Ana səhifə YAZILAR QIĞ (Öykü)

QIĞ (Öykü)

Müəllif: Bizim Yazı
438 baxış

Aliq NAĞIOĞLU

O, bu gün mərkəzi ofisdən qayıtmışdı. Yeməkxanada aya­qüstü mənimlə görüşdü və eşitdirdi ki, işdən sonra bir yerdə oturmağımız məsləhətdir. Ona qədər isə bayırın sə­li­qə-sa­hmanı ilə məşğul olan, ikimizin də həmkəndlimizin ba­şı­na gətirilən konflikti qıraqdan seyr edərək müdaxilə et­mə­miş, təsadüfən otağa daxil olsa da, dərhal siqaret çəkmək bə­ha­n­əsi ilə uzaqlaşmışdı. Düzü, bura işə durandan, ona hə­mişə daxili ehtiyac hiss edirdim. Bir ili bizimlə çalışdı, sonra şə­hərdəki fabrikə göndərildi. Mənim çətinliyim is­te­h­sa­lat işləri, onun özə­llikləri ilə qətiyyən bağlı deyildi, sa­də­lö­v­hlükdən uzaq olsa da, xatırladım ki, mən istehsalatda özünü çoxdan təsdiq et­miş işçiyəm, burda da birinci ili birdən-birə sex rəisliyinə tə­yinatım təsadüfən olmamışdı. Çox mürəkkəb texnki əməliy­yat­ların baş verdiyi məşhur şir­kə­t­də mürəkkəb insanlar da az de­yildi. Onunla otur-dur et­­mə­yim əsasən yeni adamları öy­rən­­mək, içəridə gedən in­sa­ni pro­sesləri izləmək, lazım gə­lən­də düzgün qərar vermək nö­q­teyi-nəzərindən vacib idi. İnsti­tu­tun ikinci kursundan qo­vulan, amma iti fəhmi, tez götürmə qa­­­bi­­liyyəti nə­ti­cə­si­n­də sonralar hərbi sistemdə aparıcı sa­hə­lə­rə ba­şçılıq edən adam kimi ondan öyrənməli şeylər hələ çox idi.

Nə başınızı ağrıdım, iş vaxtı başa çatanda qeydiyyat ki­tabına imza edib, əsas giriş-çıxış qapısında onu gözləməli oldum. “Oka” markalı avtomobil yanımda dayananda diqqət etdim, o, arxada oturmuşdu və barmağının işarəsiylə məni içəri çağırdı ki, əyləşim. “Səfər bizi ora qədər aparacaq, son­ra­sı Allah kərimdir”– oturanda izahat verdi, yəni ikimiz ola­ca­ğıq, narahatçılığa əsas yoxdur.
Biz tut ağaclarının altında, lap çayın sahilində gözdən- qulaqdan uzaq bir yer seçdik. Dərhal xidmətçi oğlan bizə yan aldı və o, adətinə bələdçiliyim olduğundan mənim fi­k­ri­mi soruşmadan sifariş verməyə başladı:
– Ciyər qovurmanı yaradırsan, həmişəki qaydada, sonra dörd kabab-iki tikə, iki lülə qoyarsan, amma tələsmə, biz deyəndə. İçməyə yaxşı arağından iki dənə, su, göy- gö­yə­rti öz yerində, duzlu zakuska lazım deyil.
Sonra siqaret çıxarıb yandırdı. Dərindən qullab vurub, fikrə getdi. Mən nəsə gözləyirmiş kimi diqqət kəsilmişdim. Ha­ndan- hana:
– Necə oldu telefon məsələsi, nəylə bitdi?..– bayaq içə­ri­də araşdırılan oğurluq məsələsinə qayıdırdı.
– Çolağı qovdular getdi, icraçı direktor özü gəlib çıxdı… Amma…
– Nə amma?
