Ana səhifə TÜRK DÜNYASI Naxçıvanda Kolanı tayfası

Naxçıvanda Kolanı tayfası

Müəllif: Bizim Yazı
913 baxış

Şahin  Bəhrəmoğlu * 

Azərbaycanın tarixi diyarlarından biri olan Naxçıvan ərazisində tarixən kəngərli, kolanı, sədli, qarabağ, xələc, bəydili, dəmirçi, qazançı, yaycı, qarxun, yurdçu, muğanlı, əfşar, bayat, quşçu və digər türk tayfaları toplu olaraq yaşamışdır və yaşamaqdadır. Bu tayfaların sayca və yayıldığı əraziyə görə ən böyüklərindən biri olan Kolanı tayfalarının oğuzmənşəli olması barədə öncəki yazıda məlumat verilmişdir

(www.dgtyb.org/news/1651.html). Bu yazıda tarixi Naxçıvan ərazisində yaşamış və hal-hazırda yaşayan Kolanı tayfaları barədə  məlumat verilmişdir. İlk öncə qeyd edək ki, Kolanı tayfaları bir-birinə qonşu olan İqdır, Naxçıvan, Vedi, Dərələyəz, Göyçə, İrəvan, Qarabağ, Qaradağ, Şirvan və Muğan bölgələrinin mənbələrdə tez-tez xatırlanacaq qədər böyük tayfalarından biri olmuşdur.
Müharibələr, köçürmələr kimi müxtəlif  tarixi hadisələr, ticarət, heyvandarlıq və başqa amillər bu bölgələr daxilində bütün əhalinin dəfələrlə yerdəyişmələrinə, sıx əlaqə içərisində olmalarına səbəb olmuşdur. Tarixi Naxçıvan ərazisinə yüzilliklər boyu Vedi, Dərələyəz, Zəngəzurun cənub hissəsi, Qafan və Araz çayından cənubdakı bəzi bölgələr də daxil olduğundan məqalədə Kolanların Naxçıvan ərazisində yaşaması dedikdə bu ərazi prinsipindən yanaşılmışdır. Sonrakı dövrlərdə bu ərazilər başqa inzibati ərazi vahidlərinə daxil edildiyindən həmin bölgələr barədə digər araşdırmalarda məlumat veriləcəkdir. Vedibasar mahalı (Vedi çayı boyunca) və Dərələyəz mahalının (mahaldan cənubda yerləşən Ələyəz – Alagöz adlandırılan dağın dərəsi mənasında izah olunur) sərhədlərinin orta yüzilliklərdə bir çox hallarda ayrıd edilməsi mümkün olmadığından bu tarixi-coğrafi ərazilər bir çox yerdə ümumi şəkildə Vedibasar-Dərələyəz kimi qeyd olunacaqdır. Kolanı tayfası Naxçıvan ərazisində ən qədim dövrlərdən yaşayan türk tayfalardan biri olmuşdur. Tarixi Naxçıvan ərazisi həmçinin, Kolanı tayfasının Azərbaycanın bir sıra ərazilərinə də yayılma mərkəzlərindən biri olmuşdur.
Naxçıvan ərazisində Kolanlıların məskunlaşdığını güman etdiyimiz və eyni zamanda onların Naxçıvan ərazisində mövcudluğunun mənbələrdə qeyd olunduğu bir çox yerlər qədim yaşayış məskənləri kimi tanınır. Xaraba Gilan nekropolu  e.ə II-I minilliyə, Şahbuz rayonunun Kolanı kəndi yaxınlığındakı Kolanı nekropolu e.ə. I minilliyə, həmin kəndin yaxınlığındakı Qarnıyarıq yaşayış yeri e.ə. I minilliyin əvvəlləri – bizim eranın VIII əsrlərinə, həmin kəndin içərisində olan Kolanı yaşayış yeri V-XVIII əsrlərə, Culfa rayonunun Ləkətağ kəndi ətrafında indi yerli camaat arasında Kolanı yeri kimi də tanınan ərazinin yaxınlığındakı Kolasu nekropolu isə VI-VIII əsrlərə aiddir. Eyni zamanda Vedibasarda Kolanlıların yaşadığı Kolanlı və Almalıqda mövcud olmuş boyu üç metrə çatan oğuz qəbirləri, yenə Vedibasarın Kolanlı, Kom, Xartlıq və Xınıt Qaraqoyunlu kəndləri ərazisində mövcud olmuş qədim yazılı daşlar da bu cəhətdən diqqəti çəkən məqamdır.
Apardığımız araşdırmalar nəticəsində aşağıdakı tarixi faktlar əsasında mənbələrdə Koltene, Qoğtan və Qoxtan kimi əks olunmuş, əsasən indiki Ordubad rayonu ərazisini və Culfa rayonu ərazisinin bir hissəsini əhatə edən qədim vilayətin və bu vilayətdə qədimdə mövcud olmuş Gilan şəhərinin burada məskunlaşan Kolanı tayfasının adı ilə bağlı olduğu, məntəqənin qədim dövrdə Kolanıların Orta Asiyadakı keçmiş yaşayış yerlərinin adları ilə Kulan və ya Kolan şəhəri adlandırıldığı nəticəsinə gəlirik.
II əsr müəllifi Ptolomey Naxçıvan ərazisində, Araz sahilində Koltene əyalətinin  adını çəkmişdir. Bir sıra tədqiqatçılar bu adı Naxçıvan ərazisində qədimdən məskunlaşan türkmənşəli kol tayfalarının adı ilə bağlayırlar və eyni zamanda kol tayfalarının Kolanı tayfasının əcdadı olduğunu bildirən bir çox tədqiqatçılar vardır. Eramızdan əvvəlki son əsrlərdən Azərbaycanda yaşamağa başlayan Kol tayfalarının, keçmiş yaşayış yerlərinin və tayfanın tirələrinin adları Azərbaycanda Kol, Kolb, Koltene, Kolt, Kolman, Kolovit, Kullar  və başqa tarixi yer adlarında özünü göstərir ki,  bu tarixi vilayətlər Qərbi Azərbaycan, Qarabağ, Naxçıvan və başqa ərazilərdə yerləşməklə Kolanlıların  əraziləri ilə də üst-üstə düşür.
2) Vilayətin qədim adına müxtəlif dillərdə olan mənbələrdə rast gəlinmişdir. Adın yazıldığı dilə uyğunlaşdırılması bir sıra təhriflərə yol açmışdır. Məsələn, qrabarca olan mənbələrdə “L” hərfi olmadığından bu hərf “XT” və “ĞT” hərfləri ilə verilmiş və nəticədə Kolan adı “Koxtan, Qoğtan” kimi yazılmışdır. VII əsrdə ərəblərin Azərbaycan ərazisini işğal etməsindən sonra bu vilayətdə yerləşən şəhər ərəb mənbələrində bu dilə uyğunlaşdırılaraq Gilan adlandırılmışdır. Sonrakı əsrlərə aid mənbələrdə Gilan şəhərinin adı zamanla dəyişdirilərək Kiran, Giran, Keyran, Ciran və Azad Ciran formalarında yazılmışdır. Qeyd edək ki, İran ərazisində olan indiki Gilan vilayətinin qədim və orta əsrlərdəki adı Deyləm olmuşdur. Bunları nəzərə alaraq Vedi, Zəngəzur və başqa ərazilərdəki Gilan, Gilanlar yer adlarının və orta əsrlərdə Naxçıvan ərazisində işlənmiş Gilani soyadlarının İran ərazisindəki Gilanla bağlı olmadığı fikrinə gəlir və düşünürük ki,  onların Kolanlarla eyni bölgəyə düşməsi baxımından mənşəyinin araşdırılmasına ehtiyac vardır. Qeyd edək ki, rus tədqiqatçısı K.N.Smirnov araşdırmalarında Vedi mahalında yaşayan Kolanı tayfasına məxsus bir neçə şəxsin qədim Gilan şəhəri ilə bağlı olması ehtimalını irəli sürmüşdü. Naxçıvan ərazisində yaşayan Kolanı tayfasının adı bir sıra mənbələrdə Kolani, Gilani və Kolanı şəklində əks olunmuşdur.
