Aliq NAĞIOĞLU
O, bu gün mərkəzi ofisdən qayıtmışdı. Yeməkxanada ayaqüstü mənimlə görüşdü və eşitdirdi ki, işdən sonra bir yerdə oturmağımız məsləhətdir. Ona qədər isə bayırın səliqə-sahmanı ilə məşğul olan, ikimizin də həmkəndlimizin başına gətirilən konflikti qıraqdan seyr edərək müdaxilə etməmiş, təsadüfən otağa daxil olsa da, dərhal siqaret çəkmək bəhanəsi ilə uzaqlaşmışdı. Düzü, bura işə durandan, ona həmişə daxili ehtiyac hiss edirdim. Bir ili bizimlə çalışdı, sonra şəhərdəki fabrikə göndərildi. Mənim çətinliyim istehsalat işləri, onun özəllikləri ilə qətiyyən bağlı deyildi, sadəlövhlükdən uzaq olsa da, xatırladım ki, mən istehsalatda özünü çoxdan təsdiq etmiş işçiyəm, burda da birinci ili birdən-birə sex rəisliyinə təyinatım təsadüfən olmamışdı. Çox mürəkkəb texnki əməliyyatların baş verdiyi məşhur şirkətdə mürəkkəb insanlar da az deyildi. Onunla otur-dur etməyim əsasən yeni adamları öyrənmək, içəridə gedən insani prosesləri izləmək, lazım gələndə düzgün qərar vermək nöqteyi-nəzərindən vacib idi. İnstitutun ikinci kursundan qovulan, amma iti fəhmi, tez götürmə qabiliyyəti nəticəsində sonralar hərbi sistemdə aparıcı sahələrə başçılıq edən adam kimi ondan öyrənməli şeylər hələ çox idi.
Nə başınızı ağrıdım, iş vaxtı başa çatanda qeydiyyat kitabına imza edib, əsas giriş-çıxış qapısında onu gözləməli oldum. “Oka” markalı avtomobil yanımda dayananda diqqət etdim, o, arxada oturmuşdu və barmağının işarəsiylə məni içəri çağırdı ki, əyləşim. “Səfər bizi ora qədər aparacaq, sonrası Allah kərimdir”– oturanda izahat verdi, yəni ikimiz olacağıq, narahatçılığa əsas yoxdur.
Biz tut ağaclarının altında, lap çayın sahilində gözdən- qulaqdan uzaq bir yer seçdik. Dərhal xidmətçi oğlan bizə yan aldı və o, adətinə bələdçiliyim olduğundan mənim fikrimi soruşmadan sifariş verməyə başladı:
– Ciyər qovurmanı yaradırsan, həmişəki qaydada, sonra dörd kabab-iki tikə, iki lülə qoyarsan, amma tələsmə, biz deyəndə. İçməyə yaxşı arağından iki dənə, su, göy- göyərti öz yerində, duzlu zakuska lazım deyil.
Sonra siqaret çıxarıb yandırdı. Dərindən qullab vurub, fikrə getdi. Mən nəsə gözləyirmiş kimi diqqət kəsilmişdim. Handan- hana:
– Necə oldu telefon məsələsi, nəylə bitdi?..– bayaq içəridə araşdırılan oğurluq məsələsinə qayıdırdı.
– Çolağı qovdular getdi, icraçı direktor özü gəlib çıxdı… Amma…
– Nə amma?
– Dəymiş ziyan ödənildi, fabrik tərəfindən… İkinci işçi, hansını ki, köməkçi müdafiə edirdi, boynuna almadı oğurluğu…
– Bəs onda niyə ziyanı fabrik ödədi? Ancaq ona görə ki, itki burda baş verib? İkinci işçi hardandır?
– Köməkçinin yerlisidir. And-aman etdi ki, xəbəri yoxdur. Köməkçi çolağın təzə bahalı telefon almağına inanmadı. “Sən aldığın maaşı beş ay xərcləmədən yığsan, belə bir şey ala bilməzsən”– həqarətlə üstünə bağırdı. İcraçı direktor da köməkçini müdafiə elədi, çolağın dediyi məbləğ verildi və o, qapıdan bayıra atıldı.
– Maraqlıdır. Bəs sənin ağlın nə kəsir bu hadisədən? Kadrlarla işləməli olacaqsan, oxşar işlər də bəs qədər olacaq.