– Dəymiş ziyan ödənildi, fabrik tərəfindən… İkinci işçi, ha­­nsını ki, köməkçi müdafiə edirdi, boynuna almadı oğur­lu­ğu…
– Bəs onda niyə ziyanı fabrik ödədi? Ancaq ona görə ki, itki burda baş verib? İkinci işçi hardandır?
– Köməkçinin yerlisidir. And-aman etdi ki, xəbəri yoxdur. Köməkçi çolağın təzə bahalı telefon almağına ina­n­ma­dı. “Sən aldığın maaşı beş ay xərcləmədən yığsan, belə bir şey ala bilməzsən”– həqarətlə üstünə bağırdı. İcraçı di­rek­tor da köməkçini müdafiə elədi, çolağın dediyi məbləğ ve­rildi və o, qapıdan bayıra atıldı.
– Maraqlıdır. Bəs sənin ağlın nə kəsir bu hadisədən? Ka­drlarla işləməli olacaqsan, oxşar işlər də bəs qədər ola­caq.
– Qaranlıq məqamlar çoxdur, ancaq tam axıradək ay­dın­lıq gətirilmədi. Köməkçi çolağı bu hərəkətinə görə ciddi mə­­zəmmət elədi, “qanunla biz itkiyə cavab vermirik, te­le­fo­nu da özünlə gəzdirməlisən, yaddan çıxıb soyunub- geyinmə ota­ğında unutmağın inandırıcı deyil”, dedi. İkinci iş­­çidən başqa orda bir kimsə olmayıb. Çolağın bayıra çıxıb qa­yıt­ma­ğı cəmi üç dəqiqə çəkib. Qayıdıb, artıq telefon orda yoxuy­muş, şkafının üstünə qoyubmuş. İkinci işçi hündür boyludur. Qa­­nunvericiliyə görə… – Demək istəyirdim ki, “…it­­kiyə fab­­rik məsuliyyət daşıyır, bu barədə əmək məc­əl­lə­si­n­də maddə də var”– ancaq sözümü kəsdi:
– Çolağın təzə telefonunu görən olubmu?
– Onun dediyinə görə, hə. Köməkçi sona qədər ina­­­n­madığını təkrarladıqca, çolaq da hövsələdən çıxdı, artıq- əskik söyləndi. Bu, icraçı direktora toxundu, məsələni tez­ba­zar çürütdü. – Xidmətçi oğlan iri sinidə gətirdiklərini mizin üs­tünə düzürdü.
– Təzə pendirin varsa, qayıdanda gətirərsən, – ona tap­şır­dı. – Çəkinmə, işin içinə gir, səndə alınacaq. Bir şey var ki, mən də burda olmayacağam. Sənə deyirəm, hələ kimsə bil­mir: patron özü məni Gürcüstana göndərir.
– Ora adamı gəlmişdi, bu qış iki ay şöbələrin, sexlərin işləri ilə tanış oldu, özü də götürümü yaxşı idi. Sovet dö­nə­min­də istehsalatçı olub…
– Həəə… İndi bizim istehsalatı qurduğumuz böyük bir za­vodun uzun müddət baş mühəndisi, üç il dağılana kimi di­rek­toru işləyib… Texnika elməli namizədidir, bütün tes­t­lər­dən də uğurla keçmişdi, sonda baş patron yoxladı, – əlinin arxası ilə nəyisə qırağa itələyirmiş kimi, – kənarlaşdırdı. Hətta aşağı vəzifə üçün də yaramadı, yazıq, çünki yuxarı üçün nəzərdə tutulmuşdu.
– Nəyi uyğun gəlmədi bəs? – o, dərhal cavab vermədi, sakitcə araq şüşəsini qaldırıb, yazısına baxdı, başını yır­ğa­la­dı. Qapağını açıb qədəhlərə süzdü:
– Götür, bunu vuraq böyüklərin sağlığına, Allah onları bizə çox görməsin. Sağ ol! – birnəfəsə içdi, heç üz-gözünü tur­şu­t­ma­dı da. Mən də gözlərimi yumub içdim.