3)Gilan şəhərinin dağlıq bölgədə yerləşməsi səbəbindən bu şəhəri qarışıq tayfaların məskunlaşdığı bir şəhər kimi yox, daha çox ayrıca bir tayfanın –Kolanların və bu tayfanın qollarının yaşayış yeri kimi nəzərdən keçirilməsi uyğun görünür. Çünki adətən düzənlik yerlərdə olan şəhərlərin əlverişli bölgə olması baxımından bu ərazilərə əsrlər boyu müxtəlif tayfalar köçüb yerləşir, əlverişsiz dağlıq bölgələrdə olan yaşayış məntəqələrinə isə bu cür böyük köçlər az sayda baş verə bilərdi. Bu amil əsasında Gilan şəhərinin əsasən bir tayfadan ibarət olduğunu, tarixi, toponimik və ərazi yaxınlığını nəzərə alaraq bu böyük tayfanın Kolanılar olduğu qənaətindəyik. Tədqiqatçılar XV-XVII əsrlərdə Kolanlı tayfasının Naxçıvan, Qarabağ və Qərbi Azərbaycan ərazilərinə Osmanlı və ya Xorasan ərazisindən gəldiyini bildirirlər. Lakin bu əsrlərə aid mənbələrdə Kolanlı tayfasının Azərbaycan ərazisinə digər bölgələrdən gəlməsi faktına hələ ki, rast gəlməmişik. Buradan belə məlum olur ki, qeyd olunan əsrlərdə Kolanı tayfası Azərbaycana xaricdən gəlməmiş, yerli əhali kimi sadəcə yerdəyişmələr etdiyindən dövrün mənbələrində bu barədə geniş məlumatlar verilməmişdir. Eyni zamanda bu dövrdə bölgədə baş verən dəhşətli müharibələrin də bölgədəki digər hadisələri kölgədə qoyması mümkündür. Kolanı tayfasının mənbələrdə geniş əks olunması ilə Gilan şəhərinin dağılması eyni dövrə düşür.
4) Gilan şəhərinin başqa tayfalarla bağlanması amili özünü doğrultmamaqdadır. Gilan şəhərinin adının gilək tayfasının adı ilə uyğunlaşdırılması, ermənilərin saxta faktlar əsasında bu vilayəti “erməniləşdirmə” cəhdləri Naxçıvan ərazisində qədim dövrlərdən bu tayfaların toplu halında yaşamaması səbəbindən doğru deyildir. Zəkəriyyə Qəzvininin verdiyi məlumata görə Gilan şəhərinin əhalisi türklərdən ibarət olmuşdur. Mənbədən Gilan adının gilək tayfalarının adı ilə bağlanmasının yalnış olduğu, həmçinin bu tarixi Azərbaycan şəhərinə yönəlmiş erməni iddialarının tarixi mənbələrə söykənmədiyi aydın olur. Güman olunur ki, XIV əsrin əvvəllərində zəlzələ, yaxud monqolların hücumu nəticəsində və ya məlum olmayan digər səbəblərdən Gilan şəhəri dağılmışdır. Qeyd etmək lazımdır ki, mənbələrdə Gilan şəhərinin əhalisinin süqutdan sonrakı taleyi haqqında məlumatlar müxtəlifdir. Bu yaşayış yerində XV əsrə qədər olan sikkələrin tapılması şəhərin süqutundan sonra da ərazidə əhalinin müəyyən qisminin bir müddət yaşadığını göstərir.
5)Qeyd edək ki, Xaraba Gilan ətrafında olan beş Dizə hissəciyi olan kənd adı da Orta Asiyaya xas olan onlarla Dizə adları ilə səsləşərək Orta Asiya türklərinə aid izləri daşımaqdadır. Bu isə şəhərin Orta Asiyanın türk tayfaları ilə bağlantısını göstərir. Ərazidəki Vənənd kənd adı oğuz mənşəli Bulqar tayfasının Vənd qolunun adı ilə səsləşir və bununla əlaqəli olan “Vənd” sonluğu isə Qarabağ Kolanılarının bir çox qollarında (Şeyxavənd, Sırxavənd, Qərvənd və başqa) işlənmişdir. Bu isə öz növbəsində Qarabağ Kolanılarında olan tirə adlarının bugün Xaraba Gilan adıyla tanınan bölgə ilə bağlantısından yarana bilərdi.
6) Ümumiyyətlə XVI-XVII əsrlərdə Naxçıvan bölgəsinin əhalisi müharibələr nəticəsində böyük köçlərə məruz qalmış, əsasən qonşu vilayətlərə yerləşmişdir. Bu amansız müharibələrin nəticəsi olaraq 1590-cı illər üçün Naxçıvan sancağı əhalisinin 68,5%-i, 1727-ci il ərəfəsində isə 26,7%-i öz yurdlarını tərk etməyə məcbur olmuşdu. XVI əsrin sonu-XVII əsrin əvvəllərində I Şah Abbasın Naxçıvanda həyata keçirdiyi “Böyük sürgün” taktikası zamanı əsasən sayı Arazın sol sahilində yaşayan 70 mindən çox əhali (Naxçıvan əhalisi) Qarabağ, Qaradağ, İsfahan və başqa yerlərə köçürülmüşdür. 1579-cu ildə Naxçıvan sancağından 40 min nəfər insan Osmanlılar tərəfindən bu imperiya ərazisinə köçürülmüşdü. (Bütün bu köçlərdən sonra geri qayıdanlar da olmuşdur) IŞah Abbas tərəfindən qədim Gilan şəhərinin dağıdılması barədə mülahizələr, eyni zamanda Kolanıların I Şah Abbas tərəfindən Qarabağa köçürülüb yerləşdirilməsi barədə məlumatlar da bu fikrə dəlalət edir. Orta əsrlərdə Şuşa şəhərində olmuş Əylis (indi Ordubad rayonunda eyniadlı kənd vardır) və Culfalar (Naxçıvanda Culfa adlı şəhər var) məhəllələri, Qarabağda Naxçıvan mənşəli kəngərlilərin olması, hər iki bölgədə rastlanan Yaycı, Qazançı və başqa kənd adları da əhalinin təkcə Naxçıvanın indiki Culfa və Ordubad rayonları ərazisindən Qarabağa köçürülməsinin digər göstəriciləridir. (Qeyd edək ki, Culfa şəhəri bu köçlərdən daha zərərli çıxmış, İsfahan, Qarabağ və Türkiyə ərazilərinə səpələnmişdir.) Qarabağ ərazisində Ağdam, Ağdərə və Kəlbəcərin dağlıq bölgələrində yaşayan Kolanıların bir hissəsi məhz qədim Gilan şəhərinin və Vedi-Dərələyəzin (xüsusilə Dərələyəz mahalının) əhalisinin bu bölgəyə köçürülən qismi olmalıdır. Onların yaylaq ərazilərində məskunlaşması bir tərəfdən məşğuliyyətdən irəli gəlirdisə, əsasən əlverişli düzənlik ərazilərin öncədən məskunlaşılmasından yarana bilərdi. Tarixi Naxçıvan əraziləri olan Vedi, Dərələyəz, Zəngəzur, Qarabağ, Qaradağ və Sürməli bölgələrinin Kolanlı tayfalarının sıx məskunlaşdığı bölgələr olmasına baxmayaraq bu vilayətlərin mərkəzində yerləşən indiki Naxçıvan ərazisində yalnız bir Kolanı adlı bir kəndin qalması onların bu ərazidən köçürülmələrinin nəticəsi idi. İqdır bölgəsindəki və Vedibasar mahalındakı Kolanlı tayfalarının sonrakı dövrlərdə də öz yerlərində yaşaması faktı bu bölgələrdən Kolanı tayfasının Qarabağa köçürülməsinin qismən olduğunu, əsas köçün indiki Naxçıvan ərazisindən olduğunu söyləməyə əsas verir.
