Home İCTİMAİ Özbəkistan Respublikasında fəaliyyət göstərən Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzlərinin adından BƏYANAT

Özbəkistan Respublikasında fəaliyyət göstərən Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzlərinin adından BƏYANAT

by Ali Zeynalov

27 Sentyabr – Anım Günü münasibətilə

Özbəkistanda yaşayan azərbaycanlılar və Azərbaycan icması adından Vətənimizin ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik.

27 Sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixində dərin iz buraxmış mühüm hadisələrdən biridir. Bu müharibədə Azərbaycanın hərbi qulluqçuları ilə yanaşı, mülki şəxslər də həyatını itirmiş, çoxsaylı ailələr ağır itkilərlə üzləşmişdir. Şəhidlərimizin hər birinin xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaqdır. Onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, qazilərimizə və müharibə iştirakçılarına ehtiramımızı bildiririk.

Bu əlamətdar gündə biz yalnız keçmişin ağrılı səhifələrini xatırlamır, eyni zamanda gələcəyə daha böyük məsuliyyətlə baxırıq. Çünki hər bir müharibənin ən böyük dərsi insan həyatının, sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın əvəzsiz dəyərini dərk etməkdir.

Bu gün Cənubi Qafqazda yeni siyasi və diplomatik reallıqların formalaşdığı bir mərhələdən keçirik. Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi, etimad quruculuğu və regional kommunikasiyaların inkişaf etdirilməsi istiqamətində aparılan proseslər davamlı sülh üçün mühüm əhəmiyyət daşıyır. 24 sentyabr 2026-cı ildə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilmiş görüşündə də sülh prosesinin irəlilədilməsi, habelə iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələləri müzakirə olunmuşdur.

Özbəkistanda RAzMMM olaraq hesab edirik ki, şəhidlərimizin xatirəsinə ən böyük ehtiram gələcək nəsillərin müharibə və qarşıdurma deyil, sülh, təhlükəsizlik, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşamasına töhfə verməkdir.

Biz Cənubi Qafqazda bütün xalqların təhlükəsizliyinin təmin edilməsini, suverenliyə və ərazi bütövlüyünə hörmət göstərilməsini, qarşılıqlı etimadın möhkəmləndirilməsini və humanitar əlaqələrin genişləndirilməsini dəstəkləyirik.

Özbəkistanda yaşayan azərbaycanlılar olaraq biz yaxşı bilirik ki, xalqlar arasında qarşılıqlı hörmət və həmrəylik regional sabitliyin mühüm dayaqlarındandır. Özbəkistanın çoxmillətli cəmiyyətində müxtəlif xalqların mədəni irsinin qorunması və inkişaf etdirilməsi, dostluq və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Biz, Özbəkistan Respublikasında yaşayan azərbaycanlılar olaraq, Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini, xalqlarımız arasında humanitar, mədəni, təhsil və ictimai əlaqələrin genişləndirilməsini bundan sonra da dəstəkləyəcəyik.

RAzMMM hesab edir ki, Azərbaycan diasporunun missiyası yalnız milli-mədəni irsimizi qorumaqla məhdudlaşmır. Diaspor həm də yaşadığı ölkənin ictimai həyatına fəal töhfə verməli, xalqlar arasında dostluq körpüləri yaratmalı, qarşılıqlı anlaşma və sülh dəyərlərinin təşviqinə xidmət etməlidir.

Bu baxımdan, biz bütün region ölkələrini və beynəlxalq təşkilatları Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına, humanitar və mədəni əlaqələrin genişləndirilməsinə, davamlı regional əməkdaşlığın təşviqinə dəstək verməyə çağırırıq.

27 Sentyabr – Anım Günündə Vətən müharibəsində həyatını itirmiş bütün şəhidlərimizin müqəddəs xatirəsini bir daha dərin ehtiramla yad edirik.

Onların qəhrəmanlığı milli yaddaşımızda əbədi yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavan gələcək nəsib olsun!

Mobil Məmmədov
Özbəkistanda RAzMMM sədri

You may also like

Leave a Comment