– Yaxşı arağa oxşayır. Mərkəzi ofisdə azaltmışdım, ürəyim istəyən adam yoxudu. Səninlə, nədənsə tutur. Üz- gözünü turşutma, səndə birinci belə gedir də…
– Amma bayaqkı söhbəti başa çatdırmadın. Birdən- birə sən niyə göndərildin? Belə olanda iki ay yerli işçiyə xərc çəkilməyə ehtiyac varıdımı?– bu zaman xidmətçi oğlan qov­urmanı iri tavada gətirib ortaya qoydu. Oğlan bir qədər ayaq saxladı.
– Sən bir saatdan sonra kababları gətirərsən, al bunu,- iki manatı ona uzatdı. Oğlan pulu cibinə salaraq təzim edib uzaqlaşdı.
– Donmamış yeyək, sino gedirdim buranın quzu iça­la­tın­dan qovurma üçün, – deyib yenidən qədəhlərə araq süzdü. Mən onun iştahla yeməsinə həmişə həsəd aparmışam. Lakin içdikcə sifəti qızarır, pörtürdü.
– Başa düş, bizim şirkətdə pul önəmli deyil, qazanırıq, sə­nin nəzərdə tutduğun xərclər bura üçün qəpik-quruşdur. İrə­lidəki iki ildə beş postsovet respublikalarında filial fa­brik­lərimiz açılacaq. Bunun üçün orda fəaliyyətini da­ya­n­dır­mış çoxlu zavodlar işimizə yarayır. Biri artıq hazırdır, mən ge­­dirəm.
Gözləmədiyim halda gözlərini qıyıb çəpəki mənə baxdı:
– Mənim adıma diqqət yetiribsən?
– Nəyinə?
– Çox unikal addır. Dilimizdə çoxmu həm kişiyə, həm də arvada qoyulan ad var? – hər iki əl barmaqlarını gös­tə­r­di, – bu qədərnə olar?
– Diqqət etməmişəm, gərək sayasan, amma düz de­yir­sən, belə adlar var, – onda hər şeyə sanki hazır resept- ca­­vablar düzlənib, ona görə beynini yormaq istəmirsən.
– Sənə gülməli görünə bilər. Adımın mənim hə­ya­tım­da rolu çox olub. Bəzən utanıb çəkinmişəm, nalayiq iş, sü­rüş­­kən mövqe tutanda, əlüstü öz-özümə “sən filankəsin ar­va­­dın­dan artıq deyilsən ki…” düşünüb cəsarətlənmişəm. Çox itir­mə­mişəm. Sən özünə rəva görməyib edə bilmədiklərinə baş­qa­ları növbəlidir. Unutma! – Bir an məni gülmək tutdu, sual ağzımdan qayıtdı:” İndi adın arvada qoyulursa, ge­r­çə­k­dən arada çönüb arvad olmalısan?” Ancaq yoox, o, yetərincə cid­di adamdı, keçmiş hərbçidi, hərbi hissə qəsəbədən kö­çü­rü­lənədək müxtəlif vaxtlarda onun iki əsas şöbəsinə-kəş­fiy­yat və maliyyə şöbələrinə başçılıq etmişdi. Burda da sayılan, kəs­di­yi başa sorğu-sual olmayan kadr idi. Fabrik yarana­n­dan ilk işçilərdəndi və buranın bütün cikini-bikini bilirdi. Həm də başqa yerdə, başqa adamların arasında, o, özünə rəva gör­məzdi belə danışıqlara getsin. İndən sonra istəsəm belə bu­nun söhbətinə həsrət qalacam, çünki bir-iki günün qona­­ğı­dır.
Yaxşı ki özü söhbətin yönünü dəyişdi:
– Köməkçini necə tanıyırsan? – bu tipli sualları da indiki iş yerində eşidirdim, həm də ancaq ondan.