7) Bunu təsdiq edən arxeoloji mənbələrin olmaması səbəbinə gəlincə, çar hökümətinin göstərişi ilə 1906-cı ildən 1912-ci ilədək Lalayan, Ter-Avetisyan və başqa erməni arxeoloqları Xaraba Gilanda arxeoloji qazıntılar apardığı xatırlanmalıdır. Məlumdur ki, həmin illərdə ermənilər Azərbaycanın Qarabağ, Naxçıvan, İrəvan və başqa bir sıra bölgələrində qanlı qırğın və deportasiyalar törədirdi. Aydındır ki, onlar məqsədli şəkildə çalışaraq Azərbaycan türkləri ilə bağlı maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasına imkan verməzdilər. Bu illərdə bir il içərisində daşnaklar tərəfindən işğal edilmiş kəndlərinin azad edilməsi üçün mübarizəyə qalxan Qarabağ Kolanı tayfaları ilə daşnak quldur dəstələri arasında ermənilərin məğlub edilməsi ilə nəticələnən güclü döyüş (1906-cı ildə Papravənd döyüşü) baş verdi və bu kimi amillərdən irəli gələrək erməni arxeoloqların tarixi abidədə aşkar edilən maddi mədəniyyət abidələrini özləri ilə aparmaları böyük ehtimaldır.
8) XVI-XVII əsrdən etibarən Azərbaycanın bir sıra bölgələrində, o cümlədən də Naxçıvan ərazisinə aid mənbələrdə Kolanlı tayfası adına daha tez-tez rast gəlirik. Bu isə onların həmin əsrlərdə geniş ərazilərə yayılmasından irəli gəlirdi. Orta əsrlərdə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş Kolanlı tayfasının bütünlüklə şiə olması, tayfanın böyüklüyünə və yayıldığı ərazilərin fərqliliyinə görə ayrı-ayrı qollara parçalanmasına baxmayaraq tayfanın bütün tirələrinin Kolanlı kimi tanınmaları,  XVI-XVII əsrdə bu tayfaya mənsub əhalinin Vedibasar-Dərələyəz və İqdır bölgələrində, sonralar Qarabağ və Şirvanda əsasən tayfa halında yaşaması onların bu dövrlərədək vahid bir yaşayış məskənində olmalarını və buradan ətrafa dağılmalarını, həmçinin bu dövrdə yenidən məskunlaşma prosesinin hələ də tam başa çatmadığını göstərir.
9) C.Zeynaloğlu, M.S.Ordubadi, B.Budaqov və başqaları tərəfindən Kolanı tayfasının Kolan adlandırılması, bu tayfa ilə bağlı olaraq Türkiyə ərazisində bir neçə Kolan adlı yaşayış məntəqəsi, İranın Muğan bölgəsində Kolan kəndi, Gəncəbasar bölgəsində Kolandağ və Kolondağ yer adları qədim Kolan şəhərinə bir nümunə ola bilər. Tayfa adına gəldikdə isə  köçdükləri yeni yerlərdə Orta Asiyada yaşamış olduqları qədim “Kolan, Kulan” şəhərinin adına mənsubiyyət bildirən “lı, lu” şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı və ya əhalini xarakterizə etmişdir. Yəni “Kolan, Kulan şəhərindən olanlar”. Keçən dövrlə bir sıra bölgələrdə Kolanlı adı tələffüzdə dəyişərək “Kolannı” şəklinə düşmüş və yazıda isə isə ixtisarla Kolanı olaraq da qeyd edilməyə başlamışdır. Eyni zamanda farsdilli mənbələrdə Kolanlı adının “Kolani” olaraq tərcümə edilib yazılması da adın bir çox mənbədə bu cür əks olunmasına səbəb olmuşdur.
10) XI əsrdə Arazın güneyində, Qaradağ mahalında yerləşən 50-yə yaxın kəndin mənbələrdə “Cilan” kimi əks olunması bu toponimin ərəblər tərəfindən Gilan şəhərindən bu bölgəyə köçürülmüş  tayfanın adı – Kolanlarla əlaqəli olması ehtimalını yaradır. Maraqlıdır ki, Kolanı tayfasının adı ilə bağlı Azərbaycan ərazisində ilk rast gəldiyimiz yer adlarından biri məhz XIV əsrin əvvəlinə aid Həmdullah Qəzvini tərəfindən qeyd edilmiş Kulan kəndi adıdır.  Kulan kəndi o zaman Qaradağ bölgəsinin (Dizmar vilayəti) ən böyük kəndlərindən biri olmuşdur. İndi Ordubad rayonu yaxınlığında (hal-hazırda yalnız xarabalıqdan ibarət olan Xaraba Gilan Ordubad rayonu ərazisindədir), Arazın cənubunda Qulan, Siyahkalan və Kalan kəndləri vardır. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, ərəblərin hücumu ilə eyni vaxtda təsadüf edərək VIII əsrdə Şahbuz rayonunun Kolanı kəndi yaxınlığındakı Qarnıyarıq yaşayış yeri və Culfa rayonunundakı Kolasu (Kolanısu) yaşayış yeri ərazisində yaşayış yerləri tərk edilmişdir.
Dağılmış Gilan şəhərinin əhalisinin daha çox Naxçıvan ərazisindəki ətraf yaşayış yerlərində, o cümlədən XIV-XV əsrlərdə mövcud olmuş ərazicə ona yaxın olan Azad şəhərində bir müddət məskunlaşması, sonra isə tayfanın müəyyən bir hissəsinin qədim Ordubad şəhərində da mümkündür. Güman edirik ki, İqdır, Vedibasar-Dərələyəz, Qarabağ və Qaradağ ərazilərindəki Kolanlı tayfaları XIV-XV əsrlərdə Gilan şəhərindən olan Kolanı tayfalarının axını ilə üzləşmişdi. Bəzi tədqiqatçıların fikrincə, Kolanlılar XVI-XVII əsrlərdən Naxçıvan, Qərbi Azərbaycan (indiki Ermənistan) və Qarabağda yaşayırdılar. Əldə etdiyimiz mənbələr əsasında isə Kolanlı tayfasının XV əsrdən əvvəl də Naxçıvan ərazisində yaşadığını görürük. Kolanı tayfasının Qaraqoyunlu tayfa ittifaqı içərisində mövcudluğu faktı bu tayfanın Azərbaycanda varlığının izlərini ən azı XIII əsrə aparır. Deməli, Kolanı tayfası XV-XVII əsrlərdə yuxarıda göstərilən ərazilərin sakinlərindən biri olduğundan bu tayfanın kənardan gəlməsi barədə mənbələrdə məlumat yoxdur.