– Qaranlıq məqamlar çoxdur, ancaq tam axıradək aydınlıq gətirilmədi. Köməkçi çolağı bu hərəkətinə görə ciddi məzəmmət elədi, “qanunla biz itkiyə cavab vermirik, telefonu da özünlə gəzdirməlisən, yaddan çıxıb soyunub- geyinmə otağında unutmağın inandırıcı deyil”, dedi. İkinci işçidən başqa orda bir kimsə olmayıb. Çolağın bayıra çıxıb qayıtmağı cəmi üç dəqiqə çəkib. Qayıdıb, artıq telefon orda yoxuymuş, şkafının üstünə qoyubmuş. İkinci işçi hündür boyludur. Qanunvericiliyə görə… – Demək istəyirdim ki, “…itkiyə fabrik məsuliyyət daşıyır, bu barədə əmək məcəlləsində maddə də var”– ancaq sözümü kəsdi:
– Çolağın təzə telefonunu görən olubmu?
– Onun dediyinə görə, hə. Köməkçi sona qədər inanmadığını təkrarladıqca, çolaq da hövsələdən çıxdı, artıq- əskik söyləndi. Bu, icraçı direktora toxundu, məsələni tezbazar çürütdü. – Xidmətçi oğlan iri sinidə gətirdiklərini mizin üstünə düzürdü.
– Təzə pendirin varsa, qayıdanda gətirərsən, – ona tapşırdı. – Çəkinmə, işin içinə gir, səndə alınacaq. Bir şey var ki, mən də burda olmayacağam. Sənə deyirəm, hələ kimsə bilmir: patron özü məni Gürcüstana göndərir.
– Ora adamı gəlmişdi, bu qış iki ay şöbələrin, sexlərin işləri ilə tanış oldu, özü də götürümü yaxşı idi. Sovet dönəmində istehsalatçı olub…
– Həəə… İndi bizim istehsalatı qurduğumuz böyük bir zavodun uzun müddət baş mühəndisi, üç il dağılana kimi direktoru işləyib… Texnika elməli namizədidir, bütün testlərdən də uğurla keçmişdi, sonda baş patron yoxladı, – əlinin arxası ilə nəyisə qırağa itələyirmiş kimi, – kənarlaşdırdı. Hətta aşağı vəzifə üçün də yaramadı, yazıq, çünki yuxarı üçün nəzərdə tutulmuşdu.
– Nəyi uyğun gəlmədi bəs? – o, dərhal cavab vermədi, sakitcə araq şüşəsini qaldırıb, yazısına baxdı, başını yırğaladı. Qapağını açıb qədəhlərə süzdü:
– Götür, bunu vuraq böyüklərin sağlığına, Allah onları bizə çox görməsin. Sağ ol! – birnəfəsə içdi, heç üz-gözünü turşutmadı da. Mən də gözlərimi yumub içdim.
– Yaxşı arağa oxşayır. Mərkəzi ofisdə azaltmışdım, ürəyim istəyən adam yoxudu. Səninlə, nədənsə tutur. Üz- gözünü turşutma, səndə birinci belə gedir də…
– Amma bayaqkı söhbəti başa çatdırmadın. Birdən- birə sən niyə göndərildin? Belə olanda iki ay yerli işçiyə xərc çəkilməyə ehtiyac varıdımı?– bu zaman xidmətçi oğlan qovurmanı iri tavada gətirib ortaya qoydu. Oğlan bir qədər ayaq saxladı.
– Sən bir saatdan sonra kababları gətirərsən, al bunu,- iki manatı ona uzatdı. Oğlan pulu cibinə salaraq təzim edib uzaqlaşdı.
– Donmamış yeyək, sino gedirdim buranın quzu içalatından qovurma üçün, – deyib yenidən qədəhlərə araq süzdü. Mən onun iştahla yeməsinə həmişə həsəd aparmışam. Lakin içdikcə sifəti qızarır, pörtürdü.
– Başa düş, bizim şirkətdə pul önəmli deyil, qazanırıq, sənin nəzərdə tutduğun xərclər bura üçün qəpik-quruşdur. İrəlidəki iki ildə beş postsovet respublikalarında filial fabriklərimiz açılacaq. Bunun üçün orda fəaliyyətini dayandırmış çoxlu zavodlar işimizə yarayır. Biri artıq hazırdır, mən gedirəm.
Gözləmədiyim halda gözlərini qıyıb çəpəki mənə baxdı:
– Mənim adıma diqqət yetiribsən?
