Ana səhifə YAZILAR OTUZ YAŞ, ƏLLİ YAŞ, YA DA Kİ, YÜZ YAŞ…

OTUZ YAŞ, ƏLLİ YAŞ, YA DA Kİ, YÜZ YAŞ…

Müəllif: Bizim Yazı
380 baxış

AFAQ Sh.

Afaq ŞIXLI

Şair Mustafa Rasimoğlunun 50-ci doğum gününə!

Son iki il çox əlamətdar bir il olub mənim üçün. Çünki bu il, ona yaxın dəyərli şəxsiyyətin, qələm dostumun, şeirinə, sözünə hörmət etdiyim insanın yubiley tədbirlərində iştirak etmək, eləcə də, onların haqqında ürək sözlərimi yazmaq şərəfinə nail olmuşam: Azərbaycan əbiyyatının dühası İsmayıl Şıxlının (95), AYB Moskva bölməsinin sədri tanınmış türkoloq-alim Tofiq Məliklinin (70), Türk şairəsi Hasibe Kayanın (60), Rusiya Yazarlar Birliyinin üzvü Nəsib Nəbioğlunun (60), şairə Fərqanə Mehdinin (50), şairə Tamaşa Xəyalinin (60), “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin (45), türk yazar-çevirməni İmdat Avşarın, şair-çevirmən Elman Tovuzun (50) və ən nahayət, ömrünün son 20 ilini Çanaqqalada yaşayıb yaradan sevimli və əziz şairimiz Məmməd İsmayılın (75)!

Bu gün haqqında yazmaq istədiyim insanlardan biri də, öz elimin-obamın şair oğlu, AYB birliyinin üzvü, müəllim, zabit və ən əsası da həssas bir insan olan Mustafa Rasimoğludur. Eloğlumun 50 yaşı tamam olur bir neçə gün sonra…

Müqəddəs Qazax torpağı! Kimləri yetirmədi bu ulu torpaq! Kimləri ucaltmadı! Kimləri əbədiləşdirmədi! Adlar sadalasam hesaba gəlməz…
Üzünü heç zaman görməsəm də, qələmindən, misralarından tanımışam Mustafa Rasimoğlunu. Yurduna məxsus şirinlik, səlistlik, mərhəmlik… var olun şeirlərində. Sözlərdəki doğmalıq, sadəlik şairlər yurdunun özəlliklərindən biridir. Bunu kimlər nə qədər inkar etmək istəsələr də, isbatı tələb olunmayan aksiomdur bu.

Nə qədər kiçilir, böyüyür insan,
Dünyada nə qədər yaxçı-yaman var?!
Allahın vergisi sayılır insan,
Xoşbəxtdir – özünü unutmayanlar!

Bu misraların hikməti, nəsihəti cəlb edir oxucunu. Çünki, əsil oxucu, oxuduğu şeirlərdən nəsə öyrənmək, görüb-götürmək istəyir.

Yaxşı ki, özümə qəbir qazmıram,
Yola düzəlmişəm, hələ azmıram.
Həm şeir yazıram, həm də yazmıram,
Özümü şairə oxşatmaq üçün.

Nə qəribə təvazökarlıqdır bu!
Yazanların sayının həndəsi çoxalma ilə artdığı, Yazarların sayının isə get-gedə azaldığı, təvazönün unudulduğu, tərifin və eqoizmin baş aldığı bir zamanda, bir Şairin dilindən belə misralar eşitmək – doğrudan da heyrət doğurur. Amma bəlkə də, ədəbiyyat elə belə şairlərin qələmi üstündə bərqərar olub. Çünki, kim olursan ol – ilk öncə insanlığını, mənəviyyatını qorumaq vacibdir!
Bu yerdə əziz şairimiz Məmməd İsmayılın titrək misraları yada düşür:
“Mən şair deyiləm, atam, qardaşım…”

Rusiyanın Saratov şəhərində yaşayan bir professorun, Tovuz mahalının yetirdiyi, ədəbiyyata ucalıq və təmizlik zirvəsi kimi baxan gözəl bir insanın – Rəfail Qəribovun sözləri düşür yadıma: “Hər bir yazarın yaratdığı ən böyük əsər – onun şəxsiyyətidir!”
Necə də düzgün deyilib. Əslində, hər bir işıqlı yolun mənbəyi təmizlikdən, saflıqda başlamalıdır. Şeir isə elə bir canlı varlıqdır ki, onu dilinə alan, insanlara bəxş edən hər bir kəs səmimi və dürüst olmalıdır. Yalnız o zaman bu şeirlər insanalrım qəlbinə yol tapar, o zaman sevilər və oxunar.

Arxayın olmuşam ürək sarıdan,
Çəpərə alınmış bölğəsi vardır.
Xoşbəxt yaradıbdı məni yaradan,
Hər zaman üstümdə kölgəsi vardır.

Doğrudan da, kim ki, onu yaradanı unutmayır, özündən yuxarıda bir varlığın nəzərlərini üstündə hiss edir, kölgəsinə sığınır – o xoşbəxtdir!

Şeir elə bir qüvvədir ki, onu sevənləri, dünyaya gətirib uca tutanları dünyanın harasında olur olsun birləşdirir, bir-birinə qırılmaz tellərlə bağlayır.
Şeir elə bir varlıqdır ki, özünə qarşı məhəbbətini duyduğu kəslərə dəfələrlə artıq məhəbbət qazandırır.
Şeirlər də insan kimidir, onların da öz bəxti, qisməti, hörməti vardır…
Mən dəyərli eloğlum Mustafa Rasimoğluna, mənalı həyat və əbədiyyətə qovuşacaq şeirlər arzu edirəm! Məncə şairin şairə bundan daha ümdə arzusu ola bilməz! Və bir şair üçün də şeirlərinin uzun ömürlüyünü, gözəl bəxtini, taleyini görməkdən də böyük səadət ola bilməz!
…Sözlərimin sonunda bu yeni şeirimi, Mustafa bəyə və onun simasında bütün Qazax şairlərinə ərmağan edirəm:

ŞEİR
Afaq ŞIXLI

Sözlərdən düzülən bir inci sapı,
Qələmin yenilməz qoludur şeir.
Ürəkdən ürəyə açılan qapı,
Hisslərin idraka yoludur şeir.

Göylərin səsidir – ucadan-uca!
Gah sevdalı gəncdir, gah müdrik qoca.
kükrəyən vulkandı, alışan ocaq,
Yağışdır, küləkdir, doludur – şeir!

Aləmin zərrəsi, zamanın anı,
Bir canın həvəsi, bir ruhun canı,
Bütün yazıların şahı, xaqanı,
Ülvi məhəbbətin quludur şeir!

Nəfis sətirlərin incə naxışı,
Dünyanın laylası, ahı, alqışı,
İlahi nəfəsi, Tanrı baxışı!
Sirr ilə, sehirlə doludur şeir!..

Onun sayəsində gözəldir bəşər!
Qəlblərdən süzülüb dillərə düşər.
Əbədə qovuşar, ölümsüzləşər,
Əzəldir, əfsəldir, uludur şeir!

Moskva

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.