I Şah Təhmasibin hakimiyyətinin son illərində Kolanılar yenidən siyasi səhnəyə çıxmışdır. Bu dövrdə Kolanılarla bağlı Dərələyəz mahalına tabe olan Şahbuz dərəsində yerləşmiş Çay kəndinin (indiki Şahbuz rayonunun Qızıl Qışlaq kəndi) torpaqlarının bir hissəsinin Kolanlılar nəslindən olan Şahverdi bəy Kolanlı tərəfindən alınması barədə 1576-cı ilə aid sənəddə məlumat verilmişdir. Vedi və Dərələyəz mahallarının sakinləri olan Kolanı tayfasının Dərəşahbuz bölgəsi ilə (Şahbuz rayonu) qonşu olması və bu bölgənin indiki Şahbuz rayonunun Kolanı kəndi ilə yaxın olması bu kəndə Kolanı tayfasının həmin dövlərdə də məskunlaşması və ya kəndin torpaqlarının o zaman Vedi-Dərələyəz bölgəsində yaşayan Kolanı tayfalarının qışlaq ərazilərindən biri olmasını göstərir. Arxeoloji cəhətdən də XVI-XVII əsrlərdə Şahbuz rayonunun Kolanı kəndi ərazisindəki Kolanı yaşayış yerində yaşayışın olduğu müəyyən edilmişdir. Deməli Şahbuz rayonu ərazisindəki Kolanı kəndində Kolanı tayfasının varlığı hələlik əldə etdiyimiz mənbələrə görə XVI əsrə qədər gedib çıxır. “İrəvan əyalətinin icmal dəftəri”ndə 1590-cı ildə Dərəşahbuz nahiyyəsində Suyu məzrəəsi, başqa adları Qoyunlu və Dağ məzrəəsi olan kəndin adının (ərazi tərk edildiyindən “boş sahə, boş yer” mənasında məzrəə olaraq dəftərə salınmışdır) qeyd olunmasına istinad edərək  XVII əsrdə Şirvanda yerləşmiş, oradan da köç edərək Muğan bölgəsində məskunlaşmış Kolanı tayfası olan Qoyunlu tayfasının indiki Şahbuz rayonu ərazisindən köç etdiyini güman etmək olar. Bu dövrün mənbələrində Şahbuz ərazisində Kolanı kəndinin adının çəkilməməsi bu kəndin başqa adla adlanmasından irəli gələ bilərdi.
1579-cu ilə aid bir Osmanlı mənbəsində Şahverdi bəy Kolanlı Səfəvi dövləti ərazisində olan tayfa başçısı kimi xatırlanmışdır. Osmanlı mənbəsində adı çəkilmiş Şahverdi bəy Kolanlının Çay kəndinin satılması ilə bağlı Kəngərli arxeoqrafik sənədlərində əks olunmuş Şahverdi bəy Kolanlı ilə eyni şəxs olduğu fikrindəyik və Osmanlı mənbəsində diqqəti çəkən digər cəhət budur ki, Osmanlıların bir sıra Səfəvi hakimlərini onlara tabe olmağa dəvət edən məktublar yazırlar və bu məktublar Təbriz, Şərur, İrəvan və Kağızman şəhər hakimlərinə yazıldığı halda, Kolanlı Şahverdi bəyə ayrıca tayfa başçısı kimi ünvanlanmışdı (həmçinin İqdır bölgəsində olan digər bir Kolanlı tayfasının başçısı Emin bəy Kolanlıya eyni məzmunlu məktub yazılmışdı). Bu sənədlərə əsaslanaraq Şahverdi bəy Kolanlının Vedi-Dərələyəz bölgəsində, Emin (Əmin) bəy Kolanlının İqdır bölgəsində tayfa başçısı olması və hər iki tayfa başçısının şəhər hakimlərinə bərabər tutulan bir statusa sahib olduğunu göstərmək olar. Bu tayfanın məhz Kolanlı tayfası olması bizə Şahverdi bəyin və Emin bəyin Kolanlı soyadından, Dərələyəz mahalında olmuş Kolanı kəndi adından və sonralar Vedibasar mahalının Çimənkənd, Qaraqoyunlu, Kolanlı, Xınıt, Qaratorpaq, Xartlıq, Qızılxaraba, Kom, Rəşoğlu və Almalıq kəndlərində Kolanı tayfasının əksəriyyət və ya nəzərə çarpacaq qədər çox sayda olmasından məlumdur. 1590-cı ilə aid sənəddə Vedi nahiyyəsində Cərmaris, Ciqin, Bağçacıq və Qızılviran adlı kəndlər qeyd olunmuşdur ki, Cərmaris kəndi sonrakı dövrlərdə Cırmanis Kolanı və son olaraq Kolanlı adlanmış, Qızılverən (Qızılviran)   və Bağçacıq kəndləri də Kolanıların yaşadığı kəndlərdən biri olmuşdur. Sonrakı mənbələr əsasında öyrənirik ki, nahiyyədə qeyd olunan Ciqin kəndinin adı ilə bağlı olan Cığın dərəsi Kolanıların məskənlərindən biri olmuşdur. Qeyd edək ki, bu dövrdə Talin və başqa nahiyyələrdə bir neçə Qızılverən (Qızılviran) kəndi adına rast gəlirik. Sonrakı dövrlərdə Vedibasarda yerləşən Kolanı kəndləri Dərələyəz mahalı ilə Vedibasar mahalının qonşuluğunda yerləşirdi və Dərələyəz mahalında Kolanı adlı kənd XVII əsrin birinci yarısınadək eyniadlı tayfaya məxsus yaşayış yeri olmuşdur. Bu tarixdən əhalinin köçü baş vermiş, kənddə iki qeyri müsəlmanın yerləşdiyi bildirilmişdir. Kolanıların Naxçıvan bölgəsindən və ya Qarabağdan Şirvan ərazisinə ilk köçləri də bu dövrlərdə baş verə bilərdi. Qeyd edək ki, onların ilk olaraq Şirvan bölgəsinə yerləşməsi elə XVI-XVIII əsr təxmin edilir.
1654-cü ilə aid bir sənəddə Dərələyəz mahalında Kolanlı nəslindən olan  Səfiqulu bəy Kolanlı və Əruz (Aruz, Ürüz) xan Kolanlının adları çəkilir və Səfiqulu bəy Kolanlı oğlu Əruz xanın o zamankı Çay kəndinin ərazilərini (və ya Huremeşin adlanan bu kənd Şahbuz rayonu ərazisində yerləşir) tamamilə aldığı göstərilir. Bu nəsil 1576-cı ildə Vedibasar-Dərələyəz mahalında tayfa başçısı kimi qeyd olunmuş Şahverdi bəy Kolanlının nəslindən idi. Bu fakt həm də onu göstərir ki, Dərələyəz Kolanılarının bir hissəsi hələ də öz yurdlarında yaşayırdı və ya köçürülən əhalidən geri qayıdanlar olmuşdur. 1988-ci ilədək olan son dövrlərin mənzərəsində Kolanıların yaşadıqları kəndlərin daha çox Vedi və Dərələyəzin sərhəddində yaşadığı görünsə də, bu yayılma bölgəsinin həmin vilayətlərin bir çox ərazisində olduğunu, yalnız kənd adlarının müxtəlifliyi səbəbindən  bunun nəzərə çarpmadığını düşnürük. Əruz bəyin nəslinin Naxçıvanın keçmiş Gilan şəhəri bağlı olması ehtimalı əsasında bəzi tarixçilər bu soyadları Gilani kimi yazırlar. Orta əsrlərdə soyadın daha çox “oğlu” ilə göstərilməsini nəzərə aldıqda Əruz xan Səfiqulu bəy oğlu Kolanlının soyadını “Səfiqulu bəy oğlu” kimi qəbul edirik. Beləliklə, bu nəsildə Kolanlı adının tayfa adı kimi, yəni həmin nəslin tayfa mənsubiyyətini ifadə etmək üçün işləndiyi qənaətinə gəlirik. Şahverdi bəy Kolanlının və onun nəslinin malik olduğu ərazilər barədə öyrənmək üçün Əlyazmalar institunda olan Şahverdi bəy Kolanlı oğullarına mənsub “Beynamə”nin araşdırılmasına ehtiyac vardır.