– Nəyinə?
– Çox unikal addır. Dilimizdə çoxmu həm kişiyə, həm də arvada qoyulan ad var? – hər iki əl barmaqlarını göstərdi, – bu qədərnə olar?
– Diqqət etməmişəm, gərək sayasan, amma düz deyirsən, belə adlar var, – onda hər şeyə sanki hazır resept- cavablar düzlənib, ona görə beynini yormaq istəmirsən.
– Sənə gülməli görünə bilər. Adımın mənim həyatımda rolu çox olub. Bəzən utanıb çəkinmişəm, nalayiq iş, sürüşkən mövqe tutanda, əlüstü öz-özümə “sən filankəsin arvadından artıq deyilsən ki…” düşünüb cəsarətlənmişəm. Çox itirməmişəm. Sən özünə rəva görməyib edə bilmədiklərinə başqaları növbəlidir. Unutma! – Bir an məni gülmək tutdu, sual ağzımdan qayıtdı:” İndi adın arvada qoyulursa, gerçəkdən arada çönüb arvad olmalısan?” Ancaq yoox, o, yetərincə ciddi adamdı, keçmiş hərbçidi, hərbi hissə qəsəbədən köçürülənədək müxtəlif vaxtlarda onun iki əsas şöbəsinə-kəşfiyyat və maliyyə şöbələrinə başçılıq etmişdi. Burda da sayılan, kəsdiyi başa sorğu-sual olmayan kadr idi. Fabrik yaranandan ilk işçilərdəndi və buranın bütün cikini-bikini bilirdi. Həm də başqa yerdə, başqa adamların arasında, o, özünə rəva görməzdi belə danışıqlara getsin. İndən sonra istəsəm belə bunun söhbətinə həsrət qalacam, çünki bir-iki günün qonağıdır.
Yaxşı ki özü söhbətin yönünü dəyişdi:
– Köməkçini necə tanıyırsan? – bu tipli sualları da indiki iş yerində eşidirdim, həm də ancaq ondan.
– Zahirən sakit, tədbirli, astagəl, hər şeyə göz qoyan…
– Bayaqkı araşdırma zamanı belə bir şey ağlından keçmədi ki, yerlisi təzə bahalı telefonu götürüb, ona ötürüb…– siqareti sümürüb qədəhləri doldurmağı unutmadı.
– Düzü, yoxx…
– Yəni, düşünürsən ki, köməkçi telefon maxinasiyasına gedəcək qədər əclaflaşa bilməz. Götür…– məni gözləmədən arağı tulladı.
– Əminəm, əslində icraçı direktor qayıdandan sonra köməkçi elə də fikir söyləmədi… Qərar da ondan gəlmədi…– mən araqdan yarı içib yerə qoydum. Artıq tavada olan yemək qurtarırdı. Bunu gendən görüb qulluqçu oğlan qıvraq yerişlərlə kababları gətirdi.
– Başqa qulluq, tapşırıq… – çönüb gedəndə dil-ağız elədi.
– Ayy, əclaf, punktualsan… – çəlimsiz xidmətçi hırıldadı. – Əəə, sənin stalova pişiyi kimi ağzın işləməlidi, arada özünə də bax. Gedə bilərsən…
İkinci araq butulkasını açdı. Özünün boş, mənim yarımçıq qədəhimi doldurdu.
– Afyorluq eləmə, axıradək vur, bir də Allah bilir nə vaxtı əlinə düşəcəm. Patrona söz vermişəm ki, orda içməyəcəm. Sözümə əməl eləsəm, bu il Həcc ziyarətinə göndəriləcəm. Görək buna hünərim yetəcəkmi? Götür, kababı da soyutma…
Yağlı tikəni dişinə çəkdi:
– Bilirsən, Gürcüstan təmsilçisində əclaflıq çatmadı, – həsədaparıcı yaddaşı vardı, söhbətin qaldığı yerindən davam etməyi bacarırdı, xatırlatmağa ehtiyac yoxdu; əslində həmsöhbətinin köməyi olmadan ardıcıllıqla lazım bildiyi mövzunu bərpa edirdi,– bu, patronun nəzərindən yayınmamışdı. Patron son söz sahibidir. Bu bədbəxt də ora üçün hazırlanmışdı, alınmayanda başqa vəzifəyə göndərilməsi mümkünsüzdü. Mənim seçimimdə dayandılar, təklif ediləndə, düzü, bu, mənə gözlənilməz oldu. – İçki bədənə yeridikcə öz işini görürdü, səsinin tonunu qaldırmışdı.
