GÜNAY NOVRUZ
F 3
Özümü itirmişəm, itirmişəm səninlə birgə,
Axtarışa ver məni bilgisayarında “F 3”-lə.
Ya da “çağrı” göndər “əl”imə… –
əlim qovuşsun əlinə.
Gəl tap məni təcili yardım gəlincə,
Dur gəl elə bu gecə, elə indicə.
Bir də sabah olsun,
Gün zülmətdən yorulsun.
Anam nəzir paylasın sənin gəlişinə…-
zamanın bu işinə, gərdişinə.
Sağlıqlar deyilsin “Facebook”a, “Twitter”ə,
Bəyənilsin səhfiələrim, qovuşsun əlinə əllərim.
Əl-ələ verib təbliğ edək məni,
Sənə yazdığım sevgi şeirlərini.
***
Yenə gecədi, yenə ağrılarım var…
-ağrıya hamiləyəm mən.
Səninlə ayrıldıq, yaxşı oldu,
Məni bu halda görməyini istəmirəm.
Hər an ağrıdan ağrı doğuram,
Sevgiyə ağrılarımla yoğruluram.
Gecə saat ikidi…
-iki aksenfort, iki dikonim içmişəm,
Deyəsən keyimişəm,
Daha məni sevməyini də istəmirəm.
Günorta sümüklərim yamanca ağradı…
-həkimə getdim.
Qan analizinə yolladı məni,
Amma analizə getmədim.
Qorxuram səni…
-qanımda taparlar səni.
Yaxşısı budu dözüm ağrılara,
Yaxşısı budu mən köçüm varağlara
Cır at məni, uçum dağlara.
Hər gün ağrıdan ağrı doğunca,
Yoğrulunca beləcə sevgimə,
Sən də qanımla köç iliyimə.