1727-ci ilə aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Dərələyəz mahalında adı çəkilən Kotanı kəndinin adının səhv yazıldığı (və ya tərcümə olunduğu) və bu kəndin Kolanı kəndi olduğu qənaətindəyik. Çünki həmin dəftərin digər səhifələrində bu kəndin adı Kolanı şəklində yazılmışdır. Sonrakı dövrlərdə də bu mahalda Kotanı kəndinin mövcudluğuna rast gəlinir. XVII əsrin əvvəllərinə aid olan mənbələrə əsasən məlum olur ki, Dərələyəz mahalının Kolanı kəndinin əhalisi müharibə səbəbindən kəndi tərk etmiş, lakin mənbələrdə kəndin əhalisinin haraya yerləşdiyi barədə məlumat əks olunmamışdır.  Həmin sənəddə qeyd olunan Amaqu kənd adı Qarabağın Kolanı mahalında olmuş Aqmahi oymaq adı ilə eyni qola mənsub ola bilər. Dərələyəz mahalının Cul və başqa kəndlərində də Kolanlıların məskunlaşdığı barədə məlumatlar vardır. 1727-ci ilə aid sənəddə həmçinin, Naxçıvanda Qışlağat nahiyyəsinə tabe olan Kolanı kəndinin adı çəkilir. Qışlağat nahiyyəsində yerləşən Kolanı kəndi 7,041 ağça vergi ödəyirdi və nahiyyənin bütün kəndlərinin ödədiyi verginin miqdarını müqayisə etdikdə Kolanı kəndinin nahiyyənin altıncı böyük kəndi olduğu nəticəsinə gəlirik. Qışlağat nahiyyəsi əsasən, indiki Culfa və Babək rayonlarının kiçik bir hissəsini və Arazın cənubundakı bir sıra əraziləri əhatə edirdi. Hal-hazırda Culfa rayonunun Ləkətağ kəndi yaxınlığında Kolanı yeri  və Kolanısu çay qolu adı (bu adlar müvafiq olaraq əhali tərəfindən təhrif olunmuş formalarda Kola yeri və Kolasu şəklində də adlanır)  və Babək rayonunda Kolanı toponimi qalmışdır. Babək rayonunda olan Kolanı toponimi və Culfa rayonunun dağlıq bölgəsində olan Kolanı toponimi əsasında bu iki ərazinin müqayisə etmək imkanı yaranır. Mənbədə qeyd olunmuş Qışlağat nahiyyəsinin Kolanı kəndinin indiki Babək rayonunda olması mümkündür, çünki sənəddə qeyd olunur ki, bu kənddə əkinə yararlı torpaq olmaması səbəbindən bəzi vergilər alınmır.  Bu faktı nəzərə alaraq Culfa rayonunun dağlıq bölgəsinin yaylaq yerləri olduğu, bunun əksinə Babək rayonu ərazisindəki yerin quraq və şoranlıq olması əsasında qeyd olunan kəndin Babək rayonu ərazisində olduğunu deyə bilərik. Culfa rayonundakı ərazi yeni köç yeri və ya qışlaqdakı Kolanı kəndi üçün yaylaq ərazisi kimi istifadə oluna bilərdi.
Nadir xan Əfşar 1736-cı ildə iki əsrdən artıq hakimiyyət sürmüş Səfəvilər sülaləsinə son qoyaraq özünü şah elan etdi. Fikrimizcə, Kolanıların bir qolu olan Şeyxavənd tayfası (daha çox Ərdəbil bölgəsində adı çəkilir) və digər Kolanlı tayfaları şiə Səfəvi hakimiyyətinə sıx bağlı olduqlarından Əfşar tayfasından olan Nadirqulu xanı şah kimi qəbul etməmişdilər. Buna görə də Nadir şah Səfəvilərin tərəfdarı olan bir çox tayfalar kimi Kolanıları da Xorasan və Əfqanıstanın şimalına sürgün etdi. Bu fakt bəzi mənbələrdə göstəridiyi kimi Nadir şahın Kolanıları Azərbaycana gətirdiyini deyil, əksinə, Azərbaycandan sürgün etdiyini göstərir. Culfa və Babək rayonlarında indi yer adı olaraq qalmış Kolanı kəndlərinin (və ya kəndinin) tərk edilməsi dövrü və səbəbləri məlum deyil, ancaq bu köçün Nadir şahın Kolanıları Xorasana sürgün etmə siyasətindən irəli gəlməsi mümkündür. Ancaq bu illərdə Osmanlıların köçürmə siyasətini xatırlasaq, bu köçün Osmanlı ərazisinə olması daha böyük ehtimaldır. Türkiyənin Yozgat rayonunda yerləşən Kolanı kəndinin əhalisinin şiə olması və Azərbaycan dilində danışması bu cəhətdən əhəmiyyətli faktdır. Bu dövrlə üst-üstə düşərək XVIII əsrdə Şahbuz rayonu Kolanı kəndi içərisində olan yaşayış məskəninin də tərk edildiyi arxeoloji qazıntılarla müəyyənləşdirilmişdir. Naxçıvan ərazisində Kəngərlilər qədim və böyük bir tayfa olduqlarından Kolanıların Kəngərlilərlə də tarixi və etnik bağları (E.Seyidbəyli, K.N.Smirnov və başqa bəzi tədqiqatçılar onları eyni kökdən hesab edir) yaranmışdır. Nadir şah Əfşarın cəza tədbirləri olaraq Naxçıvandan tayfaları Əfqanıstana sürgün etməsi həm Kəngərlilərin, həm də Kolanıların taleyinə düşmüşdür.