– Köməkçi altı il bundan əvvəl böyük bir rayonun başçısının köməkçisi işləyib. Nə az, nə çox-səkkiz il. Ali təhsili olmasa da, çoox bicokdur. Heç vaxt kinini büruzə verməz, üzünə iriş-irişə torbanı tikər. Yaşadığı kənddən bir sakinin bura girməsinə imkan verməyib, telefon oğrusu onun yeganə yerlisidir. Hələ ki, bu belədir. Başçının köməkçisi olanda bizim patrona yarınırdı. İndi özün təsəvvür elə, kim zəmanət verə bilər ki, yanında fırlanınca, özgə sahibi olmasın?!– Söhbətinə ara verib birdən qımışdı.
– İnək saxlayırsan?- Cavabımı gözləmədi: – Yəqin qoyunların da olmamış deyil.
– Kənd yerində bunlarsız keçinmək olmur. Xırda- para xərcliyi olur.
– Mən-heç zaman saxlamamışam, arvad ilk gündən ağıllı çıxdı. Deyirlər, iri buynuzlular böyük dərdlər üçündür: ya bıçağa tuş gəlir, ya da ziyana xərclənir.
– Olur, olur…
– Mal-qaranın, quşun, atın peyini ta qədimlərdən kəndçinin gərəyi olub: odun kimi, gübrə kimi, şirə kimi istifadə edilib. Dəvənin, qoyunun qığından savayı… Hara da töksən, yandırıb-qovuracaq… Bu köməkçi də qığ kimi bir şeydir. Bura düşəndən başqalarını demirəm, az oymaqlı yandırmayıb haa… Köməkçi, səni sevməz, amma hörmət edər; sən isə köməkçini sevərsən, amma hörmət etməzsən. Bu, mənim şəxsi qənaətimdir. – O, qədəhləri doldurmaq istədi, mən etiraz etdim:
– Mənim üçün bəsdir, elə sən də normanı keçdin, qalanını götür, sonra evdə vurarsan, – dedim.
– Onda qoy son dəfə içim, səninlə bunu etmək olar, qalanlar hamısı ağzı yırtıqdır, dərhal patrona çatdıracaqlar, – əlləri əsə-əsə öz qədəhini doldurdu.
– İkimizin sağlığına, çalış işi ələ al, içinə gir, çəkinmə, yoxsa köməkçi qabağa düşəcək. Ağlıma gəlib, biz oymaqlılar pərən-pərən düşdükcə zəifləyirik, noolsun sən irəli çəkildin, mən xaricə getdim. Burda qalanlar qor-qoduqdur, birlikləri yoxdur, patron qıraqdan müşahidə edir, şəhərdə oturub buranı idarə etmək üçün hamını bir-birinə göz qoymaq- yaxşı düşünülmüş taktikadır, – qədəhdəkini başına çəkdi. Əlinin içi ilə ağzını sildi. Yarımçıq butulkaya baxdı.
– Qulağını bəri gətir…– o, dikəldi. “Nəyi?”– soruşmaq istədim, lakin söz ağzımda qaldı. O, lak stuldan qalxan kimi ləngər vurub arxaya yıxıldı, stul yana düşdü. Nə baş verdiyini anlamasam da, qolundan tutub dikəltdim.
– Bir yerin əzilmədi ki?
– Yaxşı çaya düşmədim, bunlar stul deyil ki…- üst- başını çırpdı. Bir ayağı sınmış stula baxırdı. – Xidmətçi gəlsin, haqq-hesabı desin, gedək.
Biz haqq-hesabı ödəyib asfalt yola çıxanda hava qaralmışdı. Kəndə tərəf şütüyən maşınları saxlamaq üçün yolun sağ tərəfinə keçdik.
– Sınmış stulun pulunu verməkdə düz elədik. Amma yarımçıq araq yaddan çıxdı, yaxşı oldu. İki səhvi birdən eləmək yaramaz. Nə düşünürsən?
– Elədir, ətrafda tanış adam yox idi.