– Zahirən sakit, tədbirli, astagəl, hər şeyə göz qoyan…
– Bayaqkı araşdırma zamanı belə bir şey ağlından keç­mə­di ki, yerlisi təzə bahalı telefonu götürüb, ona ötürüb…– si­q­areti sümürüb qədəhləri doldurmağı unutmadı.
– Düzü, yoxx…
– Yəni, düşünürsən ki, köməkçi telefon maxina­si­ya­sı­na gedəcək qədər əclaflaşa bilməz. Götür…– məni göz­lə­mə­dən arağı tulladı.
– Əminəm, əslində icraçı direktor qayıdandan sonra kö­məkçi elə də fikir söyləmədi… Qərar da ondan gəlmədi…– mən araqdan yarı içib yerə qoydum. Artıq tavada olan yemək qu­r­tarırdı. Bunu gendən görüb qulluqçu oğlan qıvraq ye­riş­lər­lə kababları gətirdi.
– Başqa qulluq, tap­şırıq… – çönüb gedəndə dil-ağız elədi.
– Ayy, əclaf, punktualsan… – çəlimsiz xidmətçi hırı­l­da­dı. – Əəə, sənin stalova pişiyi kimi ağzın işləməlidi, arada özünə də bax. Gedə bilərsən…
İkinci araq butulkasını açdı. Özünün boş, mənim ya­rım­­çıq qədəhimi doldurdu.
– Afyorluq eləmə, axıradək vur, bir də Allah bilir nə vaxtı əlinə düşəcəm. Patrona söz vermişəm ki, orda iç­mə­yə­cəm. Sözümə əməl eləsəm, bu il Həcc ziyarətinə gön­də­ri­lə­cəm. Görək buna hünərim yetəcəkmi? Götür, kababı da so­yu­­tma…
Yağlı tikəni dişinə çəkdi:
– Bilirsən, Gürcüstan təmsilçisində əclaflıq çatmadı, – hə­­­sədaparıcı yaddaşı vardı, söhbətin qaldığı yerindən davam et­məyi bacarırdı, xatırlatmağa ehtiyac yoxdu; əslində hə­m­söh­bətinin köməyi olmadan ardıcıllıqla lazım bildiyi möv­zu­nu bərpa edirdi,– bu, patronun nəzərindən yayınmamışdı. Patron son söz sahibidir. Bu bədbəxt də ora üçün ha­zır­lan­mış­dı, alınmayanda başqa vəzifəyə göndərilməsi mü­m­kü­n­sü­z­dü. Mənim seçimimdə dayandılar, təklif ediləndə, düzü, bu, mənə gözlənilməz oldu. – İçki bədənə yeridikcə öz işini gö­rü­rdü, səsinin tonunu qaldırmışdı.
– Köməkçi altı il bundan əvvəl böyük bir rayonun baş­çı­sının köməkçisi işləyib. Nə az, nə çox-səkkiz il. Ali təhsili olmasa da, çoox bicokdur. Heç vaxt kinini büruzə verməz, üzünə iriş-irişə torbanı tikər. Yaşadığı kənddən bir sakinin bu­­­­­­­­­­­­­ra girməsinə imkan verməyib, telefon oğrusu onun yeganə ye­­­­­­­­r­lisidir. Hələ ki, bu belədir. Başçının köməkçisi olanda bi­zim patrona yarınırdı. İndi özün təsəvvür elə, kim zəmanət verə bilər ki, yanında fırlanınca, özgə sahibi olmasın?!– Sö­h­­bə­tinə ara verib birdən qımışdı.
– İnək saxlayırsan?- Cavabımı gözləmədi: – Yəqin qo­yun­­ların da olmamış deyil.
– Kənd yerində bunlarsız keçinmək olmur. Xırda- para xə­rcliyi olur.