1812-ci ildə I Rus-İran müharibəsi zamanı Abbas Mirzənin göstərişi ilə Pirqulu xan Qacarlı rus hakimiyyətini qəbul etməyən Kolan qəbilələrini Qarabağdan o zaman Qacarların əlində olan Naxçıvan və İrəvan bölgələrinə köçürtdü. Qarabağdan köçlərin qarşısını almaq üçün ruslar müxtəlif tayfalardan olan hər 10 ailədən birini girov almışdılar. Buna baxmayaraq Kolanıların bir hissəsi rus hakimiyyətini qəbul etməmiş və Abbas Mirzənin tərəfinə keçmişdir. Ola bilsin ki, bu seçimin edilməsində Qarabağ Kolanılarının bir qisminin təxminən 200 il əvvəl IŞah Abbas tərəfindən Naxçıvandan Qarabağa köçürülməsi də təsirli olmuşdur və onlar öz yurdlarına geri qayıtmağa maraqlı idilər. Eyni zamanda dindar əhalinin xristian işğalını qəbul etməməsi də təsirli amil olmuşdur. Həmçinin, bu illərdə Naxçıvana köçən Kolanılar Qarabağın tarixi əhalisi olsa idi, onda indiyədək keçən 200 ildə (1812-2012) ayrıca bir kənd olan Şahbuz rayonunun Kolanı kəndi sakinlərinin ləhcəsində Qarabağ ləhcəsi elementləri qalardı. Lakin indiki halda Kolanıların ləhcəsində Naxçıvan ləhcəsi elementləri daha güclüdür. Yerli sakinlərin fikrincə, Kolanılar Qarabağdan gəldikdən sonra Naxçıvan ərazisində Kolanı, Qarabağlar, Qaraboya, Xınzirək və Badamlı kəndlərində yerləşmişlər. Yaşayış yeri üçün məhz bu kəndlərin seçilməsi də tarixi torpaq bağlılığından irəli gələ bilərdi. Şahbuz rayonunun Kolanı kənd sakini Təbriz Orucovun tərtib etdiyi kənd əhalisinin şəcərəsinə əsasən kəndin Kolanı tayfası təxminən 200 il əvvəl Qarabağdakı Xaçın çayı ərazisindən (Qarabağda Xaçın və Qabartı çayı boyunca Kolanı tayfasına məxsus onlarla kənd olmuşdur) gəlmişdir. Digər yerli sakinlərin də fikrincə 200 il əvvəl indi işğal altında oan Ağdam rayonu ərazisindəki  Kolanı kəndindən gələn bir neçə ailə Şahbuz rayonu ərazisindəki müasir Kolanı kəndinə yerləşmişdir. 1828-ci ilə aid mənbədə bu kənddə 14 ailənin göstərilməsi ilk yerləşən ailə sayı barədə təsəvvür yaradır. Yerli əhalinin Ağdamın Kolanı kəndində olan qohumları ilə əlaqələri uzun müddət qalmışdır. Torpağa olan bağlılıqdan və rusların girov tədbirlərinin nəticəsi olaraq Kolanıların böyük hissəsi Qarabağı tərk etməmişdi. Güman etmək olar ki, çar Rusiyası Naxçıvan və İrəvanı işğal etdiyi zaman Abbas Mirzənin tərəfinə keçərək bu bölgələrdə məskunlaşan Kolanıların böyük qismi Araz çayından cənuba keçmişdir. Fikrimizə sübut olaraq Rusiyanın Naxçıvanı işğal etməsi və rus hakimiyyəti zamanı 1400 azərbaycanlı ailənin Naxçıvan bölgəsini tərk etdiyini və bu illərdə 83 kəndin boş qaldığını göstərmək olar. 1828-ci ildən sonra Abbas Mirzənin tərəfdarlarından olmuş Kolanı Əliməmməd və digərlərinin adlarının mənbələrdə göstərilməsi də fikrimizə uyğundur. Naxçıvan və İrəvan ərazisinə yerləşmiş Kolanı tayfalarının Abbas Mirzənin tərəfinə keçməsi faktı çar höküməti tərəfindən uzun illər boyu bu tayfaya qarşı təzyiqlərin göstərilməsinə səbəb olmuşdu.
Qaynaqlara əsasən, Çar Rusiyasının Qafqaz siyasəti çərçivəsində Naxçıvana İran və Türkiyədən gətirilən ermənilərin yerləşdirilməsi siyasəti aparılmışdı. Ermənilərin Azərbaycan ərazisinə yerləşdirilməsi zamanı Qarabağ, Naxçıvan və İrəvan ərazilərinə köçürmələr daha çox olmuşdu. Köçürmədən əvvəlki və sonrakı mənbələrdə Naxçıvan mahalının tərkibində olan Kolanı Qışlağında (indiki Şahbuz rayonunun Kolanı kəndi) 14 ailənin yaşadığının qeyd olunması göstərir ki, ailə sayında artım  olmamışdır və deməli ermənilər bu kəndə yerləşdirilməmişdir. Mənbədə əks olunmuş ailələrin adları da bu ərazidə ermənilərin olmadığını göstərir. Lakin ətraf bir neçə kəndə ermənilər yerləşdirilmiş və onlara hökümət tərəfindən xüsusi imtiyazlar verilmişdi. Bu dövrdə çar höküməti məmurlarının ədalətsizliyi və xalqın yaddaşında olan məlumatlara görə hökümət tərəfindən dəstəklənən erməni keşişinin bölgənin taxıl ehtiyatını əlində cəmləşdirərək əhaliyə taxıl verməməsi kəndliləri təngə gətirmiş, bu narazılıq Kolanı kəndi əhalisi arasında da baş vermişdir. Sonralar Qaçaq Mirzalı adı ilə tanınmış kənd sakini bu özbaşınalığa qarşı çıxaraq erməni keşişini öldürmüş və uzun müddət Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində çar hökümətinə qarşı mübarizə aparmışdır. Onun uzun müddət ərzində mübarizə apara bilməsinin səbəbi yəqin ki, yerli əhali tərəfindən dəstəklənməsi olmuşdur. Maraqlıdır ki, Sovet hakimiyyətinin yarandığı illərdə Kolanılı Qaçaq Mirzənin adına rast gəlirik. Qaçaq Mirzalı və Qaçaq Mirzənin eyni şəxsiyyət olması mümkündür. Qaçaq Mirzə Naxçıvana hücum etmiş erməni daşnaklarına qarşı mübarizədə A.Şadlınskinin başçılığı altında (“Qırmızı tabor”) öz dəstəsi ilə bərabər iştirak etmişdir. O, Zeynəddin kəndi camaatından da kömək alaraq 11 nəfərlik dəstə ilə o zaman Sədərəkdə olan A.Şadlınskinin taboruna qoşulmuş və İbrahim Fərzəliyevin rotasında döyüşmüşdür. Bu rotaya erməni daşnaklarının ələ keçirdiyi Dərələyəz bölgəsindən Naxçıvana olan hücumların qarşısını almaq tapşırılmışdı. Qaçaq Mirzənin sonrakı taleyi barədə hələlik məlumat əldə edə bilməmişik. Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında, Aşağı Qışlaq kəndi ilə Biçənək kəndi arasında olan “Mirzə vurulan yer” adlı qayalıqlar onun adı ilə bağlı ola bilər.
1813-1828-ci illərdən sonra xaricdən gətirilən ermənilər bütün digər bölgələrimizdə olduğu kimi Naxçıvanda da xəyanət edərək çar hökümətinin köməyi ilə yeni torpaqlar yiyələnməyə cəhd göstərirlər. Kolanı kənd sakinlərinin bildirdiyinə görə ermənilər Şahbuz rayonunun Kolanı kəndinin Quzey adlanan biçin yerlərinə iddia irəli sürmüş və yerli çar məmurları tərəfindən müdafiə olunmayan Kolanı camaatı başqa çıxış yolu axtarmağa məcbur olmuşdur.  Buna görə kənd sakini Lazım bəy İrəvan hakiminə müraciət etmiş və İrəvanda arxiv sənədləri araşdırılaraq bu torpaqların Kolanılara aid olduğu sübut olunmuş və beləliklə ermənilərin iddialarının əsassız olduğu ortaya çıxarılmışdır. Bu məlumat da göstərir ki, İrəvanın o zamankı arxiv sənədlərində Kolanıların qədimdən Şahbuz bölgəsində varlığı əks olunmuşdur.