– Tüstüsü sonra çıxacaq. Patrona hamısını çatdırırlar onsuz da… Sən də əlində adam saxla, hər növbədə, hər sexdə öz adamların olsun. Yoxsa işləyə bilməyəcəksən, hamı hər yerdə belə fırlanır. Məğrurluq- filan, can yandırmaq hamısı bekara şeylərdir, – o, səsini qaldırmışdı. Mən bilirdim onun eşitmə qabiliyyətinin ağır olduğunu, içkili vəziyyətinə görə isə daha da şüdd edirdi. Fikrimdə ancaq o dolaşırdı ki, tezliklə maşın tapıb evə gedək. Tərslikdən elə bir yerdə dayanmışdıq, bizi ancaq tanış adamlar götürə bilərdi.
Qəfildən ağ “Lexus” düz tarazımızda dayandı. Bu, patronun qardaşının qaynı idi. O, qabaq, mənsə arxa oturacaqda oturduq.
– Sizdən çıxmayan iş, gecəyə qalıbsınız, fabrikdən maşın götürsəydiniz.
– Burda əyləşmişdik, çoxdandır oturmurdum oymaqlı ilə, xasiyyətimə bələdsən- oymaqlı görməyəndə burnumun ucu göynəyir.
– Gürcüstanda neyniyəcəksən? Mənim də işim çıxıb, yeznə nasazlıyıb, masaj eləməyə gedirəm. Ona gələn qada- bala bizə gəlsin, həə?– çönüb hər ikimizə baxdı.
– Elədir, canım qurban, Allah hər ikisini bizə çox görməsin. Bir tikə çörək üçün qırx il rusların qulluğunda durdum, alçaq evimin içi boş oldu. İndi uşaq- muşaq topdağıtmaz evlər tikir, kimin hesabına? Heç qızırğanmır da, əksinə ürəyi dağa dönür. Sən doğurdan patron üçün qayıdırsan?
– Həə, canımçün, burda olanda masajını mən edirəm. Elənçiyinə baxma, bu işləri qurana kimi aeroportlarda, qatar vağzallarında yatdı, ağrı-acısı indi çıxır… Bir dəfə gecə ağrılarını gördüm, ilan dili çıxarırdı, dərmanı tapıb gətirdim, atdı, sakitləşdi. – O, mənə baxdı, ancaq baxışlarından bir şey tuta bilmədim.
Biz patronun son təmirdən çıxan evinin qabağında düşdük. Onun əhvalı yuxarı idi.
– Hansısa başdanxarab deyib ki, Allah adamın ağlını almaq istəyəndə, onun bütün arzularını həyata keçirir. Patron Allahın bu taktikasından məharətlə istifadə edir.
– Əhəmiyyətli olanı, həyatda “ən çox şeyə sahib olmaq “deyil, ” ən az şeyə ehtiyac duymaqdır”– bunu isə hansı ağıllının dediyini unutmuşam. “Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər, sonra sağlamlıqlarını geri almaq üçün pul ödəyərlər…” bu sözlərin Əflatuna aid olduğunu dəqiq bilirəm.
– Əlbəttə, bizim hər birimiz gözlərimiz önündə baş verənlərlə birbaşa əlaqəmiz olmadığını deyə bilərik, – o, yenə bu günki hadisəyə münasibət bildirdi, – lakin məşhur bir ifadə beynimə girdi, onu yadımda qaldığı kimi deyirəm: “Kimin fatihəsinin oxunduğunu soruşma, sağ olmağına baxma, o, sənin üçün də oxunacaq”.
– Əəə, nə gecəyə qalıbsan, bayaqdan ürəyimin ətini yemişəm, arağın iyi əlli metr aralı vurur, düş qabağıma,- arvadı idi, gəldiyini görməmişdik.
– Ayrılmaq vaxtıdır. Bu da mənim patronum, qığlama Tınının qızı, gedirik… Onu deyirdim axıı…«İncil»də belə bir şey var: İuda İsa Peyğəmbəri satanda, böyük pula ümid edir. Amma ona 30 gümüş pul verirlər. Pula görə xəyanət olmaz… Arvad, arzuna çatdın, sabahdan şələ-küləni yığ, xaricə yollanırıq.
Mən axşamın toranlığında qol- boyun olan cütlüyə baxıb tərli köynəyimin döş cibindən siqaret qutusunu götürüb açdım, birini damağıma qoyub yandırmaq istədim. Nədənsə, dodağımdakı siqareti də, cibimdəki qutunu da əzib yana atdım və evimə aparan yola düzəldim.