– Mən-heç zaman saxlamamışam, arvad ilk gündən ağıllı çıxdı. Deyirlər, iri buynuzlular böyük dərdlər üçündür: ya bıçağa tuş gəlir, ya da ziyana xərclənir.
– Olur, olur…
– Mal-qaranın, quşun, atın peyini ta qədimlərdən kənd­çinin gərəyi olub: odun kimi, gübrə kimi, şirə kimi istifadə edilib. Dəvənin, qoyunun qığından savayı… Hara da töksən, yandırıb-qovuracaq… Bu köməkçi də qığ kimi bir şeydir. Bura düşəndən başqalarını demirəm, az oymaqlı yandırmayıb haa… Köməkçi, səni sevməz, amma hörmət edər; sən isə köməkçini sevərsən, amma hörmət etməzsən. Bu, mənim şəxsi qənaətimdir. – O, qədəhləri doldurmaq istədi, mən eti­raz etdim:
– Mənim üçün bəsdir, elə sən də normanı keçdin, qalanını götür, sonra evdə vurarsan, – dedim.
– Onda qoy son dəfə içim, səninlə bunu etmək olar, qalanlar hamısı ağzı yırtıqdır, dərhal patrona çatdıracaqlar, – əlləri əsə-əsə öz qədəhini doldurdu.
– İkimizin sağlığına, çalış işi ələ al, içinə gir, çəkinmə, yoxsa köməkçi qabağa düşəcək. Ağlıma gəlib, biz oy­maq­lı­lar pərən-pərən düşdükcə zəifləyirik, noolsun sən irəli çə­kil­din, mən xaricə getdim. Burda qalanlar qor-qoduqdur, bir­lik­­ləri yoxdur, patron qıraqdan müşahidə edir, şəhərdə otu­rub buranı idarə etmək üçün hamını bir-birinə göz qoymaq- yax­şı düşünülmüş taktikadır, – qədəhdəkini başına çəkdi. Əli­nin içi ilə ağzını sildi. Yarımçıq butulkaya baxdı.
– Qulağını bəri gətir…– o, dikəldi. “Nəyi?”– soruşmaq is­­tədim, lakin söz ağzımda qaldı. O, lak stuldan qalxan kimi lə­ngər vurub arxaya yıxıldı, stul yana düşdü. Nə baş ver­di­yi­ni anlamasam da, qolundan tutub dikəltdim.
– Bir yerin əzilmədi ki?
– Yaxşı çaya düşmədim, bunlar stul deyil ki…- üst- başını çırpdı. Bir ayağı sınmış stula baxırdı. – Xidmətçi gə­l­sin, haqq-hesabı desin, gedək.
Biz haqq-hesabı ödəyib asfalt yola çıxanda hava qa­ra­l­mış­dı. Kəndə tərəf şütüyən maşınları saxlamaq üçün yolun sağ tərəfinə keçdik.
– Sınmış stulun pulunu verməkdə düz elədik. Amma ya­rımçıq araq yaddan çıxdı, yaxşı oldu. İki səhvi birdən elə­mək yaramaz. Nə düşünürsən?
– Elədir, ətrafda tanış adam yox idi.
– Tüstüsü sonra çıxacaq. Patrona hamısını çatdırırlar on­­suz da… Sən də əlində adam saxla, hər növbədə, hər sexdə öz adamların olsun. Yoxsa işləyə bilməyəcəksən, hamı hər yerdə belə fırlanır. Məğrurluq- filan, can yandırmaq hamısı be­kara şeylərdir, – o, səsini qaldırmışdı. Mən bilirdim onun eşi­tmə qabiliyyətinin ağır olduğunu, içkili vəziyyətinə görə isə daha da şüdd edirdi. Fikrimdə ancaq o dolaşırdı ki, tez­lik­lə maşın tapıb evə gedək. Tərslikdən elə bir yerdə da­yan­mış­dıq, bizi ancaq tanış adamlar götürə bilərdi.
