Ana səhifə BAŞ YAZI QARA (virtual söhbət)

QARA (virtual söhbət)

Müəllif: Bizim Yazı
1. 797 baxış

Şəbnəm Xeyrulla*

/“Buta- virtual aləm” silsiləsindən/

Səni görmək istəyirəm.
– Hm…
– Nə oldu?
– Heç. Cavab tapmadım sözünə.
– Niyə ki?
– Çünki lap öncəldən görüşməyəcəyimizi sənə demişdim. İndi birdən durub belə deməyin…
– Ürəyimdən keçdi, dedim. Belə yazmağına inanmıram, bilirəm ki, indi sən də məni görmək istəyirsən.
– Axı bu haqda danışmışdıq.
– O danışıq əvvəl olmuşdu, məni elə də yaxşı tanımadığın vaxtlarda. İndi isə başqa cür fikirləşirsən. Düz deyirəm?
– Nə isə…
– Həmişəki kimi. Yenə də sualımdan yayınmaq üçün bu “nə isə”ni atdın ortaya.
– Yaxşı da, bəsdir…
– Gəl, görüşək. Elə indi, bu dəqiqə.
– Dəlisən? Saata bax, gecəyarıdan bir saat keçib.
– Nə olsun ki? İstəsən alınar.
– Bu vaxt? Həm də hərəmiz şəhərin bir tərəfində yaşayırıq axı.
– Dedim ki, alınar. Təki, sən istə. Nə deyirsən, istəyirsən?
– Yaxşı, tutaq ki, istəyirəm.
– Bax, indi ikimiz də eyni anda eyvana çıxırıq.
– Sonra?
– Səmaya diqqətlə baxıb ən parlaq ulduzu tapırıq.
– Və?
– O ulduzda mən sənin üzünü görəcəyəm. Əgər ürəkdən istəsən, sən də məni görə bilərsən.
– Yaxşı da, güldürmə məni.
– Gülməlidir?
– Zəhləm gedir bu Şekspir variantlı ay-ulduz romantikasından da…
– Bunun Şekspirə nə aidiyyatı? O da belə görüşə çıxırdı?
– Orasını dəqiq bilmirəm. Amma hər dəfə belə romantik sözlər görəndə Şekspirin sona qədər oxuya bilmədiyim “Romeo və Cülyetta”sı gəlib durur gözümün qabağında.
– Niyə oxuya bilməmisən o əsəri?
– Oxuyanda hiss elədim ki, sonuna çatsam, gülməkdən ölə bilərəm.
– “Romeo və Cülyetta”nın komediya olduğunu da səndən öyrəndim.
– Komediyadır da. Adam bir neçə saat öncə gördüyünə vurulub elə axmaq sözlər deyə bilər?
– Adam hətta heç görmədiyinə də vurula bilər.
– Məsələn, bizim dastanlarda olduğu kimi? Oğlan yatır, yuxuda ona “buta” verilir. O da “buta”sını tapmaq üçün diyar-diyar gəzir.
– Sən dastan danışırsan. Mən isə çağdaş dövrün məhsulu olan virtual sevgini nəzərdə tuturdum.
– Hə, aydındır…
– Nə deyirsən, görüşək?
– Sən hələ də ay-ulduz halındasan?
– Hə.
– Eyvana çıxım indi?
– Tənbəlliyini kənara qoy. Dur bilgisayarın qabağından.
– Oldu. Daha sənsən də.
– Getdik…

***
– Eh… Alınmadı.
– Sizin tərəfdə də ulduz yoxdur?
– Lənətə gəlsin Qara Keşiş!
– Bu gecə vaxtı Qara Keşiş haradan düşdü yadına? Yoxsa sən hələ də dastandasan?
– O vaxt “qaratikan” oldu, indi də “qara bulud”. Görə bilmədim səni…

/* – Yazıçı – dramaturqdur.  4 Noyabr 1987-ci ildə doğulub. BDU-nu bitirib. Pyesləri dəfələrlə səhnələşdirilən gənc yazar əsasən kiçik həcmli öykülər və monopyeslər yazır./

You may also like

6 şərh

..::TURAN::.. 2011-09-30 - 20:57

“- Tənbəlliyini kənara qoy. Dur bilgisayarın qabağından.
– Oldu. Daha sənsən də…”
Minnət qoyandan sonra əlbəttə görməyəcəksən. ))

Cavab
Şəbnəm Xeyrulla 2011-10-01 - 14:58

))) Maraqlı münasibətdir.

Cavab
Akem Xaqan 2011-10-01 - 21:38

Ilk once sizi tebrik edirem, semimiyyetinize ve muqaise vere bildiyinize gore. Bu gunun realligini ve gencliyin munasibetini qoya bilmisiniz.Gozel qeleminiz var ve gozel de qelbiniz. Hetta sizi yaxindan tanimaq, tamashalariniza baxmaq isterdim. Sonra da sizin haqqinizda yazmaq…
[email protected]

Cavab
Şəbnəm Xeyrulla 2011-10-08 - 14:19

Xoş sözləriniz üçün minnətdaram.

Cavab
Namiq Hacıheydərli 2011-10-09 - 15:35

Maraqlı yazıdır. Müəlifi təbrik edirəm, uğurlar diləyirəm.

Cavab
Şəbnəm Xeyrulla 2011-10-15 - 12:43

Təşəkkür edirəm! Oxuduğunuz üçün sağ olun!

Cavab

Şəbnəm Xeyrulla üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.