1905-07-ci illərdə indiki Şahbuz rayonunun Kolanı kəndi və Vedi mahalının Kolanılar yaşayan kəndləri ermənilər tərəfindən hücumlara məruz qalmışdır. 1897-ci ildə Vedi mahalının Kolanı kəndində 886 nəfər yaşayırdısa, ermənilərin hücumları nəticəsində 1904-cü ildə bu kənddə əhalinin sayı 728 nəfərə enmişdir. Şahbuz rayonunun Kolanı kəndinin sakinlərinin bildirdiyinə görə kənd əhalisi dövlətdən heç bir kömək almadığından özünü müdafiə etmək üçün təkbaşına mübarizəyə başlamışdır. Kəndin kişiləri qoca, qadın və uşaqları düşməndən qorumaq üçün onları güllə məsafəsindən uzaqlaşdıraraq kəndin kənarında olan Səhlalı adlı yerə göndərmiş, özləri isə kəndi tərk etməyərək müqavimət göstərmişlər. Ermənilər bu döyüşlərdə kəndi ələ keçirə bilməmiş və geri çəkilməyə məcbur olmuşlar. Çar höküməti bu hadisələr zamanı sanki silahlı erməni dəstələrinin dinc əhaliyə qarşı hücumlarını görmür və ya müdaxilə etməyi bacarmırdı.  Əslində isə bu bir tərəfdən dövlətin zəifləyərək nəzarəti itirməsindən irəli gəlirdisə, digər tərəfdən daha çox hökümətin yürütdüyü daxili siyasətin bir parçası idi. Yəni bununla dövlət özünə təhlükə hesab etdiyi müsəlman əhalini məhv edir, özünə dayaq bildiyi erməni əhalini dəstəkləyərək Azərbaycanlıların əraziləri hesabına onların bölgələrini genişləndirir və Türkiyənin Azərbaycanla, dolayısı ilə türk və islam dünyası ilə sərhəddində bufer zona olacaq Ermənistan dövləti yaratmaq siyasətini planlaşdırırdı. Çar Rusiyasının havadarlıq etdiyi və yönləndirdiyi ermənilər bu illərdən başlayaraq böyük həvəs və qaniçənliklə İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Vedi və digər tarixi Azərbaycan torpaqlarında  Azərbaycan əhalisini məhv etmək və zorla sıxışdırıb çıxarmaqla “Böyük Ermənistan” yaratmaq siyasətini  həyata keçirirdilər.
1918-ci ildən sonra ermənilər yaranan boşluqdan və onlar üçün əlverişli şəraitdən istifadə etməyə başladılar. I dünya müharibəsində iştirak etməyən Azərbaycan Osmanlı dövlətinin müttəfiqi olduğundan məğlub olanlar cəbhəsində hesab olundu və bu bir neçə ildə tarixinin ən acılı illərindən birini yaşayaraq çoxlu ərazi və insan itkiləri ilə üzləşdi. Ermənilərin isə hər zaman olduğu kimi həm məğlub, həm də qalib gələnlərin sırasında təmsilçiləri olduğundan yeni dövrə Rusiya və başqa qaliblərlə birgə başladı. Yəni çar höküməti ilə “sədaqətli” erməni məmurları, ingilislərlə “sədaqətli” daşnak müttəfiqləri və sonra isə sovetlə “sədaqətli” erməni bolşevikləri  hakimiyyətə gələrkən Azərbaycan bu hakimiyyət dəyişikliklərindən böyük zərərlə çıxmış oldu. Azərbaycanın demək olar ki, bütün bölgələrində olduğu kimi Naxçıvanda da erməni quldurları tərəfindən qırğınlar törədildi. Bu dövrün xəritələrində Şahbuz rayonunun Kolanı kəndinin adına Kolanı Qışlağı formasında rast gəlinir. Bu illərdə silahlı quldur dəstələri yaradan ermənilər ətraf kəndlərə və o cümlədən Kolanıya hücumlar etmiş, kənd əhalisindən bir neçə nəfəri qətlə yetirmiş və mal-qaranı oğurlayıb aparmışlar. Lakin bu illərdə də ermənilər kəndə girə bilməmiş, yalnız kənd ərazisindən kənarda olan şəxslərə zərər yetirmişlər. Bu dövrdə erməni daşnakı Badalyans Kolanı kəndində tutulmuş və Naxçıvana təhvil verilmişdir. Yerli sakinlərin bildirdiyinə görə bu hadisələrin gedişində erməni qulduru Andranikin yavəri Lğov Kolanı kənd sakinləri tərəfindən öldürülmüşdür. Bu illərdə Andaranikin başçılıq etdiyi quldur dəstələrinin Yaycı, Nehrəm, Şahtaxtı, Qıvraq, Xök, Qarabağlar və başqa mərkəzi yaşayış yerlərini, Rusiyadan İrana gedən qatar yolunu hədəf alması diqqəti cəlb edir. İngilislərin tapşırığı və dəstəyi ilə hərəkətə keçən Andranik Araz çayından cənuba keçərək Xoy və Təbriz bölgələrini ələ keçirməli və bununla Osmanlıların Xəzər bölgəsinə və Qafqaza çıxışının qarşısını almalı idi. Lakin Xoy şəhərinin qəhrəmanlıqla müdafiəsi və Osmanlı qüvvələrinin hücumu Andraniki Naxçıvana və oradan isə indiki Ermənistana qaçmağa məcbur etdi. Naxçıvan şəhərinədək olan qərb əraziləri ələ keçirən daşnaklar yerli əhalinin müqavimətini qıra bilməyərək Naxçıvan şəhəri də daxil olmaqla əksər bölgələr üzərində üstünlük əldə edə bilməmişdi.
1918-ci ildə Vedi mahalının qəhrəman övladları A.Şadlınskinin başçılığı ilə ermənilərdən müdafiə olunmağa başlayır. Əhalinin bildirdiyinə görə A.Şadlınski mahalın əksər dinc əhalisini, o cümlədən Kolanı kəndinin əhalisini ingilis hakimiyyətinin dəstəklədiyi erməni daşnaklarının qırğınından qorumaq üçün  bir çıxış yolu tapır. Onlar Naxçıvan vasitəsi ilə İrana keçirilir və İranın Xoy, Mərənd və başqa şəhərlərinə yerləşir. Bu əhalinin çox hissəsi Sovet hakimiyyətinin əvvəllərində geri qayıdır, həmçinin İranda qalanlar da olur. Abbasqulu bəyin özünün başçılıq etdiyi “Qırmızı tabor” isə İran ərazisində bir ay qaldıqdan sonra Naxçıvana qayıdaraq mübarizəni davam etdirir. Bu səfərdən geri qayıdan bir qrup Kolanıların Babək rayonunun Şıxmahmud kəndində məskunlaşdığı bildirilir.
Göründüyü kimi, Çar Rusiyasının ermənilər vasitəsilə icra etdiyi Azərbaycanın əleyhinə yönəlmiş siyasəti XX əsrin əvvəllərindən başlayaraq öz “bəhrə”sini verdi. Çox az bir ömür yaşayan ADR tarixi Naxçıvan ərazisində ermənilərin törətdiyi qətliamlara lazımi qədər müdaxilə etməyi bacarmadı və hətta faktiki olaraq bəzi bölgələrimizdə nəzarəti itirdi.  Sovet hakimiyyətinin yaranması Naxçıvan bölgəsi əhalisinin bu acınacaqlı vəziyyətini  dəyişmədi, əksinə ermənilərə çar Rusiyasını əvəz edən sovet Rusiyasının çox böyük diqqəti sayəsində Qars və digər sərhəd müqavilələrinin şərtlərinin Ermənistanın xeyrinə pozulması, yəni Ermənistan SSR-in ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi prossesi başlandı. Belə ki, Qars müqaviləsi təsdiqləndikdən az sonra Dərələyəz əhalisinin İran Azərbaycanında və Naxçıvan mahalında qaçqın olmasından istifadə edilərək mahalın ərazisi Ermənistana qatıldı. 1920-1929-cu illərdə tarixi Naxçıvan əraziləri olan Vedi, Zəngəzurun bir hissəsi və Mehrinin sovet Ermənistanına pay verilməsinin nəticəsi olaraq bölgə blokada şəraitinə düşdü.  Orta əsr feodal qaydalarına uyğun şəkildə bu əraziləri üzərində yaşayan Azərbaycanlılarla birgə pay alan Ermənistan ikinci addımı ataraq Azərbaycanlı əhalinin məhvinə və sürgününə başladı.