Qəfildən ağ “Lexus” düz tarazımızda dayandı. Bu, pat­ro­nun qardaşının qaynı idi. O, qabaq, mənsə arxa oturacaqda otu­r­duq.
– Sizdən çıxmayan iş, gecəyə qalıbsınız, fabrikdən maşın götürsəydiniz.
– Burda əyləşmişdik, çoxdandır oturmurdum oymaqlı ilə, xasiyyətimə bələdsən- oymaqlı görməyəndə burnumun ucu gö­y­nə­­yir.
– Gürcüstanda neyniyəcəksən? Mənim də işim çıxıb, yeznə nasazlıyıb, masaj eləməyə gedirəm. Ona gələn qada- bala bizə gəlsin, həə?– çönüb hər ikimizə baxdı.
– Elədir, canım qurban, Allah hər ikisini bizə çox gör­mə­sin. Bir tikə çörək üçün qırx il rusların qulluğunda dur­dum, alçaq evimin içi boş oldu. İndi uşaq- muşaq top­da­ğıt­maz evlər tikir, kimin hesabına? Heç qızırğanmır da, əksinə ürəyi dağa dönür. Sən doğurdan patron üçün qayıdırsan?
– Həə, canımçün, burda olanda masajını mən edirəm. Elən­çiyinə baxma, bu işləri qurana kimi aeroportlarda, qatar va­ğ­zallarında yatdı, ağrı-acısı indi çıxır… Bir dəfə gecə ağrı­la­rını gördüm, ilan dili çıxarırdı, dərmanı tapıb gətirdim, atdı, sakitləşdi. – O, mənə baxdı, ancaq baxışlarından bir şey tuta bilmədim.
Biz patronun son təmirdən çıxan evinin qabağında dü­ş­dük. Onun əhvalı yuxarı idi.
– Hansısa başdanxarab deyib ki, Allah adamın ağlını almaq istəyəndə, onun bütün arzularını həyata keçirir. Patron Allahın bu taktikasından məharətlə istifadə edir.
– Əhəmiyyətli olanı, həyatda “ən çox şeyə sahib olmaq “deyil, ” ən az şeyə ehtiyac duymaqdır”– bunu isə hansı ağı­l­lı­­nın dediyini unutmuşam. “Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər, sonra sağ­lamlıqlarını geri almaq üçün pul ödəyərlər…” bu söz­lə­rin Əflatuna aid olduğunu dəqiq bilirəm.
– Əlbəttə, bizim hər birimiz gözlərimiz önündə baş ve­rən­lə­r­lə birbaşa əlaqəmiz olmadığını deyə bilərik, – o, yenə bu günki hadisəyə münasibət bildirdi, – lakin məşhur bir ifa­də beynimə girdi, onu yadımda qaldığı kimi deyirəm: “Kimin fatihəsinin oxunduğunu soruşma, sağ olmağına baxma, o, sənin üçün də oxunacaq”.
– Əəə, nə gecəyə qalıbsan, bayaqdan ürəyimin ətini yemişəm, arağın iyi əlli metr aralı vurur, düş qabağıma,- arvadı idi, gəldiyini görməmişdik.
– Ayrılmaq vaxtıdır. Bu da mənim patronum, qığlama Tınının qızı, gedirik… Onu deyirdim axıı…«İncil»də belə bir şey var: İuda İsa Peyğəmbəri satanda, böyük pula ümid edir. Amma ona 30 gümüş pul verirlər. Pula görə xəyanət olmaz… Arvad, arzuna çatdın, sabahdan şələ-küləni yığ, xaricə yollanırıq.
Mən axşamın toranlığında qol- boyun olan cütlüyə baxıb tərli köynəyimin döş cibindən siqaret qutusunu götürüb açdım, birini damağıma qoyub yandırmaq istədim. Nədənsə, dodağımdakı siqareti də, cibimdəki qutunu da əzib yana atdım və evimə aparan yola düzəldim.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.