmişə şairdir və həmişə də İbrahim İlyaslıdır. Eşq olsun torpağa!

Cavab

Hemid üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.