Sovet hakimiyyətinin əvvəllərində Şahbuz rayonunun Kolanı kəndinin adının Keləzmin olaraq dəyişdirilməsi və 1930-cu illərin repressiyaları sovetin bölgə əhalisinə qarşı siyasətinin nəticəsi idi. Bu kimi səbəblərdən Naxçıvanda sovet hakimiyyətinə qarşı üsyanlar qalxdı. Kolanı kəndi sakinlərindən də Keçili kəndi sakini Qaçaq Quşdanın üsyanına qoşulanlar olur. Üsyançılar hökümət qüvvələri tərəfindən məğlub edildikdə üsyançılar və onların ailə üzvləri olan yüzə yaxın insan Kolanıya qaçmış, sonradan isə İrana keçmişdilər. Üsyanda iştirak edən Kolanıların ailə üzvləri isə Sibirə sürgün olunmuşdur.
Rus tədqiqatçısı K.N.Smirnov 1933-cü ildə Naxçıvan ərazisində olmuş, Şahbuz rayonunun Kolanı kəndinin Kolanı Qışlağı adlandığını və 55 tatar (ruslar Azərbaycan türklərinə bəzən tatar deyirdilər) ailəsindən ibarət bu kəndin Qoşaçay (indiki Naxçıvançay) sahilində yerləşdiyini qeyd etmiş və bu kəndi Kəngərli kəndi adlandırmışdır. Qeyd edək ki, 1828-ci ildə 14 ailənin yaşadığı halda, 1933-cü ildə 55 ailənin varlığı kənd əhalisinin kənar ərazilərə köç etdiyini göstərir.
Elektrikləşdirmə və yollar salınması adı altında Naxçıvanın bir sıra kiçik kəndləri ləğv edilərək əhalisinin mərkəzlərə köçürüldüyü vaxt Şahbuz rayonunda Kolanıların da yaşadığı Qaraboya kəndi ləğv edilir və əhalisi əsasən həmin rayonun Badamlı kəndinə yerləşir. Bir qədər əvvəl Kolanıların da yaşadığı digər bir kiçik kənd olan Xınzirək kəndi də ləğv olunmuş və əhalisi əsasən qonşu Biçənək kəndinə yerləşmişdi. Güman etmək olar ki, Sovet dövləti tərəfindən Xınzirək və Qaraboya kəndlərinin də ləğv edilməsi Azərbaycanlılar əleyhinə yönəldilmiş tədbirlərdən idi. Qeyd etmək lazımdır ki, Qarabağ və Şirvanda Kolanı tayfalarının məskunlaşdığı bir çox yaşayış məskənləri də ləğv edilərək eyni addımlar atılmışdı. Məqsəd bu əhali üzərində nəzarəti güclədirmək, gələcək üçün nəzərdə tutulmuş assimlyasiya etmə cəhdləri və boş qalan ərazilərə ermənilərin yerləşdirilməsi idi ki, bu planların reallaşdırılması Qarabağda özünü göstərdi.
Çağdaş dövrdə Şahbuz rayonunun Kolanı kəndində XIX əsrə aid qəbir abidəsi (seyid qəbri) və kənd ətrafında və içərisində Kolanı, Qarnıyarıq, Sarıtəpə, Plovdağ və başqa bir neçə qədim yaşayış məskənlərinin izləri vardır. Kolanı kəndində Kolanı tayfası ilə yanaşı Qazaxlı və Gülümlü tayfaları da yaşayır. Hər üç tayfa barədə tədqiqatlara ehtiyac vardır. Kolanı kəndi ilə eyni bölgədə yerləşən Aşağı və Yuxarı Qışlaq, Gömür, Ağbulaq və Biçənək kəndləri vardır. Bu əraziyə yaxın olan Zərnətün və Xınzirək kəndləri isə sovet hakimiyyəti dövründə ləğv edilmişdir. Aşağı və Yuxarı Qışlaq kəndləri bəzi mənbələrdə kəngərli kəndləri olaraq xatırlanır. Gömür kəndi ilə eyni adlı kəndlər Dərələyəz və Sisyan bölgəsində olmuşdur və bu ad bəzi tədqiqatçılar tərəfindən Kimmer tayfası ilə əlaqələndirilir. Ağbulaq kəndi orta əsr mənbələrində Köçəzor (yəqin ki, köçə məcbur edilən mənasında) kimi də yazılmışdır. Qışlaq adının mənası Azərbaycan dilinə uyğun olaraq qış fəslində məskunlaşılan əraziləri bildirir. Biçənək kəndinin adının isə Peçeneq tayfasının ilə bağlı olduğu barədə fikirlər vardır. Bölgə kəndlərinin əhalisi içərisində tarixən yerli əhali ilə yanaşı erməni vandalizmi nəticəsində hal-hazırda Ermənistan adlanan tarixi Qərbi Azərbaycan torpaqlarından köçüb gələn azərbaycanlılar da vardır.

ƏDƏBİYYAT
1.Bağırov A.N. Naxçıvan oykonimləri. Bakı: Nurlan, 2008, 336 s
2.Bağırov A.N Naxçıvan toponimlərinin linqivistik xüsusiyyətləri. Bakı: Elm, 2002, 287 s.
3.Baxşəliyev V. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
4.Bəndəliyev N.S. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, 2009, 352 s.
5.Ələkbərli Ə.Y.Qədim türk oğuz yurdu – “Ermənistan” Bakı: Sabah, 1994
6.Fərzəlibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər / Naxçıvan, Bakı: Elm, 1999, s. 79-94
7.Hacıyev İ. Azərbaycan Xalq Cumhuriyyəti və Naxçıvan. Naxçıvan: Əcəmi, 2010, 384 s.
8.Hacıyev İ. Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və tarixi həqiqətlər //Naxçıvan: Tarixi gerçəklik, müasir durum və inkişaf perspektivləri (9-10 iyun 2006, beynəlxalq simpozium materialları). Bakı,Təhsil, 2006, s.33-47
9.Kırzıoğlu F. Osmanlıların Qafqaz ellerini fethi (1451-1590). Ankara: Türk Tarih Kurumu Basımevi, 1993, 550s.
10.Qəniyev S. Dağ Kolanı-elim mənim. Bakı: Nurlan, 2001, 316 s.
11.Quliyev N.Ə. Naxçıvan xanlığının əhalisi. Bakı: Elm, 2006,163 s.
12.Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, 519 s.
13.Naxçıvan sancağının müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifləri akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov (Qaramanlı). Bakı: Elm, 2001, 376 s.
14.Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi. Bakı, Qarabağa Xalq Yardımı Komitəsi, 1991, 144 s.
15.Seyidbəyli E. Naxçıvan torpaq mülkiyyətinə aid XVII-XVIII əsr Kəngərli arxeoqrafik sənədləri. Bakı,Elm-2000, 230 s.
16.Səfərli F.Y. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: Elm, 2003, 392 s.
17.Şərifli M.X. IX əsrin II yarısı – XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: Elm, 1978, 343 s.
18.Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı: Azərbaycan Dövlət Kitab palatası, 1992, 144  s.
19.Ибрагимов Б.И. Средневоковый Город Киран. Баку-Москва: 2000, Московская типография №12а, 2000, 176 с.
20.Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1990, 156 с.

_____________________

* Şahin Bəhrəmoğlu (Əhmədov) – 1984-cü ildə Naxçıvan MR Şahbuz rayonunun Kolanı kəndində doğulub. Naxçıvan Dövlət Universitetinin Tarix fakultəsinin məzunudur. (Müəllif məqalə ilə bağlı irad və əlavələrinizi shahin_ahmedov@yahoo.com  elektron ünvanına göndərməyinizi  xahiş edir.)

You may also like

1 şərh

Shahmar Orucov 2014-01-06 - 13:45

inshallah arasdirmalara gore cekdiyin zehmetler oz behresini verer…elmi islerindede, heyatindada ugurlar

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.